Əli Abbasov: “Trampın ətrafında anti-Rusiya ab-havasında olan siyasətçilər toplaşıb”
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun sabiq şöbə müdiri, siyasi analitik, professor Əli Abbasov günün aktual mövzularını şərh edib. Siyasətşünas əsasən Ermənistan prezidentinin son bəyanatlarını, ABŞ-da baş tutan və hələdə müzakirə mövzusu olan son prezident seçkilərini, bu seçkilərin qlobal siyasətə təsiri, Suriya problemi, ABŞ-Rusiya münasibətləri və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb. Müsahibəni təqdim edirik.
- Dünya bazarında neftin qiymətinin 2017-ci ildə artması gözlənilirmi?
- Bununla bağlı da fərqli yanaşmalar mövcuddur. Bəzi proqnozlara görə, artıq neft 60-70 dollar olmalı idi. Ancaq gördüyünüz kimi bu proqnoz özünü doğrultmadı. Mənim şəxsi qənaətimcə, yaxın vaxtlarda neftin qiymətində xüsusi bir bahalaşma özünü büruzə verməyəcək. Daha çox 40-50 dollar arasında dəyişəcək. Bütün bunlar öz yerində. Ancaq bəllidir ki, neft həm də siyasətdə istifadə olunan ciddi alətlərdən biri olaraq qalır. Bu mənada siyasi oyun formasında neftin qiyməti yüksələ də, ucuzlaşa da bilər. Siyasi instrument kimi neftlə oynayırlar. Başqa sözlə, neftin qiyməti qəfildən qalxıb, qəfildən də düşmür. Onu sadəcə olaraq idarə edirlər. Ancaq indiki mərhələdə onun qiymətinin ciddi bahalaşacağı ehtimalı azdır.
- Ermənistan prezidenti Serj Sarkisiyanın son açıqlamalrını necə qiymətləndirirsiniz?
- Fikrimcə, onun fikirlərində xüsusi bir yenilik yoxdur. Moskvaya gedib bir cür danışır, sonra İrəvana qayıtdıqdan sonra başqa cür bəyanatlar verir. Rusiya da bir söz demək, başqa yerdə başqa cür danışmaq artıq adi hal alır. Mənim fikrimcə, son bəyanatlarda xüsusi bir yenilik yoxdur. Məsələn, Sarkisiyan deyib ki, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır, dəstəkləyir, hörmət edir. Əslində bir ölkənin ərazi bütövlüyünü tanımamaq həmin dövlətə müharibə etmək mənasını da daşıyır. Sarkisiyan Azərbaycanın 20 faiz torpağının işğal edilməsində xüsusi rol oynayıb, əsas adamlardan biri olub. Odur ki, danışmaqla
atılan hərəkət paralel olmalıdır. Sarkisiyan əgər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, buyurub bunu addımları ilə sübuta yetirsin. Əks halda, deyilənlərə ciddi yanaşmağa dəyməz.
- Sarkisiyan həm də Azərbaycan prezidenti ilə qaynar xətt yaratmaq təşəbbüsü ilə çıxış edib...
- Mən bilən əvvəllər belə kontaktlar olub. Ancaq görünən budur ki, indi belə kontakt artıq yoxdur. Mən deyə bilmərəm ki, rəsmi Bakı Sarkisyanın bu təşəbbüsünə müsbət və ya mənfi cavab verəcək. Normalda dialoq, birbaşa ünsiyyət yaxşıdır. Çox güman ki, bu təşəbbüslə çıxış edən Sarkisiyanın həm də siyasi məqsədləri var. Ola bilsin ki, Bakı bu təşəbbüsü rədd etsə Sarksiyan dərhal deyəcək ki, onun sülh çağırışlarına qarşı tərəf mənfi reaksiya göstərir. Normalda birbaşa əlaqələr yaxşıdır, buna müsbət yanaşmaq lazımdır. Sadəcə qarşı tərəf dediklərini əməldə sübut etməli, ortaya qoymalıdır. ABŞ və SSRİ-nin ən kəskin dönəmlərində birbaşa əlaqələr var idi, hansısa məsələlərin müzakirəsi aparılırdı.
- Sarkisyan regionda silahlanma haqda danışarkən bəyan edib ki, hərbi balansı saxlamaq məqsədilə Rusiyadan “İsgəndər” kompleksi almağa məcbur olublar...
- Açığı, mən inanmıram ki, Rusiya bu silahı birbaşa Ermənistan ordusuna versin. Məncə, rusların başqa bir məqsədi var, onlar Qafqazda silah və əsgəri heyətlərini çoxaltmaq istəyirlər.
İkincisi, bu silahın Ermənistana verilib-verilmədiyi şübhə altındadır. Sözsüz ki, bu silahı Ermənistana hərbi parad keçirilən zaman aparılmışdı. Ancaq sonra ondan xəbər çıxmadı. Bu silah Ermənistandakı rus hərbi hissələrinə də verilə bilər. Hazırda bu regionda Rusiyanın yeganə hərbi qüvvəsi Ermənistandadır. Azərbaycan və Gürcüstanda belə bir hissələr yoxdur. Deməli həm də Ermənistanı bərkitmək istəyirlər.
Üçüncüsü, əgər “İsgəndər” kompleksi Ermənistana gedirsə, baxmaq lazımdır ki, bu silah daha çox kim üçün təhlükəlidir. Məncə, hazırda Türkiyə-Rusiya münasibətləri pis deyil, lakin dünənə qədər gərgin idi. Hesab edirəm ki, bu silah daha çox NATO alyansına qarşıdır. Mənim fikrimcə, bu silahla Azərbaycanı qorxutmaq bir qədər doğru olmazdı. Ola bilsin ki, burada psixoloji təsir və ya təzyiq elementləri ola bilər.
- Amerika-Rusiya münasibətlərinin perspektivi necə ola bilər?
- Fikrimcə, indidən qəti söz demək doğru deyil. Təbii ki, son dəfə Obama ilə Putin arasında qısa görüş olub, tərəflər müzakirələr aparılıb. Ancaq söhbət Obamadan sonrakı münasibətlərdən gedirsə, indi nəsə demək doğru deyil. Hazırda dünyada cürbəcür analitiklər fərqli mövqelərdən çıxış edirlər. Bəziləri hesab edirlər ki, Rusiya-Amerika münasibətləri normallaşacaq. Başqaları isə düşünürlər ki, Donald Tramp prezident kürsüsünə əyləşdikdən az sonra Rusiya ilə bağlı fikirlərində dəyişiklik olacaq, Rusiya ilə o qədər yaxın olmaq olmaz və s. İndi biz gözləyək görək Tramp prezident səlahiyyətlərinə sahibləndikdən sonra hansı addımlar atacaq. Açığı, mən Donald Trampı təcrübəsiz şəxs hesab edirəm. O mənada hesab edirəm ki, Tramp hansısa dəyişikliklərə, reformalara gedə bilər. Ancaq təbii ki, bu zaman xətalarda buraxıla bilər. Tramp yeni bir şəxsdir. Hesab edirəm ki, onu nəzərdə saxlamaq lazımdır.
- Sizcə, ABŞ kimi dövlətdə təcrübəsiz şəxs prezident seçilə bilərmi?
- Mümkündür. Bunun üçün ABŞ-ın siyasi sisteminə diqqət etmək lazım gəlir. Amerikanın siyasi sistemi elə qurulub ki, belə hallara rast gəlmək mümkündür. Məsələn, Ronald Reyqan kim idi? Aktyor. Ancaq gəlib Amerikanın prezidenti seçildi. Deməli siyasi sistem o qədər möhkəmdir ki, belə hallara imkan verir. Sistem özü belə şəxslərin hansı addımlar atmaq lazım olduğuna işarə vurur.
İkincisi, belə iddialar var ki, Donald Tramp Reyqan kimi şəxs ola bilər. Çünki məhz Reyqanın zamanında soyuq müharibədə faktiki ABŞ qalib gəldi, az sonra SSRİ kimi ölkə dağıldı, siyasi sistem çökdü və s. Ancaq Trampın atacağı addımlara baxmaq lazımdır. Daha əvvəl onun quracağı komandanın kimlərdən ibarət olacağı da əhəmiyyətlidir. Bu vacibdir. Düzdür, hələlik bu kadrlar haqda söz-söhbətlər gedir. Tramp ətrafına möhkəm və təcrübəli şəxsləri toplayır. Ancaq bunun davamlı olub-olmayacağı barədə bir söz demək olmaz. Onu deyə bilərik ki, indilikdə Trampın ətrafında olan şəxslərin çoxu anti-Rusiya ab-havasında olan siyasətçilərdir. Açığı, mən bilmirəm ki, Rusiyada media və ekspertlər hansı səbəblərdən Trampın prezident seçilməsinə sevinirdilər. Bu lap təəccüblüdür.
- Sizcə ABŞ-Rusiya münasibətləri yoluna qoyula bilərmi?
- İlk öncə nəzərə almaq lazımdır ki, hər bir ölkənin maraq və mənafeləri birinci dərəcəli məsələdir. Bu, hər yerdə belədir. Heç kim öz maraqlarından imtina etmək, onları kiməsə vermək istəmir. Bu baxımdan Rusiyanın öz, Amerikanın isə öz maraqları var. Problem ondadır ki, dünyada bir çox hadisələr, problemlər oxşardırlar. Məncə, Rusiya və Amerika bu problemlərin çoxunu birgə həll edə bilərlər.
- Suriya probleminin gələcəyi necə olacaq?
- İndi dünyada bir nömrəli problem Suriya münaqişəsidir. Bəli, seçki kampaniyası dövründə Tramp elan edirdi ki, əgər prezident seçilərsə Suriya məsələni Rusiya ilə birlikdə həll edəcək. Yəni belə bir vəd verib. Ancaq iş ondadır ki, buna qədər çoxları da vədlər verib, lakin sonra baxanda məlum olub ki, fikirlərini dəyişib.
- Gürcüstanda parlament, Bolqarıstan və Moldovada isə prezident seçkilərinə Rusiya meylli qüvvələr udub. Sizcə, bu proses hansı nəticələr yarada bilər?
- Dedikləriniz də həqiqət var. Hazırda belə bir proseslər gedir və hesab edirəm ki, bunlar ciddi proseslərdir. Ancaq bu proseslərin hansı nəticələr yaradacağını indidən demək olmaz. Əlbəttə, Rusiya bu ölkələrə dəstək göstərə, köməklik edə bilər. Ancaq Rusiyanın özünün iqtisadi-maliyyə imkanları necədir sualı yaranır. Odur ki, prosesləri hələlik izləmək lazımdır.
- Baş verənlər Rusiyanın revanşı deyilmi?
- Bir qədər gözləmək lazımdır. Barak Obama çıxışı zamanı maraqlı bir ifadə işlədib, qeyd edib ki, Rusiya hərbi qüvvədir, amma dövlət kimi Amerika var, bütün dünya problemlərini də ABŞ həll edir. Rusiyanın maliyyə imkanları çox pis durumdadır. Əgər yenidən neftin qiyməti aşağı düşsə, ABŞ hərbi imkanlarını genişləndirsə, bu zaman Rusiyanın vəziyyəti müqayisədə zəif görünəcək. Yox, əgər neftin qiyməti yüksəkliyə doğru irəliləsə Rusiyanın maliyyə problemi tədricən həll olunacaq.
- Donald Trampın prezidentliyi dönəmində NATO zəifləyə və bir hərbi blok olaraq sıradan çıxa bilərmi?
- Əlbəttə, NATO-nun sıradan çıxması perspektivi yoxdur. NATO hərbi alyansdan əlavə olaraq siyasi müttəfiqlik platformasıdır. Kim imkan verər ki, belə bir platforma dağılsın və ya dağıdılsın? Heç kim. İndi NATO-nun dağıla bilmə ehtimalları haqda deyilənlər sadəcə söz-söhbətlərdir. Belə bir perspektiv yoxdur.
İkincisi, belə söz-söhbətlər çox ola bilər. Ancaq reallığa baxanda bəlli olur ki, NATO get-gedə daha da möhkəmlənir. Başqa ölkələr də NATO üzvü olmaq istəyirlər. Bu halda necə ola bilər ki, NATO dağılsın? Əlbəttə, dəyişikliklər, islahatlar aparıla bilər və bu normaldır. Lakin konkret olaraq NATO-nun dağılması reallığa uyğun olmazdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?