Çində tüğyan edən dəhşətli koronavirus (COVID-2019) epidemiyası bütün dünyada tibbi maskalara tələbatı artırıb. Ehtimal olunur ki, vəziyyət belə davam etsə fərdi müdafiə vasitələri ilə bağlı dünya ehtiyatları yaxın 4-6 ay ərzində tükənəcək. Ümumdünya Səhiyyə Təşkilatı respiratorlara tələbatın 100 dəfədən çox artdığını və bunun da onların dəyərini 20 dəfədən çox yüksəltdiyini açıqlayıb. Qoruyucu maskaların çatışmaması şəraitində ilk növbədə səhiyyə işçilərinin təmin edilməsi nəzərdə tutulur.
Dünyadakı maska qıtlığı fonunda Azərbaycanda da tibbi maskaların qiymətini qaldırılıb. Bir neçə həftə əvvələ qədər bir ədədi 10 qəpiyə satılan qoruyucu maskalar hazırda apteklərdə 3-4 dəfə baha satılır. Bəzi apteklərin isə pərakəndə satışa məhdudiyyət qoyduğu, 5 ədəddən az maska satmadığı bildirilir.
Virtualaz.org bununla bağlı Bakıda bir neçə aptek şəbəkələri ilə əlaqə saxlayıb və onlar da qiymət artımını təsdiqləyiblər.
10 qəpiklik maska 30-40 qəpiyə satılır
“Zeytun” apteklərində virus təhlükəsi ilə bağlı bir neçə gündür ki, qiymətlərin artdığını təsdiq edirlər: “Minimum say məhdudiyyəti yoxdur, neçə ədəd istəsəniz sifariş verə bilərsiniz. Amma qiymət dəyişib, bir ədədi 30 qəpiyə satılır”.
“Avis” aptek şəbəkəsində isə 10 qəpiklik maska hazırda 40 qəpikdir. Amma qiymət artımını aptekdə də izah edə bilmədilər: “Bizdə bir qutu maska 20 manatdır. Tək-tək almaq istəsəniz, biri 40 qəpiyə düşür”.
“Təbib” aptekdə də maskanın 1 ədədi 35 qəpiyə satılır. Satıcı qiymət artımını depodan baha göndərilmə ilə əlaqələndirir: “Biz bilmirik niyə qiymət artıb, depodan baha gəlir, məcburuq ki, biz də belə sataq”.
“Ölkəyə hazırda maska gəlmir...” – təchizatçı
Məsələ ilə bağlı dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısı olan “Avromed” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən virtualaz.org-a məlum virusla əlaqədar maska qıtlığı olduğunu və hazırda ölkəyə maska gətirilmədiyini bildirdilər: “Menecerlərimiz əvvəllər hansı ölkələrdən sifariş ediblərsə, həmin maskalar gəlir, hazırda ölkəyə tibbi maskalar gətirilmir. Ona görə də, biz ancaq öz klinikalarımızı maska ilə təchiz edə bilirik. Maskaların satışında limit var, istəyirik ki, hamı ala bilsin”, - şirkətin nümayəndəsi bildirir.
Lakin, nümayəndə qiymət artımını inkar edib və bildirib ki, əgər qiymətlərdə fərq varsa, bu maskaların çeşidi ilə əlaqədardır: “Bizdə maskaların bir ədədi 20 qəpiyə satılır. Əgər baha satılan maskalar varsa, bu onların çeşidi ilə əlaqədar ola bilər. Çünki maskaların qoruyucu qatında fərqlər ola bilir”.
Digər dərman təchizatçısı "Buta Pharm"-dan isə telefon zəngimizə cavab verən əməkdaş məsələ ilə bağlı baş ofislə əlaqə saxlamalı olduğumuzu dedi. Onun verdiyi telefon nömrəsinə zəng vuradan da isə dəstəyin o tərəfindən "Siz "Avromed" şirkətinə zəng vurmusunuz" sözlərini eşitdik...
Tibbi maskaların ölkədən çıxarılmasını məhdudlaşdırılıb
Qeyd edək ki, virtualaz.org saytının ötən ayın sonlarında hazırladığı reportajda Bakıda tibbi maskaların satışının bir neçə dəfə artması barədə danışılırdı. Söhbətləşdiyimiz əczaçılar deyirdilər ki, apteklərdən maskaları qutularla alıb Çinə göndərirlər, nəticədə tələbat kəskin artıb.
Artıq Nazirlər Kabineti bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair qərar verib. Bildirilir ki, yeni koronavirus xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilib. Bunu nəzərə alaraq, 2020-ci il mayın 1-dək həmin preparat və vasitələrin ölkə ərazisindən aparılmasının məhdudlaşdırılması barədə qərar verib.
Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə yüksəlib. Virusa yoluxanların 12.5 mindən çoxu sağalaraq xəstəxanalardan buraxılıb. Çin qanunvericiliyinə əsasən, bu ölkədə koronavirus təhlükəsi ilə bağlı yaranmış vəziyyətdən sui-istifadə edən şəxslərin cəzalandırılması nəzərdə tutulur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?