“Mehdiyevin bu bəyanatı daha çox hakimiyyətin çalxalanan və çat verən komandasına bonus etmək cəhdidir”
gundemxeber.az Ötən gün Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ölkənin bir sıra siyasi gündəmilə bağlı məsələlərə toxunub. R.Mehdiyev bəyan edib ki, 2020-ci ilə qədər Azərbaycanı indiki hakim komanda və prezident İlham Əliyev idarə edəcək. O, eyni zamanda Ziyalılar Forumu və “Milyarderlər Ittifaqı”nı da ciddi şəkildə tənqid edib. Mehdiyevin son bəyanatları və mesajlarını Şərq-Qərb Araşdırmaları Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu şərh edib.
- Ərəstun bəy, son dövrlər maraqlı siyasi proseslərin şahidi oluruq. Bu mənada siz siyasi gündəmdə baş verən son prosesləri və hadisələri necə qiymətləndirirsiniz? - Sizə deyim ki, əslində, siyasi proseslər gərginləşən istiqamətdə gedir. Hazırda bunu müşahidə edirik. Ümumiyyətlə, bu gün üçün görünən odur ki, Azərbaycana xaricdən ciddi təzyiqlər və basqılar var. Qərb dünyası Azərbaycana insan haqları, demokratiya, söz və ifadə azadlığı ilə bağlı təzyiqlər edir, daxildə islahatların aparılmasına, demokratik dəyişikliklər istiqamətində addımlar atılmasına çağırır. Rusiya isə konkret olaraq müvafiq qurumlar vasitəsilə Azərbaycana kobud basqılar edir. Artıq Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya-Azərbaycan Təşkilatları İttifaqının fəaliyyətilə bağlı müəyyən fikirlər işlətdi. Administrasiya rəhbəri bu qurumla bağlı ciddi tənqidi fikirlər söylədi. Əslində, bu bəyanatda qeyri-adi bir şey yox idi. Bugünə qədər biz Yeni Azərbaycan Partiyasının funksionerləri səviyyəsində belə fikirlər eşitmişdik. Hətta hökumət nümayəndələri də ilk gündən “Milyarderlər İttifaqı” haqqında neqativ fikirlər işlətməyə başladılar. Bu fakt hakimiyyətdə Moskvada yaradılan və öz sıralarında milyarderləri birləşdirən bu ittifaqla bağlı ciddi narahatlığının olduğunu deməyə əsas verir. Təbii ki, hakimiyyətlə yanaşı, müxalifət düşərgəsində də ciddi bir dəyişiklik prosesi müşahidə olunmur. Yəni bu ümumi gedişə təsir edən bir proses yoxdur. Siyasi baxımdan vəziyyət bu cürdür. Əlbəttə ki, Azərbaycan cəmiyyətində ciddi narazılıq hökm sürür. Hakimiyyətin siyasətinə, açıq olmasa da, gizli şəkildə etiraz var. Böyük əhali təbəqəsini əhatə edən protest elektorat var. Bu, passiv elektoratdır. Ancaq bu da bir yenilik deyil, əksinə, bu, hər zaman mövcud olub. Protest elektoratın, faktiki olaraq, seçkiləri inkar etməsi, bu prosesdə iştirak etməməsi faktı elə passiv prosesdir. Gerçək durum bundan ibarətdir. Həm də ölkəmizdə korrupsiyanın səviyyəsi getdikcə yüksəlir. Faktiki olaraq, hakimiyyətin fəaliyyətində simtemsizlik hiss edilir. Durum bundan ibarətdir.
- Prezident Administrasiyasının rəhbəri Ziyalılar Forumunda təmsil olunan şəxsləri ciddi tənqid edib. Deyib ki, bu foruma toplaşanlardan biri deputat olmaq istəsə də, buna nail ola bilməyib, digərinin biznes maraqları təmin olunmadığından, iqtidarla müxalifətçilik edir. Mehdiyev hesab edir ki, bu insanları ziyalı hesab eləmək olmaz və hakimiyyətin apardığı siyasəti on minlərlə ziyalı dəstəkləyir... - Bildiyimiz kimi, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvüdür, akademikdir. Əgər o, Rafiq Əliyevə, Cəmil Həsənliyə və digər ziyalılara bu cür dəyər verirsə, onda sual olunur ki, Ramiz Mehdiyevin üzvü olduğu Elmlər Akademiyasının müxbir üzvü Rafiq Əliyev kafedra müdiri vəzifəsindən kənarlaşdırılanda, onun əleyhinə imza toplananda, niyə özünə vur-tut iki akademik həmfikir tapa bildi. Bəs haradadır onun dediyi minlərlə ziyalı, alim, professor? Rafiq Əliyev məsələsində Ramiz Mehdiyevin meyarı ilə ölçülən ziyalılar arasından Rafiq müəllimin məsələsində bəyanat cəmi iki akademik tapıldı. Odur ki, hakimiyyətin sifarişilə akademik Rafiq Əliyevlə bağlı aparılan kampaniyaya ciddi ziyalıları cəlb edə bilmədilər. Hətta iş o yerə çatdı ki, Ramiz Mehdiyevin də üzv olduğu YAP-ın Siyasi Şurasının üzvü, mərhum akademik Budaq Budaqov Rafiq Əliyevə qarşı atılan imzalara çox sərt reaksiya verdi. Odur ki, cənab Mehdiyev öz partokrat işlərindən bəhs etsə, daha məqbul olar. Ziyalılıq məsələsi onun mövzusu deyil, əksinə, bu mövzu onun üçün yad bir sahədir.
- Ramiz Mehdiyev, hətta bir qrup nüfuzlu ziyalınında mövqeyinin hakimiyyət üçün vacib hesab edilməyəcəyi mesajını verir? - Bilirsinizmi, Ziyalılar Forumunda olan şəxslərin əksəriyyətinin hər birinin ictimai çəkisi Ramiz Mehdiyevin təmsil olunduğu hakimiyyətin ictimai çəkisindən beş dəfə artıqdır. Bu mənada, çox yaxşı olardı ki, cənab Mehdiyev kimə necə dəyər verməyi haqqında yaxşı-yaxşı fikirləşsin. Ümumiyyətlə, onun bu dəyəri vermək üçün əsasları varmı?
- Hakimiyyət Ziyalılar Forumunu rədd və inkar edir? - Hakimiyyət cəmiyyətə həm də o mesajı verdi ki, ziyalı fikrindən qorxur, ona müxalif olan ziyalıdan çəkinir. Bu mesaj da verildi. Ziyalılar Forumunda təmsil olan ziyalıların ölkənin ictimai-siyasi vəziyyətilə bağlı irəli sürdükləri təkliflərin hakimiyyət tərəfindən nəzərə alınıb-alınmayacağı isə ictimai-siyasi reallığın predmetidir. Bu gün ziyalı fikiri nəzərə alınmasa da, sabah elə bir vəziyyət yaranar ki, elə cənab Mehdiyevin özü Ziyalılar Forumuna gəlin dialoq aparıb problemləri müzakirə edək deyə müraciət edər. Yəni sabahın işini bilmək olmaz.
- Ancaq 2013-cü il prezident seçkiləri haqda danışan Ramiz Mehdiyev deyib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda tədbirin keçirilməsi özü bir cavabdır. Mehdiyev dolayısı yolla elan edib ki, indiki hakimiyyət hələ uzun illər iqtidarda olacaq. Bu, nə qədər inandırıcıdır? - Hazırda 2012-ci ildir. İndidən 2020-ci ili hesablamaqla, fikrimcə, hakimiyyət imkanlarını qeyri-təvazökar şəkildə dəyərləndirir. Yaxşı olardı ki, hakimiyyət bir və ya iki ay bundan sonrakı vəziyyəti dəyərləndirsin. 2020-ci ildə nələrin baş verəcəyi bizə bəlli deyil. Həm də 2020-ci ili qoyaq bir kənara. Qarşıdan 2013-cü il, prezident seçkiləri gəlir. 2013-cü il gəlsin, baxaq, görək nələr baş verəcək, hansı proseslər müşahidə olunacaq, hansı siyasi reallıqlar olacaq və s. Şəxsən mənə elə gəlir ki, cənab Mehdiyevin bu bəyanatı, daha çox hakimiyyətin çalxalanan, hər tərəfdən çat verən komandasına, sanki bonus etmək cəhdidir. Burada başqa məqam yoxdur. Yəni hakimiyyətin indiki durumu vadar edir ki, bu cür optimist bəyanatlar verilsin. Ancaq bu bəyanatın nə dərəcədə optimist və real dəyərləndirmə olduğunu yaxın zamanlar ortaya qoyacaq. Bir qədər səbr etmək lazımdır.
- Deyirsiniz hakimiyyətin çalxalanan və çat verən komandası var. Siz komandada qərarsızlığın olduğunu müşahidə edirsinizmi? - Əlbəttə ki, mən müşahidə aparıram və bunun nəticəsində hakimiyyətin qərarsızlığı haqqında fikrimi deyirəm. Əgər bugünə qədər hakimiyyət partiyasının 2013-cü il seçkilərində prezidentliyə namizədinin kim olacağı gündəmə gəlməyibsə, rəsmi bəyan olunmayıbsa, deməli, hər şey ortadadır. Burada söhbət bir-iki nəfərin danışmasından getmir. Bu məsələdə həlledici şəxs prezident İlham Əliyevdir. Əgər İlham Əliyev YAP-ın 20 illik yubileyinə həsr edilən tədbirdə bu haqda danışmadısa, deməli, bir qərarsızlıq var və bu, açıq şəkildə görünür. Digər tərəfdən, əgər Prezident Administrasiyasında bu cür idarəçilik konfiqurasiyası yaradılırsa, bunun özü bir çox mətləblərdən xəbər verir. Ümumiyyətlə, iqtidarın xarici siyasətində də ciddi qərarsızlıq var. Yəni Azərbaycanın xarici siyasi seçimi nədən ibarət olduğu məsələsində də qərarsızlıq olduğu kimi, həm də, strateji xətt görünmür. Strateji xətt görünməyən yerdə hansı inamlı və əminliklə verilən qərarlar ola bilər? Əsas məsələlərdən biri budur.
- Siz Prezident Administrasiyasında aparılan struktur dəyişikliklərini qərarsızlıq kimi dəyərləndirsəniz də, Ramiz Mehdiyev bunu işlərin çoxluğu ilə əsaslandırır... - Necə oldu ki, indiyə qədər cənab Ramiz Mehdiyev təkbaşına bu işin öhdəsindən gəlirdi? İndi işlər bu qədərmi çoxaldı ki, qəfildən dörd müavinə ehtiyac yarandı? Özü də bir-iki müavinə deyil, məhz dörd müavinə. Mən hesab edirəm ki, bu, daxili mübarizənin təzahürüdür. Bu, birmənalı olaraq belədir. Həm də bunun başqa əlamətləri də var ki, onlar da özünü açıq şəkildə göstərir. Təbii ki, cənab Mehdiyev və cənab Əli Həsənov tərəfindən bu dəyişikliklərlə bağlı verilən izahatlar sadəcə olaraq cəmiyyətə veriləcək izahatlardan ibarətdir. Ancaq bu məsələlər deyildiyi formal izahatlar qədər asan deyil. Bu yerdəyişmələrin kökündə duran əsas səbəb də hakimiyyət daxilində gedən proseslərlə bağlıdır.
- Belə iddialar var ki, bütün bunlar Ramiz Mehdiyevin getməsinə hesablanıb. Bu nə dərəcədə əsaslı iddiadır? - Mənə elə gəlir ki, bu, ümumi xətdə atılan addımlardan biridir. Ramiz Mehdiyev əbədi deyil və bir gün o da gedəcək. Ancaq söhbət sabah bu administrasiya necə idarə olunacağından, bir nəfərin monopoliyasında keçməsindən gedir. Bu təyinatlar ona görə həyata keçirilir ki, gələcəkdə yeni bir fiqur yetişməsin.
- Ramiz Mehdiyev bildirib ki, Rusiyada “Milyarderlər İttifaqı” yaranmazdan öncə bir şəxs gələrək onunla bu haqda söhbət edib, ancaq Mehdiyev belə bir qurumun yaradılmasının zərərli saydığını qarşı tərəfə bildirib. İndi belə çıxır ki, rəsmi Bakının etiraz etməsinə baxmayaraq, Moskvada ittifaq təsis edilib. Milyarderlərin rəsmi Bakını saymadan belə qurum təsis etməsinin arxasında nələr dayana bilər? - Olduqca maraqlı məqamdır. Belə olan halda hesab etmək olar ki, bu insanların özlərinin çox ciddi niyyətləri var və bu niyyət rəsmi Bakının marağı ilə uzlaşmır. Yaxud prosesin bu istiqamətdə getməsində rəsmi Moskvanın da müəyyən mənada təsiri olub.
- Bu proses hara qədər davam edə bilər? - Hesab edirəm ki, bunu zaman özü göstərəcək. İndidən bir şey söyləmək çətindir.
- İlham Əliyevin üçüncü dəfə namizəd olma ehtimalı nə dərəcədədir? - Mən hesab edirəm ki, bu ehtimal 50 faizdən də aşağıdır.
- Hökumətin daxilində İlham Əliyevdən savayı birləşdirici fiqur varmı? - Güman eləmirəm. Hakimiyyətdə iki qruplaşmanın olduğunu nəzərə alsaq, orada birləşdirici fiqurun olması şübhə doğurur.
- Müxalifət düşərgəsində birləşdirici siyasi fiqur görürsünüzmü? - Mən müxalifət düşərgəsi haqda danışmaq istəmirəm.
- Niyə? - Sadəcə danışmaq istəmirəm.
- Ziyalılar Forumu ilə “Milyarderlər Ittifaqı” vahid mövqedən çıxış edərək, 2013-cü il prezident seçkilərində vahid namizədlə çıxış edə bilərmi? - Güman eləmirəm. Ziyalılar Forumu kifayət qədər siyasi müxtəlifliyi olan bir qurumdur. Onların “Milyarderlər Ittifaqı” ilə birləşib, vahid mövqedən çıxış etməsi inandırıcı görünmür. Mən bunu qeyri-mümkün hesab edirəm. HÜSEYN ABBASOĞLU
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?