Sərdar Cəlaloğlu: “Rejim özü dəyişməyənə qədər siyasi məhbus problemi həll edilməyəcək”
Suallara Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavab verib. Partiya sədri əsasən Fransa prezidenti Fransua Ollandın Bakı səfəri, burada keçirdiyi görüşlər, müxalifətin durumu, siyasi məhbus problemi, demokratik düşərgənin buraxdığı səhvlər və digər mövzularda danışıb. - Sərdar bəy, Fransa prezidenti Fransua Olland müxalifət liderlərindən İsa Qəmbər və Əli Kərimli ilə görüşüb. Siz niyə son illər bu tip protokola salınmırsınız, bu sizin siyasi mövqeyinizlə nə dərəcədə bağlıdır? - Son 20 ildə beynəlxalq ictimaiyyət ancaq bu iki şəxslə müzakirə aparır. Azərbaycanda vəziyyətin necə olduğu da sizə məlumdur. Mənim özümün iştirak etdiyim bir çox görüşlərdə görmüşəm ki, bu insanlar səhv mövqe nümayiş etdirir. Bu görüşlər Azərbaycan müxalifəti və xalqının maraqlarına xidmət etmir. Əgər xidmət etsəydi, bu 20 ildə Azərbaycanda vəziyyət bir qədər dəyişərdi. Niyə xarici ölkələr ancaq bu siyasətçiləri qəbul edirlər? Əvvəla, bu həmin dövlətlərin öz işidir və kimlə görüşəcəklərini də onlar müəyyən edirlər. Əgər məni dəvət etsəydilər, gedərdim. Dəvət etməyiblər getməmişəm. Məncə, bu formal protokol görüşü, fikir mübadiləsidir. İkincisi, biz özümüz son zamanlar səfirliklərlə sıx təmaslar saxlamırıq. Çünki səfirliklə əlaqə yaratmaqdan öncə siyasi partiyanın fəaliyyəti yüksək səviyyədə qurulmalıdır. Biz də bunu qura bilmirik. Etiraf edim ki, Rəsul Quliyev ADP sədri olanda biz daha güclü iş apara bilirdik, indi isə bunu edə bilmirik. Mən sonradan bir neçə dəfə səfirliklərlə əlaqə saxlamağa cəhd etdim. Amma gördüm ki, müxalifətlə maraqlanmırlar. Ondan sonra dedim ki, bunları niyə narahat edim. Maraqlananda guya nə əldə edəcəyik? Özünüz də bilirsiniz ki, son illər diplomatik korpuslarla, beynəlxalq qurumlarla müxalifətin əlaqəsi sıfır vəziyyətindədir. Bizim müxalifətin zəifləməsinin bir səbəbi də budur ki, beynəlxalq missiyalar müxalifətlə görüşməkdən qorxurlar. Əvvəllər ATƏT ayda 3-4 dəfə tədbir keçirirdi və burada həm iqtidar, həm də müxalifət iştirak edirdi. Son illər ATƏT-in belə bir tədbirinə rast gələ bilmərsiniz. Eləcə də Avropa Şurası. Bu baxımdan beynəlxalq missiyaların Azərbaycanda fəaliyyəti sıfıra yaxındır. - Niyə düşünürsünüz ki, müxalifət belə görüşlərdə səhv mövqe tutur? - Prezident seçkilərində bizim ABŞ səfirliyində görüşlərimiz olurdu. Mən o görüşlərdən də belə nəticəyə gəlirdim ki, müxalifət ABŞ-ın Azərbaycandakı dəyişikliklərlə bağlı mövqeyinə zidd mövqe nümayiş etdirirdi. Ondan qabaq da belə olub. Müxalifət beynəlxalq qurumların, aparıcı partiyaların tövsiyyələrinə zidd mövqedə olublar. - Konkret misal çəkə bilərsinizmi? - Mən sizə öz təcrübəmizdən deyim. 1998-1999-cu illərdə biz ADP olaraq Bakıda ciddi aksiyalar təşkil edirdik. Bir dəfə ABŞ səfirliyindən mənimlə əlaqə saxlayıb dedilər ki, indiki halda proseslər gərgindir, sizin mitinqlər xarici maraqlı qüvvələrin ölkədəki proseslərə təsiri üçün zəmin yarada bilər. Həm də iqtidarın fikiri qalır müxalifətlə mübarizədə, bu zaman xarici siyasətdə lazım olan uzaqgörənlik nümayiş etdirmir. Xahiş edirik ki, mitinqlərinizə ara verəsiniz. Həmin vaxt doğurdan da ABŞ-la İran arasında münasibətlər gərgin idi. Mən bunu normal qəbul etdim və Rəsul Quliyevə bu haqda məlumat verdim. Amma Rəsul Quliyev dedi ki, biz mitinqlərimizi davam etdirəcəyik. Bir az keçdi, ABŞ səfirinin köməkçisi qərargaha gəldi və dedi ki, biz hesab edirik ki, bu mitinqlərin xeyrindən çox ziyanı var. Mən yenə də Rəsul Quliyevə bu haqda informasiya verdim. Rəsul Quliyev də dedi ki, siz səfirliklə razılaşmayın və mitinqləri davam etdirin. Axırda səfirin özü bura gəldi. Dedi ki, mən öz dövlətimin adından deyirəm ki, sizin indiki taktikanız təhlükəli proseslərə yol aça bilər, müəyyən təhlükələrin inkişafına əsas yaradar. Mən də Rəsul müəllimə dedim ki, səfir səviyyəsində bizdən xahiş edirlər və həm də bunun səbəbini izah edirlər, deyirlər ki, xarici təhlükə ilə bağlıdır. Guya biz bir mitinqi keçirməsək nə olacaq? Rəsul Quliev də dedi ki, siz mitinqləri davam edin. Biz də mitinqləri keçirdik. Bundan sonra ABŞ səfirliyi ilə ADP-nin münasibətləri kəsildi. Baxmayaraq ki, mən səfirin fikirləri ilə razı idim. Biz onsuz da hər həftə mitinq keçirirdik, guya bir həftə keçirməsəydik nə olacaqdı? Baxın, bu digər müxalifət partiyalarında da var. Məsələn, 2005-ci il parlament seçkilərində ATƏT-in seçki müşahidəçi missiyasının rəhbəri gəlib dedi ki, hökumətlə danışmışıq, siz 30-35 nəfər namizədinizi müəyyən edin, həmin dairələrdə ciddi nəzarət yaradılacaq, obyektiv seçkilər keçiriləcək. Digər dairələri açıq buraxın, kim udur udsun. Bizim müxalif siyasətçilər dedilər ki, 30-35 nəfər nədir, bizə 70 yer verməlidirlər. O da dedi ki, yaxşı onda ala bilirsinizsə, gedin alın. Axırda da cəmi beş deputat yeri əldə olundu. Demək istəyirəm ki, dəfələrlə beynəlxalq təşkilatlar bizə bir yol göstərib deyiblər ki, bu yolla gedin, Azərbaycanda demokratiya tədricən əldə edilsin. Bizə tövsiyyə edirdilər ki, hökumətlə danışıqlar aparın, düşmən olmayın, siyasi müxalifətçilik edin və s. Amma 1988-ci ildən bu yana müxalifətin ritorikası dəyişməyib. Bir var Kommunist Partiyası hakimiyyətdədir, Rusiyaya əlaltılıq edirlər və sən də sözünü onlara deyirsən. Bir də var müstəqil dövlətini idarə edənlərə sözünü deyəsən. Bunlar fərqli şeylərdir. Əlbəttə, burada da qüsurlar var və hökumətin özünün də günahı çoxdur. Amma tutaq ki, deyir ki, sən bu xalqın düşmənisən. Bəyəm sən də onun kimi davranmalısan? Rəqibin davranışını kopiya etmək müxalifətin ən böyük faciəsidir. Məncə, biz iqtidara görə demokratik dəyərlərdən çəkinməməliyik. - Siyasi məhbus problemi ilə bağlı nə düşünürsünüz, bu məsələ qapanmalıdırmı? - Bilirsinizmi, siyasi məhbus rejimin istehsalıdır. Rejim özü dəyişməyənə qədər siyasi məhbus problemi həll edilməyəcək. Rejimin özündə isə nə yumuşalma, nə də islahat gedir. Dünyada da baş verən hadisələr Azərbaycan kimi ölkələrdə siyasi situasiyanın dəyişməsinə imkan vermir. İndi də Ukrayna məsələsinin necə bitəcəyi, nə zaman bitəcəyi bəlli deyil, bir çox ölkələrin mövcudluğu təhlükə altındadır. Dünya nizamı da pozulub. Belə situasiyalarda balaca dövlətlərdə demokratikləşmə heç kəsi maraqlandırmır. Baxın, Şimali Koreya prezidenti insanları itlərə yedirdir, diri-diri yandırır. Bynəlxalq ictimaiyyət isə buna ciddi fikir vermir. Çünki dünyanın gündəmində daha ciddi məsələlər var. Biz dünyanın gündəmini də nəzərə almalıyıq. Tutaq ki, bu gün Azərbaycan xalqı müqavimətsizdir, heç müxalifətdə yoxdur. Adamın öz vicdanı da olar. “Sən yaxşı deyilsən” deyənlərin hamısını ucdantutma həbs etmək, birinin cibinə narkotik qoymaq, digərindən silah çıxarmaq nəyə lazımdır? Bunlar yanlış siyasətdir və 20 ildir ki, davam edir. Amma iqtidarın yanlış siyasəti üzərindən mən də yanlış siyasət aparım yanaşması da doğru deyil. - Müxalifətin durumunu necə şərh edirsiniz? - Proses yoxdur. Xalq bizdən birləşmək tələb edir, amma biz bu ümidləri nəzərə ala bilmirik. Əksinə, müxalifət öz istəklərini xalqa sırımaq istəyir. Bəzi siyasi liderlər dəyişə bilmir. Dünya dəyişir, situasiya dəyişir, şərtlər dəyişir, amma bizim müxalifət dəyişə bilmir. Bu dəyişmək o demək deyil ki, Həsən getsin, Hüseyn gəlsin. Həsənin öz üzərində işləməsi, hadisələrə yeni aspektdən baxması lazımdır. Mən dövlətlə bağlı da müəyyən fikirlər demişəm. Baxın, biz müstəqillik əldə etmişik, amma sovet hökumətinin hadisələrə baxdığı baxışdan kənara çıxmamışıq. Onda bu nə müstəqillikdir? 9 mayı bayram edir, parad keçiririk. Adama deyərlər ki, sən müstəqil dövlətsən. Sənin SSRİ zamanı bu hadisələrə baxışınla indiki baxmağın necə üst-üstə düşə bilər? Bu kimi məsələlər çoxdur. Dövlət və situasiya dəyişdiyinə görə, bizim də hadisələrə baxışımız dəyişməlidir. Müxalifətin də nə sosial bazaya, nə dövlətə, nə hökumətə, nə də apardığı siyasi texnologiyaya münasibəti dəyişib. Həm də siyasi səviyyənin yüksəldilməsi təklikdə mümkün deyil. Qüvvələr əməkdaşlıq şəraitində səviyyələrini zənginləşdirirlər. Bu gün müxalifətdə həm də özünü təcrid var. Məsələn, bəhanə uydurub deyirlər ki, filankəslər satqındır, agentdir. Amma özləri elə ciddi yanlış addımlar atırlar ki, bunun nəticəsi daha pis olur. - Azərbaycan tərəfi tarixən Fransaya ən çətin dönəmlərində dəstək verib. Bəs nədən Fransa hökuməti bunun qarşılığını vermir? - Tamamilə haqlısınız. Fransızlar unudurlar ki, 1800-cü illərdə Fransanın Rusiyaya qarşı müharibəsi zamanı onların yüganə müttəfiqi biz idik. O zaman heç erməni dövləti yox idi. Bu ərazilərdə Qacarlar dövləti var idi və Fətəli şahla Napleon arasında ruslara qarşı müqavilə imzalanmışdı. Sonradan Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin dolayısı səbəblərindən biri də Qacarların Fransa ilə bağladığı bu müqavilə olub. Yəni fransızların tarixi-mənəvi cəhətdən bizim qarşımızda bir borcu da var. Biz onlara görə, ərazilərimizi itirmişik, 200 il işğal altında qaldıq. Bundan sonrakı dövürdə isə Fransa bizə heç bir dəstək vermədi, əksinə, bizim ərazimizdə bir erməni dövlətinin yaradılmasında dəstəkçi kimi çıxış etdi. Halbuki Rusiyanın Azərbaycanı işğal etməsinin əsas səbəbi bizim Fransa ilə müttəfiq olmağımız idi. Bu məsələlər Fransa tərəfinin diqqətinə çatdırılmalıdır və mən ümid edirəm ki, çatdırılıb da. Bu problemlərin həllində Fransa tarixi borc kimi Azərbaycana dəstək verilməlidir. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?