Paytaxta fəaliyyət göstərən bir çox mağazaların adlarının xarici dillərdə yazılması ağıllarda sual işarəsi yaradır. Müstəqil bir ölkə kimi, öz dilinin olmasına baxmayaraq, nəyə görə mağazaların adları rus, ingilis və digər əcnəbi dillərdə yazılmalıdır. Yoxsa biz öz dilimizi bəyənmirik? Və ya bu sözlərin öz dilimizdə olan mənası cəlbedici səslənmir?
Bu, Heydər Əliyevin imzası ilə qüvvəyə minən və bütün xidmət sahələrində dövlət dilinin işlənilməsi qanunlaşdıran Dövlət Dili haqqında Qanuna əməl edilmədiyi anlamına gəlmirmi? Biz nə Rusiyanın, nə də İngiltərənin müstəmləkəsi deyilik ki, daha çox bu dillərə məxsus sözlərdən istifadə edərək alıcıları cəlb edək. Məgər “rozes” sözünün əvəzinə “qızıl güllər” demək və ya “present”in yerinə “hədiyyə” deməyin nəyi pisdi?
İdmançılarımız yarışlarda qalib gəldikləri zaman Azərbaycan bayrağını başları üstündə dalğalandırırlar. Əgər rus və ingilis dillərini öz dilimizdən çox seviriksə, bəlkə bu sevgini göstərmək üçün bayrağımızın yanında hər 3 ölkənin bayrağı olsun?
Bu məsələ ilə bağlı Dövlət Dili haqqında Qanunda konkret bənd var. Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Təbii ki, dilimizə qarşı bu özgə münasibət təkcə mağazaların adlarında müşahidə edilmir.
Məsələn, dövlət orqanlarına məxsus saytlar da heç də mağaza və iaşə obyektlərindən geri qalmır. Dövlət saytlarının Azərbaycan dilində olmamasına Rabitə və İnformasiya Nazirliyi nümayəndəsinin öz arqumenti var.
Burda bir məsələ də var. Dövlət saytlarının adları ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərarlarda konkret olaraq "saytların adları mütləq şəkildə ingilis dilində olmalıdır" deyilmir. Qərara əsasən, İnternet saytları dövlət dilində və tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dildə tərtib olunmalıdır. Digər qərarda "Domen adları kimi Azərbaycan və ingilis dillərində olan adlar seçilə bilər. 3-cü qərarda isə İnternet informasiya ehtiyatının ünvanı Azərbaycan və ya ingilis dilində məna daşıyan formada müəyyən edilməlidir", - kimi qeyd edilir. Əgər saytların adları zəruri olduğu halda ikinci dildə olmalıdırsa, o zaman nəyə görə dövlət orqanları yalnız ingilis dilindən istifadə edirlər?
Ekspertlər dövlət saytlarının adlarında vahid standartların olmasını daha münasib hesab edirlər.
Burada saytların adlarının daha asan tapılması üçün ən ideal variant dövlət orqanlarının adlarının Azərbaycan dilində olan abreviaturalarından istifadə edilməsidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?