Arzu Abdullayeva: “Mənim Azərbaycana, onun imicinə yazığım gəlir”
Suallara Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva cavab verib. Müsahibimiz əsasən həmkarı Leyla Yunusun aprelin 28-də saxlanılması və onunla edilən rəftar haqda danışıb, bu hadisənin nəticələri haqqında fikirlərini bölüşüb. - Arzu xanım, həmkarınız Leyla Yunusla bağlı baş verənlər, xüsusilə onun hava limanında saxlanmasına münasibətiniz necədir? - Mən çox narahat olmuşam. Leyla Yunus şahid qismində saxlanılıb. Mən onun həbs olunduğu haqda informasiyanı oxuyanda çox qorxdum. Mən şübhəsiz ki, bu hadisəyə mənfi münasibətimi ifadə edirəm. Baş verənlər biabırçılıq, anlaşılmazdır. Leyla Yunusun xasiyyətini biz bilirik. Leyla xanım çox radikal və inadkardır. Ancaq onun ermənilərə işləməkdə suçlamaq tamamilə cəfəngiyyatdır. Elə Rauf Mirqədirovun da erməni kəşfiyyatına işləməsi cəfəngiyyatdır. İndi mən belə anlayıram ki, Leyla Yunusu məhz Mirqədirov məsələsinə görə, işə cəlb ediblər. Rauf Mirqədirov ifrat millətçi çıxışları və xasiyyəti ilə ad çıxarıb. Bu hamınızın gözü önündə olub. Odur ki, bu ittihamlara heç kəs inanmaz. Həm də bu adamların kimə-kimə ermənilərə işləməsi heç ağlabatan deyil. Ermənilərin nəyi var ki, onlara işləmək haqda təsəvvürlər ciddiyə alınsın. Bunun nəticəsində biz şübhəsiz ki, yenə də dünyada biabır oluruq. Mənim Azərbaycana, onun imicinə yazığım gəlir. Mən bu haqda danışmağa söz tapmıram. - Leyla Yunusun saxlanılmasından sonra ona qarşı göstərilən və videokadrlarda açıq görünən münasibəti necə qiymətləndirirsiniz? - Əlbəttə, bu çox pis hal idi. Açığı mən hava limanında nəyin baş verdiyini deyə bilmərəm. Belə anladım ki, hava limanında olan şəxslər hardansa əmr alıblar və Yunuslar ailəsini saxlayaraq dindiriblər, yüklərində axtarış aparıblar. Orada Leyla Yunusa nə dərəcədə kobudluq edildiyini mən bilmirəm. Ancaq hüquq müdafiəçisini öz mənzilinin qarşısında bir neçə saat saxlayıblar. Bu normal bir şey deyil. İnsan fizioloji varlıqdır. Onu saxlayanların ağlına gəlməli idi ki, bu xanım yemək yeməli, su içməli, bioloji ehtiyaclarını ödəməlidir. Ən böyük düşmənə də belə bu münasibət göstərilməməlidir. Mən kadrlara baxdım, orada polis rəisinin Leyla Yunusun əleyhinə belə kobud şəkildə danışmasını anlaya bilmədim. Polis rəisi vəzifəli şəxsdir, belə halları biruzə verməməli, bu şəkildə danışmamalıdır. Ən azından ona görə ki, Azərbaycan zabitidir. Yüksək rütbəli polis zabitinin başqa millətə qarşı belə formada çıxışı da yolverilməzdir. Bu gün Azərbaycan Ermənistanla müharibə aparır. Amma eyni zamanda Azərbaycanda ermənilər yaşayır və onların vətəndaşlığını heç kəs əllərindən almayıb. Onlar bu vətəni seçiblər. İki ölkə arasında baş verən hadisələrə baxmayaraq Ermənistana getməyiblər, Azərbaycanı tərk etməyiblər. Bütün millətə erməni qadınları haqqında belə danışmaq yolverilməzdir. İstər zabit, istər məmur, istərsə də vətəndaş olsun. Belə danışmaq yolverilməzdir. Ancaq zabit və vəzifəli şəxsin belə danışması ümumiyyətlə qəbuledilən deyil. Ona baxıb Azərbaycan iqtidarı haqqında düşünürlər ki, yəqin hamısı bu cür fikirləşir. - Leyla Yunusun hətta ayaqyoluna getməyə imkan verilməməsi necə anlaşılmalıdır? - Mən bu haqla Leyla Yunusun çıxışına baxdım. Bu qətiyyən yolverilməzdir. İnsanda fizioloji proses gedir. Onların özləri bu haqda düşünməli və Leyla Yunusa təkliflər verməli idi. İndilikdə isə baş verənlər faktiki olaraq işgəncədir. Bu mənəvi işgəncədir. Baxın, görün Leyla Yunus bu anda ürəyində nələr düşünüb, hansı hisslər keçirib. Düşmənə belə münasibətin göstərilməsi qadağandır. Beynəlxalq konvensiyalara, Azərbaycan qanunlarına və konstitusiyaya görə, bu cür rəftar yolverilməzdir. - Demək olarmı, Leyla Yunusu saxlayan zaman Beynəlxaq Konvensiyalar və Azərbaycan Konstitusiyasının insana verdiyi hüquqlar pozulub? - Əlbəttə, bunu demək olar. Leyla Yunusla bağlı bu hallar pozulub. Üstəlik insanın müdafiəsi prosedurası pozulub. Leyla Yunusun vəkili Xaliq Bağırova əvvəlcə imkan verməyiblər ki, müdafiə etdiyi şəxslə görüşsün. Sonra onun yükündə axtarış aparılıb. Üstəlik hava limanında dindirmə zamanı da vəkil olmayıb. Leyla Yunus da təcrübəli insandır və vəkilsiz ifadə verməkdən dərhal imtina edib. Beləcə öz hüququndan istifadə edib. Ümumilikdə baş verən bu hadisələr biabırcı ssenari idi. Mən hesab edirəm ki, bu ssenari Azərbaycana qarşı yönəldilib. Üstəlik bu hadisənin nəticəsində Arif Yunus xəstəxanaya düşüb. O, saxlanılmazdan əvvəl də səhhətindən şikayət edib və mikro insurt keçirib. Bir sözlə, bu insan xəstə adamdır. İndi baş verən hadisələrin fonunda Arif Yunusun yenidən xəstəxanaya düşməsi şübhəsiz ki, yaşanan haqsızlığın nəticəsidir. - Leyla Yunusla bağlı bundan sonrakı prosedura necə olacaq, onun ictimai səpkidə müdafiə olunması istiqamətində hansısa addımlar atıla bilərmi? - Əlbəttə ki, onun müdafiəsi üçün müəyyən addımlar atıla bilər. Hüquq müdafiəçiləri və ictimaiyyət üzvləri bu haqda düşünür. Lakin mən hesab etmirəm ki, Leyla xanımı uzun müddət saxlayacaqlar. Mənə elə gəlir ki, Leyla Yunusu azad edəcəklər. - Bəlli olan budur ki, əvvəl Rauf Mirqədirovu, indisə Leyla Yunusu məhz Ermənistanla əlaqələrinə, hansısa layihələrdə iştirakına görə, saxlayıblar. Məndə olan informasiyaya görə, sizin də ermənilərlə birlikdə hansısa layihəniz var, bu yaxınlarda Brüsselə bir qrup azərbaycanlı gənc göndərmisiniz və onlar orada erməni gəncləri ilə müzakirələr aparacaqlar. Sizə qarşı da belə təhlükə ola bilərmi? - Təhlükə hamıya qarşı var. Düzdür, mənim bu istiqamətdə layihəm yoxdur. Bizim sadəcə olaraq görüşlərimiz olur, amma bu layihə deyil. Sadəcə olaraq burada otel xərcləri, yol xərci var. Bu layihə deyil ki, biz maaşdan danışaq. Bu, ayrı-ayrı görüşlərdir. - Amma bir neçə gün əvvəl sizin mətbuatda müsahibəniz getmişdi və orada qeyd olunurdu ki, bir qrup gənci Brüsselə göndərmisiniz... - Əvvəla sizə deyim ki, mən belə bir müsahibə verməmişəm. Görünür mənə zəng edən həmin agentlik KQB-yə işləyir. Onlar mənə zəng vurub bu haqda soruşanda bildirdim ki, müsahibə vermirəm və bu barədə danışmıram. Ancaq sizə bildirim ki, qeyd etdiyiniz Avropa Təşkilatının keçirdiyi görüşlər, trenniqlərdir. Ancaq belə layihəm yoxdur. Amma iş belə bir layihənin olub-olmamasında da deyil. Mən deyirəm ki, hər bir vətəndaş cəmiyyətinin nümayəndəsi təhlükəyə məruz qala bilər. Bu zaman onun ermənilərlə və ya demokratiya sahəsində işlədiyinin mənası da olmaz. Hərəyə bir damğa yapışdırmaq üçün nəsə tapılır. Amma bu üsullar artıq işləmir. Bir az ağlı olan vətəndaş hər şeyi başa düşür və anlayır. - Həmkarınız Novella Cəfəroğlu da Tiflisdə və İstanbulda erməni qadınlarının da iştirak etdiyi konfranslar təşkil edir. Ona qarşı belə iddialar səslənə bilərmi? - Mən qeyd etdim ki, hamıya qarşı ola bilər. Niyə təkcə Novella xanıma, elə bizim hamımıza qarşı belə təhlükələr ola bilər. İndi elə bir məşhur QHT yoxdur ki, sülhpərvərlikdən danışmasın, onun üçtərəfli layihəsi olmasın. Mən heç bilmrəm hansısa məşhur QHT-nin sülh istiqamətində işləmək məramı və ya layihəsi olmasın. Həm də bu nə qəbahət, nə də qadağan deyil. Bura bizim vətənimizdir və biz doğma Qarabağımızı qaytarmaq istəyirik. Qarabağın qaytarılması üçün ya müharibə, ya da sülh yolunu seçməlisən. Biz sülh yolunu seçmişik. Çünki müharibə yolu yoxdur. Elə hakimiyyətdə çox gözəl başa düşür ki, müharibə yolu yoxdur. Həm də Azərbaycan uduza bilər. Azərbaycan çox böyük təhlükə qarşısındadır. Bu cür hallar onun imicinə və adına zərbədir. - Belə hallar sizcə niyə baş verir? - Açığını sizə deyim ki, bu cür oyunlar Azərbaycana qarşıdır, kimsə belə oyunlarını oynayır. Bu sobatajçı bir qrup ola bilər. Azərbaycan dünya çapında nə qədər biabır olarsa, imici zədələnərsə, bu həmin qrup üçün bir o qədər faydalıdır. Ola bilsin ki, bu lap İlham Əliyevin özünə qarşıdır. Mən bunu istisna etmirəm. Demək istəyirəm ki, bunun dərin səbəbləri var. Sadəcə olaraq Leyla Yunus kiminsə xoşuna gəlmədi və onunla belə rəftar olundu məsələsi deyil. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməlidir. Üstəlik Avropa Şurasının baş katibinin Azərbaycana səfəri gözlənilir. Belə bir məqamda əsas diqqət Azərbaycanadır. Biz bu ərəfədə həbsdə olan məhbusların və vicdan məhbusu elan edilən şəxslərin azadlığını gözləyirdik. Amma bunlar da götürüb Leyla Yunusla bağlı baş verənləri etdilər. Əlbəttə, mən Leyla Yunusun harasa işləməsini cəfəngiyyat hesab edirəm. Ancaq fərz edək ki, Leyla Yunusun günahı var. Ancaq bu oyunu nə dərəcədə belə tələm-tələsik eləmək lazım idi? Əgər bunların günahları var idisə, bir qədər səbrli olar, məsələləri araşdırardılar. Amma mən tam əminəm ki, belə şey yoxdur. Mən Rauf Mirqədirovu da, elə Leyla Yunusu da çoxdandır ki, tanıyıram. Ancaq demək istəyirəm ki, iddia olunan ittiham hətta real olsaydı belə, indi Azərbaycan üçün vacib hesab olunan məqamda buna getməməli idilər. - Baş verən bu olay Azərbaycanın imicinə nə dərəcədə mənfi təsir göstərəcək? - Onsuz da təsir edib və Azərbaycanın imici o qədər də yaxşı deyil. Amma şans var idi ki, Azərbaycan Avropa Şurasına alnıaçıq gedə bilsin. Yəni həbs olunan siyasi məhbusları azad edib Avropa Şurasına çox rahat şəkildə gedə və hamı da buna bəh-bəh deyərdi. İndi isə səni dost kimi tərifləyənlər belə Azərbaycana münasibətdə başqa rəydə olacaqlar. Bu Azərbaycan üçün çox pisdir. Ən azından bizim ərazimizin 20 faizi ermənilərin əlindədir və biz bu torpaqları geri qaytarmalıyıq. Dünya miqyasında dostumuz olmasa, geosiyasi vəziyyətə əsasən Azərbaycan tipli ölkə bunu təkbaşına edə bilməz. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?