Zəfər Quliyev: “Ukrayna hadisələrindən sonra Azərbaycan hakimiyəti iki davranış göstərə bilər”
Ukraynada baş verən inqilabi proseslər hazırda dünya mediasının diqqət mərkəzindədir. Yanukoviç erası bitsə də, Ukraynada siyasi böhran aradan qaldırılmayıb, minlərlə ölkə vətəndaşı hələ də Kiyevin mərkəzinə toplaşaraq yeni hökumətin formalaşdırılmasını gözləyir. Ölkə daxilində isə siyasi sabitlik yaranmayıb. Xüsusilə, Krım Muxtar Respublikasında Rusiya xaos yaratmağa çalışır və bu prosesin sonradan ölkənin içərisinə doğru inkişaf etdirilməsinə cəhd edir. Hazırda Ukraynada vəziyyət son dərəcə mürəkkəbdir. Bu məsələlər ətrafında suallarımıza “El” Hərəkatı İdarə Heyətinin üzvü, politoloq Zəfər Quliyev cavab verib. - Zəfər bəy, Ukraynada baş verən proseslər haqda Tiflisdə keçirilən konfransda məruzə ilə çıxış etmisiniz. Maraqlıdır, siz Ukrayna hadisələrini necə qiymətləndirirsiniz? - Mən Ukraynada baş verən EvroMaydan hadisəsini Moskvanın imperiya siyasətinə etiraz kimi qiymətləndirirəm. Bu, təkcə Yanukoviç hakimiyyətinə qarşı etiraz deyildi. Yanukoviçin arxasında duran və son zamanlar bir çox MDB ölkələrinə təzyiqi gücləndirən Kremlin siyasətinə etiraz idi. Kremli çalışır ki, Ukraynanı, Gürcüstanı, Moldova və Azərbaycanı Gömrük İttifaqına daxil etsin. Sonra isə bu ölkələri Avrasiya İttifaqına sürükləsin. Putinin son vaxtlar əsas projelərindən biri SSRİ-ni başqa formatda bərpa etməkdir. Bu məqsədlə ittifaq yaratmağa çalışır. Bu məqsədlə də Moskva postsovet respublikalarını o vəziyyətə gətirib çıxarmaq istəyir. Ukrayna vətəndaşları üçün Avropaya inteqrasiya məsələsi öndə olsa da, əsas məsələ bu prosesi gücləndirmək deyildi. Fikrimcə, Moskvanın qeyd etdiyim ideyaları olmasaydı, eləcə də Yanukoviç Moskvapərəst mövqe tutmasaydı Ukrayna vətəndaşları Avropaya ləng inteqrasiya ilə razılaşar, küçələrə çıxmaz və bu qədər qurban verməzdilər. Lakin söhbət Ukraynanın müstəqilliyi məsələsindən gedirdi. Müstəqillik təhlükə altında idi. Çünki Moskvadan asılı ölkə özünü müstəqil saya bilməzdi. Odur ki, burada milli, vətənpərəvər qüvvələr, demokratiyanı müdafiə edən qruplar mübarizəyə qoşuldular. Hətta çoxlu qurban verərək istədiklərinə nail oldular. - Ukraynada baş verənlər sivil demokratik hərəkatdır, yoxsa millətçi demokratik hərəkatdır? - İndiki məqamda əsas məqsəd müstəqilliyi, habelə sərbəst seçim şansını qorumaq idi. Ölkə öz mövqeyini və iradəsinin olmasını istəyir, kənar qüvvələrin buna təsir etməsini istəmirdi. Bu konteksdə demokratik mübarizə metodları o qədər də önəmli deyildi. Mən hesab edirəm ki, bu milli və vətənpərvər bir hərəkat idi. Lakin bu avrointeqrasiya mövzusunda idi.Təsədüfü deyildi ki, toplaşdıqları meydana Avromaydan adı verdilər. Avrointeqrasiyada azad dünyaya yaxınlaşmağı nəzərdə tutur. Bu faktiki olaraq demokratik yolun mübarizəsi idi. Amma konkret olaraq mübarizənin sonunda elə vəziyyət yarandı ki, artıq demokratik üsullarla bu mövqeni müdafiə etmək alınmadı. Faktiki olaraq hakimiyyətin zorakılıq və qəddar rəftarına qarşı vətənpərvər qüvvələr bütün imkanlardan istifadə etdilər. Odur ki, bu milli, vətənpərvər mübarizə yolu idi. - İndiki situasiyanı necə qiymətləndirirsiniz, yeni qüvvələr proseslərə nəzarət edə bilirmi? - İndi çətin dövrdür. Əvvəlki günlər təhlükəli idi, amma mövcud olan situasiya onları birləşdirirdi, hakimiyyətə qarşı fərqli mövqelər yox idi. Bir-birindən fərqlənən siyasi təşkilatlar və onlara aidiyyəti olmayan insanlar birgə mübarizə aparırdılar. İndi əsas məqsədlərə nail olunub. Və hazırda ən məsuliyyətli dövrdür. Əsas odur ki, liderlər arasında ziddiyyətlər önə çıxmasın, dəyərlər uğrunda aparılan mübarizə kiçik ziddiyyətlərə görə əhəmiyyətini itirməsin. Ukraynada baş verən bütün addımlar Ukrayna vətəndaşlarının daima diqqətindədir. Ona görə insanları məyus etməmək, vətəndaşların gözləntilərinə və ümidlərinə uyğun hərəkət etmək fikrimcə,ən əsas məsələdir. Hər halda inanmaq istərdim ki, Ukraynanın bu cür mübarizə tarixi uğurla başa çatacaq. Qeyd edim ki, Ukraynanın çox geniş bir mübarizə tarixi var. Biz 2004-cü ildə baş verən narıncı inqilabı nəzərə alsaq, bundan da, on il əvvəl Kravçuk gedib Kuçma gələn dövrü xatırlayanda görərik ki, siyasi-iqtisadi böhran mövcud idi, bütün ölkəni tətillər bürümüşdü, insanlar fəal idi. Sanki hər on ildən bir Ukrayna belə iqtisadi-siyasi böhran vəziyyətinə düşür. Və sanki bir bir təcrübə də toplanılır. Hesab edirəm ki, bu təcrübədən ağılla istifadə edə bilərlər. Ümid edirəm ki, Ukrayna müxalifəti və cəmiyyəti nəzərdə tutulan 25 may prezident seçkilərinə qədər bu birliyi saxlaya biləcəklər və legitim yolla prezident seçərək demokratik yolla davam edəcəklər. Hər halda belə bir şans mövcuddur və bütün ziddiyətləri kənara qoyaraq ümumi yolla məqsədlərə nail olmaq mümkündür. Maydanda xüsusilə vurğulanırdı ki, Ukrayna yaxın dövrdə Avropa Birliyinə qəbul edilməlidir. Buna çatmaq üçün də ilk növbədə demokratik dəyərlərə sadiqlik və mövcud birlik saxlanılmalıdır. Siyasi qüvvələr nəzərə almalıdır ki, hələlik Ukrayna üçün təhlükələr qalır. - Hansı təhlükələri nəzərdə tutursunuz? - Əslində bir çox ekspertlər Ukraynanın parçalana biləcəyi təhlükəsi haqda iddialar irəli sürürlər. Düzdür, mən bunu o qədər də real hesab etmirəm. Amma bütün hallarda bu təhlükələr qalmaqdadır. Bu təhlükələrin də qarşısında milli vətənpərvər qüvvələr sona qədər birlikdə olduqlarını nümayiş etdirməlidirlər. Fikrimcə, bu olduqca vacib məsələdir. - Ukraynada baş verən hadisələr konteksində Azərbaycandakı durumu necə qiymətləndirirsiniz? - Fikrimcə, noyabrın ortalarında Maydanda başlanan proseslərin bir geopolitik tərəfi də var. Geosiyasi konteksində məsələyə yanaşanda Ukraynada postsovet ölkələrinin taleyi həll olunurdu. O cümlədən Azərbaycanın da taleyi. Ona görə ki, burada söhbət Yanukoviçin məğlub olmasından getmirdi. Söhbət daha təhlükəli məqamdan gedirdi. Əgər Maydan hərəkatı məğlub olsaydı Ukrayna Moskvanın təzyiqi qarşısında kapitulyasiya edəcəkdi. Prezident Yanukoviç artıq kapitulyasiyaya hazır idi. Bundan sonra Ukrayna Kremlin istədiyi bütün addımları atsaydı, Gömrük İttifaqına qoşulsaydı, Azərbaycan, Gürcüstan, Moldova və digər ölkələrdə Moskvanın təzyiqinə davam gətirə bilməzdirlər. Fikrimcə, bu halda daha çətin olardı. Ukrayna həm əhalisinə, həm ərazisinə, həm də iqtisadi-hərbi potensialına görə Moskva üçün daha önəmli və daha çətin opponent idi. Nəzərə alaq ki, bir ildən artıqdır ki, Azərbaycana da bu tipli təzyiqlər edilir, Moskva rəsmi Bakıdan da Gömrük İttifaqına daxil olması haqda razılığını tələb edirdi. Ukraynanın məğlub olması Moskvanın qolunu bir qədər də aça bilərdi. Bu həm də digər respublikaların ehtiyatlı davranması, Moskvadan qorxmasına gətirib çıxara bilərdi. Hesab edirəm ki, həm Azərbaycan cəmiyyəti, həm də iqtidarı Ukraynada gedən prosesləri çox diqqətlə izləyirdi. Ona görə ki, Azərbaycanın müqavimət potensialı da Ukraynada cərəyan edən hadisələrin nəticəsindən asılı olacaqdı. Bu baxımdan hazırda Maydanın qələbəsi həm Qərbin diqqətini postsovet məkanına artıra bilər, eyni zamanda da digər MDB dövlətləri, o cümlədən də Azərbaycan Moskvanın təzyiqindən müdafiə olunmaq üçün daha möhkəm pozisiya tuta bilər. Bu baxımdan Ukraynada baş verən proseslərin nəticəsi geosiyasi baxımdan həm Azərbaycan iqtidarının, həm də cəmiyyətimizin maraqlarına tam uyğundur. - Azərbaycan hökuməti Ukraynada baş verən bu hadisələrdən sonra özünün daxili siyasətində reallıqları dərk edərək korrektələrə gedə bilərmi? - Əslində belə olsaydı çox yaxşı olardı. Bizim hakimiyyət Ukraynada üç ay bundan əvvəl başlayan və indi bu yerə gəlib çıxan hadisələrdən bir nəticə götürsəydi bunun həm hakimiyyət, həm cəmiyyət, həm də ölkəmiz üçün uduşu böyük olardı. Amma mən hesab edirəm ki, illuziyalara qapılmaq lazım deyil. Vaxtı ilə narıncı inqilablar baş verdi. Bu da ağrılı proseslər idi. Ərəb ölkələrində inqilablar dalğası baş verdi. Bir çox ölkələrdə baş verən proseslər Azərbaycan hakimiyyətinin mövqeyinə və davranışlarına birbaşa təsir etmir. Bu baxımdan düşünmürəm ki, Yanukoviçin taleyi, paytaxtdan qaçması, Regionlar Partiyasının taleyi Azərbaycan hakimiyyətinin daxili siyasətində dəyişikliklər etməsinə gətirib çıxara bilər. Lakin hər halda bu proseslər iqtidarı da düşünməyə vadar edə bilər. Zənnimcə, bu halda hakimiyyət iki davranış nümayiş etdirə bilər. Məsələn, düşünüb nəticəyə gələ bilərlər ki, Yanukoviçin komandası zəif olduğundan məğlubiyyətə uğradı. Bundan sonra hakimiyyət daxildə daha sərt siyasət aparar ki, müxalifətin fəallaşmasına imkan olmasın. Məncə, bu variantda mümkündür. Ancaq istisna etmək olmaz ki, xaricdən gələn mesajları, Ukraynada gedən prosesləri, eləcə də Moskvanın Azərbaycana etdiyi təhlükəli təzyiqi nəzərə alaraq hakimiyyət müxalifət və vətəndaş cəmiyyəti ilə dialoq imkanlarını araşdırar, bir qədər yumşaq və ağıllı daxili siyasət aparmağa başlayar. Və beləliklə də, mümkün olan təhlükələr qarşısında ümumi birliyi nümayiş etdirmək üçün platforma yaratsın. Bu variant da mümkündür. Ancaq bu yollardan hansını seçəcəyinə Azərbaycan hakimiyyətinin özü qərar verəcək. Hər halda mən hesab edirəm ki, pozitiv yolu seçmək lazımdır. Çünki Ukraynada baş verənlər və Moskvadan gələn təzyiqlər bunu vacib sayır. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?