Getdikcə artan infeksiyalardan narahatlığını bildirən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə günü qlobal koronavirus böhranının hazırda pandemiya olduğunu açıqlayıb.
BMT agentliyinə rəhbərlik edən Tedros Adhan Qebreesus ÜST-ün epidemiyanın "həyəcanverici dərəcədə yayılması və ciddiliyi" ilə bağlı dərin narahatlığını bildirib. O həmçinin "həyəcan doğuracaq səviyyədə fəaliyyətsizlik" ilə bağlı narahatlığını ifadə edib.
"Buna görə biz COVID-19-ın pandemiya kimi xarakterizə edilə biləcəyini qiymətləndirdik" - deyə, o, Cenevrədə çıxışı zamanı söyləyib.
Tedros bütün ölkələrin epidemiyaya cavab olaraq virusu aşkar edib, sınaqdan keçirib, müalicə edib, yoluxanları təcrid edib, izini tapsa və xalqı səfərbər edərsə, pandemiyanın gedişatını yenə də dəyişə biləcəyini deyib.
Əksər insanlarda yeni koronavirus yalnız yüngül və ya orta dərəcədə qızdırma və öskürək kimi simptomlara səbəb olur.
Bəziləri, xüsusilə yaşlılar və mövcud sağlamlıq problemləri olan insanlar üçün isə pnevmoniya da daxil olmaqla, daha ağır xəstəliklərə səbəb ola bilər.
İnsanların böyük əksəriyyəti yeni virusdan sağalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yüngül xəstələnən insanlar təxminən iki həftə ərzində sağalır, daha ağır xəstələnənlərin sağalması isə üç-altı həftə çəkə bilər. Virusun ilk yayıldığı Çində artıq 80 mindən çox insana koronavirus diaqnozu qoyulub və bu günə qədər 58 mindən çox insan sağalıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?