Arif Hacılı: “Cəmiyyət dəyişikliklərə nail olmağın mümkünsüzlüyü qənaətindədir”
Suallara Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı cavab verib. Müsahibimiz əsasən son günlər ölkənin gündəmində olan məsələlər haqda danışıb. - Müsavat Partiyası nəzərdə tutduğu mitinqi nədən təxirə saldı? - Mitinqlə bağlı müəyyən məsələhətləşmələr aparılır. Bu həftə həbs edilən NİDA-çı gənclərin məhkəmə prosesinin yekunlaşmasının gözlənilməsi və digər amilləri nəzərə alaraq ümumi fikir belə oldu ki, aksiya gələn həftə keçirilsin. - Azərbaycan müxalifət düşərgəsində olduğunu elan edən siyasi partiyalar birgə mitinq keçirə bilərmi? - Əlbəttə, mümkün ola bilər. Azərbaycanda kifayət qədər problemlər var. Biz konkret olaraq siyasi məhbuslar və insan hüquqları mövzusunda mitinq keçirmək haqda qərar qəbul etmişik, bu qərarımız hazırda qüvvədədir. Böyük ehtimalla gələn həftə bu mitinq keçiriləcək. - Əsasən hansı partiyalarla məsləhətləşmələr aparmısınız? - Bu Müsavatın qərarıdır. Biz siyasi məhbusların azadlığında maraqlı olan bütün siyasi və ictimai qüvvələrin aksiyada iştirak edəcəyini düşünürük. - Siz konkret olaraq siyasi partiyalarla müzakirə aparmayacaqsınız? - Müəyyən müzakirələr aparılır. Hüquq müdafiə qurumları, gənclər təşkilatları ilə müzakirələrimiz gedir. Amma siyasi qüvvələrdən bu mitinqdə iştirakla bağlı müraciət daxil olmayıb. Əgər belə müraciət daxil olarsa, biz müzakirələr aparmağa hazırıq. - Müsavatla Milli Şura bu aksiyanı birgə təşkil edə bilərmi? - Biz Müsavat Partiyası olaraq bu qərarı vermişik. Digər siyasi qüvvələrin də marağı olsa, bu qərarı vermək hüququ həmin qüvvələrə məxsus olacaq. - Hüquq müdafiəçisi Leyla Yunusun hava limanında saxlanılması, daha sonra 11 saat müddətində sorğu-sual edilməsini necə qiymətləndirirsiniz? - Azərbaycanda insan haqlarının durumu təəssüflər olsun ki, ildən-ilə pisləşir. Siyasi fəallığı olan, siyasi proseslərdə iştirak edən insanlara qarşı repressiyalar həyata keçirilir. Diqqət edirsinizsə, son zamanlar müstəqil QHT-lərə, hüquq müdafiə təşkilatlarına qarşı belə repressiya başlayıb. Leyla Yunusa qarşı bu cür addımların atılması, baş verən qanunsuzluqlar, onun evində və ofisində aparılan axtarış, eyni zamanda təqsirsizlik prizumsiyasını nəzərə almadan hüquq müdafiəçisinin ən ağır cinayətlərdə ittiham edilməsi, şübhəsiz ki, ciddi hadisələrdir. Fikrimcə, Azərbaycan cəmiyyəti bu cür hadisələrə qarşı ciddi təpkilər göstərməlidir. - Sizin məşhur jurnalist Mirqədirovun həbsinə münasibətiniz necədir? - Bunların hamısı Azərbaycan cəmiyyətini qorxutmaq, ölkədə fikir azadlığının qarşısını almaq məqsədilə həyata keçirilən repressiya tədbirləridir. - Hakimiyyət bu tədbirlərini davam etdirəcək? - Azərbaycan cəmiyyəti bu cür hadisələrə ciddi təpki göstərməsə, eləcə də beynəlxalq birlik hakimiyyətin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsini təkidlə tələb etməsə, təbii ki, Azərbaycan hakimiyyəti repressiv siyasətini davam etdirəcək. - Hazırda beynəlxalq reaksiyalar yetərlidimi? - Müəyyən reaksiyalar var. Amma bu reaksiyalar Azərbaycanda olan vəziyyətə tam adekvat deyil. Ölkədə faktiki olaraq fundamental insan haqlarının pozulması davam edir. İndi ölkədə siyasi və vicdan məhbuslarının sayı rekord həddə çatıb. - Müxalif düşərgədə və cəmiyyətdə müşahidə olunan süstlüyə səbəb nədir? - Bu hakimiyyətin apardığı siyasətin nəticəsidir. Hakimiyyətin ardıcıl və sistemli siyasəti nəticəsində faktiki olaraq vətəndaş cəmiyyəti institutunu sıradan çıxarmağa nail olub. Üstəlik siyasi partiyaların azad və normal fəaliyyəti üçün müvafiq şərait mövcud deyil. Həm də mətbuat orqanları basqı altındadır. Siyasi repressiya və həbslərin davam etdirilməsi cəmiyyətdə ciddi xofun yaranmasına və vəziyyətin dəyişəcəyinə olan inamın itməsinə səbəb olub. Süstlüyün səbəbi də bununla bağlıdır. Ancaq Azərbaycan cəmiyyətinin əksəriyyəti ölkədə olan siyasi və sosial vəziyyətdən narazıdır, korrupsiya və haqsızlığın miqyası ölkədə ciddi dəyişikliklər istəməsinə gətirib çıxarır. Təəssüf ki, Azərbaycan cəmiyyəti öz gücünə inanmır və dəyişikliklərə nail omağın mümkünsüzlüyü qənaətindədir. Amma bu cür vəziyyət uzun müddət davam edə bilməz. Azərbaycan hakimiyyətinin apardığı bu siyasət nəticə etibarı ilə onların hakimiyyətini iflasa uğradacaq. - Müxalifət düşərgə bu süstlükdən çıxmaq üçün yollar axtarırmı, yoxsa partiyalar öz taleyləri haqda düşünürlər? -Bu istiqamətdə müzakirələr gedir. Mən digər siyasi qüvvələr haqda deyə bilmərəm. Konkret olaraq Müsavat Partiyası istər ölkə həyatında baş verən gündəlik hadisələrlə bağlı, həm də Azərbaycanın ümumilli mənafeyinə uyğun məsələləri daim diqqətdə saxlayır. Və partiyamız öz resursları çərçivəsində bu problemlərin aradan qaldırılması uğrunda mübarizə aparır. - İddia olunur ki, Rusiyanın Ukraynada etdiyi hadisələr indi dünyanın diqqətini Ukraynaya istiqamətləndirib. Bu situasiya Azərbaycan iqtidarının əl-qolunu açıb və bu səbəbdən də repressiyaları genişləndirmək qərarına gəlib. Bu nə dərəcədə realdır? - Sualınızın birinci hissəsi ilə razıyam. Doğurdan da indi dünyanın diqqəti Ukraynaya yönəlib. Çünki hazırda avtoritar Rusiya ilə demokratik dünyanın mübarizəsinin ön cəbhəsi Ukraynadadır. Ancaq buna görə diqqətin azalması və buna görə də, hakimiyyətin əl-qolunun açılması fikri ilə razı deyiləm. Azərbaycanda olan həbslər, insan hüquq və azadlıqlarının tapdalanması ilə bağlı beynəlxalq qurumlar vaxtaşırı reaksiya verir. - Aprelin 28-də Rusiya təhlükəsi ilə bağlı Müsavat və digər siyasi qüvvələrin birgə yaydığı bəyanata hakimiyyət mənfi münasibət ifadə etdi. Xüsusilə, YAP-çı deputat bəyan etdi ki, Rusiyanın “casusları” Rusiyaya qarşı bəyanat verirlər... - Hakimiyyətin Müsavat qərargahında keçirilən tədirə, müxalifət qüvvələrinin Ukraynada gedən proseslərlə bağlı münasibətinə cavabı yalnız qeyri adekvat deyil, həm də qeyri peşəkardır. Rusiyanın yadına Azərbaycanın mövcudluğunu salmamaq kimi qeyri ciddi arqumentlə müxalifətə hücum etmək təəssüf doğurur. Bizə qarşı irəli sürülən ittihamlar çox qeyri peşəkar və səviyyəsizdir. Düşünürəm ki, hakimiyyətin bizim mövqeyimizə münasibəti əslində Rusiya qarşısında qorxusundan irəli gəlir. - Azərbaycan üçün Rusiya təhlükəsi nə dərəcədə realdır? - Rusiyanın Azərbaycana qarşı təhlükəsi hər zaman mövcud olub. Bu davamlı prosesdir. Əslində Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olmasının, Dağlıq Qarabağ probleminin həll edilməməsinin səbəbkarı da Rusiyadır. Məhz Rusiya Ermənistanda hərbi bazalarını saxlamaqla Qafqazı və regionu öz nəzarəti altında saxlamağa cəhd göstərir. Heç şübhəsiz ki, Rusiya hər hansı bir fürsətdə Azərbaycanın istiqlalına da təcavüz etmək haqda düşünür. Bu barədə Rusiyadan sıra siyasətçiləri mətbuat orqanları və televiziya kanalları vasitəsilə zaman-zaman bəyanatlar səsləndirir. Azərbaycana qarşı Rusiya təhlükəsinin olması yeni hadisə deyil. Azərbaycana qarşı Rusiya təhlükəsi XVIII əsrin sonlarından başlayıb və bu günə qədər davam edir. - Sizə elə gəlmirmi ki, bəzi insanlar Rusiyanın Azərbaycana gəlməsinə və burada varlığının hiss etdirməsinə sevinərdi? - Azərbaycanın müstəqilliyinin itirilməsinə sevinəcək adamların mövqeyini hansısa fərqli mövqe kimi dəyərləndirmək düzgün deyil. Çünki Azərbaycanın istiqlalını şübhə altına almaq, Azərbaycanın Rusiya tərəfindən işğalını arzulamaq vətənə xəyanətdir və həmin adamlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. - Ancaq sosial problemlər girdabında əzilənlər, ölkədə qanunun olmamasından, korrupsiya və rüşvətin tüğyan etməsindən bezən insanların sayı az deyil və onlarda SSRİ haqqında nostalji hisslər mövcuddur. Sizə elə gəlmirmi ki, bu böyük çoxluq indi Rusiyaya qarşı çıxmaq, əksinə onun Azərbaycanda hakim mövqedə olmasına sevinərdi? - Rusiyaya bağlı olan, bu ölkənin Azərbaycana təcavüz etməsini arzulayan qüvvələrin beşinci kalon adlandırılmasının tərəfdarı deyiləm. Onlar sadəcə olaraq Rusiyanın Azərbaycanda olan agentura şəbəkəsidir. Və onların fəallaşması Azərbaycan üçün ciddi problemdir. Hesab edirəm ki, bu problemlə məşğul olmaq Azərbaycan hakimiyyətinin işidir. Amma təəssüf ki, hakimiyyət ölkənin istiqlalını şübhə altına alan təbliğata qarşı çıxmaq əvəzinə, Azərbaycanda Rusiya təhlükəsinin olduğunu elan edən və bu təhlükəyə qarşı cəmiyyəti səfərbər etməyə çalışan demokratik qüvvələrə qarşı sərt mövqe sərgiləyir. Bu da Azərbaycan hakimiyyətinin anti-milli mövqedə olduğunu göstərən daha bir sübutdur. - Məhz sizin hakimiyyətiniz dövründə 1 May Bayramı ləğv edilib. Sizcə, bu nə dərəcədə doğru qərar idi? - Hesab edirəm ki, tamamilə doğru qərar idi. Çünki bir may bayramı Azərbaycanın nə milli, nə tarixi, nə də sosial-siyasi ənənələrinə uyğun yaradılmayan yabançı bir bayram idi. - Müsavat Partiyası hakimiyyətə gələrsə, bu bayramla bağlı ortaya fərqli mövqe qoymayacaqmı? - Müsavat Partiyasının qəbul etdiyi prinsiplər sırasında əhalinin sosial durumunun yaxşılaşdırılması və digət məsələlər önəmli yer tutur. Partiyanın əhalinin sosial təminatını yaxşılaşdırmaq məqsədilə həyata keçirəcəyi təkliflər zərfləri var. Azərbaycanda zəhmətkeşlərin bayramı da ola bilər. Ancaq bu heç də kənardan sırınan, əslində zəhmətkeşlərin marağına deyil, kommunist ideologiyasının təbliğatı məqsədilə həyata keçirilən 1 may tipli bayramın keçirilməsi xalqımızın mənafeyinə uyğun deyil. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?