Modern.az Elmlər Akademiyasının tabeliyində olan institutlar barədə ayrı-ayrılıqda yazı hazırlamağı nəzərdə tuturdu. Amma həmi institutlar sanki düşmən kəşfiyyatı ilə qarşılaşmış kimi mediadan uzaq durmağa çalışırlar. Memarlıq və İncəsənət İnstitutu da elə məxfi xidmət orqanını xatırladır. İnstitutda ikinci şəxs sayılan direktor müavini, sənətşünaslıq elmlər doktoru İmaş Hacıyev hansısa səbəbdən heç bir söz deyə bilməyəcəyini etiraf etdi. Ona institutun problemləri, hazırkı fəaliyyəti barədə yazı hazırlamaq istədiyimizi bir daha xatırlatdıqda müavin direktor Ərtegin Salamzadənin kabinetinə gedib rəsmi icazə istədi. Lakin cənab Salamzadə nədənsə danışmaq istəmədi. Səbəb kimi “gəlişin qəfil olduğunu, mövzu barədə danışmaqdan ötrü hazır olmadığını” müavin vasitəsi ilə çatdırdı. Arxeologiya və Etnoqrafiya İnstitutunda da eyni aqibətlə rastlaşdıq. Direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli direktordan icazəsiz heç nə danışa bilməyəcəklərini dedi. Burda da hər şey bürokratik qaydalarla yalnız birincinin nəzarəti altındadır. Görünür, institutun direktoru Maisə Rəhimovanın “xoş ovqatda olmasını” gözləmək lazım gələcək. Akademik Y. Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunda da eyni cavabı eşidərkən bir az çaşdıq. Sanki bütün institutlar bir-biri ilə öncədən sövdələşibmiş kimi oxşar cavablar düşünüblər. “Gərək direktorla razılaşdırasınız. O da indi çörək yeməyə gedib”.
Nuş olsun, cənab direktor! Amma unutmayın ki, yediyiniz çörəyin pulunu ödədiyimiz vergilər hesabına qazanırsınız!
Sorğu
Yeni dizaynımız necədir?