Maqsud Mahmudov: “Məni məhkəmədə udmaq üçün məhkəmə sədrinə bağ tikmək üçün sərəncam verilib”
2012-ci ildə ən səs-küylü məhkəmə prosesi iş adamı Maqsud Mahmudovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında olub. Nəticədə ilk dəfə olaraq iş adamı məhkəməni udub. Ancaq az sonra məlum olub ki, sahibkarla Abutalıbov arasında digər məhkəmə çəkişmələri də davam edir. Məlumat üçün xatırladaq ki, iş adamı merin oğluna məxsus olduğu iddia edilən obyekti icarəyə götürüb və tərəflər arasında müqavilə bağlanıb. Ancaq günün birində obyektə gələn vəhhabi təriqətinin nümayəndələri Maqsud Mahmudovdan tələb ediblər ki, obyekti tərk etsin. Səbəb kimi onun qızılın lombardı biznesi ilə məşğul olması göstərilib və bildirilib ki, bu dinə ziddir. Bundan sonra tərəflər məhkəmədə münasibətlərinə aydınlıq gətirməyə çalışıblar. İş adamı Maqsud Mahmudov qəzetimizin suallarına cavab verərək maraqlı məqamlar açıqlayıb. - Sizinlə Bakı meri arasında bir ildən çoxdur ki, məhkəmə çəkişməsi gedir. Hazırda real durum nədən ibarətdir? - Bilirsinizmi, necədir? Mən bu müddət ərzində gördüm ki, məhkəmələrin çoxu olmasa da, haradasa 90 faizi Hacıbala Abutalıbova baş əyir. Ancaq elə məhkəmələr də var ki, sözünü deyə bilir. Təsəvvür edin ki, Ali Məhkəməni çıxmaq şərti ilə yerdə qalan məhkəmə instansiyalarının hamısı məni günahkar çıxardı. Bu qəbuledilməz və dözülməz hal idi. Amma, Ali Məhkəmədə müəyyən qədər haqq-ədalət bərpa olundu. Onu da deyim ki, hazırda məhkəmə prosesi davam edir. Apelyasiya məhkəməsi instansiyası da, onların xeyrinə qətnamə çıxardı. Sizə daha maraqlı bir məqam açıqlayım. Bu gün təsadüfən bir sahibkarla söhbət etdim. Məndə olan məlumata görə, artıq o da məhkəməyə üz tutacaq. Bildiyim qədər Şərifzadə Küçəsi 34-də yerləşən dörd mərtəbəli bina Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun adınadır. Bu binanın birinci mərtəbəsini sahibkar icarəyə götürüb və orada market açıb. Hazırda son bir ildə mənim başıma açdıqları oyunu indi də, bu sahibkarın başına açırlar. Ora təxminən 100 kvadratmetrlik obyektdir. Sahibkar bu ərazini təmir edib, ora müəyyən əşyalar alıb. Həm də aralarında bağlanan müqavilənin tarixi 2016-cı ilə qədərdir. Bu şəxs indiyə qədər icarə haqqı, vergi ödəyib. Amma qəfildən gəlib ona deyiblər ki, obyektimizi boşalt. İndi belə çıxır ki, Abutalıbovlar hegemondur, istədiklərini edə bilərlər və ortada isə sahibkarlar batmalıdır. Hazırda Arzu Məmmədov adlı şəxs də Bakı merini məhkəməyə verib. Bu şəxs deyir ki, Bakı meri ruhi xəstə olub. Özü də Arzu Məmmədov uzun illər Bakı meriyasında çalışıb və sonda onu Hacıbala Abutalıbov işdən azad edib. İndi mən yalançı və qərəzli oldum. Lap Arzu Məmmədov da haqsızdır. Bəs onda indi niyə başqa bir sahibkarın incidilməsi və çökdürülməsi haqqında informasiya gəlir. Mənə maraqlıdır ki, bunlar nəyə görə belə haqsızlığa qol qoyurlar. Təsəvvür edin ki, qeyd etdiyim sahibkar böyük xərclər çəkib, bunların obyektini təmir edib ki, 2016-cı ilə qədər burada işləyib pul qazanacaq. Lakin qarşı tərəf yeni müştəri tapıb, obyekti daha baha qiymətə başqasına icarəyə vermək istəyir. - Sizin məhkəmə prosesləri nə zaman bitəcək, ümumiyyətlə Avropa İnsan Haqları Məhkəməsinə gedəcəksinizmi? - Siz də bilirsiniz ki, mən öz hüquqlarımı qorumağa çalışıram, eyni zamanda haqqımı tələb edirəm. Mən vəkilimlə daima məsləhətləşmələr aparıram. Apelyasiya Məhkəməsində bizim maraqlı prosesimiz getdi. Hakim Elmira Nağıyeva idi. Mən görmüşən ki, apelyasiyada hakimlər heyəti eyni olar. Vəkilim İlham müəllim məhkəmə prosesinə bir az geçikdi və bu zaman bəlli oldu ki, məhkəmədə hakimlərin tərkibini dəyişiblər. Sizcə məhkəmə prosesi gedə-gedə hakim heyətinin tərkibi dəyişə bilərmi? Belə bir şey ola bilməz. Biz bundan ciddi narahat olduq və Məhkəmə-Hüquq Şurasına müraciət etdik. Bu iş də Ali Məhkəməyə gedəcək. Əgər qarşı tərəf Ali Məhkəməyə də təsir edərək bizi udsa, şübhəsiz ki, mən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyəm. - Hazırda qarşı tərəflə münasibətiniz necədir? - Biz bir-birimizlə düşmən deyilik. Mən qarşı tərəfdən heç kimi görmürəm. Sadəcə mətbuat vasitəsi ilə Hacıbala Abutalıbova deyərdim ki, cənab mer tutaq ki, mən dinə qarşı ziddəm, lombard və qızıl məmulatlarının ticarəti ilə məşğulam. Bəs axı adicə mağaza işlətmək dinə zidd deyil. - Hazırda sizə qarşı təzyiqlər varmı? - Mənə heç bir təzyiq yoxdur. Amma bu əraziyə vəhhabilər tez-tez gəlirlər. İşlədiyimiz bu ərazidə vəhhabilər restoran açıblar. Ancaq gəlib mənə neyləyəcəklər ki? Nəzərə alın ki, mən Azərbaycanın torpağında yaşayıram, daha Hacıbala müəllimin oğlu İsrafil Abutalıbovun vəhhabi torpağında yaşamıram. Heç bir təzyiq yoxdur. Amma mən bilməzdim ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı belə yalançı ola və yalan vədlər verə bilər. Onun adından mənə çoxlu zənglər oldu, müəyyən vədlər verildi, amma sonda hamısı yalan çıxdı. - Sizə Hacıbala Abutalıbovun adından hansı vədlər verilmişdi? - Mənə dedilər ki, sizin pulunuzu verəcəyik, niyə mətbuata çıxmısınız və s. Sonra isə deyilənə əməl olunmadı. Mən də bundan sonra iki məsələ haqqında düşündüm. Birincisi, fəxr edirsən ki, azərbaycanlısan və Azərbaycanın torpağında yaşayırsan. İkincisi isə, özüvə nifrət edirsən ki, belələri ilə bir ölkədə yaşayırsan. - Siz konkret nə qədər təzminat tələb edirsiniz? - Mən onlardan icarəyə götürdüyüm obyektə 35 min manat xərc çəkmişdim. Bundan da, artığını onlardan tələb etmirəm. Hazırda da bu tələbimin üzərində dururam. Amma nəzərə alın ki, mən Avropa Məhkəməsinə üz tutsam daha 35 min manatlıq təzminat tələb etməyəcəyəm. - Bəs nə tələb edəcəksiniz? - Nəzərə alın ki, bu müddətdə mənim vaxtım hədər gedib, əsəblərim pozulub. Eyni zamanda iş şəraitimə bu hallar mənfi şəkildə təsir göstərib. Bu müddətdə çoxlu məhkəmə stansiyalarından keçmişəm, vəkil tutmuşam. Üstəlik təhqir olunmuşam. Bütün bunları nəzərə alaraq Avropa Məhkəməsinə müraciət etsəm, Hacıbala Abutalıbovdan 500 min avro təzminat tələb edəcəyəm. Artıq bu halda 35 min manatın davasını aparmayacağam. Mən neçə vaxtdır ki, məhkəmə çəkişməsi aparıram, mətbuata danışıram. Bunların hamısı faktdır və bütün bu sənədləri saxlayırıq. Əgər onlar imkanlarından istifadə edərək avtomobilimizə, evimizə, obyektimizə və üst-başımıza heç nə atdırmasalar, avtoqəza yaradıb bizi tutdurmasalar Avropa Məhkəməsinə gedib haqlı olduğumu sübuta yetirəcəyəm. - Siz daima Bakı meri haqqında mətbuata danışırsınız, ondan şikayətlənirsiniz. Bu günə qədər Hacıbala Abutalıbov sizinlə əlaqə saxlayıb problemlə maraqlanıbmı, bəlkə bu məsələlərin heç ona aidiyyəti yoxdur? - Bu məsələlər təzə-təzə başlayanda mənə Urfan adlı bir şəxs zəng elədi. Səhv etmirəmsə Bakı meriyasında çalışır. Sonra bir xanım mənimlə danışdı, təklif etdi ki, oturub söhbət edək. Mən də, dedim ki, artıq söhbət eləmək gecdir. - Onlar sizə nə təklif edirdilər? - Mən belə başa düşdüm ki, İsrafil heç Hacıbala Abutalıbovu saymır. Fikrimcə, bu məsələ Hacıbala Abutalıbovluq olsaydı çoxdan 35 min manat məsələsini bağlayardı. Düşünürəm ki, Hacıbala Abutalıbov 35 min manatın acı olmaz. Bir çox yerlərdə eşitmişəm ki, merin oğlu ilə arası yoxdur. Əgər ata oğlu ilə bacarmırsa, nəticədə bu qədər haqsızlıq oluna-oluna gedirsə, deməli bu yaxşı proses deyil. - Sizin yəhudi əsilli ortağınız Qurban Məmmədovun taleyi necə oldu? - Necə olacaq, bunların əlindən çıxdı getdi. Hazırda Moskvada oturub bizneslə məşğul olur. Mən belə görürəm ki, elə ağıllı adam o çıxdı. Mənə dedi ki, Maqsud bunlarla biz bacara bilmərik. Təsəvvür edin ki, biz hamımız yalanıq, səhvik,yalnız merin vəhhabi oğlu düzdür və doğrudur. - Qurban Məmmədov daha Bakıya gəlmir? - Yox. Gəlmir. Birdəfəlik getdi. Amma daha biz də artıq 35 min manatı istəmirik. Kim deyir ki, merlə 35 min manatın davasını edirik? Artıq biz Avropa Məhkəməsində 500 min avri təzminat tələb edəcəyik. - Amma belə iddialar var ki, bu ərazilər nə merə, nə də onun oğluna məxsus deyil... - Bəyəm Hacıbalanın cavan oğlu bizim kimi kommerasant olub, qarda-şaxtada Rusiyanın küçələrində yaşayıb və min əziyyətlə pul qazanaraq gəlib buraları tikib...Yanımda yerləşən restoranı, o tərəfdə mağazanı, küçənin başındakı beş mərtəbəli binanı hansı pulla tikdiriblər? 25 yaşında vəhhabi bunları haradan tikdirə bilər? Bütün bunlar aydındır. İkincisi, sizə yuxarıda bildirdim ki, bu məsələlər təzə-təzə başlayanda mənə Bakı meriyasından zəng etmişdilər ki, bu məsələləri mətbuata çıxarmayım. Elə bu zənglərin edilməsi də sübut edir ki, bu obyektlər kimindir. Mən ilk olaraq öz hüquqlarımı qorumağa başladım, çünki haqlı idim. Amma zaman keçdikcə görünür ki, belə hallar təkcə mənim başıma gətirilməyib. Mən açığını deyim. Əgər valideyinin sözünü uşaq eşitmirsə, daha bu nə oldu. Biz belə tərbiyə görməmişik. - Sizin fəaliyyətiniz üçün problem yaratmırlar? - Xeyr. Mənə niyə problem yaratsınlar ki? Qanuni fəaliyyət göstərirəm, dövlətə vergimi verirəm. Yaşım da 43-ü keçir. İndi mən qeyri-qanuni işlə məşğul olmuram ki, tutsunlar. Mən içki içmirəm və hacıyam. Merin vəhhabi oğlu iddia etdi ki, mən günah iş tuturam, çünki qızılın lombardı ilə məşğulam. Tutaq ki, mən bu iddia ilə razılaşdım. Onda bizim dövlətimiz başqa ölkələrdən kredit götürməsin ki, bu günahdır. Və ya başqa ölkələrə kredit verməyək ki, bu olmaz. Nə günahdır, nə günah deyil bunu bir kimsə deyə bilməz. Bu gün vətəndaşlarımızın çoxu banklardan ipoteka krediti götürərək özlərinə mənzil alırlar. Onda mənzil almasınlar ki, bu günahdır? Fikrimcə, bu yanaşmada məntiq yoxdur. Vəhhabi ideologiyasıdır ortaya atıblar da. Mərhum prezident Heydər Əliyevin vəhhabilərə münasibəti necə idisə, oğlu möhtərəm prezident İlham Əliyev də imkan verməz ki, bunlar öz ideologiyalarını inkişaf etdirərək bizim sağlam düşüncəli gəncliyimizi öz yolları ilə aparsınlar. - Başınıza gətirilən olayla bağlı kiməsə şikayət etmisinizmi? - Mən məhkəməyə şikayət etdim. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin sədri Müseyib müəllim dedi ki, sən nə danışırsan, Hacıbala müəllim merdir. Bu yaxınlarda eşitmişəm ki, mənim məhkəməmdən sonra hörmətli mer məhkəmənin sədrinə sərəncam verib. Mənə məlumat çatdırdılar ki, səni məhkəmədə udmaq üçün məhkəmə sədrinə bağ tikmək üçün sərəncam verilib. Mən kimlə mübarizə apardığımı çox yaxşı bilirəm. Təsəvvür edin ki, bu məhkəmədə hakim Şərafət xanım bir neçə günün içində bizim işlə bağlı fərqli qətnamələr çıxardı. Məndən 10 min manat pul aldılar ki, məhkəməyə qanuni rüsum verməlisən. Sonradan bildim ki, aldanıram. Bu zaman məhkəmə sədri hakimə dedi ki, utanmırsan ondan bu qədər pul alırsan? Elə bu hallara görə deyirdim ki, bura bazardır. Pulu onlara verəndə yanımda jurnalist də olub. Sonra hakimin katibi 10 min manatımı geri gətirdi. Elə bilirdim doğurdan da, məndən rüsum alırlar. Sonra biləndə ki, rüşvətdir, dərhal pulumu geri tələb etdim. Digər hakim Sevinc xanıma deyəndə ki, bura bazardır, məni zaldan qovdu. Mən sadəcə haqqımı tələb edirdim. Prezident İlham Əliyevin belə hadisələrdən xəbəri yoxdur. O, ölkənin rəhbəridir, dövlət işləri ilə məşğul olur. Hər şeydən xəbəri ola bilməz ki. Əgər bundan xəbəri olsa cibindən çıxarıb pulu verib deyərdi ki, eyibdir, belə işlər etməyin. - Hazırda sizin 35 min manat xərc qoyaraq düzəltdiyiniz obyekti Abutalıbovlar işlədir? - Xeyr. Onlar obyekti açmaq istəyirdilər və bu məqsədlə apelyasiyaya şikayət vermişdilər. Apelyasiya instansiyası da işi İnzibati-İqtisad Məhkəməsinə qaytardı. Biz də imkan vermirik ki, açsınlar. Oranı açmaq üçün çəkilən xərc ödənməlidir. - İddia edirdiniz ki, yanınıza vəhhabilər gəlib və onlar İsrafil Abutalıbovun adından danışıblar. Hətta deyirdiniz ki, bunun video görüntüləri var və mətbuata təqdim edəcəksiniz. Amma bu günə qədər etməmisiniz. Bəs niyə bunu mətbuata təqdim etmədiniz? - Məndə bununla bağlı bir neçə foto var ki, sizə təqdim edə bilərəm. Amma konkret video görüntüyə gəldikdə deyim ki, bu məsələni mətbuatda səsləndirdikdən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iki əməkdaşı bura gəldilər, nəyin baş verdiyi ilə maraqlandılar. Mən də diski onlara təqdim etdim. Amma siz çap edə bilsəniz vəhhabilərlə mənim söhbətim zamanı çəkilən fotoları təqdim edə bilərəm.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?