Səxavət Əlisoy: “Bələdiyyə seçkiləri müxalifətin depressiyadan çıxmasında rol oynaya bilər”
Suallara Müsavat Partiyası başqanının müşaviri, partiya başqanlığına namizədliyini irəli sürəcəyini elan edən Səxavət Əlisoy cavab verir. - Səxavət bəy, Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edəcəkmi? - Müsavat Məclisi bələdiyyə seçkilərində iştirakla bağlı qərar verib. Bundan da ictimaiyyətin xəbəri var. Amma Müsavatın bu seçkilərdə iştirak edib-etməməsindən öncə bir məsələyə aydınlıq gətirilməlidir. Azərbaycanda bələdiyyələrin hansı səlahiyyəti və funksiyası var? Fikrimcə, bələdiyyələrin bir qurum kimi hansı əhəmiyyətə malik olduğu müəyyənləşməlidir. Bu gün müstəqil jurnalistlər araşdırma aparsa bəlli olar ki, əhalimizin 90 faizinin bələdiyyələrdən, onların fəaliyyətindən xəbəri yoxdur. Bələdiyyə torpaq satmaq məsələləri prosesində icra qurumunun əlavəsi kimi görünürdü. Sonradan torpaq satılması məsələsi bölüşdürülüb bitdi. İndi bələdiyyələr əsasən bələdiyyə ərazisində olan obyektlərdən vergi toplamaqla məşğuldur. Sanki bələdiyyə Vergilər Nazirliyinin bir departamentidir. Başqa sözlə, nə qədər ki, bələdiyyələrin statusu bəlli deyil, orada iştirakın mənası yoxdur. - Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, müxalifət partiyalarının bələdiyyə seçkilərində namizəd kimi irəli sürəcəyi adamları yoxdur... - Qeyd etdiyim səlahiyyətə malik olan bələdiyyələrə Ümid 3 min deyil, 10 min, Müsavat isə 50 min namizəd versin. Bunun əhəmiyyəti yoxdur. Bələdiyyələrin statusu haqda qanun mütləq dəyişməlidir. Mən buna bələdiyyə seçkisi deyil, yarışı deyirəm. Təbii ki, iqtidar partiyası bələdiyyələrin hamısının YAP-dan olmasında maraqlıdır. Mən şəxsən Müsavatın bu seçkilərdə iştirakını dəstəkləyirəm. Mərkəzi qərargahda olan bəzi funksionerlərimiz var ki, rayonlarda bələdiyyələrə namizəd verə bilərlər. Çünki bölgələrdə onları tanıyırlar, özlərinin də nüfuzları var. Mərkəzdə fəaliyyətsiz qalmaqdansa, rayonlarda bələdiyyə başqanı ola bilərlər. Siyasi partiya olaraq seçkidə iştirakı məqbul hesab edirəm. Ancaq nəticəsi öncədən bəlli olan seçkilərdə iştirakın qazancı nə olacaq? Bu sualı ciddi düşünmək lazımdır. Məncə, bu ən azı müxalifətin depressiyadan çıxmasında rol oynaya bilər. Fikrimcə, bələdiyyə seçkilərinə qatılan partiyalara yer veriləcək. ATƏT və digər qurumların nəzəri bir qədər artsa hər partiyaya yer veriləcək. - İqbal bəyin açıqlamasından belə qənaətə gəlmək olarmı ki, Müsavat və AXCP zəifləyib, əvəzində Ümid Partiyası güclənərək son bələdiyyə seçkilərində 3154 namizəd irəli sürə bilib? - Mən AXCP-nin adından danışa bilmərəm. Amma təmsil etdiyim partiya barəsində onu deyə bilərəm ki, əgər gerçək bir seçki mübarizəsinə zəmanət verən olarsa, bu halda Müsavat bir dəfə papağını fırladar və 3 min deyil, 30 min nəfər namizəd ortaya çıxarar. Mənə elə gəlir ki, Müsavatın gücünü kiçiltmək ancaq qısqanclıqdan doğa bilər. - İqbal Ağazadənin dediyi qısqanclıqdan doğur? - Hər şey ortadadır. Mən İqbal Ağazadənin sədri olduğu partiyanın ciddi işlər gördüyünü qeyd edirəm. İstəyirlər ki, ictimai-siyasi şüurda otursunlar. Amma hər hansı bir partiyanın özünü Müsavatla müqayisə etməsi qüsurludur. AXCP istisna olmaqla hər hansı bir partiyanın özünü Müsavatla eyni tərəzinin gözünə qoymazdan əvvəl ciddi düşünməlidir. Hər bir düşünən şəxs boynunun ölçüsünü, pulunun miqdarını, çəkisini, ayaqqabısının və kostyumunun, eləcə də başındakı ağılın səviyyəsini bildiyi kimi hansı gücə də malik olduğunu bilir. Mən bir kimsəyə məsləhət görməzdim ki, bilərəkdən Müsavatın gücünü görməməzliyə vurmasın. Burada söhbət ancaq qısqanclıqdan gedə bilməz, başqa məqamlar da var. Uğur olsun həmin partiyalara ki, özlərini bu şəkildə böyüdürlər. Bu da siyasi tərəfdar toplamaq baxımından əhəmiyyətlidir. Amma kimsə düşünməsin ki, Müsavat kiçik partiyadır, onun sosial dayaqları yoxdur. Bir daha qeyd edirəm ki, obyektiv seçkinin işartısı görünsə, Müsavat papağını fırlatmaqla 10 minlərlə müsavatçı özünü göstərəcək. - Ümid Partiyasını müxalifət hesab edirsinizmi? -Bəli, mən bu partiyanı müxalifət təşkilatı hesab edirəm. Yəni parlamentdə təmsil olunan partiyaların içərisində İqbal Ağazadənin çıxışlarına diqqət etmişəm. İqbal Ağazadənin çıxışlarını təqdirəlayiq hesab edirəm. Parlamentdə özünü müxalifət partiyası adlandıran Asim Mollazadə və ya Fəzail Ağamalı var. Bu iki şəxsin çıxışlarını İqbal Ağazadə ilə müqayisə edəndə hansının müxalifət, hansının isə yandaş partiya olduğunu müəyyən etmək olar. İqbal Ağazadənin çıxışlarında daima ictimaiyyəti narahat edən məqamlar önə çəkilir. Odur ki, mən bunu müxalifət cığırına düşmək yolunda bir cəhd kimi qiymətləndirərəm. Bu da Ümid Partiyasının gələcəkdə hansı istiqamətdə gedəcəyindən bilavasitə asılı olan məsələdir. Bu partiya özünün siyasi fəaliyyətini hər zaman bəyan edir. Təəssüflər olsun ki, Azərbaycanda AXCP və Müsavatdan savayı digər partiyalar iqtidara müxalifət olduğunu açıq şəkildə bəyan etmirlər. Çünki, bu zaman böyük basqılara məruz qala bilərlər. Müsavat və AXCP isə bu yolu 20-ildən çoxdur gedir və repressiyalara, çətinliklərə alışıb. Özünü müxalifət bilən hansısa partiya Müsavat və AXCP-ni kiçildirsə, bir aksiya keçirsin. Bu zaman Ümid və ya digər partiyanın aksiyasına 10 minlərlə insan toplaşsa, bu özünü təsdiq forması hesab oluna bilər. - Müsavatla Ümid Partiyası arasında niyə gərginlik var, buna səbəb nədir? - Burada söhbət ancaq bu iki partiya arasında gərginlikdən gedə bilməz. Ümumiyyətlə, bu gərginliklər partiya arasında deyil. Azərbaycanın siyasi aləmində fəaliyyət göstərən partiyaların bir-biri ilə gərgin münasibətlərinin kökündə ideoloji faktor dayanmır. Məsələn, Türkiyədə Demokratik Barış Partiyası və Millətçi Hərəkat Partiyası mövcuddur. Demokratik Barış Partiyasının 99 faizi kürdlərdən təşkil edilib və onlar Millətçi Hərəkat Partiyasının ideoloji xəttini qəbul etmirlər. Bir-iki faktoru kənara qoysaq, bu iki partiyanın birlikdə olması heç vaxt mümkün deyil. Türkiyədə solçular, sağ mərkəzçilər var. Yəni bu ölkədə siyasi təsnifat aparılıb. Azərbaycanda isə siyasi təsnifat yoxdur. Partiyaların sağ mərkəzçi, millətçi, sol partiya olduğu bəlli deyil. Bir də görürsünüz ki, sağ mərkəzçi partiya solçu kimi çıxış edir, solçu da sağ mərkəzçi partiya kimi davranır. Bu da göstərir ki, siyasi proseslər yetkin deyil, siyasi təmərgüzləşmə sona qədər getməyib. Odur ki, siyasi partiyalar arasında münasibətlərdən söhbət gedə bilməz. Söhbət yalnız siyasi partiya liderlərinin bir-birinə olan münasibətindən gedə bilər. Azərbaycanda fəaliyyət göstərən partiyaların bir-birinə yaxınlığının kökündə partiya rəhbərlərinin bir-birinə olan dostluq münasibətləri dayanır. Mən Azərbaycanın siyasi həyatında şəxsən tanıdığım liderləri götür-qoy etdikdən sonra bu nəticəyə gəlmişəm. Əlbəttə, bu mənim şəxsi qənaətimdir. Kim istəsə razılaşmaya və hətta mübahisə edə, arqumentlərini açıqlaya bilər. - Bu gün müxalifətin apatiya vəziyyətində olması ortadadır. Bəs narazılığın ən yüksək həddə olmasına rəğmən real müxalifətə meylin olmaması bu düşərgənin siyasi perspektivsizliyi ilə bağlıdır? - Açığı, mən buna siyasi perspektivsizlik deməzdim. Azərbaycan müxalifəti dəyişməyə məruz qalmalıdır. Mən hesab edirəm ki, dəyişmə qaçılmazdır. Elementar bir misal deyim. Bir nəfəri orta məktəbə direktor və ya Mənzil İstismar İdarəsinə müdir təyin etmək istəyirlər. Həmin şəxs ən azı tayfasında olan ağsaqqallarla, dostları ilə məsləhət edir. Beləcə, özünün potensialını götür-qoy edir. Azərbaycanın siyasi partiya lideri, prezidentliyə iddia edən şəxs qərarları təkbaşına qəbul edirsə, bunun perspektivi ola bilməz. Qərarlar yalnız kollegial formada qəbul edilməlidir. Kollegial qərarın qəbulu üçün partiyanın beyin mərkəzi formalaşmalıdır. Hər hansı bir partiyanın beyin mərkəzi yoxdursa, qərarlar kollegial şəkildə verilmirsə, bu zaman heç bir siyasi uğurdan danışmağa dəyməz. Mən bunu illərdir ki, deyirəm. Odur ki, indiki halda söhbət müxalifətçiliyin perspektivsizliyindən getmir. Müxalifət dəyişikliyə məruz qalmalı, əqli potensialı populizmdən, şüarçılıqdan uzaq olan insanlar beyin mərkəzində və partiyaların rəhbərliyində təmsil olunmalıdır. Eləcə də bir sıra insanlar var ki, onlar Elçibəy hakimiyyəti dönəmində nazir, komitə sədri, nazir müavini, müşavir və digər vəzifələrdə işləyiblər. Onlar bir kənara çəkilərək memuarlar yazsalar daha məqsədəuyğun olar. Nə qədər ki, Tanzaniyada yaşıl inqilab baş verəcək və sabah Bakıda küçəyə çıxıb icazəsiz aksiya keçirək hakimiyyət geri çəkilsin düşüncəsi ilə yaşayanlar, dəyirmi masalarda intellektual şəkildə problemlərin həlli yolunu tapa bilməyənlər və ancaq icazəsiz aksiya deyərək bağıran insanlar meydanda at oynadırsa, dayanmadan biz bu hakimiyyəti tarixin arxivinə göndərəcəyik, bunların sonu çatıbdır kimi populist fikirlər söyləyənlər nə qədər ki, müxalifətdə təmsil olunurlar, təbii ki, perspektivdən söhbət gedə bilməz. Bu adamlar bir dəfə inandıqları sorğu şirkətinə sifariş verərək özləri barəsində real nəticələrlə tanış olsunlar. Çünki, belə insanların böyük əksəriyyətinin əqli potensialı 1992-1993-cü illərdən sonra irəli getməyib. Bu əlbəttə ciddi ittihamdır və mən bu ittihamın arxasında dayanıram. Dediyimi də sübut etməyə hazıram. Əslində son 2-3 il ərzində belə şəxslərin mətbuatda etdiyi çıxışları götürüb tezisləri ilə tanış olsanız görərsiniz ki, təkamül prosesi yoxdur. Yalnız şüarçılıq, ucuz populizm, boş-boş vədlərlə rastlaşacaqsınız. Müxalifətin fəaliyyətini yalan üzərində qurması və bir-biri ilə düşmən münasibət və bu səbəbdən də yaradılan birliklərin az sonra dağılması, seçki öncəsi birləşmələr haqda düşüncələr nə qədər ki, ortadadır müxalifətin uğuru haqqında fikirləşməyə dəyməz. Hüseyn ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?