“Bakının Qara şəhər ərazisində əhalini köçürən səlahiyyətli qurumun və köçürülmənin hüquqi əsası qeyri-müəyyəndir. İnsanlar evlərindən polis gücü ilə, qanunsuz şəkildə çıxarılır”.
Bu sözləri avqustun 7-də Azad İqtisadiyyata Yardım İctimai Birliyinin hüquqşünası Emin Abbasov keçirdiyi mətbuat konfransında deyib.
“Media forum”un məlumatına görə, hüquqşünas qeyd edib ki, vətəndaşlara təklif edilən kompensasiya məbləği adekvat yaşayış yeri tapmaq üçün kifayət etmir: “Qeyri-rəsmi, sənədsiz məskunlaşmanı tənzimləyəcək hüquqi çərçivənin hazırlanmasına dair cəhdlər nəticəsizdir. Sənədləşməyən mənzillərin hüquqi taleyi ilə bağlı qəbul edilən prezident sərəncamının icrası barədə məlumat yoxdur. Şəhərsalma ilə bağlı planlar hələ hüquqi təsdiqini tapmayıb və onun detalları barədə ictimaiyyətə məlumat verilməyib”.
Xətai rayonunda, Babək və Nobel prospektləri boyunca yerləşən, Qara şəhər adı ilə tanınan yaşayış ərazisində “Bakı Ağ Şəhər” adlı layihə çərçivəsində yeni şəhərcik salınır.
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl deyib ki, layihənin dünyanın qabaqcıl və müasir şəhərsalma standartlarına cavab verdiyi vurğulansa da, həmçinin onun planlama və icrasına beynəlxalq şirkətlər cəlb olunsa da, belə nəhəng layihənin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsinə dair sənəd ya yoxdur, ya da ictimaiyyət üçün açıq deyil.
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin ekspertlərinin fikrincə, yerli qanunvericilik “Bakı Ağ Şəhər” layihəsinə yer ayrılması üçün vətəndaşların istifadəsində olan torpaqların, yaşayış və qeyri-yaşayış obyektlərinin mülkiyyətçilərdən və istifadəçilərindən məcburi alınmasını qadağan edir:
- İnternet-mediada yayılan videolardan və vətəndaşların şikayətlərindən görünür ki, Qara şəhər ərazisində artıq bir neçə fərdi yaşayış evləri polislərin müşayiəti ilə sökülüb.
- Azərbaycan Konstitusiyasının 29-cu maddəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız və yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
- Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Polis haqqında” qanunun 14-cü maddəsi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrini müəyyən edir. 14-cü maddənin 12-ci bəndinə əsasən, polis əməkdaşı hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq vəzifəsini daşıyır.
- “Köçürülmə planı və köçürülmə təlimatının hazırlanması Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli qərarına əsasən, alınan torpağı tərk etmələri və həmin torpaqdan 100 metrdən uzaq olan yerə köçmələri tələb olunan şəxslərin sayı 200 nəfərdən artıq olduqda alan orqan köçürülmə planını, digər hallarda isə köçürülmə təlimatını hazırlamaq öhdəliyi daşıyır. Lakin Qara şəhər ərazisində əhalinin sayının çox olmasına baxmayaraq belə təlimat hazırlanmayıb.
- Azərbaycan iqtisadi, sosial və mədəni hüquqlar haqqında BMT paktını ratifikasiya etdiyi üçün məcburi köçürdülməni qadağan edən hüquqi çərçivələr yaratmalıdır. Bununla bağlı BMT-nin iqtisadi, sosial və mədəni hüquqlara dair komitəsi Azərbaycan dövləti üçün tələblər və tövsiyələr müəyyən edib.
- Məcburi köçürdülmələr və könüllü olmayan yerdəyişmələrə qarşı siyasət və ya dövlət proqramı mövcud deyil. Ötən dövrlərdə həyata keçirilən çoxsaylı və geniş miqyaslı belə köçürdülmələrə və evlərin sökülməsinə dair hökumət statistik və digər məlumatları toplayıb təhlil etməyib ki, bu da hökumətin indiki və gələcək fəaliyyətində konfliktlərdən yayınmasına kömək etməyəcək.
- Mövcud münasibətləri (torpaqların ictimai mənafelər üçün istifadə edilməsi) tənzimləyən qanunların yerinə yetirilməsi üçün əlverişli mühit mövcud deyil. Qanunların tələbləri yerinə yetirilmir və belə pozuntulara qarşı səmərəli məhkəmə və ictimai nəzarət mexanizmləri yoxdur. Nəticədə dövlət qurumlarının reallaşdırdığı iri infrastruktur layihələrinin mənfi nəticələrini bərpa və kompensasiya etmək imkanları olduqca məhduddur.
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin ekspertləri hesab edirlər ki, mövcud qanunvericilik “Bakı Ağ Şəhər” layihəsinin reallaşdırılması prosesində zəruri olan torpaq sahələrinin dövlət ehtiyacı üçün alınmasına imkan vermir. “Bakı Ağ Şəhər” layihəsinin icrası ilə bağlı aparılan köçürülmələr və söküntülər mövcud konstitusion hüquqi rejimə, mülki qanunvericiliyə və bu sahədəki müvafiq prosedurlara ziddir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?