Rafiq Manaflı: “Əli İnsanov isə sınmayıb və keçmiş komandası ilə mübarizə aparır”
Suallara Vətəndaş Həmrəyliyi Partiyası Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı cavab verib. O, əsasən müxalifət düşərgəsində baş verən olaylardan, “El” Hərəkatının sədri Eldar Namazovun ittihamlarından və sabiq nazir Əli İnsanov haqqında danışıb.
- Rafiq bəy, Milli Şurada nələr baş verir?
- Prezident seçkilərindən sonra Milli Şurada təmsil olunan bəzi partiyalar 2015-ci il parlament seçkiləri haqqında düşünməyə başladılar. Partiyalar bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə bir o qədər də əhəmiyyət vermirlər. İndi bir çox partiyalar parlament seçkilərinə hazırlığa başlayıb. Kimsə Milli Şurada öz nüfuzunu başqaları ilə bölüşdüyünü düşünür, kimsə təşkilatını qurub və ayrıca seçkilərə getmək istəyir. Yəni partiyaların qarşısında duran məqsədlər fərqlidir. Bəzi partiyalar müstəqil fəaliyyət göstərməyi üstün tuturlar. Əslində ölkədə gedən prosesləri dəyərləndirəndə belə nəticəyə gəlmək olar ki, Milli Şura yarandığı gündən onun qorunması daha real məsələ idi. Milli Şura prezident seçkilərindən sonra güc mərkəzi kimi qəbul edilmişdi. Faktiki olaraq saxtalaşdırmadan sonra seçkinin nəticələrinə əsasən ikinci yerə çıxmışdı. Bu faktı hakimiyyət də qəbul edirdi. Belə bir şəraitdə Milli Şuranı qoruyub saxlamaq vacib idi. Müsavat Partiyasının Milli Şuradan getməsi böyük zərbədir. “El” Hərəkatı isə hələ formalaşmayıb. “El”in bir növ adı var idi, Milli Şuradan da gedəndə ancaq adı apardı, güc aparmadı. İndi də gedənlər olur. Amma məsələ ondadır ki, gələnlər də var. Biz hazırda Milli Şuranın yeni əsasnaməsini hazırlayırıq və onun sessiyanın müzakirəsinə çıxaracağıq. Orada Milli Şuradan getmək və quruma üzv olmaq məsələləri öz əksini tapacaq. Bundan sonra tanınmış ictimai xadimlərdən, ziyalılardan, alimlərdən bura daxil olanlar olacaq. Bir sözlə, gedənlər də, olacaq, gələnlər də olacaq.
- Milli Şuranı qoruyub saxlamaq, istefaların qarşısını almaq mümkün olacaqmı?
- Hesab edirəm ki, kimsə getmək, istefa vermək qərarı veribsə, bunu danışıqlar yolu ilə həll etmək olmaz. Bu qərarı verən şəxsi indi nəyəsə inandırıb saxlamaq mümkündür, amma sabah o istefa verəcək. Odur ki, bu istiqamətdə danışıqlar aparılmasını doğru hesab etmirəm. Gedənlər gedəcək, gəlmək istəyənlər də gələcək. Hazırda Milli Şura üzvlərinin bu qurumu qoruyub saxlamaq əzmi hiss olunur. İstefa, getmək məsələsi Milli Şura yaranan gündən “Demokl qılıncı” kimi asılmışdı. Bəzi partiyalar, xüsusilə Əvəz Temirxan razılaşmadığı hər bir məsələnin müzakirəsi zamanı Milli Şuradan gedə biləcəklərini şantaj kimi istifadə edirdilər. İndi hamısı gediblər. Bu gün Milli Şura daha stabildir, nəinki 3-4 ay bundan öncə.
- Eldar Namazov deyir ki, əslində Cəmil Həsənli indiyə qədər böyük siyasi təşkilata rəhbərlik etməyib. Amma Milli Şura kimi qurumda çalışmaq lazımdır ki, toqquşan maraqları uzlaşdırasan, hər tərəflə eyni məsafə saxlayasan. Amma C.Həsənli bunu bacara bilmədiyindən Milli Şura üzvlərinin 30 faizindən çoxu istefa edib. Buna münasibətiniz necədir?
- Mən bilmirəm ki, Cəmil Həsənlinin tərəf saxladığını deyəndə Eldar Namazov kimi nəzərdə tutub. Ola bilsin ki, bu Eldar Namazovun subyektiv fikridir. Bəlkə də Eldar Namazov bu məsələləri düşünərək Milli Şuradan gedib. Amma mən düşünmürəm ki, Cəmil Həsənli Milli Şurada hansısa partiyanın tərəfini tutsun. Əgər, Cəmil müəllim AXCP-nin tərəfini tutsaydı, məncə, bu zaman KXCP Milli Şurada qalmazdı. Əslində Namazovun dedikləri bəhanədir. Eldar Namazov Milli Şuranın yaradılması prosesində aktiv iştirak edib. Namazov Milli Şuranın sədr aparatına rəhbərlik edib. Namazov Milli Şura ilə onun sədri Rüstəm İbrahimbəyov arasında vasitəçi olub. Əslində isə Namazov Milli Şura ilə İbrahimbəyovun münasibətini monopoliyaya almışdı. Rüstəm İbrahimbəyov Milli Şura sədri seçilən gündən Bakıda olmayıb. Onunla ancaq telefon vasitəsi ilə əlaqə saxlanılırdı. Bunu da ancaq Eldar Namazov vasitəsi ilə gerçəkləşdirmək mümkün idi. Eldar Namazov heç vaxt imkan verməyib ki, İbrahimbəyovla birbaşa təmas qurulsun, müzakirələr aparılsın. Edar Namazov Milli Şuranın mövqeyini öz bildiyi şəkildə İbrahimbəyova çatdırıb. İndi İbrahimbəyov Bakıya gələ bilmədi, bu səbəbdən də sədr və vahid namizəd dəyişdirilib. Eldar Namazovun özü indiyə qədər haranı idarə edib ki, Cəmil Həsənlinin təşkilata rəhbərlik etməməsini irad kimi tutur? Heç kəs anadan sədr kimi doğulmur. Cəmil Həsənli son aylar prezident seçkisi kimi böyük prosesdən keçdi. Bu özü böyük məktəbdir. Cəmil Həsənli həm də 10 il AXCP sədrinin müavini olub. Yəni onun təşkilati məsələlərlə bağlı təcrübəsi var. İnsanlarla ünsiyyət məsələsini Cəmil müəllimdən yaxşı bilən şəxs yoxdur. Cəmil Həsənlini hörmətlə qəbul etməyən bir siyasi təşkilat belə yoxdur. Mən belə anlayıram ki, Namazovun dedikləri Milli Şuradan getmək üçün bəhanələrdən savayı başqa şey deyil.
- Eldar Namazov iddia edir ki, əslində Müsavatın Milli Şuradan getməsinin qarşısını almaq olardı. Amma sessiyaların birində müzakirə edilən məsələ öncədən siyasi partiya liderləri ilə razılaşdırılmayıb. Bu da Müsavatın Milli Şuradan getməsi üçün əsas olub...
- Əvvəla, Eldar Namazov bunu deyərkən sessiyada Rüstəm İbrahimbəyovun fəxri sədrliyə gətirilməsi məsələsini nəzərdə tutur. Bu sadəcə İbrahimbəyova hörmət əlaməti olaraq edilirdi. Yəni göstərilirdi ki, ziyalıların istifadə edilib çölə atılması kimi hal ola bilməz. Fəxri sədr məsələsi Müsavatın Milli Şuranı tərk etməsi üçün əsas yarada bilməzdi. Bu iddia olduqca absurddur. Müsavat Milli Şuradan getməyi çoxdan planlaşdırırdı. Bu məqsədlə siyasi partiyalara əməkdaşlıqla bağlı təkliflər verilmişdi, görüşlər keçirilirdi. Müsavatın daxilində Milli Şura ilə bağlı fərqli fikirlər mövcud idi. Müsavatın özü deməyib ki, məhz fəxri sədr məsələsinə görə Milli Şuradan gediblər. Müsavat etiraz etmişdi və İsa Qəmbər də bəyan etmişdi ki, bu bizim qərarımızdır. Bir sözlə, məhz buna görə Müsavatın Milli Şuradan getməsini iddia etmək doğru deyil.
- Eldar Namazov elan edir ki, hazırda həbsxnada ölüm təhlükəsi ilə yaşayan Əli İnsanov Milli Şuraya hər cür dəstək verib. Amma Cəmil Həsənli sessiyalar zamanı siyasi məhbusların adını çəkərkən heç zaman İnsanovun adını dilinə gətirməyib. Bu səbəbdən də İsa Qəmbər ona xəbər göndərib ki, Əli İnsanovun adını çəkmək lazımdır...
- Ola bilsin. Əli İnsanovun şəxsiyyəti barədə müxalifətdə haçalanan fikirlər var. Əli İnsanovun siyasi mübarizənin nəticəsi olaraq həbsə düşməyib. Əksinə, İnsanov hakimiyyətdaxili mübarizənin nəticəsində həbsə gedib. Onun demokratik müxalifətə heç bir aidiyyəti yoxdur. Əslində Əli İnsanov hakimiyyət komandasında təmsil olunarkən demokratik düşərgəyə münasibətdə ən qatı və ən sərt münasibətdə olub. Başqaları bizə sadəcə müxalifətçi gözü ilə baxdıqları təqdirdə İnsanov bizə düşmən kimi baxıb. Bu adam hakimiyyətdaxili qruplar arasında gedən mübarizənin nəticəsi olaraq həbsə düşüb. Ancaq mən onu özümün silahdaşı, mübarizə yoldaşı kimi saymıram. Ona siyasi məhbus statusu veriblər. Əgər bu onun həbsdən çıxmasını sürətləndirirsə, mən buna etiraz etmirəm. Amma o siyasi məhbus deyil.
- Ancaq Eldar Namazov onu da iddia edir ki, Cəmil Həsənli İnsanovun adını çəkməməklə bərabər Fərhad Əliyevin seçkilərdə hakimiyyət namizədini dəstəkləməsi və bunun müqabilində azadlığa buraxılmasına haqq qazandırırdı...
- Fərhad Əliyev həbsxanadan bəyanat verərək İlham Əliyevi dəstəkləyib. Siz də bilirsiniz ki, Cəmil Həsənli onun müdafiə komitəsinin sədri olub. Amma Fərhad Əliyev hakimiyyətdə olanda Cəmil Həsənli onun qapısını belə tanımırdı. Amma bir kəndçi kimi Cəmil Həsənliyə müraciət ediblər. Cəmil müəllim də onun müdafiəsi ilə məşğul olub. Həm də Fərhad Əliyev həbsxanada necə sındırılmışdısa, azad edildikdən sonra burada qalmaq niyyətində deyildi. Dərhal həbsdən çıxıb buradan getmək haqda düşünürdü və ona da nail oldu. Əli İnsanov isə sınmayıb və keçmiş komandası ilə mübarizə aparır. Fərqləri ancaq bundadır. Həm də Fərhad Əliyev həbsdən buraxılanda Cəmil Həsənli deyib ki, özü bilər, necə istəyir yaşasın. Cəmil Həsənli Fərhad Əliyev haqqında başqa nə deməli idi ki? Mənim Əli İnsanova münasibətim fərqlidir. Bu gün həbsxanada NİDA Vətəndaş Hərəkatının nümayəndələri, Tofiq Yaqublu, İqar Məmmədov var. Mən Əli İnsanovu bu şəxslərlə bir sırada dayanacaq məhbus hesab etmirəm.
- Bundan sonra Milli Şura və müxalifətdə hansı proseslər yaşana bilər, ehtimallarınız varmı?
- Milli Şura fəaliyyət istiqamətlərini müəyyən edib. Heç kim inkar etmir ki, Müsavatın və “El” Hərəkatının Milli Şuradan getməsi fəaliyyətə təsir etməyib. Əlbəttə ki, Milli Şura bir qədər güc itirdi. Amma biz çalışırıq ki, başlandığımız anda olan Milli Şuranın statusunu və imkanlarını bərpa etməkdir. Qeyd edim ki, Milli Şura kifayət qədər zərbə alıb. İndi bu zərbələrin yerini düzəltmək lazımdır. Hazırda əsasnamə və digər sənədlər qəbul olunur. Fəaliyyətimiz tədricən sistemləşdirilir, iş rejiminə düşür. Hər halda bələdiyyə seçkilərini hədəf hesab etmirəm. Milli Şuranın əsas hədəfi parlament seçkiləri olmalıdır. Milli Şura bu istiqamətdə fəaliyyətə başlayacaq. Hələlik Milli Şuranın dağılması ehtimalı yoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?