Sabir Rüstəmxanlının partiyası niyə Tiflis səfərindən kənarda qaldı?
Milli Şuranın Tiflisə, qurumun sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla görüşə gedən heyətinə nəzər saldıqda, diqqəti çəkən ilk məqam Gürcüstan paytaxtına gedən siyasilər arasında Vətəndaş Həmrəyliyi Partiyasından başqa, digər bütün partiya və təşkilatların nümayəndəsinin olmasıdır.
Qurumun Aparat rəhbəri Eldar Namazov da Tiflisə səfər edəcək heyətlə bağlı mətbuata verdiyi açıqlamasında İbrahimbəyovla görüşə MŞ-də təmsil olunan bütün partiya təmsilçilərinin gedəcəyini açıqlasa da, adı sadalananlar arasında VHP-dən heç kimin olmaması diqqət çəkmişdi.
Bəs nə baş verir? VHP məqsədli şəkildə “Tiflis sammiti”ndən kənarda saxlanılır, yoxsa bu, partiyanın MŞ-dəki rəsmilərinin şüurlu seçimi idi?
Bu barədə AzNews.az-a açıqlama verən VHP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı bildirib ki, Gürcüstan paytaxtına R.İbrahimbəyovla görüş getmək barədə onları heç kəs nə dəvət edib, nə də hər hansı formada məlumat verib. R.Manaflının sözlərinə görə, MŞ-in Aparatından onlara ümumiyyətlə, səfərlə bağlı heç bir təklif olmayıb: “Bunun səbəbləri ilə maraqlanmamışam. Ancaq açığı, partiyamızın Milli Şurada təmsil olunan qrupunun rəhbəri kimi mənə Rüstəm İbrahimbəyovla görüşə getmək təklif edilsəydi, mən bu dəvətdən imtina edəcək və Tiflisə getməyəcəkdim”.
İmtinasının səbəblərinə toxunmaq istəməyən VHP funksioneri deyib ki, görünür, Tiflisə səfər edən şəxslər şəxsi simpatiyaya əsasən müəyyən olunub: “Dedilər, Tiflisə komissiya üzvləri və partiya rəsmiləri gedəcək. Ancaq misalçün, Zəfər Quliyev, Köçəri Nağıbəyli və bir neçə başqasının nə partiyalara, nə də komissiyalara dəxili var. Görünür, bu heyət şəxsi simpatiyaya əsasən seçilib”.
R.Manaflı bildirib ki, R.İbrahimbəyovla görüşməyi istəyib-istəməmək başqa məsələdir, Tiflisə dəvət olunmamaq tamamilə başqa: “Hər halda, Milli Şuranın Aparat rəhbərliyi Tiflisdən gələndən sonra bu məsələni müəyyənləşdirərik, görək bizi niyə dəvət etməyiblər?!”.
VHP rəsmisinin sözlərinə görə, həm MŞ-in Aparat rəhbəri E.Namazovla, həm də qurumdakı bir sıra əsas partiyaların rəhbərləri ilə bu məsələ barədə fərdi söhbətlər edəcəklər. Tiflisə dəvət edilmədikləri üçün incimədiklərini qeyd edən R.Manaflı bunun siyasi məsələ olduğunu vurğulayıb: “Biz uşaq oyunu oynamırıq. Bu, siyasi məsələdir. VHP Milli Şurada təmsil olunan partiyaların heç birindən geri qalan qurum deyil. Milli Şuradakı partiyaların hamısından fərqli olaraq, bütün seçki dairələrində bizim təmsilçilərimiz var və onlar seçkidə qurumun namizədinin işinin təşkilinə kömək edəcək. Ancaq bizim partiyaya göstərilən bu münasibət mənə hələlik qaranlıq qalıb”.
VHP Ali Məclisinin sədri onu da deyib ki, bu məsələ partiyanın Milli Şuradakı gələcək fəaliyyətinə heç bir təsir göstərməyəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?