Dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşməyə başladı
İranla “altılar” qrupu ölkələri arasında ötən həftənin sonunda əldə edilmiş tarixi anlaşma Azərbaycan büdcəsində ciddi problem yarada bilər. Buna səbəb dünya bazarlarında neftin qiymətinin kəskin aşağı enməsi prosesinin başlamasıdır.
“Assoşeyted press” agentliyinin yaydığı məlumatda deyilir ki, bu gün - noyabrın 25-də Nyu-York birjasında yanvar ayında çatdırılmaq şərti ilə bağlanan neft müqavilələrində qiymət 93,32 dollar təşkil edib. Bu, 1,6 faiz ucuzlaşma deməkdir. “Brent” markalı neftin qiymətində isə 2 faiz azalma baş verib - bu neftin 1 barreli 108,82 dollardan satılıb.
İranla ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya arasında ötən həftənin sonunda əldə edilmiş razılaşmaya görə, Tehran uranı 5 faizdən yuxarı zənginləşdirməyi 6 ay müddətinə dayandırır. Bu müddət ərzində Qərb İrana qarşı tətbiq edilmiş sanksiyaları yumşaldacaq və Tehrana 6-7 milyard dollarlıq gəlir əldə etməyə imkan verəcək.
Bu müddət ərzində İranla Qərb arasında daha əhatəli nüvə razılaşmasının əldə edilməsi üçün danışıqlar davam etdiriləcək. Cenevrə razılaşması İrana qarşı tətbiq edilmiş neft embarqosunu qaldırmasa da dünya bazarlarında neftin qiymətlərinin kəskin enməsi tendensiyasını başladıb.
Analitiklərin qənaətinə görə, yekun anlaşma İrana qarşı neft embarqosunun tamamilə aradan qaldırılmasına səbəb olacaq. Hazırda İran dünya bazarlarına gündə cəmi 1 milyon barrel neft çıxara bilir.
İran ətrafındakı gərginlik uzun müddətdir dünya bazarlarında neftin qiymətlərinə təsir edən əsas amillərdən biri olaraq qalıb. Təsadüfi deyil ki, məhz ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar planını gündəmə gətirməsindən sonra dünya bazarlarında neftin qiymətlərinin kəskin artması prosesi başlamışdı. Bu baxımdan Qərblə İran arasında müharibə riskini kəskin azaldan Cenevrə anlaşmasının neftin qiymətlərinin ucuzlaşmasına təsiri qaçılmazdır.
Bəs bu ucuzlaşmanın Azərbaycana hansı təsirləri ola bilər?
Məsələ ondadır ki, Azərbaycan hökuməti gələn il üçün dövlət büdcəsində neftin qiymətini 1 barrel üçün 100 dollar səviyyəsində göstərib (2013-cü il büdcəsində də qiymət 100 dollar idi-red.). Hazırda Azərbaycan neftinin 1 barreli təxminən 108-110 dollar arasında satılır və qiymətlər indiki səviyyədə qalsa, büdcədə əksini tapmış proqnoz hər hansı risk yaratmayacaq.
Lakin İranla Qərb arasında münasibətlərin sürətlə yumşalması fonunda qiymətlər 100 dollardan aşağı düşsə, o zaman Azərbaycanda büdcə kəsirinin artması qaçılmazdır. Onsuz da 2014-cü il büdcəsi kəsirlə hazırlanıb. Belə ki, büdcə kəsirinin gələn il 1,7 milyard manata yaxın olması nəzərdə tutulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?