Femida.az –ın müsahibi Qarabağ müharibəsində vuruşmuş, “Bozqurd” batalyonunun komandiri Nurəddin Xocadır. Veteran döyüşçü bu gün 59 yaşını tamam edir.
– Nurəddin Xoca kimdir? – Əslim İrəvanlıdır. 1957-ci ildə Ermənistan Respublikasının İcevan rayonunda anadan olmuşam. Ondan əvvəl ailəmiz Bakıda yaşayıb. Anam orada partiyada işləyirdi. Onun işi ilə əlaqədar biz Ermənistana köçmüçdük. 1958-ci ildə yenidən Bakıya qayıtdıq. Burada Çəmbərəkənd deyilən ərazidə böyümüşəm. 132 nömrəli orta məktəbi bitirdikdən sonra Ukraynanın Odessa vilayətində hərbi xidmətimi keçdim. Hərbidən sonra Saratov Universitetinin tarix fakültəsini qiyabi bitirdim. – Uşaqlığınız necə keçib? – Uşaqlığım elə Bakı küçələrində, Çəmbərəkənd ətrafında… – Sizin həyatınızın böyük hissəsi müharibə ilə əlaqəlidir. Necə xatırlayırsınız müharibənin başlanğıc illərini? – Müharibə bizim üçün lap əvvəldən başlayıb. Biz unuda-unuda sonda Qarabağ faciəsini yaşadıq. Gözümü açandan müharibəni görmüşəm. Rəhmətlik nənəmin nəslində olan bütün kişiləri ermənilər güllələmişdilər. Bir əmisi də Türkiyədə Çanaqqala müharibəsində iştirak etmişdi və itkin düşmüşdü. 1986-cı ildə İrəvanın Zəngibasar mahalında – Masis rayonuna toya getdik. Toy aprel ayına düşdüyünə görə orada ermənilərlə aramızda qırğın düşdü. ( red- ermənilər aprel ayında “soyqırım”ı qeyd edirlər.) Bu, artıq qığılcımlar idi. Bunların arxasınca Bakıda küçə yürüşləri başladı. Artıq 1988-ci il idi. Bununla da hərəkatlar başladı. Artıq Meydan hərəkatı başlayanda biz AXC-nin Müdafiə Komitəsini yaratdıq.
– Müdafiə Komitəsinin əsas işi nədən ibarət idi? – Əsas vəzifəmiz Qarabağ qərərgahı zonalarının silahla təchizatı və Azərbaycanın azadlığı məsələsi idi. İlk əvvəl biz meydanın və AXC-nin qorunmasının təşkil edirdik. Çünki AXC-yə qarşı təxribatlar çox idi. – Müdafiə Komitəsində kimlər var idi? – Komitənin sədri Məmməd Əlizadə idi. Məhyəddin, Nizaməddin, Arif Tağıyev, Zakir doktor , qazaxlı Alik və digərləri var idi. Çoxunun adını yadıma sala bilmirəm. – Deyirsiniz, əsas vəzifəniz Qarabağ zonasını silahla təmin etmək idi. Bəs bu silahları haradan, necə əldə edirdiniz? – Əvvəli camaatdan yığırdıq. Sonralar hərbi hissələrə basqınlar hesabına silah əldə edirdik. Həmin müddətdə Azərbaycanı tam tərki-silah etmişdilər. Ermənistan isə silahlanırdı. Buna görə də silahlanmağımız vacib idi. Moskva Bakını iki yerə bölməyi planlaşdırmışdı… – Sonrakı proseslər necə davam etdi? – Artıq proseslər başlamışdı. 1990- cı ildə 20 yanvar hadisəsi baş verdi. Bu artıq xalqı silkələdi. Həmin vaxt xalq meydana axışdı. Proseslərim tam içindəydim. Moskvanın KQB-si bizi axtarırdı. Çünki biz ölkədə proseslərə dəstək verən fəallar idik. Bizi onlardan qoruyan oğullar oldu. Moskva Bakını iki yerə bölmək istəyirdi. Bir tərəfdə müsəlmanlar, digər tərəfdə xristianlar – ermənilər, ruslar yaşamalı idi. Bunun baş tutması üçün Moskvda işlər görürdü. Ancaq xalqın qanı bahasına planlar baş tutmadı. Eldar Əzizov məni kabinetində gizlətmişdi ki,… – Kim idi sizi qoruyan o oğullar? – Onlar bu gün də siyasətdə fəaldılar. Səbail rayonu İcra Hakimiyyətinin indiki başçısı Eldar Əzizov, Tofiq Quliyevin oğlu Eldar Quliyev, Ziya Bünyadov, Arif Məlikov, Tofiq İsmayılov kimi oğullar bizləri Moskvanın KQB-sindən gizlədirdi. Onlar qarışıq dövrdə hərəkata yardım üçün bir “ASİNAM” asosasiyası yaratmışdılar. Moskva mehmanxanasında 20 yanvar şəhid olanların ailələrinə xalq tərəfindən edilən yardımın çatdırılması təşkil edilirdi. Bizi qoruyan şəxslər millətin elitası idi. Onlar Moskvanın əmrinə gizli şəkildə zidd gedirdilər.
Moskvanın KQB-si isə xalqın içərisinə girmişdi… – Bəs ilk həbsiniz nə üstündə oldu? – İlk həbsim 1988-ci ildə meydan hərəkatı ilə əlaqəli oldu. Biz azadlıq tələb edirdik. Moskvanın KQB-si isə xalqın içərisinə girmişdi. Həmin vaxt bizi meydandan götürdülər. Elçibəygili Bayıla, bizi Şüvəlana apardılar. 13 gün həbsxanada aclıq aksiyası etdim. Oradan xəstəxanaya düşdüm. Sonra da xəstəxanadan qaçdım. Həmin illərdə həbsimiz adi hal almışdı. Məni tez-tez tutub, buraxırdılar. İndi həbsimdən danışarkən bir hadisə yadıma düşdü. 1989-cu ilin yayında Elçibəy dedi ki, Hökümət evinə Azərbaycan bayrağını sancmaq lazımdır. Mən ilk dəfə hökümət evinin qarısında bayrağımızı asdım. Yanımda adını unutduğum bir nəfər də var idi. Buna görə məni həbs etdilər və bərk döydülər. O qədər döymüşdülər ki, yeriyə bilmirdim. Xalq hərəkatı güclü olduğundan bizi çox həbsdə saxlaya bilmirdilər. Sonra 1990-cı ildə ikinci dəfə həbs olundum. Məni ermənilərin öldürülməsində, qeyri-qanuni silahlı dəstə yaratmaqda, irqi-dini ayrı-seçkilik salmaqda ittiham edirdilər. Təbii ki, bunlar hamısı bir bəhanə idi. Zeynəb Xanlarova kim idi ki?…
– Deyirsiniz ki, həmin dövürdə əsas tələblərinizdən biri Azərbaycanın müstəqillik məsələsi idi. Bəs, sizin bu təklifinizə qarşı çıxan azərbaycanlılar varidimi? – Niyə yox idi ki… Araz Əlizadə, Zərdüşt Əlizadə… Onlar da çox idi.Onlar istəmirdilər ki, Azərbaycan SSRİ-dən çıxsın. – Bu yaxınlarda sosial şəbəkələrdə oxudum ki, Zeynab Xanlarova da Azərbaycanın SSRİ-dən ayrılmasına qarşı çıxıb. Sizin bu haqda məlumatınız varmı? – Zeynəb Xanlarova kim idi ki? O adi bir müğənniydi. Həmin vaxt siyasi gücə malik deyildi. Sizə bir söz deyim. Meydanın əsas aparıcı lideri Nemət Pənhalı sayılırdı. Nemət Pənahlı ayın 26-da meydana çıxdı, danışdı və sonda dedi ki, dağılmalıyıq. Xalq onu çiyninə alıb, aparıb o vaxtkı 26-lar ( red- indiki Sahil bağı) bağında tulladı. Yəni, xalq dağılmaq istəmirdi. Onu demək istəyirəm ki, xalqın istədiyini vermək lazım idi. Onu etməyəndə o kütlənin qarşısını almaq olmazdı. Orada elə insanlar fitə basılıb qovulub ki… Tarixi kadrlarda hamısı qalıb. Belə bir şəraitdə Zeynəb Xanlarova heç kim idi.
– Bütün bu olanların arxasınca Qarabağda müharibə başladı. İstərdim sizin yaratdığınız “Bozqurd” batalyonunun necə formalaşmasından danışaq. – Bizim batalyon Müdafiə Komitəsinin bazası əsasında yaranıb. Biz meydanlardan səngərlərə gəlmişik. 1990-ci ilin martında “Bozqurd” yaradıldı. O vaxt biz silahla təminat məsələsinə baxırdıq. Həmçinin döyüşlərə getmək istəyənləri istiqamətləndirirdik. Hələki özümüz döyüşlərə girmirdik. 1991-ci ildən hərbi hissələrə hücum edib, silah ələ keçirməyə başladıq. Həmin vaxtlarda Rusiya Bakıdan silahlarını çıxarırdı. Bu ərəfədə Respublika Müdafiə Şurası yaradıldı. Ora Rəhim Qazıyev, Ayaz Mütəllibov, Araz Əlizadə, Tahir Əliyev daxil idi. Bu bizim gücümüzü bir qədər də artırdı. Əsas vəzifəmizdən biri də rus hərbçilərinə hücum edib, silah ələ keçirmək oldu. Badamdarda yerləşən hərbi hava qüvvələrindən müdafiə üçün qrad sistemini ələ keçirdik. Onun ardınca Lökbatanda, Qaraheybətdə, Razində yerləşən hərbi hissələri tərk-silah etdik. Ruslar 5 KAMAZ dolu silah çıxarmaq istəyərkən onları saxladıq. Bütün bunları Moskva televizyası göstərirdi. Ümumiyyətlə az vaxtda çox sayda silah ələ keçirdik. Get-gedə bizə qoşulan könüllülərin də sayı artırdı. Atışmada 14 güllə yarası aldım…
– Deyirsiniz hücum edib silah-sursat ələ keçirirdiniz. Həmin vaxt həmin silahlı əsgərlər sizə müqavimət göstərmirdimi? – Hərbi hissələrə axırıncı hücumumuz uğursuz alındı. 91-ci ilin noyabrın 24-də Pirəkəşküldə yerləşən hərbi hissəyə hücum etdik. Orada “Salyanski kazarma”nın əsgərləri təlim keçirdi. Həmçinin, Əfqanıstandan çıxarılan xüsusi təyinatlılar da orada yerləşmişdi. Yedək qüvvələrimiz müəyyən səhvə yol verdi. Nəticədə bizi arxadan pusquya salıb, vurdular. İki döyüşçümüz şəhid oldu. Həmin atışmada 14 güllə yarası aldım. Bizim maşına 300 güllə vurmuşdular. Rəhimgil özlərini vaxtında çatdırmasıydılar, bizi güllələyəcəkdilər. Hamımız da qırılacaqdıq. – Kimlər idi həmin döyüşdə şəhid olanlar? – Adları Elxan və Zakir idi. Məzarları şəhidlər xiyabanındadır. – Siz də həmin əməliyyatda 14 güllə yarası aldınız. Sizi kim xilas etdi bəs? – Beldən aşağı hər tərəfim dərmə-deşik idi. Məni çətinliklə ərazidən çıxarıb xəstəxanaya çatdırdılar. Özümü hiss etmirdim. Bakıda ayağımı kəsmək istəyirdilər. Rəhmətlik Elçibəy Türkiyə ilə danışıb məni gecəynən sənədsiz ora göndərdir. Türk həkimlər 9 saat üzərimdə əməliyyat keçirdi. Sağolsunlar ki, ayağımı saxladılar. Sağalandan sonra yenə qayıtdım. Batalyonumu yığıb, yenidən işimizə başladıq. Mənim batalyonum təlim batalyonu idi. Döyüşmək istəyənləri toplayırdım, seçirdim. Hər avtomat istəyəni ön cəbhəyə vuruşmağa göndərmək olmaz axı. Hərənin öz işi olmalıdır. – Birbaşa döyüşlərdə iştirak etdiyiniz əməliyyatlar hansı olub? – 1992-ci ilin dekabrında gecəynən İsgəndər Həmidov zəng etdi ki, Zəngilan gedir. Təcili ora getmək lazımdır. 28 nəfərlə ora yollandıq. Zəngilanın çıxmasını bir qədər yubatdıq. Sonra tam qüvvəmizlə Sarıbaba əməliyyatına ağır döyüşə girdik. Bizim dəstə bir nəfər də olsun itki vermədi. Bundan əlavə Qubadlı, Qazax, Ağdam istiqamətində də vuruşmuşuq. 40 nəfər Laçına girib, erməniləri qırmışdı… – Komandir kimi ən çətin döyüşünüz hansı olub? – Döyüşün yüngülü olmur. Ancaq daha çox güc sərf etdiyimiz döyüş Sarıbaba əməliyyatı idi. Bu əməliyyatla Laçına girməliydik. Bir qrup əsgərimiz düşmənin arxa tərəfinə keçmişdi. Arxayla əlaqə yaratmaq çətinləşmişdi. 40 nəfərə qədər döyüşçü Laçının girəcəyinə qədər getmişdi. Çoxsaylı erməni qırılmışdı. Arxadan kömək gəlmədiyi üçün onlar geri qayıtdılar. Bu əməliyyatda itki vermədik.
– Komandir Nurəddin Xoca döyüşlərdə neçə şəhid verib? – Azərbaycanda ən az şəhid verən batalyon komandiri mənəm. Çünki komandir əsgəri ölməyə yox, öldürməyə göndərməlidir. Mənim batalyonumdan 20 nəfər döyüşçü şəhid olub. Milli Qəhrəman İbrahim Məmmədov mənim batalyonumdan çıxıb. Sonralar Əfqanıstan batalyonunda Murovda şəhid oldu. – Şəhidləri xatırlayaq. Kimlərdir onlar? – Vaqif Salmanov, İlham Həsənov, Mübariz, Zakir, Azad Əliyev, Həmid və başqaları. Qadınlar var idi ki, şəhid oğullarının məzarı başında hər il dönümü erməni başı kəsirdilər… – İndi qəhrəman şəhidlərimizin adlarını çəkdiniz. Bəs yaşayan Milli Qəhrəman olar ? – Ola bilər. Biz həmişə uduzmamışıq ki. 1992-ci ilin sentyabrına qədər biz Xankəndinə girirdik. Ancaq məlum siyasi hadisələr baş verdi. Milli Qəhrəman adına mən fərqli baxırıam. Kişinin borcu vuruşmaqdır. Hər kəs də borcunu verir. Hər vuruşan, hər baş kəsən qəhrəman sayılmır. Qubadlıda qadınlar var idi ki, şəhid oğullarının məzarı başında ildönümündə erməni başı kəsirdilər. Onlar da Milli Qəhrəmandır? İbad Melkonyanın öldürülməsi ilə bağlı əfsanələr yaradıb… – Söhbət baş kəsməkdən düşmüşkən. Melkonyanın başını kim kəsib? – Birinci deyim ki, ölünün başını kəsməyi döyüşçüyə yaraşdırmıram. İbad deyir ki, Melkonyanın başını o kəsib. Amma həqiqət başqadır. Düzdür, İbadın da müharibədə döyüşü olub. Bir dəfə də minaya düşüb. Ona uyğun da medalını alıb. Amma qalan şeylər şişirtmədir. Ondan da böyük qəhrəmanlar olub müharibədə. Heç adları da çəkilmir. Bu Melkonyan barədə o vaxtlar Baş Kəşfiyyat İdarəsinin rəisi, general Talıb Məmmədovla da söhbət etmişəm. Melkonyan Mərzilidə hücum zamanı atılan mərmidən ölüb. Orada iki BMP-miz atəş açıb. BMP-lərdən biri qəhrəman döyüşçü Asifgilin olub. Asifə məsələn qəhrəman adı düşür. O müharibə vaxtı erməninin içərisinə girib, düşmən BMP-sini götürüb geri qayıdıb. Həmin Melkonyanı da bu iki dəstədən biri öldürüb. İbad Melkonyanın öldürülməsi ilə bağlı əfsanələr yaradıb. Amma şəhidin haqqına girmək olmaz. – Bəs İbad Hüseynovun əlində olan baş kimin başıdır? – Müharibədə o qədər baş kəsilib ki…Mən öz batalyonuma baş kəsməyi qadağan etmişdim. Amma erməni başı, qulağı kəsənlər olurdu. Mən şəxsən rəssam dostuma həmin başın şəklini yoxlatmışam. Ölçülər Melkonyanın başına uyğun gəlmir. Bunu müəyyən etmək çox asandır. Sadəcə ekspertiza yolu ilə həmin şəklin kimə aid olduğunu bilmək olur. Bundan əlavə İbadın verdiyi sənədlərlə bağlı çoxsaylı uyğunsuzluqlar var. Məsələn o qeyd etdiyi komandir həmin hərbi hissəyə sonralar gəlib.Şəxsən mən İbadı qəhrəman saymıram. O da hamı kimi döyüşçü olub. Borcunu yerinə yetirib.
– Bəs təkbaşına bir əsgərin yüzlərlə düşməni məhv etməsinə qəhrəmanlıq kimi baxmırsınızmı? – Bu komandirin əmri ilə baş veribsə əlbəttə qəhrəman sayıram. Komandanlığın xəbəri olmadan qarşı tərəfə keçən əsgərə haqq qazandırmaq olmaz. Bu hərbi cəhətdən nizamnamənin kobud şəkildə pozulmasıdır. Məgər komandanlıq yoxdur? Kim istəsə keçib istədiyini edə bilər? Əlbəttə yox. Qarşıda düşmən kəşfiyyatı dayanıb. Həmin yolu görə və bizim əsgərimiz təhlükədə qala bilər. Biz hər şeyə reallıqla yanaşaq. Orduda əsgər əmrə tabedir. Bura hərbidir. Hərbinin öz qanunları var. Siz dedikləriniz kinolarda olur. – Həmin illərlə bağlı deyirlər ki, kimlərsə torpaqları satdı. Hardan qaynaqlanır bu söhbətlər? – Mən inanmıram kimsə torpaq satıb. Sadəcə təxribatlar, siyasi qalmaqallar oldu. Mən eşitməmişəm kimsə torpaq satsın. – Zakir Həsənovla hara kimi getmək olar? – Zakir Həsənovun Səfər Əbiyevdən fərqi odur ki, indiki nazir əsgərə hörmət qoyur. Səfər Əbiyevin dövründə silahlar pas atmışdı. Səfər Əbiyev bir gülləyə görə əsgərə iş verirdi. Zabitlər gülləni pulnan alırdı. İndiki nazir bütün texnikanı çıxardıb üzə. Zakir Həsənov sözün əsl mənasında ordu yaratdı. Zakir Həsənovla İrəvana qədər getmək olar. Mən onda gücü görürəm. Aprel döyüşlərində biz ordumuzun gücünü gördük. Düzdür, müəyyən çatışmayan cəhətlərimiz də var. Onların da üzərində iş gedir. Oruc tutan əsgərdən əsgər olar?!… – Bəs əsgər namaz qılmalıdır? – Yox. Müsəlmansan, dindarsan evində. Hərbidə oruc da, namaz da, iman da nizamnamədir. Oruc tutan əsgərdən əsgər olar?! Gəlin, reallıqdan danışaq. Əsgər əsgərdir. Başqa söhbət ola bilməz. – Lələtəpə yüksəkliyi hərbi cəhətdən nə qədər əhəmiyyətlidir? – Lələtəpənin adı təpə olsa da böyük bir ərazini – Talışı, Füzulini nəzarətdə saxlayır. Özündən başqa 10 kilometr ərazini izləməyə imkan verir. Biz həmin o Lələtəpədə 92-ci ildə yüzlərlə şəhid versək də, saxlaya bilməmişdik. İtkilərimiz olsa da, bu döyüşləri böyük qələbə hesab edirəm. 20 il minalanmış ərazini keçmək özü bir qəhrəmanlıqdır. Bu ordu, bu raketlə İrəvanı da vurmaq olar… – İtkilərimizdən söz düşmüşkən. Hərbidən anlayışı olmayanlar deyirlər ki, apreldə niyə itki verdik? Peşəkar komandir bu suala necə cavab verər? – Hərbidə bir qanun var. Hücum edən tərəfin itkiləri 3 dəfə çox ola bilər. Bizim ordu Rusiyanın və Ermənistanın “keçilməz sədd” adlandırdığı bir maneni keçdi. Özü də bir saat içərisində. Bu böyük işdir. Hakim təpəyə qalxmaq üçün itki vermək təbiidir. Mən bu cür söz-söhbətlərin yaranmasında günahı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin və Analitik Şöbəsinin yarıtmaz işində görürəm. Onlar düzgün təbliğat və informasiya yaymalıdırlar. Əgər düşmən tərəfi 100 nəfər itki vermişdisə, biz 300 nəfər şəhid verməli idik. Amma o rəqəmdən qat-qat az şəhid verdik. Bu da ordunun hazırlığından xəbər verir. Mən bu əməliyyyatları yüksək qiymətləndirirəm. Bu orduynan, bu raketnən İrəvanı da vurmaq olar. – Bizə düşməni zəif, gücsüz göstərirlər, yaxud görürük. Düşmən həqiqətən də belə cılızdırmı? – Əsl sərkərdə düşməni zəif olsa da, onu güclü görməlidir. Bizimlə müqayisədə erməni ordusu texnika və şəxsi heyət baxımından geridir. Bu danılmaz faktdır. Amma reallıq budur ki, həmin düşmən bizim 20 faiz torpağımızı işğal edib.
Aygünlə videomu “KQB” çəkib… – Nurəddin müəllim, sizin mətbuatda Aygün Kazımovayla videonuz yayımlanmışdı. Sizi Aygün Kazımovayla nə bağlayırdı? – Həmin video 1993-cü ildə Bakıda yerləşən “İstanbul” restoranında çəkilib. Mən həbsxanadan təzə çıxmışdım. Uşaqlar qonaqlıq verirdilər. Aygün də orada müğənni kimi oxuyurdu. Elə oldu ki, bir yerdə rəqs etdik. O vaxt mən komandir deyildim. Həmin vaxt elə gizli videoları “KQB” çəkirdi. Aygün Kazımovayla tanışlığımız müharibə illərində olub. Könüllü kimi o da bizim batalyona qoşulmuşdu. O mənim batalyonumda Qubadlıya, Zəngilana qədər gedib. Tibb bacısı olsa da, avtomatı da var idi. Atmağı da bacarırdı. Bunu hər kəs görüb. Aygünü də, məni də, digərlərini Aztv, Ans çəkib. İstəsələr, göstərərlər. Batalyonlarda qadınlar da olurdu. Bu təbii haldır
– Barıt qoxusu hiss etməyənlər müharibə istəyir… – Mən müharibənin nə olduğunu gözəl bilirəm. O barıtın da qoxusu indiyə qədər burnumda qalıb. O qədər özündən deyən oğlanlar olub ki, güllə səsinə özünü itirib. – Müharibə, yoxsa, sülh? – Müharibə. Sülh yolu ilə həll olunsaydı bu günə qədər olardı. Qanla verilən torpaq, qanla da alınmalıdır. – Son günlər Qarabağ əlilləri, şəhid ailələrinə verilən sosial müavinətlə bağlı müəyyən söz-söhbətlər oldu. – Qarabağ əlilinə, şəhid ailələrinə diqqət olmalıdır. Bizə dövlət baxmalıdır. Kim baxmalıdır ki? Kim bizim haqqımızda artıq nəsə deyibsə, səhv edib. – Düşməni nə dərəcədə tanıyırıq? Bəzən erməni bayrağı əvəzinə Kolumbiya bayrağını qırırıq… – Düşmən bayrağı bu gün mənim ofisimdə ayağımın altındadır. Tanıyan tanıyır… – Bu gün mətbuat açıqlama almaq üçün hərbi ekspert tapmır. Səbəb nədir? – Əslində bilən adamlar var. Ancaq onları tapıb danışdırmaq lazımdır. Abuzər Əbilov, Xətai Baxışov, Nazim Bayramov və başqaları gözəl hərbi ekspertlərdir. Bu gün Üzeyir Cəfərov üzdədir. Əslində o hərbi eskpert yox, hərbi jurnalistdir. Ancaq bu sahəni daha dərindən bilənlər arxada qalıb. – Bu gün sizin də saytınız var. Komandir hara, mətbuat hara? – Tarix fakültəsini bitimişəm. 2002-ci ildə həbsdən çıxandan sonra siyasətə girmək istədim. Çox çirkinlikləri gördükdən sonra geri çəkildim. Həmin vaxt “Xural” qəzetinə, Əvəz Zeynallının yanına getdim. Əvəz Zeynallı ilə Eldəniz Elgün mənə dəstək verdilər ki, yazım. Sonradan Əvəz həbs edildi, “Xural” bağlandı. Ondan sonra mən “Terefinfo” saytını yaratdım. İctimai əsaslarla işləyirik. Buna baxmayaraq mən özümü jurnalist hesab etmirəm. – Nurəddin Xocanın müharibə sandığında hansı sirrlər yatır? – Çox sirrlər. O sirrlər ki, mənimlə qəbrə qədər gedəcək. Mən nəyin ki, müharibənin, lap elə siyasətin də içərisində, özü də yüksək yerində olmuşam. Bildiyim hadisələr də çoxdur. – Komandirin son sözü nədir? – Nə qədər ki, Qafqazda erməni var, Türkün başı bəladadır. Arzum İrəvana qədər getməkdir. Buna görə də qələbəmizi birlikdə görürəm.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?