Prezident İlham Əliyev bir çox ölkələrdəki səfirlərin geri çağırılması və yeni səfirlərin təyin olunması ilə bağlı asərəncamlar imzalayıb. Dövlət başçısının müvafiq sərəncamları ilə Tural Rzayev Azərbaycanın Misir və Sudanda, Fikrət Axundov Azərbaycanın Niderland Krallığında, Anar İmanov Azərbaycanın Vyetnamda, Fəxrəddin Qurbanov Azərbaycanın Xorvatiyada, Rəhman Mustafayev Azərbaycanın Fransada, Oktay Qurbanov Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıblar.
Ölkə rəhbərinin digər sərəncamları ilə Nazim Səmədov Azərbaycanın Mərakeş Krallığında, Leyla Abdullayeva Azərbaycanın Fransada, Rəşad Aslanov Azərbaycanın İtaliyada, Səməd Həsənov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri fövqəladə və səlahiyyətli səfiri vəzifələrinə təyin olunublar. İlham Əliyevin son sərəncamları müxtəlif ölkələrdəki diplomatik missiyalarımızın fəaliyyətində yeni mərhələ kimi qiymətləndirilir. İddialara görə, qarşıdakı dövrlərdə digər səfirlər də geri çağırılacaq və bu sahədə köklü kadr islahatları aparılacaq. Qeyd edək ki, Azərbaycanın diplomatik korpuslarının fəaliyyəti ilə bağlı birmənalı fikir mövcud deyil. Müstəqil ekspertlər hesab edirlər ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycan həqiqətlərinin dünya müstəvisində yayılması istiqamətində həm səfirliklər, həm də diaspor təşkilatları fəal mövqe ortaya qoymalıdır və onların mövcud fəaliyyəti buna adekvat deyil.
Gundemxeber.az-ın məlumatına görə, son təyinatları AYNA-ya şərh edən Azərbaycan Ukraynadakı keçmiş səfiri, Ukrayna maliyyə nazirinin müşaviri Azər Xudiyev deyib ki, səfirlərin əvəzlənməsi rotasiya üsulu ilə həyata keçirilir: “Qaydalara görə, səfirlər beş ildən bir əvəzlənir. Bu, beynəlxalq bir qaydadır və Azərbaycanda da bundan istifadə olunur. Bunu əsasən ona görə edirlər ki, bir səfir uzun müddət bir postda qalırsa, öz vəzifəsindən sui-istifadə etməsi riski yaranır. Öz şəxsi biznesini yaratmasının qarşısının alınması və ya digər üsullarla imtiyaz əldə etməməsi üçün bu qayda vacibdir. “Cənab Prezident İlham Əliyevin səfirlərlə bağlı son sərəncamlarını da alqışlayıram. Gənc kadrların diplomatik korpuslarda yüksək vəzifələrə irəli çəkilməsi mühüm addımdır. Lakin müsbət cəhətləri qeyd etdiyimiz kimi, mənfi cəhətləri də etiraf etməliyik. Çox təəssüf ki, Azərbaycan həqiqətlərinin dünya miqyasında yayılması istiqamətində bəzi səfirliklər fəallıq nümayiş etdirmir. Onlar diaspor təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərmirlər. Bu cür hallar da var”, - deyə həmsöhbətimiz bildirib. Sabiq səfirin fikrincə görə, Diasporla İş üzrə Dövlət Komitəsi ləğv edilməli və Xarici İşlər Nazirliyinə birləşdirilməlidir: “Dünya təcrübəsinə istinad etsək, görərik ki, çox az ölkədə bu tip qurumlar fəaliyyət göstərir. Dövlətin diaspor siyasətini adətən Xarici İşlər Nazirliyinin tabeliyində olan müvafiq qurum həyata keçirir. Bu, həm səfirliklərlə diaspor təşkilatları arasında münasibətlərin tənzimlənməsinə, həm də əlaqəli fəaliyyət göstərməsinə şərait yaradır”. “Dəfələrlə təcrübədə rast gəlmişik ki, eyni məzmunlu tədbiri səfirliklər ayrı, diaspor təşkilatları ayrı formada keçirir. Hansı ki, onlar güclərini birləşdirsələr, daha ciddi tədbir ərsəyə gətirmək mümkündür. Bu məqamlara xüsusi diqqət yetirilməlidir. Misal üçün, Ukraynada beyin mərkəzləri fəaliyyət göstərir. Bəzən bir mütəxəssis olaraq bizi cəlb edirlər. Onlar bütün dövlətlərlə münasibətləri məhz bu beyin mərkəzlərinin rəyləri əsasında tənzimləyirlər. Bütün hallarda daha da inkişaf etmək və irəli getmək istəyiriksə, bu sahədə olan boşluqları aradan qaldırmalıyıq”, - deyə Xudiyev vurğulayıb.
Gundemxeber.Az xəbər verir ki, “Turan” İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyev isə AYNA-ya şərhində diplomatik missiyaların fəaliyyətində ciddi dönüş gözləmədiyini söyləyib: “Azərbaycanın bir çox ölkələrdəki səfirləri geri çağırıldı, yeni səfirlər təyin edildi. Bəzi səfirlər isə digər ölkələrə təyinat aldılar. Hesab edirəm ki, bu, vaxtaşırı olaraq həyata keçirilən siyasətin tərkib hissəsidir. Bu günə qədər çoxlu sayda səfirlər təyin edilib, yeniləri ilə əvəzlənib. Lakin biz səfirliklərin fəaliyyətində mühüm dönüşün şahidi olmuşuqmu? Yəqin ki, bu dəyişikliklər də ciddi nəticələrə gətirib çıxarmayacaq”. “Əslində diplomatik korpusların fəaliyyəti ölkələr arasında münasibətləri tənzimləməkdən və yüksəltməkdən ibarət olmalıdır. Nəzərə alanda ki, sistemin yürütdüyü siyasət və onun nəticələri qüsurludur, diplomatik missiyaların fəaliyyətindən də əhəmiyyətli nəticələr gözləməyə dəyməz. Tarixi zəfərdən sonra dünya miqyasında informasiya siyasətinin artırılması vacib məqam olsa da, bu, minimal səviyyədə belə həyata keçirilmir. Nəinki dünya miqyasında, daxili müstəvidə də informasiya siyasəti düzgün qurulmayıb”, - deyə müsahibimiz bildirib. O, səfirliklərimizlə diaspor təşkilatlarımız arasında qarşıdurmalar yaşandığını qeyd edib: “Təsəvvür edin ki, erməni diasporu dünyanın aparıcı ölkələrində seçkilərin taleyinə təsir edir. Məhz bu avantaj onlara “erməni soyqırımı” və digər saxta iddialara dünya miqyasında dəstək qazandırır. Onlar canlı orqanizm kimi fəaliyyət göstərirlər. Səfirliklər, diaspor təşkilatları, müxtəlif təbəqələrin təmsilçiləri birləşirlər. Bizdə isə bir çox səfirliklər diaspor təşkilatları ilə qarşıdurma şəraitindədir”. “Sizə bir epizodu nəql edim. AXC iqtidarı dövründə dövlət rəsmilərinin Brüsselə səfəri təşkil olunmuşdu. Mən də həmin səfərdə iştirak edirdim. O zaman Azərbaycan Parlamentinə rəhbərlik edən İsa Qəmbərə və onu müşayiət edən rəsmilərə qarşı ermənilər yaşadıqları binaların eyvanlarından şüarlar səsləndirdilər. Yəni, hər şey sistemli və planlı şəkildə cərəyan edir. Bizdə isə sistem elə formalaşıb ki, sanki hamı protokol xatirinə fəaliyyət göstərir. Bu, səfirliklərə də aiddir, diaspor təşkilatlarına da, hökumət mənsublarına da”, - deyə Əliyev fikrini tamamlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?