İqbal Ağazadə: “AXCP-yə qərargahımızda yer vermərik”
Suallara Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə cavab verib. Müsahibimiz əsasən müxalifət daxili durum, Ümid Partiyası haqqında səsləndirilən fikirlər, müavinin İran casusu olması haqda iddiaları, eləcə də Mühacir Güney Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib-etməməsi haqda fikirləri cavablandırıb.
- İqbal bəy, Sitavuş Novruzovun “kotlet” açıqlamasına münasibətiniz necədir? - Bu bir yanlışlıqdır. Mən bunu bir siyasətçinin əleyhinə istifadə olunacaq fakt hesab etmirəm. Danışanda belə yanlışlıqlar olur. Məsələnin ciddiliyini nəzərə alaraq mən kotletden, kokteildən deyil, başqa şeydən danışmaq istəyirəm. Məsələnin ciddiliyi odur ki, Azərbaycanda bir qrup gənc fəal uzun müddətə həbs edilir və məhkəmələrin də ədalətsiz keçirilməsi haqda ölkə daxilində və xaricində ciddi rəylər yaranır. Məhkəmə proseslərini təhlil edən ekspertlər sübutların və şahidlərin bu gənclərin həbs etmək üçün yetərli olmadığını və yaxud istintaqın topladığı ifadələrin bu gəncləri həbsə atmaq, eləcə də prokurorun düşündüyü qədər cəza istəməkdə əsaslı olmadığı qeyd edirlər. Mən məsələyə daha çox bu prizmadan baxmağı vacib hesab edirəm və həm də buna görə təəssüf hissimi ifadə edirəm. Eləcə də arzu və istəklərimi, hakimiyyətin üzərinə düşən işləri yerinə yetirmədiyinə görə, iradlarımı Milli Məclisdə ifadə etmişəm. - Sizcə, nədən əsassız həbsə atılan bu gənclərə belə sərt cəza verildi, belə sərt xəttin seçilməsində məqsəd və motiv nədir? - Motiv və məqsəd odur ki, hakimiyyət proseslərə qarşı özünün profilaktik tədbirlərini görür. Və proseslərin içərisində daha az insan yer alsın, yalnız siyasiləşmiş təbəqə bu prosesin içində olsun, siyasiləşməmiş elektorat bu işlərin içində olmasın deyə bu cür addımlar atır. Təəssüflə deyim ki, bu tipli tədbirlər də uzun illərdir ki, öz effektini verir. - Müxalifətin bu kimi tədbirləri dayandırmaq üçün resursu doğurdanmı yoxdur, doğurdanmı Azərbaycan müxalifəti ümumi maraqlar və özlərinin varlığı naminə ortaq mövqedən çıxış edə bilmirlər? - Bilirsinizmi, ortaq mövqedən çıxış etmək, hamının gücünü birləşdirmək çıxış yolu deyil. Fərz edək ki, insan orqanizmində ciddi bir xəstəlik var. Bütün həkimlər toplaşıb müayinə edirlər, amma nəticəyə düzgün yanaşmırlar. Və yaxud bir həkim baxır və düzgün nəticə çıxararaq xəstəni müalicə edir. Cəmiyyətin resursları, hakimiyyətin imkanları və müxalifətin də zaman-zaman yanlış yanaşmaları və səhv taktika seçməyi Azərbaycan hakimiyyətinin işinə yarayır. Son nəticədə də müxalifət bu işlərdə uduzur. Mənə burada iqtidarın siyasəti, arzu və istəkləri bəllidir. Hakimiyyətdə qalmaq naminə göstərilən çabalar da başadüşüləndir. Amma bunu dəyişmək, ictimai nəzarəti bərpa etmək, azad və demokratik seçki keçirərək bu hakimiyyəti dəyişmək istəyən müxalifətin taktikasındakı yanlışlıqları bizi daha çox üzür. Təəssüflər olsun ki, ictimai resurslar və kütləvi informasiya resursları müxalif camiə adına səhv qərarlar qəbul edənlərin əlində olur. Bu səhv qərar verənlərin əllərində olan ictimai resurslar və kütləvi informasiya vasitələri ilə də rəy formalaşdırırlar. Hələ bəzən doğru deyilən rəyin əleyhinə olaraq iqtidarla yanaşı müxalifətin böyük bir qismi də mübarizə aparmış olur. - Doğurdanmı, Azərbaycan müxalifəti siyasi məhbus problemi ilə bağlı birgə toplantı keçirə bilmir. Əvəzində Müsavat, Ümid, AXCP, ADP, ALP və digər partiyalar ayrı-ayrılıqda bəyanatlar səsləndirir... - Mən sizi başa düşdüm. Hamımız bir toplantı keçirsək nəyi dəyişəcək ki? Bu toplantı ilə həll olunan məsələ deyil. Bu bir sistemdir. Sistemə qarşı cari və mövsümü fəaliyyətlə mübarizə aparılmamalıdır. Söhbət ardıcıl, prinsipial sistemi doğru yanaşmaların nəticəsində durdurmaqdan gedə bilər. Yenə də qeyd edirəm ki, siyasətçilər cəmiyyətin problemlərini həll etdikləri üçün həm də cəmiyyətin həkimləri hesab olunurlar. Bioloji və cəmiyyət baxımından xəstəlik bir dərimanla həll olunmur ki, bir dərmanı atıb problemi yoluna qoyasan. Bunun üçün ən kiçik xəstəlikdən tutmuş uzun, xroniki xəstəliyə qədər olan azarı sağaltmaq üçün uzun bir dövr lazımdır. Bu dövrü qiymətləndirmək və düzgün müalicə tətbiq etmək vacibdir. Bu gün müxalifət bir araya toplaşdı və dedi ki, siyasi məhbusları həbsdən azad edin. Bu sistemin yanaşması, daxildə və xaricdə resurslarının necə toplayacağı bəlli deyilsə və müxalifətin də yanaşmaları doğru deyilsə, hamının bir yerə toplaşıb bəyanat verməsi nəyi dəyişəcək ki? - Bəs siz nə təklif edirsiniz? - Açığı, mən çox rahat şəkildə təklif edirəm ki, düşüncə tərzlərindən və yanaşmalarından imtina etsinlər. Bu düşüncə tərzi ilə uzağa getmək mümkün deyil. Bu düşüncə tərzi bütün hallarda iqtidarın mövqeyini möhkəmləndirən bir düşüncə tərzidir. İqtidar bütün hallarda iki portiret çızıb: radikal portreti və birdə özünün yanında olan portret cızıb. Bu iki portreti cızmaqda məqsəd nədir? Həm radikallığın arxasında, həm də hakimiyyətin yanında olanların arxasında xalq yoxdur. Birindən qorxur, birini isə qəbul etmir. Hakimiyyət bu iki tablonu cızmaqla xalqın siyasi proseslərin içərisində rol almağa imkan vermir. Zorən 20-25 ictimai-siyasi xadim və jurnalist tapıb. Kim radikal pəncərədən baxmırsa və yaxud iqtidarıın pəncərəsindən baxmırsa, döyə-döyə aparıb ya ordan, ya da burdan başını çıxarmaq istəyirlər. Nəticədə də, başın hardan çıxmasından asılı olmayaraq xalq prosesə gəlmir. Adi sadə məntiqlər var. Ən yaxın adamla küçədə gedirsən, iki insan dalaşır. Sənin qolundan dartırlar ki, sənə bir şey olar, gəl sən bu məsələyə qarışma. Bu iqtidar bilərəkdən davam müstəvisi yaradır və biz də deyirik ki, ey xalq gəlin, biz bu iqtidarla savaşacağıq. Kim gələr bu davaya? Münasibətlər sistemini yeni mərhələyə müxalifət daşımalıdır. İqtidar bizə müstəvi təqdim edib deməməlidir ki, siz burada oynayacaqsınız. Mən adını çəkmək istəmirəm, seçkilər dönəmində prezidentliyə namizədlərdən birinə dedim ki, axı bu sizin obrazınız deyil, bu nə çıxışdır, nədən siz bu cür çıxış edirsiniz? Cavab verdi ki, bəs görmürsünüz mənə hansı mövqeləri ifadə edirlər. Mən onun müqabilində bunu deməliyəm. Bildirdim ki, axı orda oturan adamların çoxu iqtidarın tapşırığını yerinə yetirir. Əgər sizi affekt vəziyyətə salıb bu cür çıxış etməyə məcbur edirlərsə, deməli qarşıya qoyulan məqsəd budur. Deməli, sizin bu cür obrazda olmanız iqtidara sərf edir. Əgər belə obraz iqtidara sərf edirsə, nədən bu obrazda oynayırsınız? - Bəlkə düşüncə və yanaşma deyil, müxalifət dəyişməlidir? - Əgər adamlar düşüncəni dəyişə bilmirsə, bu zaman personaların yerini dəyişmək lazımdır. Başqa yolu yoxdur. - Personlar niyə dəyişmir? - Vallah bu mənim problemim deyil. Siz bunu həmin partiyalardan soruşmalısınız. - Sizcə, niyə Azərbaycanda 23 il partiya sədri postunda oturan persona olmalıdır? - Əslində lap 53 ildə partiya sədri olmaq olar. Amma bəzən siyasətçi partiya sədri olduğu dönəmdə millətə və xalqa, eləcə də partiyaya nə vermişəm məsələsini düşünməsi lazım gəlir. Bəzən mən oxuyuram. Deyirlər ki, bizim partiya bu qədər repressiyalara məruz qalıb, üzvlərimiz həbsxanalardan keçib, şəhid olan üzvlərimiz olub və s. Qardaşım, sən cərimə batalyonu deyilsən, siyasi partiya liderisən. Göstər görək neçə il hakimiyyətdə olmusan, seçkilərdə hansı uğurlar əldə etmisən. Bu təfəkkür dəyişməlidir. 1988-ci il təfəkkürü ilə iyirmi birinci əsrdə siyasi proses aparmaq olmaz. 1988-ci ildə insanlar mobil telefonun nə olduğunu bilmirdi, bu gün adamlar iyirmi birinci əsrdə yaşayır, yeniliklər əldə ediblər, fərqli cəmiyyətdə yaşayırlar. Bütün bunlar insan şüurunun nəticəsidir. Amma adamlar hələ də 1988-ci ildən çıxa bilməyiblər. - Yeri gəlmişkən, sizdə elə 10 ildir ki, deputatsınız, partiya sədrisiniz. Bəs bu müddətdə gördüyünüz işlərin nəticəsinə baxırsınızmı, effektiv iş görürsünüzmü? - Hər halda üç gün əvvəl sosial şəbəkələr nəyi müzakirə edir? İqbal Ağazadənin çıxışını və ona verilən cavabı. Cəmiyyət ən azı mənim dediyim bir fikir üzərində toparlana bilirsə, müzakirə edirsə və bilməyənlər belə “tutulan kimdir” deyərək maraqlanırsa, deməli mən yerində olan sözü söyləyirəm. Və adamlar bununla bağlı düşünür. Mənim bu gün edə biləcəyim bu qədərdir. Amma siz diqqət edin. Gəncləri müdafiə etdiyini elan edən partiyalar və onlara yaxın olan mətbuat vasitələri bunu məhz İqbal Ağazadənin dediyi üçün qəzetində vermir. Və özlərini də demokrat hesab edir, gənclərin hüquqlarının müdafiəsindən danışır. Afrikada bir adam bu gənclərlə bağlı danışsaydı qəzetin manşetinə çıxarardılar, amma mən Milli Məclisdə gəncləri müdafiə edirəm deyə çıxışımı vermirlər. Mən bu cür demokratlığı qəbul etmirəm, bu cür olmur. Belə yanaşma ilə bu cəmiyyətə nəsə verə bilməzsən. Cəmiyyət də səndən nəsə qazana bilməz. Heç nə də dəyişməyəcək. Çünki, səndə eynən iqtidar kimi düşünürsən, məsələlərə onun kimi yanaşırsan. İqbal Ağazadə şəxsən həmin NİDA-çı gənclərdən birini belə tanımır. Və indiyə qədər mən parlamentdə müdafiə etdiyim şəxslərin böyük əksəriyyəti ilə eyni cəbhədə olmamışam. Mənim üçün dəyərlər və prinsiplər məsələsi var. Eləcə də insan haqları və insana verilən qiymət dəyəri var. Amma adamlar demokrat olduğunu iddia edir və fərqli fikri qəzetində verə bilmir. Eynən “Yeni Azərbaycan” qəzeti kimi. Bəs həqiqət hardadır? Belə yanaşma ilə bundan uzağa getmək mümkün deyil. Ona görə də deyirəm ki, düşüncə dəyişməlidir. Düşüncəni dəyişə bilməyəndə adamlar dəyişir və ya yorulan atları güllələyirlər. - Sizcə nədən sizin bu fikirlərinizə həmin partiyalara yaxın mətbuat diqqət etmir, səbəb siyasi qısqanclıqdırmı? - Bu siyasi debillikdir. Burada siyasi qısqanclıq yoxdur. Apardıqları mübarizənin mahiyyətini dərk etməmək, savadsızlıq, düşüncəsizlik, şüursuzluqdur. Bunun qısqanclığa heç bir aidiyyəti yoxdur. - Bu günə qədər sizinlə müxalifətin mövqeyində üst-üstə düşməsi faktı olmayıb. Onlarla partiya bir yerdə olub, amma siz kənarda təkbaşına iş görmək istəmisiniz. Nəyə görə? - Düşüncə fərqi var. Bizim proseslərə, demokratikləşməyə baxışlarımız fərqlidir. - Bu da, müəyyən fikirlərin yaranmasına səbəb olur, deyirlər ki, İqbal Ağazadə hakimiyyətin cızdığı siyasi xəttə uyğun hərəkət edir... - Olsun. Bu da bizim siyasi qədərimizdir. Zaman gələcək və o zaman bütün bunlar tədircən təmizlənəcək. Mən şəxsən bundan narahat deyiləm. Niyə? Çünki, doğru bildiyim yolu gedirəm və mövqeyi ifadə edirəm. Məsələn, mən 2008-ci ildə prezident seçkilərində iştirak etdim. O zaman müxalifətin böyük kəsimi üzərimə hücum etdi ki, bəs prezident seçkilərində iştirak etmək olmaz. Nə qədər ki, Seçki Məcəlləsi dəyişməyib, seçki şəraiti yoxdursa seçkiyə qatılmaq doğru deyil. Mən izah etdim ki, əgər biz seçkiyə qatılmasaq, proses getməsə, beynəlxalq təmaslarımız olmasa vəziyyəti irəli apara bilməyəcəyik. Bunun üçün də, seçkidə iştirak, mövqe ifadə etmək lazımdır. Amma həmin müxalifət 2010-cu ildə qaçaraq parlament seçkilərində iştirak etdi, dairə uğrunda bir-birini qırdılar. Bəyəm Seçki Məcəlləsi və ya seçki mühiti dəyişmişdi? 2013-cü ildə birləşərək vahid namizəd irəli sürdülər. Bəyəm onda nə dəyişmişdi? Əgər Seçki Məcəlləsi dəyişmişdisə, pisə doğru dəyişmişdi. Bu cür yanaşma anormal yanaşmadır. Sən 5 il müddətində 3 dəfə fundamental səhv edəcəksənsə, siyasətlə məşğul olma. 2011-ci ildə İctimai Palata yarananda dedik ki, format və mübarizə metodu səhvdir. Bizə dedilər ki, siz vətən xainisiniz, biz hökmən parlament seçkiləri keçirəcəyik. Bəs niyə keçirmədilər? - Konkret sizə münasibətdə açıq ifadə olunur ki, İqbal Ağazadə hökumətə işləyir... - Anladım. Mən qeyd etdim ki, müxalif KİV onların kontrolundadır və onların vasitəsi ilə cəmiyyətə təsir etməyə çalışırlar. Amma reallıq, nəticə nədir? Nəticə odur ki, bu adamlar səhvdir. Ən azı seçici, eləcə də siz jurnalist olaraq bir dəfə təhlil edib bu qənaətə gəldinizmi İqbal Ağazadə 2008-ci ildə düz deyirdi. Əgər seçkidə iştirak lazım idisə,bütün seçkilərdə iştirak olunmalı idi, lazım deyildisə və vəziyyət dəyişməyibsə heç birində iştirak etmək lazım deyildi. Yaxşı bəs vəziyyət dəyişməyibsə, nədən siz hər seçkidə cildinizi dəyişirsiniz? Siz bunu eləmirsiniz. Çünki sizlərin də antipatik, simpotik yanaşma, təşkilati yaxınlıq və mövqeyiniz məsələdə rol oynayır. Ancaq siz bütün bunları görürsünüz. Mən 2013-cü il prezident seçkilərindən sonra dedim ki, daha bu tarixi qoyun bir kənara. Çünki 20 ildir hər seçkidən sonra deyirsiniz ki, bu seçkilərin nəticəsini ləğv edəcəyik. Özünüz-özünüzü aldadırsınız. Cəmiyyəti, çevrəni, ətrafı bu qədər aldatmaq olmaz. Hələ bir-birinin qulağına pıçıldayırlar ki, bəs gəlirik, çox az qalıb. Ukraynada inqilab olur, hakimiyyət dəyişir, bizimkilər də dərhal deyirlər ki, bizdə də olacaq. Adam təhlil edib seçiciyə demir ki, Ukraynadakı hadisələr antidemokratikliyin, rüşvət-korrupsiya səbəbindən olmadı. Qərblə Rusiya arasındakı seçimə görə oldu. Azərbaycan hökuməti isə hələlik Qərblə Rusiya arasında seçimdə qalmayıb. Qalmayıbsa, deməli orda baş verənlər burda baş verməyəcək. Əgər olsaydı proses Ukraynada deyil, Belarusda başlayardı. Bunu anlamaq çətindirmi? Amma sən seçicini aldadırsan ki, hazırlaşın, Ukraynada olan burda da olacaq. Ərəb inqilabı baş verəndə biz martın 11-də Avropa Birliyinin diplomatı ilə görüşdə idik. Biz qeyd etdik ki, hakimiyyətə təzyiq olmalıdır ki, islahatlara getsin. Müxalifət liderlərindən biri yumuruğunu masaya vurub dedi ki, nə islahat, mayda inqilab olacaq. Siz xəstəsiniz. Biz başqa coğrafiyadayıq. Bunu anlamayan insanlar cəmiyyətə ayrı cür informasiya verirlər və cəmiyyət də onun üzərinə köklənir. Əslində cəmiyyətdə ciddi narazılıq var. Narazı insanlar da həqiqəti deyil, ürəyinə yaxın olan sözləri eşitmək istəyir. Bu da iqtidarın işinə yarayır. - İndi sizin real müxalifət partiyaları ilə münasibətiniz hansı səviyyədədir? - Hamısı ilə normal münasibətim var. Mən heç biri ilə əlahiddə problemim və düşmənçiliyim yoxdur. Mən bunu onların üzlərinə də deyirəm və bunu da qəbul edirlər. Amma nəticə başqa cür olur. Deyirdik Milli Şura modeli səhvdir, Rusiya xəttidir. Üstəlik də Rusiya ilə ən asan dil tapacaq qüvvə elə hakimiyyətdir. Gəlin, öz projemizi ortaya qoyaq. Bizi anlamaq istəmədilər. Nəticədə də bizim dediyimiz oldu, hakimiyyətlə Rusiya dil tapdı və Milli Şura ideyası da heç oldu. Bunu görmək o qədərmi çətindir? Əgər görmürsənsə, prosesdə iştirak etmə, lider adına iddia eləmə. İndi qarşıdan bələdiyyə seçkiləri gəlir. Deyirlər ki, bələdiyyələrin statusu yoxdur və bu seçkidə iştirak etməyək. Niyə? Çünki, seçkidə namizəd irəli sürməyə adam yoxdur. Parlament seçkilərində partiyalar bir araya gələrək 100 namizəd ortaya çıxara bilir. Amma 17 min bələdiyyəyə namizəd irəli sürməyə adam yoxdur. Onlardan soruşun ki, 2009-cu ildə bələdiyyə seçkilərində nə qədər namizəd vermisiniz. Dürlü-dürlü məlumat verəcəklər, amma rəqəmlər mənim qarşımdadır. Ümid Partiyasının 3147 namizədi olub. Müsavat 900 namizəd irəli sürüb. 152 namizəd də AXCP-dən olub. - Amma biz onu da bilirik ki, həmin vaxtı hakimiyyətin xəttində olan partiyalar müstəqil namizədləri partiya xətti ilə seçkilərdə iştiraka sövq edir və hətta seçki kompaniyasına maliyyə ayıracaqlarına dair vədlər verirdilər... - Bizim belə bir problemimiz olmayıb. May ayında bələdiyyəyə namizəd olacaq üzvlərimizin təxminən yarısının adını açıqlayacağıq. - Sizin müavinlərinizdən birinin İran casusu olduğuna dair ciddi ittihamlar irəli sürülür. Doğurdanmı, uzun illər İran kanallarından birində işləyən şəxs indi sizin müavininizdir? - Bunu iddia edən sərsəmdir. Ən azından adamı tanımır. Heç olmasa Güney Azərbaycanda yaşayan, həyatını bu işlərə həsr edən şəxslərdən bir soruşsunlar ki, bu adam kim olub. Mən müavinim Rüfət Muradlını 1988-ci ildən indiyə qədər tanıyıram və həm də bilirəm kimdir. İkincisi, sizcə müxalifət partiyasında İranın agenti olsa MTN bunu sakit seyr edərmi? Müxalifət partiyası İrana işləyib deyərək onu həbs etməzmi? Üçüncüsü, adamın açıqlamalarına baxın. Adam neçə il Moskvada yaşayıb, partiya komsomol sıralarında olub. İndi belə insanların hamısı agentdirmi? Adamın bir yerdə işləməsi bəyəm onun dövlətinə və millətinə sevgisimi dəyişir? - Bu ittihamı irəli sürənlər də elə əslən Güney Azərbaycandan olanlardır... - Bilirəm. Siz Əjdər Tağızadəni nəzərdə tutursunuz. Əjdər Tağızadə bunu nə üçün dediyini bilir. Əgər o başda otursaydı, indi onu bəh-bəhlə tərif edirdi. Sadəcə olaraq Tağızadə həmin süfrəyə dəvət edilməyib. - Söhbət hansı süfrədən gedir? - Əlqərəz. Nə isə. - Bəlkə deyəsiniz. Həm də deyilənə görə, xaricdə Güney Azərbaycan Mühacir Parlamenti təsis ediləndə siz də həmin tədbirdə iştirak etmisiniz... - Mən orda iştirak etməmişəm. Əjdər Tağızadəyə elə gəlir ki, bu tədbiri mən təşkil etmişəm. Ona görə də adam “mən niyə bu prosesdə yoxam” deyərək ortaya düşüb. - Siz həmin tədbirdə iştirak etmisinizmi? - Xeyr etməmişəm. - Ancaq həmin tədbirdə sizin fotonuz var. - Foto varsa, çıxarıb ortaya qoysunlar. - Fotonu yayıblar... - Kimsə arxadan hansısa fotonu görüb və deyir ki, bu İqbalın başının arxa hissəsidir. Bunlar etnoqrafiya və ya arxeologiya institutunda işləyirlərmi? Belə şeylər eyibdir. Həyatda belə də qeyri-ciddi şeymi olar? - Əgər sizin müavininiz Güney Azərbaycan Mühacir Parlamentinin təsis olunmasında rol oynayıbsa, deməli bu işdə siz də iştirak etmisiniz... - Mənim müavinim rol oynamayıb. Bunu güneylilər yaradıb, mənlə yaxın dostlarıdır. Məndə onlara uğurlar arzuladım. - Deyəsən, Güney Azərbaycan məsələsi də monopoliyaya alınır... - Adam danışmaq istəmir, biabırçılıqdır. Güney Azərbaycan Mühacir Parlamenti yaranıbsa, bunun nəyi pisdir? Bunun sizə nə ziyanı var? Mən indi deyim ki, Azərbaycanın müstəqilliyini tanımıram, çünki onu mən elan etməmişəm? Belə yanaşmamı olar? - Deyilənə görə, 125-lər Klubunun arxasında əslində siz durursunuz. Bu qurumu yaratmaqda məqsəd nədir? - Qardaşım, Azərbaycanda pozitiv nə olursa, hamısında İqbal Ağazadə var. Hətta quraqlıq olacaqsa, yağış yağanda da mənim ayağıma yazın. Demək İqbal Ağazadədən xalqın gözləntisi var və ona görə də mənim ayağıma yazırlar. Çox sağ olsunlar, mən həmin gözləntini yerinə yetirəcəyəm. - Gəlin, bir qədər dəqiq cavab verək... - Bundan dəqiq cavab verə bilməyəcəyəm. - 125-lər Klubunda sizin iştirakınız varmı? - Var. Niyə yoxdur ki? Mən azərbaycanlı deyiləmmi? - Buna görə, qərargahınızda onlara yer vermisiniz? - Onlar mənim qərargahımda yerləşmir. Bu yanlış məlumatdır. - Sizin əvvəl yaşadığınız ev indi 125-lər Klubunun ofisidir? - Qardaşım, onlar Ümid Partiyasının qərargahında yerləşmir. Bundan artıq sizə nə deyim? - Sizin qərargahda kiməsə yer vermisinizmi? - Bəli. Qarabağ qaziləri neçə illərdir ki, bizim ofisdə məskunlaşıblar. - Başqa kimlərə yer verirsiniz? - Güney Azərbaycan Ocaqlar Birliyi də hər həftə burada tədbirini keçirir. - AXCP-yə qərargahınızda yer verərsinizmi? - Kimə? - Qərargahı partladılan AXCP-yə... - Xeyr. Onlara yer vermərəm. - Niyə? - Adam düşüncəsini dəyişsin, onun lehinə çıxışımı qəzetində versin. Sonra da gəlsin ona canımı verim. Adam təfəkkürünü, düşüncəsini dəyişmir. İqtidar qədər proseslərə ziyan vururlar. Mən bunu iddia edirəm və polemika aparmağa da hazıram. Hüseyn ABBASOĞLU
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?