Mərhum prezidentin köməkçisi: “Biz bu partiyanın taleyi ilə bağlı narahatlıq keçiririk”
Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, tanınmış ictimai-siyasi xadim Oqtay Qasımovla müsahibəni təqdim edir.
-Oqtay bəy, Türkiyədə müşahidə edilən daxili və həm Türkiyənin xariclə bağlı siyasəti heç də ürək açan deyil. Sanki qardaş ölkədə siyasi vulkan püskürür, böyük mərkəzlər burada nələrəsə nail olmaq üçün qərarlı görünür. Siz, vəziyyəti necə qiymətləndirirsiniz?
- Türkiyədə nələrin baş verdiyi mövzusunda danışmaq üçün ilk növbədə Türkiyənin yerləşdiyi coğrafiya və ətrafında baş verən proseslərə diqqət yetirilməlidir. Həm ölkənin daxilində problemlər var, həm də qonşuluğunda İraq, Suriya kimi münaqişə bölgələri. İraqda, Suriyada vətəndaş müharibəsi gedir, İŞİD, PKK, PYD, YPG, Əl-Nusra, Həşti Şabi, Hizbullah və s. kimi terror təşkilatları bu ölkələrin ərazisinin bir hissəsini ələ keçirib, mərkəzi hakimiyyətlər ölkələrə nəzarət edə bilmirlər. Bu terror təşkilatlarının hər birinin arxasında bu və digər böyük dövlət dayanır, yönləndirir. Bu coğrafiyada baş verənlər Türkiyənin təhlükəsizliyininə və daxili siyasi mühitinə mənfi təsir edir. Burada beynəlxalq güclərin Türkiyəyə qarşı hesablanan maraqları var, təzyiqlər göstərməyə çalışırlar. Müasir dünyada müharibələr bir qədər də fərqli format alıb. Savaş meydanlarında artıq üz-üzə gələn dövlətlər deyil, onların idarə etdiyi qüvvələr müharibələr aparır. Türkiyəyə qarşı hibrid müharibə aparılır. Daxildə terror hadisələri törədilir, xaricdə ölkə əleyhinə əks təbliğat kampaniyası aparılır, qonşularla münasibətlərə mane olunur və s.. Eyni zamanda Türkiyənin daxilində də bəzi problemlər, edilən xətalar var ki, bu da vəziyyətə mənfi təsir göstərir.
- Siz idarəçilik xətalarını nəzərdə tutursunuz?
- İndiki Türkiyə hökuməti artıq 15-ci ilə yaxınlaşır ki, iqtidardadır. Hesab edirəm ki, AKP hökumətinin siyasətindəki bəzi yanlışlar da vəziyyətə təsir edir. Bu həm daxili, həm də xarici siyasətlə bağlı olan məsələlərə aiddir. Bu gün Türkiyədə ən çox ehtiyac hiss edilən məsələ daxili milli həmrəylikdir. 100 il əvvəl Atatürk və silahdaşları bu həmrəyliyə nail olaraq indiki cağdaş cümhuriyyəti ortaya qoydular. Məncə, indiki mərhələdə də milli həmrəyliyə nail olunmalıdır. Başqa sözlə, insanlara siyasi və ideoloji baxışlarına görə münasibət qəbuledilməzdir. Fikrimcə, indi türk hökuməti daha çox birləşdirici daxili siyasət aparmalı, toplumun bütün kəsimlərini qucaqlamalıdır. Amma ortada ideoloji yanaşma mövcud olduğundan təəssüf ki, bu gün hələ ki, milli həmrəyliyə nail olmaq mümkün olmur.
- İndi Türkiyədə daha çox başqanlıq sisteminə keçid məsələsi müzakirə edilir...
- Açığı, indi daha çox səbəbini anlayıb qiymət verməkdə çətinlik çəkdiyim bir məsələ önə çıxarılır. Söhbət Türkiyədə başqanlıq sisteminə keçid və ya mövcud dövlət sisteminin dəyişikliyi. Məncə, bu məsələ ümumi vəziyyəti bir qədər də gərginləşdirən səbəblərdən biridir. Çünki Türkiyə dövləti 100 ilə yaxındır parlamentar sistemlə idarə olunur. 1923-cü ildən mövcud olan Cümhuriyyət də parlamentar sistem özünü xeyli dərəcədə doğruldub. Dünya demokratiyasının mənimsədiyi parlament üsul-idarəsindən prezidentli respublikasına keçid anlayışının Türkiyənin ən vacib məsələsi kimi ortaya atılması və bu sistemə keçiddən sonra ölkənin bütün problemlərinin sürətlə həll ediləcəyi fikirləri başa düşülən deyil. Bunun doğru olduğuna inanmıram və düşünmürəm ki, tək adamın idarəçiliyi olan bu sistemə keçid Türkiyənin problemlərini çözə bilər. Parlamentar sistemin qüsurları olsa da, parlament həm də cəmiyyətin müxtəlif kəsimlərinin fikirlərinin ifadə olunduğu və qərarların alındığı məkandır. Bu baxımdan indiki vəziyyəti mürəkkəbdir. Bu gün Türkiyə atəş çəmbəri içərisindədir. Əlbəttə, Türkiyə min il dövlətçilik təcrübəsinə malik, bu bölgənin sayılan dövlətidir. Ancaq nədən bütün rıçaqlar işə salınmır, dövlət sistemi tam olaraq işləmir kimi məsələlər müəyyən suallar doğurur, problemlər yaradır. Bunun da bəlli səbəbləri var. 2008-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Atatürkçü sayılan 100-dən yuxarı general, o cümlədən 26-cı Baş Qərargah rəisi, çox nüfuzlu Ordu generalı İlkər Başbuğ və minlərlə hərbçi qurama Ergenekon, Balyoz və s. əməliyyatları ilə şərlənib həbs edilərək (doğrudur son zamanlar onların demək olar ki, hamısı bəraət aldılar) ordu zəiflədildi, onların yerinə gətirlənlər isə 2015-ci ildə dövlət çevrilişinə cəhd etdi ki, bu da təhlükəsizliklə bağlı ciddi problemlər yaratdı. Türk ordusu, polis sistemi, xüsusi xidmət orqanlarında məsələlər eyni anlayışla fərqli yönə çəkildi. Təəssüf ki, bürokratik aparatda da “liyakat” (ləyaqət) sistemi pozularaq savadlı, intellektual, amma AKP dünyagörüşünü paylaşmayan, onlar kimi düşünməyən insanlar kənarlaşdırıldı, əvəzində eyni dünyagörüşün daşıyıcısı intellektual səviyyəsi nisbətən aşağı olan mühafizəkar dinçi kəsimin nümayəndələri bürokratik aparata yerləşdirildi. İndi də Türkiyə bunun sancısınıı çəkməkdədir. Bu prosesi ağrı ilə izləyir, arzu edirik ki, yenidənqurulacağı elan olunan dövlət aparatı daha sağlam təməllərlə qursunlar. Ancaq hələlik bu müşahidə olunmur.
- MHP-dən olan millət vəkili, başqan müavini Atilla Kaya istefa verdi. Sanki qardaş ölkədə siyasi qüvvələr daxilində də çaxnaşma müşahidə edilir. Vəziyyəti necə qiymətləndirirsiniz?
Siyasi partiyalarda baş verənlər daha çox idarəetmə və demokratiya ilə bağlı problemlərdir. MHP-yə gəlincə onun türk toplum və cümhuriyyətlərinə münasibətdə digər partiyalardan daha həssas olduğu üçün mənəvi yaxınlığımız var. Ona görə bu partiyada baş verənlərə həssas münasibət bəsləməyimiz təbiidir. Müəyyən məsələlərə münasibətdə razılaşmadığımız məqamlar da var. Atilla Kayanın istefana gəlincə, o, ərizəsində səbəbləri qeyd edib. Bunda başqa, prezident Ərdoğana ünvanlandığı açıq məktubunda da konkret olaraq mövqeyini ortaya qoyub. Mən Atilla Kayanın məktubunu diqqətlə oxudum. Atilla Kaya məsələlərə doğru prizmadan yanaşıb.
Bu gün də anlamaqda çətinlik çəkdiyim məsələlərdən biri MHP Başqanı hörmətli Dövlət Baxçalının bir neçə ay əvvəl partiyanın qrup toplantısındakı çıxışı oldu. O, qeyd etdi ki, əgər prezident Ərdoğan konstitusiya sərhədləri çərçivəsində fəaliyyət göstərmirsə, biz konstitusiyanı ona uyğunlaşdıraq. Bu qanunun aliliyi prinsipini yox sayan yanlış yanaşma idi. Dövlətin taleyi ilə məsələyə bu cür rəftarı anlaya bilmədim. Baxçalı kifayət qədər biliyi və təcrübəsi olan siyasət-dövlət adamıdır. Bunu fəaliyyəti zamanı daima isbat edib. Onun bu yanaşması partiyada problemlər yaratdı, xeyli istefalar oldu. Atilla Kaya istefa verən son yüksək vəzifəli , ülkücü camiənin sayıb sevdiyi şəxsdir. Onun 30-40 illik siyasi həyat təcrübəsi var, dörd dönəm millət vəkili olub.
Şübhəsiz ki, Türkiyədə nələrin baş verdiyini, hansı təhlükələrin yaşandığını onlar daha yaxşı görürlər. Təəssüf ki, AKP hökuməti belə bir gərgin dönəmdə cəmiyyəti ancaq bir məsələ ilə məşğul edir: Başqanlıq sistemi. Düşünmürəm ki, bu sistemin gəlməsi ilə qardaş ölkədə problemlər çözüləcək. Məncə çıxış nöqtəsi bu mərhələdə Türkiyə cəmiyyətinin bütününü qucaqlayan siyasətə keçilməsi, Atatürk ideyalarına uyğun Türkiyənin dövlət maraqlarını önə çəkən praqmatik siyasətin yürüdülməsidir.
Əks halda, islam-müsəlman həmrəyliyi deyilən utopik anlayışın, düşüncənin dalınca getməklə Türkiyə daha çox problemlərlə üz-üzə qala bilər. Bu siyasətin əsas müəlliflərindən biri “Stratejik dərinlik” kitabını yazan Əhməd Davudoğludur. Bu yanaşma Türkiyənin xarici siyasətində problemlər yaratdı. Hesab edirəm ki, Türkiyə layiq-dünyəvi cümhuriyyət olaraq qalmalı, demokratik parlamentarizm əsasında idarə edilməli, cəmiyyətin bütün kəsimini qucaqlayacaq siyasət yürüdülməlidir.
- MHP-nin gələcək taleyi bundan sonra necə olacaq?
- MHP-də xeyli sayda yaxın olduğumuz insanlar var. MHP Türkiyə dövlətinin siyasi həyatında 50 il ərzində öz missiyasına uyğun fəaliyyət göstərən, kritik məqamlarda dövlətçilik mövqeyi ortaya qoyan təşkilat kimi tanınıb. Üstəlik Türkiyədən kənar türk toplumları ilə hər zaman yaxşı münasibətlər quran bir partiyadır. Təbii ki, biz bu partiyanın taleyi ilə bağlı narahatlıq keçiririk. Təəssüflər olsun ki, MHP-nin 2015-ci ilin iyun seçkilərindən sonra apardığı siyasət təşkilatı böhrana saldı. İyun seçimlərində 80 deputat mandatı qazanan MHP yanlış siyasəti üzündən 5 ay sonrakı seçkilərdə iki dəfə az deputat mandatı qazandı. Əgər bu yanlış siyasət davam edəcəksə, Türkiyəyə xeyir gətirməyəcək başqanlıq sistemi deyilən xətt müdafiə ediləcəksə, açığı MHP-nin gələcək taleyində ciddi suallar yaranacaq. Bu zaman MHP daha ciddi problemlərlə qarşılaşa bilər. Əlbəttə, biz bu durumun baş verməsini istəmirik. Yəqin partiya və onun rəhbərliyi optimal çıxış yolunu tapacaqlar. Doğru çıxış yolu tapılmazsa onda, nəticələrinə qatlanmaq lazım gələcək.
Sorğu
Yeni dizaynımız necədir?