Vəfa Quluzadə: “ABŞ-ın Rusiya ilə müəyyən sövdələşməsi olmasa, Rusiya bu addımları ata bilməz”
Rusiyanın Ermənistanla yeni hərbi əməkdaşlığa daxil olması, Gürcüstanla əlaqələrinin müsbət məcraya yönəlməsi faktını təhlil edən ekspertlər, bunu Şimal dövlətin Cənubi Qafqazda möhkəmlənməsinin təzahürü kimi qeyd edir. Vəziyyəti şərh edən politoloq Vəfa Quluzadə də bu məqamın üzərində dayandı. Politoloqun sözlərinə görə, Ermənistan çoxdan Rusiya tərəfindən əzilib.“Ermənistan Rusiyanın kaloniyası, Azərbayacan isə müstəqillik yolunu seçmiş Qərbyönlü bir dövlətdir. Ona görə də Rusiya Ermənistanı Azərbaycan əleyhinə silahlandırır, düşmənçilik edir. Rusiya Ermənistanın bütün iqtisadiyyatını satın alıb. Rusiya ermənilərin bir çox xarici ölkələrdə diasporalarının olmasından istifadə edərək, manipulyasiya edir. Burada nə erməni xalqının, nə də Ernənistan dövlətinin maraqları nəzərdə tutulmur. Mən dəfələrlə demişəm ki, əgər Azərbaycanın 20 faizi Rusiyanın işğalındadırsa, Ermənistan bütövlükdə Rusiyanın işğalındadır” – V.Quluzadə söylədi. Politoloqun fikrincə, Rusiyanın bölgədə aktivləşməsi aydın şəkildə görünür. Bu, bir sıra adamlarda şübhə yarada bilər. “Çünkü bü gün ABŞ dünyanın ən aparıcı qüvvəsidir. ABŞ-ın Rusiya ilə müəyyən sövdələşməsi olmasa, Rusiya bu addımları ata bilməz. Artıq Rusiya neft dollarlarından başı gicəllənmiş bir ölkəyə çevrilib və aqressiv siyasət aparır” –deyə V.Quluzadə əlavə etdi. V.Quluzadə hesab edir ki, Qərb çoxdan Rusiyanı özünün partnyoru hesab edir və bir çox sahələrdə ondan istifadə edir. “Amerika Rusiyanın kiçik dövlətlərlə qurduğu əlaqələrə göz yumur. Rusiya da bunu bilərək bölgədə fəallaşır, keçmiş sovet respublikalarında öz fəaliyyətini gücləndirir. Bir sözlə, Amerikanın maraqları olmayan yerdə Rusiya fəallaşır. Amerika dünyanın böyük bir dövləti kimi dünyaya öz malı kimi baxıb, ölkələrin idarəçiliyini “nökərlərinə” tapşıra bilər. O cümlədən də Amerika Qarabağ, Moldova və digər məsələlərin həllini də Rusiyaya tapşıra bilər” -V.Quluzadə dedi. Politoloq bu mənada Rusiyanın Cənubi Qafqazda nəzarəti öz əlinə götürməsini mümkün hesab edir. Onun sözlərinə görə, Amerikaya kiçik dövlətlərin işlərilə məşğul olmaq çox xırda görünür. “Hazırda Amerika birinci növbədə öz gücünü inkişaf edən, güclənən Çini yıxmaq üçün cəmləyir” – V.Quluzadə söylədi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?