Tofiq Zülfüqarov: “Tendensiya göstərir ki, artıq Amerika region məsələlərində daha passiv bir mövqedə duracaq”
Amerikada son president seçkiləri, bu seçkilərin MDB məkanına təsiri, xüsusilə Dağlıq Qarabağ münaqişəsində göstərə biləcəyi təsir xüsusi əhəmiyyət daşıyır. Son günlər Ermənistan prezidenti Sarkisyanın verdiyi Qarabağ bəyanatlar, Rusiya-Ermənistan birgə ordu birləşməsinin yaradılması diqqətdən kənarda qala bilməz. Azərbaycanın sabiq baş diplomatı, ictimai-siyasi xadim Tofiq Zülfüqarov bu məsələlərə dair fikirlərini bölüşüb.
- Tofiq müəllim, ABŞ-ın yeni prezidenti Trampın elan etdiyi yeni siyasət kursu Cənubi Qafqaz regionu, MDB məkanı, xüsusilə Rusiyaya hansı təsirləri olacaq və bu siyasətin özü nədən ibarət ola bilər?
- İndiki mərhələdə, 2017-ci il yanvarın 20-dək xarici siyasət kursu o mərhələdədir ki, onun konkret elementləri formalaşır. Sadəcə olaraq tendensiyalar barədə bəyanatlar verilir. O tendensiya bəyanatları seçkiqabağı müddətdə də bəyan olunub. Ümumiyyətlə, biz Barak Obamanın seçkiqabağı bəyanatlarını yada salsaq, onun bəyanatları Amerikanın daha çox izolisonizm– özünü daxili siyasətin mərkəzi kimi göstərmək və xarici siyasətdən bir az uzaqlaşmaq idi. O, bu bəyanatlarının bir hissəsini həyata keçirib. Amerika artıq birbaşa öz qoşunları ilə böyük münaqişələrdə iştirak etmir. Hesab edirəm ki, bu tendensiyanı Tramp da davam etdirir. O, elə hesab edir ki, Amerika daha çox daxili məsələlərlə məşğul olmalıdır, nəinki xarici məsələlərlə. Onun qələbəsinin əsas səbəblərindən biri ondan ibarətdir ki, artıq Amerika seçiciləri daha çox öz ölkəsinin problemləri ilə məşğul olan prezidentin olmasını istəyib. Tendensiya onu göstərir ki, artıq Amerika region məsələlərində daha passiv bir mövqedə duracaq. Onun nəticəsi ondan ibarət olacaq ki, region oyunçuları dünyanın müxtəlif yerlərində daha aktiv olacaq. Yəni, biz öz regionumuzu götürsək, daha aktiv Rusiya, Türkiyə və İran olacaq.
- Trampın elan etdiyi xarici siyasət kursu Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə bilərmi?
- Yox. Çünki Dağlıq Qarabağ məsələsində hansısa irəliləyişə nail olmaq üçün beynəlxalq qurumlar daha fəal olmalıdır. Təbii ki, beynəlxalq qurumların əsas oyunçusu Amerika olub. Əgər Amerika xarici siyasətdə, hər bir məsələdən çalışacaq uzaqlaşsın, deməli, artıq beynəlxalq qurumlar bu məsələdə fəal olmayacaq. Hesab edirəm ki, əgər biz ümidimizi beynəlxalq qurumlara bağlasaq, bizi bir passivlik dövrü gözləyir. Münaqişənin gedişində Rusiyanın rolu daha da mökəmlənəcək. Çünki apreldən sonra baş verən hadisələr onu göstərir ki, Rusiya bəyan etdiyi təzyiqini heç də istifadə etməyib və onun fəaliyyəti Ermənistana sadəcə olaraq silah göndərməklə nəticələndi.
- Söhbət dağlıq Qarabağdan düşmüşkən Ermənistan və Rusiyanın birgə ordu yaratması qərarını necə qiymətləndirmək olar?
- Dağlıq Qarabağ və işğal edilən torpaqlar Azərbaycan dövlətinin ərazisidir. Rusiya-Ermənistan hərbi əməkdaşlığının qanuni baxımdan Dağlıq Qarabağ münaqişəsinə, bu torpaqlara aidiyyəti ola bilməz. Üstəlik burada Rusiya-Ermənistan bir ordusunun yaradılmasından və hərbi əməkdaşlıqdan söhbət gedə bilməz. Söhbət Ermənistan ordusunun Rusiya ordusuna inteqrasiyasından gedə bilər. Bu göstərir ki, Ermənistan öz ordusunun idarə edilməsindən addım-addım təcrid olunur.
- İddia edirsiniz ki, birgə ordu birləşməsinin yaradılması bizə qarşı deyil?
- Təbii ki, Ermənistan tərəfi daima göstərmək istəyəcək ki, bu Azərbaycana qarşıdır. Belə cəhdlər var və bundan sonra da olacaq. Amma apreldən sonra Rusiya tərəfinin verdiyi bəyanatlar onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi Rusiya-Ermənistan əməkdaşlığı ilə əhatə olunmur. Ən azından hüquqi baxımdan. Praktiki baxımdan mənim fikrimcə, orada müəyyən təhlükələr var, amma hüquqi tərəfdən Rusiya dəfələrlə elan edib ki, münaqişənin Erevan-Moskva əməkdaşlığına aidiyyəti yoxdur.
- Sarkisyan son müsahibəsində təklif edib ki, Azərbaycan və Ermənistan rəhbərliyi arasında qaynar xətt yaradılsın və cəbhədə baş verən insidentləri iki ölkə başçısı rahat müzakirə edə bilsin...
- Hesab edirəm ki, Ermənistan rəhbərliyi özünü çox ağıllı hesab edir. İndi də düşünürlər ki, çox ağıllı fikirlər səsləndiriblər. Əgər onlar qaynar xətt istəyirsə, çox gözəl. Amma bu qaynar xətlə dialoq zamanı birinci xəbər o olmalıdır ki, Ermənistan işğal edilən torpaqları tərk edir. İstəyirlərsə, bunu xəbər versinlər və ya birbaşa əlaqə saxlayıb bu haqda danışsınlar. Digər məsələlər üçün mən hesab etmirəm ki, bizə əlavə nəsə lazımdır.
- Sarksiyan həm də Azərbaycanın ərazi bütövlüyünün tanıdığını elan edib, deyib ki, amma xalqların öz müqəddəratını təyin etmə hüququ da tanınmalıdır...
- Bu da, ermənilərin bir növ oyunlarıdır. Əlbəttə, buna təzə oyunlar da demək doğru olmazdı.
- Ermənistan prezidenti Türkiyə ilə sərhədlərin açılması haqqında danışıb, hesab edib ki, bununla bağlı Türkiyə tərəfi ilkin şərlət irəli sürməməlidir. Yəni işğalçı ordunun Azərbaycan torpaqlarından çıxmasını tələb etməməlidir. Bunu necə dəyərləndirmək olar?
- Bilirsinizmi, Sarksiyanın bu fikiri, habelə yuxarıda qeyd edilən iki fikrinin ümumi bir istiqaməti var: indiki vəziyyəti dondurmaq, ona hansısa hüquqi status vermək və beynəlxalq təminatlar almaq. Erməni tərəfinin istəyi buna yönəlib. Təbii ki, onlar bu siyasəti yeridirlər. Azərbaycan bu siyasətə öz mövqeyini müxtəlif səviyyələrdə dəfələrlə bildirib. Yenidən bu oyunları şərh etmək və ya onlara cavab verməyi doğru hesab etmirəm. Azərbaycan indiki vəziyyətlə heç vaxt razılaşmayacaq və təbii ki, işğal edilən Azərbaycan əraziləri boşaldılmalıdır. Bundan sonra Türkiyə ilə sərhəd açılması məsələsi, Erevanla Bakı arasında qaynar xətt və digər məsələlərin hamısı həll edilə bilər. Ancaq əsas şərt həyata keçirilməlidir-işğal edilən Azərbaycan torpaqları boşaldılmalıdır. Çünki əsas problem Dağlıq Qarabağ daxil olmaqla Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasıdır. Və bu ərazilər iddiası ona gətirib çıxarıb ki, Azərbaycan torpaqlarının bir hissəsi işğal edilib, etnik təmizləmə aparılıb. İndi də bu əraziləri qanunsuz nəzarətləri altında saxlayırlar. Və istəyirlər ki, indiki mövcud vəziyyəti bu və ya digər formada donrusunlar, ona müxtəlif don geydirsinlər. Təbii ki, Azərbaycan bunu heç bir halda qəbul etmir. Əgər onlar həqiqətən də, problemlərin həll edilməsini istəyirlərsə, ciddi danışıqlara hazır olmalıdırlar və danışıqlar aparılmalıdır.
- Ermənistan Rusiyadan aldıqları “İsgəndər” raket kompleksi ilə regionda hərbi balansı bərabərləşdirə bilibmi?
- Birincisi onu deyək ki, Sarkisyanın bəhs etdiyi kompleks taktiki nüvə silahının istifadəsi üçün yararlıdır. Başqa sözlə, bu kompleks 300-500 kiloqram partlayıcı maddəni hədəfə çatdırmaq imkanı var. Əgər bu silah adi partlayıcı maddəni istifadə edəcəksə, sizə deyim ki, bu halda onu əvəz edəcək çoxlu sayda alternativ silahlar mövcuddur. Yox, əgər nüvə silahından gedirsə, bu vacib kompleksdir. Adi partlayıcını hədəfə çatdırmaq məsələsi qoyulursa, onu əvəz edəcək çoxlu silah göstərə bilərik. Məsələn, adicə qırıcı təyyarəni götürək. Müasir təyyarə həmin kompleksdən qat-qat çox partlayıcı maddə apara və endirə bilər. Bu mənada Sarkisyan verdiyi bəyanatlarla çalışır ki, bu raket kompleksini həlledici amil kimi göstərsin. Ancaq heç də belə deyil. Bir daha deyirəm ki, Naxçıvandan Erevana qədər olan məsafə qat-qat azdır. Başqa sözlə, Azərbaycan istənilən vaxtı istənilən nöqtəyə zərbə endirə bilər. Hərbi balans isə dəyişməyib və dəyişə də bilməz. Bu sadəcə olaraq psixoloji bir elementdir və Sarkisyan bundan maksimum istifadə etməyə çalışır. Hesab edirəm ki, bizim hərbi mütəxəssislərimiz onun mövqeyini ciddi tənqid etməlidir. Azərbaycanın hərbi hava qüvvələrinin üstünlüyü, digər sistemlərdən irəli olması reallıqdır. Ermənilər bunu çox yaxşı bilir.
- Prezidenti Əliyevdə Fizulidə olarkən “elə bir düşmən hədəfi yoxdur ki, Azərbaycan onu vura bilməsin” bəyanatını necə qiymətləndirirsiniz?
- Təbii ki, bu belədir və hər kəsə də bəllidir. Sadəcə olaraq Sarkisiyan ritorikanı gücləndirir və bəzən buna biz tərəfdən cavablar verilmir. Hesab edirəm ki, bizim jurnalistlərimiz ciddi şəkildə Sarksiyanın qeyd etdiyi kompleks haqqında informasiya toplamalıdır. Təbii ki, regionda hərbi balans dəyişməyib və 2 apreldən sonra olduğu kimi qalır. İndi Sarksiyan deyir ki, apreldə biz qələbə çaldıq və s.
Adama deyərlər ki, əgər sən apreldə qələbə qazanmısansa bəs niyə müdafiə nazirini, nazirliyin yüksək çinli generallarını, idarə rəislərini işdən çıxarmısan? Niyə sənə qarşı erməni cəmiyyətində ciddi tənqidlər olur? Hələ apreldən sonra deyirdilər ki, hərbi avtomobilləri işlək hala gətirmək üçün benzin-yanacaq olmayıb və s.
- Hazırda danışıqlar prosesi haqqında nə demək olar, sizcə diplomatik danışıqlar üçün münbit şərait varmı?
- Qənaətimcə, hazırda danışıqlar üçün optimist mövzu yoxdur. Bu haqda ABŞ dövlət katibi Kerri, Rusiya prezidentinin köməkçisi Uşakov söyləyib və s. Təəssüflər olsun ki, Erevan ciddi danışıqlardan qaçır və çalışır ki, köhnə qayda ilə dünya ictimaiyyətini aldatsın. Ancaq unutmaq lazım deyil ki, bu məsələni Azərbaycan və Ermənistan həll etməlidir. Hazırda bu iki ölkə üz-üzə qalıb və ortada da problem mövcuddur. Əfsuslar olsun ki, Azərbaycan ordusunun aprel dərslərindən Ermənistan tərəfi nəticə götürməyib. İstisna etmirəm ki, gələcəkdə aprel hadisələrinin təkrarı bu və ya digər formada baş verə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?