Mahmud Hacıyev: “Ağır tərkibli cinayət əməllərində vəzifəli şəxslərin mütləq şəkildə barmağı var”
Fəaliyyətini dayandıran Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Azərbaycanda baş verən cinayət hadisələri, xüsusilə qardaşı Mahir Abdullayevin oğurlanması və deputat mandatı alverinə dair və audio, video görüntüləri yayımlamaqda davam edir. Artıq bu işlərdə adı şahid kimi keçən Sevinc Babayeva Türkiyədə müəmmalı şəkildə dünyasını dəyişib. Bu məsələlər ətrafında yaranan suallara uzun illər hüquq mühafizə orqanlarında çalışmış, mütəxəssis Mahmud Hacıyev cavab verib.
- Mahmud bəy, Elşad Abdullayevin son aylar açıqladığı video faktları bir mütəxəssis kimi necə qiymətləndirirsiniz? - Çox yüksək. Elşad Abdullayev də hüquqşünasdır və onun əməllərini yüksək qiymətləndirmək lazımdır. Burada qəbahət, səhv və ya qərəzlilik axtarmaq lazım deyil. Təəssüflər olsun ki, Elşad Abdullayev bu videoları yayanda bəzi hüquqşünas həmkarlarımız onu qınadı, üzərinə gəldilər. Dedilər ki, bunun keçmişi nə olub, universitetdə rektorluq edərkən saxta işlərlə məşğul olub və s. Bilirsinizmi, keçmişdə ola bilsin ki, Elşad Abdullayev hansısa saxtakar işlərlə məşğul olub. Amma bu ayrı bir mövzudur. İndi bu adam müəyyən məqamları açıqlayır. Bu məqamlar cəmiyyətimizə, hüquqşünaslara lazım olan məqamlardır. Əgər bu adam ağır cinayət törədən vəzifəli şəxslərin əməllərini açıqlayırsa fikrimcə, bunu alqışlamaq lazımdır. Universitetdə işləyəndə nələr etdiyi isə başqa mövzudur. Hətta onun üzərinə bəzi mətbuat orqanları da düşdülər. Əslində hər hansı bir şəxs ağır cinayət əməlinin açılmasına kömək edirsə, faktları ictimaiyyətə çatdırırsa bu addımları alqışlamaq lazımdır. Burada pis bir şey yoxdur. Bir hüquqşünas kimi mən Elşad Abdullayevin addımlarını alqışlayıram. - Ancaq nəzərə alın ki, Azərbaycan qanunvericiliyinə görə, şəxsin icazəsi olmadan onu gizli şəkildə lentə almaq cinayət əməli hesab edilir... - Gəlin bir məsələyə diqqət edək. Əvvəla, Azərbaycan qanunların yüksək səviyyədə işləyədiyi ölkələrdən deyil. Yəni Azərbaycanda qanunların 80 faizi işləmir. Biz mərkəzi Avropa ölkələrində və ya Asiyanın inkişaf edən hüquqi dövlətlərində yaşasaydıq siz deyənləri müzakirə etmək olardı. İndi Azərbaycan qanunların işləmədiyi məmləkətlərdəndir. Elşad Abdullayev də bilir ki, bunu qanun və digər hüquqi normativ aktlarla həyata keçirmək olmaz. O, bu çəkilişləri ona görə edib ki, başqa çıxış yolu tapmayıb. Üstəlik Azərbaycan yüksək hüquqi dövlət olmadığından belə halların yaşanması tam təbiidir. Yəni Azərbaycanda o qədər qanun pozuntusu faktları var. Yüksək vəzifədə oturan şəxslərin böyük əksəriyyəti hər saniyə, hər dəqiqə qanunu pozur. Bu baxımdan Elşad Abdullayev bunların yanında şükürlüdür. Mən məsələyə bu nöqteyi nəzərdən yanaşmağı daha məntiqli hesab edirəm. - Elşad Abdullayevin çəkdiyi video lentlərdə söhbət ağır cinayət hadisələrindən gedir. Bəs Abdullayev təkbaşına bunları edə bilərdimi? - Nəzərə alın ki, Elşad Abdullayevin kifayət qədər savadı və təcrübəsi var. Mən hesab edirəm ki, Elşad Abdullayev audio və video yazıları təkbaşına həyata keçirib. Aydın məsələdir ki, ona texniki işlərdə yardım ediblər. Söhbət video kameraların quraşdırılması, onun idarə edilməsi və digər məsələlərdən gedir. Abdullayev də hüquq elmləri doktorudur. Məncə, texniki işləri kimlərəsə gördürüb. Bu məsələnin texniki tərəfidir və maraqlı da deyil. Maraqlısı onun ortaya qoyduğu faktlardır. Ancaq onun əməliyyatları yüksək peşəkarlıqla həyata keçirilib və bunu təkbaşına edib. Kim ona yardımçı ola bilər ki? Ağıllı insanlar belə məsələlərdə heç vaxt özünə köməkçi və yardımçı tutmur. Çünki bu halda işin üstü dərhal açıla bilər. İndi ola bilsin ki, kameraların quruşdarılmasında kimsə ona yardımçı olub. Bu o mənada ola bilər ki, Abdullayev universitet rektorudur və deyə bilər ki, kimsə mənə qarşı cinayət tərkibli əməl edə bilər, odur ki, otağımda kamera quruaşdırılmalıdır. Bundan da, heç kəs şübhələnməz. Bu əməllərdə qanun pozuntusu olsa da, ağır cinayətin açılması naminə qanun pozuntusuna şəxsən mən göz yummağı mümkün hesab edirəm. Gəlin hüquq mühafizə orqanlarını-Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyini götürək. Adını çəkdiyim bu nazirliklərin məxfi əməliyyat xidməti var. Bu məxfi əməliyyat xidməti hər hansı cinayət əməlini açmaq məqsədilə göstəriş veriləndə bu xidmət Konstitusiya və qanunlarla qadağan edilən izləmələr və çəkilişləri həyata keçirirlər. Bu zaman da qanun pozulur. Yəni hər hansı ağır cinayət tərkibli əməlin açılması yönündə hətta hüquq mühafizə orqanları da, bəzən qanun pozuntusuna gedir. Məsələyə bu konteksdən yanaşdıqda Elşad Abdullayevin də hüquq pozuntularına göz yummaq olar. - Siz uzun illər əməliyyat işlərində çalışmısınız. Bir mütəxəssis olaraq Mahir Abdullayevin oğurlanması və taleyi haqqında hansı versiyanı irəli sürürsünüz? - Əvvəla deyim ki, bu cinayət hadisəsidir və söhbət şəxsin oğurlanmasından gedir. Əlbəttə ki, mən bu prosesi müşahidə edirəm və açıqlanan bütün məlumatları öyrənirəm. Bu adam yüksək səviyyədə oğurlanıb. Bu əməliyyatı cinayətkar aləm etməyib. Şəxsin oğurlanması əməliyyatının üzərindən uzun müddət keçirsə və konkret xəbər çıxmırsa, bu halda onun sağ-salamat olması ehtimalı bir qədər azalır. Şəxsən mən inanmıram ki, Mahir Abdullayev həyatda olsun. Çox güman ki, onu qətlə yetiriblər. Amma bu şəxsi yüksək səviyyədə oğurlayıblar. Bilmirəm hüquq mühafizə orqanlarımı və ya dövlətin yüksək ranqlı məmurlarının iştirakı iləmi bu şəxs oğurlanıb. Siz də bilirsiniz ki, bu saat Azərbaycanda Rusiya və digər MDB ölkələrində olduğu kimi kriminal aləm yoxdur. Əgər burada söhbət ağır tərkibli cinayət əməlindən gedirsə aydın məsələdir ki, burada vəzifəli şəxslərin mütləq şəkildə barmağı var. - Niyə Azərbaycanda ağır cinayət əməllərinin altından bir qayda olaraq dövlət məmurlarının “barmağı” çıxır? - Mən əvvələn dedim ki, Azərbaycan qanunların işləmədiyi ölkələrdəndir. Qanun müəyyən məqamlarda işləyir. Məsələn, yetim-yesirlər üçün qanun işləyir. Əgər hər hansı bir “krişası” olan şəxsə qarşı qanun tam gücü ilə işləyirsə, deməli bu yuxarıdan gələn göstəriş əsasında baş verib. Qanun qarşısında heç kim məsuliyyət dərk eləmir. Sözün yaxşı mənasında qanundan istər məmur, istər sıravi vətəndaş, istəsə də hüquq mühafizə orqanlarında vəzifə tutan şəxs qorxmalıdır. Yəni hər kəs qanun qarşısında məsuliyyət dərk eləməlidir. Qanunlar tam işləmir, qanun qarşısında hər kəsin bərabərlik prinsipi tam pozulduğu üçün vəzifəli şəxslər qanundan qorxmurlar. Onlar bilirlər ki, qanunlar onlar üçün deyil. Qanun yalnız yuxarının xeyir- duası ilə kimlərəsə və bir də yetim-yesir üçün nəzərdə tutulub. - Sevinc Babayevanın müəmmalı ölümündən danışaq. Bununla bağlı hüquqşünaslar bir neçə versiya irəli sürürlər. Siz bir mütəxəssis olaraq hansı fərziyyəni tutarlı və real hesab edirsiniz? - Bu məsələdə şübhəli məqamlar həddən ziyadə çoxdur. Rəhmətlik Babayeva ağır cinayət tərkibli əməlin subyekti idi. Bu xanım haqqında interpol xətti ilə axtarış elan olunub, barəsində istintaq gedirdi. Həmin istintaqın gedişatında, interpol xətti ilə axtarışın elan edilməsindən sonra bu xanımın ölümü qaranlıq məqamlardan xəbər verir. Həm də onun xaricə başqa ad altında getməsi, xəstəxanaya Solmaz Məryəm adında sənəd əsasında yerləşdirilməsi halları var. Bunlar şübhəlidir. Ən vacibi bu xanım ağır tərkibli cinayətdə vacib şahidlərdən biri idi. Bu cinayətin istintaqının getdiyi ərəfədə o qəfildən dünyasını dəyişdi. Odur ki, onun etdiyi cinayət tərkibli əməldən savayı, ölüm faktı da diqqətlə araşdırılmalıdır. - Araşdırılacaqmı? - Açığını deyim ki, mən Türkiyə hüquq mühafizə orqanlarını deyə bilmərəm, amma inanmıram ki, Azərbaycan hüquq mühafizə orqanları bu işi diqqətlə araşdırsın, onun ölüm səbəbinin gerçəkliyini ortaya qoysun. İnanmıram ki, bu işdə hüquq mühafizə orqanları maraqlı olsun. - Bu ağır cinayət tərkibli əməldə Sevinc Babayevadan savayı Gülər Əhmədova və başqa vacib şəxslərin adı açıqlanır. Sağ qalan şahidlərin və əsas iştirakçıların taleyi üçün təhlükə varmı? - Mən şəxsən, belə təhlükəni hiss edirəm. Əslində belə situasiyalarda şahidlərin açıq danışması, məsələdən cəmiyyəti hali etməsi daha yaxşı yoldur. - Konkretləşdirə bilərsinizmi? - Bu halda bildiklərini əsla gizlətmirsən. Əksinə, bildiklərini mətbuata açıqlayırsan və ya hansısa təcrübəli hüquqşünas vasitəsi ilə bu xəbərləri yayırsan. Bundan sonra həmin şahidin və ya iştirakçının həyatına qarşı təhlükə sovuşur. Düzdür, həmin şahid peşəkar hüquqşünas deyil və düşünür ki, əgər özündə olan məlumatları açıqlasa həyatına təhlükə yaradacaq. Əslində isə danışdıqca, faktları açıqladıqca təhlükə də sovuşur. Bir növ şahid danışdıqca özünü sığortalayır. Bu halda ona qarşı neqativ hərəkət etmək istəyən dəstə və ya şəxs geri çəkilir. Məncə, bu işdə digər iştirakçıların danışmağı daha yaxşıdır. Çünki mən onların həyatına təhlükə hiss edirəm. - Sizcə, bu proses sonda nə ilə yekunlaşacaq? - Azərbaycan hüquq mühafizə orqanları bu cür cinayətlər olanda yekun nəticəyə “gələ” bilmir. Əslində isə bu cür cinayətlərdə konkret nəticəyə gələ bilər, sadəcə olaraq gələ bilmir. Belə prosesi uzada-uzada gedirlər və sonda da cəmiyyətin yadından çıxardıqdan sonra prosesi dayandırırlar. Mənim fikrimcə, bu işin istintaqını hələ uzadacaqlar. Son nəticə ortaya qoyulmayacaq. Azərbaycanda bu tipli cinayət işləri çox olub və proses sonsuzluğa qədər gedir. - Bu hüquqi işdir, yoxsa siyasi xarakterlidir? - Bu həm hüquqi, həm də siyasi işdir. - Bu işin siyasi tərəfinə görə, kimlərsə cəzalandırıla bilərmi? - Mütləq qaydada cəzalandırılmalıdır. Buna görə, kimlərsə cavab verməlidir. - Cəzalandırılacaqmı? - Xeyr! Mən buna inanmıram. Bilirsiniz, işin siyasi tərəfinə görə, hansısa siyasi xadimlərin cəzalandırılması üçün istintaq konkret və obyektiv getməlidir. Hazırda işin istintaqı konkret və obyektiv getmir. Deməli, bu işdə adı keçmə ehtimalı olan şəxslərin cəzalandırılması real görünmür. Əslində isə ciddi şəkildə cəzalandırılmalıdır. - Elşad Abdullayev iddia edir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev istintaqın obyektiv aparılmasına mane olur və təzyiqlər edir. Bu nə dərəcədə inandırıcıdır? - Aydın məsələdir ki, bu faktlar və işin istintaqı ilə bağlı adı ən çox hallanan şəxs Ramiz Mehdiyevdir. Bunu mətbuat da, jurnalistlər də, hüquq mühafizə orqanlarının keçmiş əməkdaşları və nəhayətdə Elşad Abdullayevin özü də hallandırır. Əgər onun adı hallanırsa və ortada konkret faktlar varsa, bunu istintaq ortaya qoymalıdır. Mənsə istintaqın obyektiv getməsinə şübhə ilə yanaşıram. - Elşad Abdullayev sensasion və qeyri-adi videolar yaydı, burada deputat mandatının satılmasından tutmuş adam oğurluğuna qədər məsələlərdən bəhs edildi. Bəs cəmiyyətin bu məsələlərə reaksiyası nə dərəcədə adekvat oldu? - Cəmiyyətin reaksiyası yüksək səviyyədə olmadı. Qeyri-hüquqi dövlətlərdə belə xüsusi çəkisi ağır olan sensasion informasiyaya reaksiya güclü olmalıdır. Bizdə cəmiyyətin də reaksiyası o qədər də olmadı. Bizdə sanki qanunların işləməməsinə bir susqunluq əmələ gəlib. İnsanlar düşünürlər ki, ötən il filankəs sifarişli qətlə yetirildi və nəticəsi olmadı. İndi nəticə nə olacaq ki? Sanki insanlarımızın bu hallara normal yanaşma hissi güclənib. Elə bil ki, baş verənlər olmalı imiş. Görünür o qədər belə hallar olub ki, bu insanlar üçün adiləşib. İnsanlarımızda əvvəlki reaksiya yoxdur. Əlbəttə ki, biz cəmiyyət olaraq taleyimizə biganə qalmamalıyıq. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?