Dünyada koronavirus pandemiyasının başlamasından 1 il ötür və sübutlar açıq-aşkardır: SARS-CoV-2 əsasən havadan ötürülür – insanlar danışarkən aerozol adlanan iri damcıları və kiçik hissəcikləri içinə çəkir. Səthdən virus tutmaq inandırıcı görünür, ancaq bu, praktik olaraq nadir hallarda olur. Buna baxmayaraq, bir çox səhiyyə müəssisəsi hələ də səthlərin təhlükəli olduğunu və tez-tez dezinfeksiya edilməli olduğunu iddia edirlər. Sonucda virusun düzgün şəkildə prioritetlənməsi və daha da yayılmasının qarşısını almaq üçün aydın rəhbərliyin tələb olunduğu bir vəziyyətdə ziddiyyətli bilgilər ortaya çıxır.
COVID-19 nadir hallarda səthlər yolu ilə yayılır. Bəs onda niyə hələ də geniş təmizlik işləri aparırıq?
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın “Nature” dərgisi yazıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin oktyabr ayında özünün sonuncu tövsiyələrində bildirib: “Xüsusilə ictimai yerlərdə səthlərə toxunmayın, çünki COVID-19 xəstəsi əvvəllər onlara toxunmuş ola bilər. Səthləri standart dezinfeksiyaedici vasitələrlə mütəmadi olaraq təmizləyin”.
Ancaq cari ilin yanvarında ÜST-ün nümayəndəsi “Nature” jurnalına verdiyi açıqlamada koronavirusun yoluxmuş sətlərdən (fomit olaraq da tanınır) ötürülməsinə dair məhdud miqdarda dəlil olduğunu söyləyib. Yalnız bununla belə SARS-CoV-2 RNT-nin “SARS-CoV-2-yə yoluxmuş insanlar yaxınlığında” tapıldığına dair dəlillərə əsaslanaraq fomitlərin hələ də mümkün ötürülmə üsulu olduğunu düşündüyünü əlavə edib. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi öz saytında səthi ötürülmənin “COVID-19-un adi yayılma yolu sayılmadığını” etiraf etsə də, eyni zamanda “bir çox insanın toxunduğu səthlərin və əşyaların vaxtında dezinfeksiya edilməsinin” vacibliyini vurğulayır.
Hava yolu ilə ötürülmə ilə bağlı daha böyük risklərin fonunda fomitlərlə əlaqəli risklər barədə aydın məlumatın olmaması ciddi fəsadlara yol açır. İnsanlar və təşkilatlar bahalı dezinfeksiyaya xüsusi diqqət ayırmağa davam edir, halbuki bu resurslardan maskaların taxılmasının vacibliyini vurğulamaq və havalandırmanı yaxşılaşdırmaq üçün tədbirləri araşdırmaq üçün istifadə etmiş ola bilərdilər. İkincisini etmək çətin olsa da, nəticələr həlledici ola bilər.
Yalnız Nyu-York şəhər Nəqliyyat İdarəsinin hesablamalarına görə, 2023-cü ilə qədər COVID-19 ilə bağlı illik dezinfeksiya xərcləri təxminən 380 milyon dollar olacaq. Keçən ilin sonunda hakimiyyət ABŞ federal hökumətinə yalnız aerozollara diqqət edib-etməməsi barədə məsləhət almaq üçün müraciət edib. Ona fomitlərə xüsusi diqqət yetirməsi istənilib və qurum səthlərin təmizlənməsinə aerozollarla mübarizədən daha çox vəsait xərcləməyə davam edib.
Artıq virusun havadan həm böyük, həm də kiçik damcılardan ötürüldüyünə dair bir konsensus olduğu üçün qabaqlayıcı tədbirlər havalandırmanı yaxşılaşdırmağa və ya sınaqdan keçmiş hava təmizləyicilərinin quraşdırılmasına yönəldilməlidir. Üstəlik, insanlara maska taxmaq və təhlükəsiz məsafəni saxlamaq xatırladılmalıdır. ÜST və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi kimi qurumlar mövcud biliklərə əsaslanaraq tövsiyələrini yeniləməlidirlər. Virus və COVID-19 üzərində aparılan araşdırmalar sürətlə irəliləyir, buna görə də epidemioloji xidmətlərdən vətəndaşlara özlərini və başqalarını qorumaq üçün lazım olanla təmin edəcək aydın və aktual məlumatlar təqdim etməlidir./Report/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?