“Təminatlı əqdlər haqqında” qanun layihəsində girovun məhkəməsiz bankın mülkiyyətinə keçməsi nəzərdə tutulub
gundemxeber.az Azərbaycanda “Təminatlı əqdlər haqqında” qanun layihəsində kreditin vaxtında qaytarılmadığı təqdirdə, girov qoyulan əşyanın kreditorun mülkiyyətinə məhkəməsiz keçməsi nəzərdə tutulub. Adıçəkilən qanun layihəsinin qəbulundan sonra Mülki Məcəllə və müflisləşmə qanunvericiliyi dəyişdirilməli və bu qanuna uyğunlaşdırılmalıdır. Təklif edilən qanun layihəsi təminatlı əqdlər sisteminin sadələşməsi kimi təqdim edilsə də, çox təhlükəli tendensiyaların başlanğıcı ola bilər. Söhbət girovların məhkəmə qərarı olmadan kreditorun mülkiyyətinə keçməsindən gedir. Yəni banka kredit bir neçə gün gecikdirilsə, girov kimi qoyulan avtomobil və yaxud mənzil avtomatik bankın mülkiyyətinə keçir. Qanunun bu müddəasından istifadə edən banklar vətəndaşların girov qoyduğu mülkiyyəti asanlıqla müsadirə edə bilər. Ən pisi də budur ki, bu halda vətəndaşın apelyasiya hüququ tanınmır. Ümumiyyətlə, məhkəmə qərarı olmadan girov qoyulan əmlakın mülkiyyətçisinin dəyişdirilməsi bir neçə səbəbə görə ədalətsiz qərardır. Birincisi, girov qoyulan əmlakın dəyəri borcun məbləğindən bir neçə dəfə yüksək ola bilər. Tutaq ki, vətəndaşın banka 3 min manat borcu qalıb, girov qoyduğu mənzilin bazar qiyməti isə 50 min manatdır. Yəni girovun məbləği borcdan 17 dəfə çoxdur. Yeni təklifə əsasən 3 min manat kredit borcuna görə 50 min manat bazar dəyəri olan mənzil bankın mülkiyyətinə keçir. Bu, açıq-aşkar soyğunçuluqdur. Bank bu qanundan sui-istifadə edərək vətəndaşların külli miqdarda əmlakını müsadirə edə bilər. Normalda məhkəmə qərarı olmalıdır ki, həmin mənzil hərraca çıxarılsın, satılandan sonra 3 min manat banka, qalanı isə vətəndaşa ödənilsin. Və yaxud da borclu müəyyən faizlər hesablanmaqla borcu ödəmək üçün möhlət götürsün. Yeni qanun vətəndaşları bu hüquqdan da məhrum edir və dəyişikliklər birbaşa bankların maraqlarına hesablanıb. İkincisi, vətəndaş götürdüyü kredit tam üzürlü səbəblərdən də ödəyə bilməz. Məsələn, təbii fəlakət və ya ciddi xəstəlik buna mane ola bilər. Bunun üçün vətəndaşa möhlət verilməlidir. Belə mübahisəli məqamlar məhkəmədə həllini tapmalıdır. Ancaq yeni qanun bunu da nəzərə almır, birmənalı və birtərəfli olaraq bankın maraqlarını güdür. Üçüncüsü, banklar bu qanundan sui-istifadə edərək vətəndaşların mülkiyyətinə şərik çıxa bilərlər. Yəni cəmi bir neçə gün gecikdirilən ödənişə görə girov qoyduğu əmlakdan məhrum ola bilər və qanunla da məhkəməyə müraciət edə bilməz. Ümumiyyətlə, təklif edilən qanun layihəsi mürtəce dəyişikliklərdir və istisnasız olaraq bank mafiyasının maraqlarına hesablanıb. Bir detalı da qeyd etmək vacibdir ki, problemli kreditlərin yaranmasında günahın əsas hissəsi elə bankların payına düşür. Birincisi, banklarda illik faiz dərəcələri kifayət qədər yüksəkdir. Bu dərəcələr hətta illik 48 faizə qədər olur. Heç bir normal ölkədə elə yüksək faiz dərəcələri yoxdur. İkincisi, banklarda “şapka” əməliyyatları faktiki faizlərin daha da yüksəlməsinə səbəb olur. Tutaq ki, bankda 50 min manat kredit götürəndən ən azı 5 min manat nağd şəkildə “şapka” alınır. Bu da real faizlərin 24-28 faizdən daha da yüksək olmasına gətirib çıxarır. Üçüncüsü, banklar krediti real müştərilərə - iş adamlarına yox, təsadüfi şəxslərə (daha çox tanışlıq zəminində) verirlər ki, bu da sonda kreditin ödənilməsində problemlərin ortaya çıxmasına səbəb olur. Qanun layihəsinin müəllifləri bu məqamları nəzərə almadan bankların xeyrinə qanunvericiliyi dəyişməyə cəhd göstərirlər. Banklar Assosiasiyası məşhur məsəldə deyildiyi kimi, “ilanı Seyid Əhməd əli ilə tutmaq istəyir”. Ancaq kimin hazırlamasından asılı olmayaraq sözügedən qanun layihəsi mürtəce xarakterlidir və onun qəbul edilməsinə imkan vermək olmaz.
Sorğu
Yeni dizaynımız necədir?