İdman yazarları oyunların “oyuna” qoyulmasından şübhələnir
Azərbaycan Premyer-Liqasının V turunda keçirilən görüşdə «İnter»in öz meydançasında «Simurq»a məğlub olması futbol ictimaiyyəti arasında böyük söz-söhbətə rəvac verib. Buna da əsaslar var. Maraqlıdır ki, hər iki klubun himayəçisi Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevdir.
İdman mediasının dəfələrlə vurğuladığı kimi, «Simurq»un missiyası bilərəkdən «İnter»ə məğlub olmaq, habelə onun çempionatdakı əsas rəqiblərini büdrətməkdən ibarətdir. Zaqatala klubu indiyə qədər «İnter»ə Bakıda nəinki qalib gəlmiş, heç 1 xal da ala bilməmişdi.
V turda «İnter»in «Simurq»a uduzması idman ictimaiyyətini təəccübləndirdi və müxtəlif versiyaların səslənməsinə səbəb oldu. Bu haqda virtualaz.org-da «Cahangir Hacıyev bolqar dostunun hədəsi ilə üz-üzə» başlıqlı yazıda da ətraflı məlumat vermişdik.
İdman mətbuatının təmsçilçiləri «Komanda» qəzetinə verdikləri açıqlamada daha bir versiya irəli sürüblər. Qəzet «İnter»in gözlənilməz məğlubiyyəti ilə bağlı sorğu keçirib. Sorğu zamanı jurnalistlər «bankirlər»in bukmeyker kontorları ilə əlaqəli fəaliyyət göstərdiyini iddia ediblər.
Qeyd edək ki, «İnter» çempionatda keçirdiyi 5 oyunun 4-də məğlub olub. Özü də çox maraqlıdır ki, məğlub olduğu bütün qarşılaşmalarda hesabı açan və ilk hissədə qalib gələn tərəf «İnter» olub. Amma fasilədən sonra komanda uduzub.
Oyunların belə gedişi və nəticəsi kontorlarda yüksək əmsalla dəyərləndirilir. İdman jurnalistləri idda edirlər ki, Cahangir Hacıyevin komandası qumara qurşanıb.
«Ekspress» qəzetinin redaktoru Vüsal Mahmudov “İnter”də baş verən hadisələri belə təhlil edib: “Mənə elə gəlir ki, “İnter”də yeni oyunlar gedir. Komanda 5 oyunun 4-də məğlub olub. Məğlub olduqları oyunda hesabda öndə olduqları halda sonra uduzublar. Bu, daha çox «oyuna» oxşayır. Bukmeyker kontorlarında ilk hissədə qalib gəlib oyunda məğlub olmaq 32 əmsalla qiymətləndirilir. “İnter” artıq neçə oyundur ki, bu varianta gedir. Bu durumdan şübhələnirəm”.
İdmanxeber.com saytının redaktoru Səxavət Qurbanov da eyni fikri səsləndirib: “Məncə, “bankirlər” bu mövsüm «çirkli» oyunlarda iştirakla yadda qalacaq. "İnter" hesabda öndə olduğu oyunda "Simurq"a uduza... "İnter" bu il bukmeykerlərə işləyib yaxşı pul qazana bilər».
Olimpiya.az saytının baş redaktoru Elnur Əşrəfoğlu «İnter»-«Simruq» oyununun nəticəsini "bic qardaşlar"ın növbəti hiyləsi hesab edir: «Hamı çox gözəl bilir ki, "İnter" klubunun bolqar prezidenti Georgi Nikolov hər iki klubda əsas söz sahibidir. Əlimizdə fakt olmasa da sizə bir incəliyi açacam. Bukmeyker məntəqələrində bir klubun ilk hissəni udub oyunu uduzması yüksək əmsallarla dəyərləndirilir. Azərbaycanda belə nəticələrə ən azı 25 əmsal verilirsə, xarici ölkələrdə bu normalda 32-40 əmsalla dəyərləndirilir. İndi siz fikirləşin, əgər cənab Nikolovun iki komandası oynayırsa, o, nəticəni niyə də öncədən müəyyənləşdirib külli miqdarda pul qazanmasın? Özü də "İnter"in bundan əvvəlkİ bəzi oyunlarında da eyni hallar yaşanıb. Həm də məndə olan məlumata görə, "İnter"in bu mövsüm üçün büdcəsi 3 dəfə azaldılıb. Bu komandanın transfer siyasətində də özünü büruzə verdi. Çempionatın startında olan planlaşdırılmış məğlubiyyətlər iki dost Nikolov və Tsxadadzenin klubun rəhbəri Cahangir müəllimə etirazıdır. Əlbəttə ki, məğlubiyyətləri daha sanballı legioner futbolçuların qıtlığı ilə əlaqələndirən "bolqar və gürcü qardaşları" artıq istəklərinə də çatır. Belə ki, son olaraq makedoniyalı futbolçunun transferi də bunu sübut etdi. Necə olur ki, "İnter" Avroliqada oynayarkən bu futbolçunu transfer etmir, indi edir? Hər halda Nikolov və Tsxadadze transfer gəlirlərindən də qalmaq istəmirlər. Sadəcə mən bir şeyi başa düşə bilmirəm: necə olur ki, hansısa bolqar və gürcü tanınmış azərbaycanlı bankir Cahangir müəllimə fırıldaq gələ bilirlər?”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?