Ümumdünya Ərzaq Proqramı COVID-19 pandemiyasının Yaxın Şərqdə və Şimali Afrika bölgəsində aclıq problemindən əziyyət çəkən insanların sayının daha 6,7 milyon artaraq, 47 milyondan artıq ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
COVID-19 illərdir münaqişə, siyasi qeyri-sabitlik və iqtisadi problemlər içərisində olan bu bölgələrdə çətinlikləri daha da artırır. BMT agentlikləri Yaxın Şərq və Şimali Afrikadakı kövrək və disfunksional hökumətlərin pandemiya və onun təsirləri ilə mübarizə üçün kifayət qədər qabiliyyətli olmadığı barədə xəbərdarlıqlar edir.
Ümumdünya Ərzaq Proqramı təşkilatının Qlobal Ərzaq Böhranı hesabatında dünyada kəskin ərzaq çatışmazlığından əziyyət çəkən insanların 20 faizinın Yaxın Şərqdə olduğu qeyd olunub.
Ümumdünya Ərzaq Proqramının sözçüsü Elizabet Birsin dediyinə görə, hesabatda pandemiyanın aclıq səviyyəsini həddən çox artıracağı və bölgədə ərzaq çatışmazlığı səbəbindən bir çox insanın aclıqla mübarizə aparacağı deyilir.
“Heç bir qənaət etdikləri vəsait, işsizlik sığortası və ərzaq subsidiyaları olmadan ailələrini dolandırmaq üçün qeyri-formal işlə məşğul olan insanlar uzun sürən təcridə dözə bilməzlər. Ərzaq yardımı alan insanların çoxu sağ qalmaq üçün buna güvənir " - deyə, Elizabet Birs bildirib.
Ümumdünya Ərzaq Proqramı təşkilatı hazırda bölgədəki 23 milyon insana ərzaqla yardım edir. Bu yardımın üçdə iki hissəsindən çoxu illərdir müharibə, xəstəlik və aclıqdan əziyyət çəkən Yəmən və Suriyadakı insanlara verilir.
Təşkilat 11 ölkədə məktəblər bağlandıqdan sonra təxminən 3,8 milyon uşağın məktəblərdə pulsuz yemək almadığını və uşaqların əksəriyyətinin gün ərzində yeganə tam qidadan məhrum qaldıqlarını bildirir.
Sorğu
Yeni dizaynımız necədir?