Rəhim Qazıyev: “Prezidentə də yazmışam ki, ətrafın səni yıxmaq istəyir, ayıl”
Suallara sabiq müdafiə naziri Rəhim Qazıyev cavab verib.
- Rəhim müəllim, ANS-in “Hesabat” proqramında bəyan olundu ki, siz Zəngilanın, Qubadlının, Cəbrayılın işğal olunacağını öncədən bildirmisiniz. Bunu isə ancaq ermənistanın müdafiə naziri bilə bilərmiş. Bu mənada ortaya sual çıxır: Rəhim Qazıyev Laçının, Zəngilanın və digər rayonların işğal olunacağını hardan bilirmiş? - İlk öncə sizə Mirşahində mənə qarşı belə hikkənin haradan yarandığını deyim. Mən mayın 7-də Mirşahinə bir neçə dəfə zəng etdim, amma telefonu qaldırmadı. Sonra da ona mesaj yazdım ki, mənə zəng etsin, amma yenə də reaksiya olmadı. Sonrada ona yazdım ki, sənin belə misgin halın üçün çox təəssüf edirəm. Bundan iki gün sonra Mirşahin mənə zəng edərək ona niyə belə sözlər yazmasının səbəbini soruşdu. Məndə dedim ki, istədiyiniz adamı ora çıxarıb haqqımda danışdırırsınız. Məni də ora çıxarın və imkan verin ki, ittihamlara, deyilən yalanlara cavab verim. İllərlə mənim ünvanıma danışıblar. Elə iki gün əvvəldə barəmdə video süjeti göstərib nəyisə sübut etmək istəyirlər. Mən orada nəyi yalan danışmışam ki? Əgər bir adamın ağlı varsa, gedən proseslərdən nəticə çıxararaq gələcəyi görüb və bu haqda proqnoz verirsə, erməni adlandırılmalıdır? Sizə qeyd edim ki, mən həmin vaxt erməni tərəfi ilə hər hansı bir təmasda olmamışdım. Məxfi informasiyamda yox idi, amma mən həmin dövrdə gedən proseslərin nəticəsi olaraq torpaqların gedəcəyini görürdüm. Bunu gördüyüm üçün demişəm. Və Mirşahindən fərqli olaraq pula, vara, dövlətə susamamışam. Bu gündə fikrimdə qalıram. Mən Laçının da işğalı ilə bağlı Mirşahin və Cümşüd Nuriyevlə debata hazıram. Çünki mənim bir vətənim və bir millətim var. Məndə bu millətə xidmət etmişəm. Əgər Mirşahin bunu anlamırsa, mən həmin vaxt bunu haradan gördüyümü ona başa sala bilərəm. 1993-cü il aprelin 20-də gələn faciəninin qarşısını millətin birliyi ala bilərdi. Millətdə parçalanmışdı. Daha dəqiq desək xalqımız heydərçilər, ayazçılar və cəbhəçilərə bölünmüşdü. Torpaq qorumaq əvəzinə hakimiyyət uğrunda vuruşurdular. Bunu görmək üçün xüsusi ağıl lazım deyildi. Digər tərəfdən, əgər bizim bir peşəkar taborumuz yox idisə, bir hərbi hissəni götürməmişdiksə, mən hakimiyyət uğrunda mübarizəni görüb faciələri deməməli idimmi? İndi 20 ildir hakimiyyətdə olan bu iqtidar bir kvadratmetr torpaq almayıb, amma Rəhim Qazıyev 11 ay müddətində 164 il Azərbaycanda olan rus ordusunu çıxardı, Dağlıq Qarabağın ərazisinin 52 faizi qeyrətli balalarımızın canı və qanı hesabına zad etdi, ordu Xankəndinin 12 kilometrliyində dayandı. Eləcədə yüzlərlə kəndi geri aldım və dəhliz daraldı. Əgər mənim xidmətlərim yox idisə, mən nazir vəzifəsindən gedəndən sonra 5 kvadratmetr torpaq alardılar və indi də ünvanıma rahat danışardılar. Mirşahin haqqında ən doğru fikri hörmətli akademik Cəlal Əliyev deyib. Mən hesab edirəm ki, həqiqətən də bu məsələlər araşdırılmalıdır. Əgər mənim hər hansı cinayətim və xəyanətim ortaya çıxarsa, qanuna uyğun şəkildə cəzalandırılmağıma hazıram. Mənim heç kimdən heç hara qaçmaq niyyətim yoxdur. Mən gizli bir şey deməmişəm. Görürdüm ki, millət və vətən adı altında kreslo davası gedir. Buna da qarşı olmuşam. - Amma siz özünüzdə bəyanat verirdiniz ki, hakimiyyəti götürməlisiniz... - Axı mən gizli bir söz deməmişəm. Dediyim sözü də, hər kəsin qarşısında demişəm. O dövr elə dövr idi ki, hərə bir partiya yaradıb hakimiyyətə gəlmək üçün hərəkət edirdi, torpaqda əhəmiyyətli sayılmırdı. Mən də əsəbimdən və hirsimdən bunu demişəm. Mənim həmin vaxt partiya sədrlərinin hansından zəif insan idim? Guya mən bilmirdim ki, hakimiyyətə gəlmək üçün hökmən partiya qurmalısan?Mən sadəcə olaraq həmin dövrdə gedən proseslərin nəticəsi olaraq faciəni görürdüm. Əsəblərim gərginliyinin nəticəsində də bunu dedim. Guya həmin vaxt mənim qarşımda duran var idi? Sadəcə olaraq Cümşüd Nuriyev və Mirşahin kimi şəxslərin çılız şəxsi mənafeləri naminə ümumilli mənafe qıraqda qalır. - Bu məsələdə Cümşüd Nuriyevin fərdi marağı nə ola bilər ki? - Bu adam harda aşdır, orda başdır. Mən 1990-cı ildə həbs edilib Lefratova aparılanda Çümşüd bəyan etmişdi ki, Rəhim Qazıyev Heydər Əliyevin adamıdır. 1993-cü ildə Pənah Hüseynin təkidi ilə mən istefaya gedəndən sonra Soçiyə getdim. Təyyardə mənimlə yanaşı Cümşüd Nuriyev və daha bir neçə deputat olub. Biz gedib orada atəşkəs və Dağlıq Qarabağ məsələsini müzakirə edirdik. Amma mən həbsdə olan zaman Cümşüd Nuriyev televiziyadan bəyan edib ki, guya onlar Soçiyə gedib və görüblər ki, mən erməni və rus generalları ilə yeyib içirəm. Hansı ki, biz Soçiyə onlarla bir yerdə getmişik. Onda belə çıxır ki, mən bunlardan aralanın Soçiyə rahetlə getmişəm? Bu adamın işi-gücü belə yalan fikirlər yaymaqdır. - Niyə sizin barənizdə belə yalan fikirlər yaysın ki? - Bunu gedin onun yiyəsindən soruşun. Mən prezidentə məktub yazandan sonra bu məsələlər qızışıb. Hərə bir tərəfdən məni qaralamağa çalışır.Amma mən belə şeylərdən qorxan olsaydım məktubu niyə yazırdım ki? Prezidentə də yazmışam ki, ətrafın səni yıxmaq istəyir, ayıl. - Prezidentə yazdığınız ikinci məktuba nə reaksiya verildi? - İkinci məktubdan sonra məni çağırdılar polisə. Məndə dedim ki, fikrimi demişəm, deyirəm və bundan sonra da deyəcəyəm. - 1992-ci ilin mayında ölkədə ciddi siyasi böhran yaşanıb, Mütəllibov hakimiyyətdən gedib, yerinə AXC gəlib. Bu proseslərdə sizin iştirakınız hansı səviyyədə olub? - Mütəllibovun hakimiyyətdən getməsi ideyası mənim olmayıb. - Amma bu istefadan sonra siz nazir kreslosuna sahib oldunuz... - Mən onun istefasından sonra nazir oldum. Mütəllibov birinci dəfə martın 6-da gedib. Bundan 10 gün sonra Yaqub Məmmədov məni Şuşadan Bakıya çağırıb. Mayın 17-də mən nazir təyin olunmuşam, 18-dən isə fəaliyyətə başlamışam. Sadəcə olaraq Mütəllibov cəsarətsizliyindən hakimiyyət uğrunda gedən oyunların qurbanı oldu. Bunu hammı bilir. Biz həmin dövrdə qarşımızda olan düşmənə bizdən güclü olduğuna görə, məğlub olmamışıq. Vallah Rusiyanın həmin vaxt Ermənistana dəstəyi boş şeydir. Biz Xankəndinin 12 kilometrliyində dayanmışdıq. - İndi belə iddialar var ki, Rusiya iqtidarı ilə Azərbaycan hakimiyyəti arasında ciddi problemlər var. Bu səbəbdən də, Rusiya özünə yaxın şəxsləri fəallaşdırır. Bir tərəfdən “Milyarderlər ittifaqı” yaradır, gah Rüstəm İbrahimbəyov danışır, gah da Abbas Abbasov Türkiyəyə səfər edir. Belə bir məqamda sizin qəfildən prezidentə iki dəfə məktub yazmanız da Rusiyanın ölkəmizdə özünə yaxın şəxsləri fəallaşdırması konteksində qiymətləndirilir... - Mən allaha ibadət edən insanam və ona inanıram. Məni bu məktubu yazmaq üçün əgər kimsə tapşırıq veribsə və ya təhdid edibsə, məndən şərəfsiz insan yoxdur. Siz özünüz də bu məktubu oxuya bilərsiniz. Mən heç kimin prezidentə deyə bilməyəcəyi səhvləri səmimi şəkildə bildirmişəm. Əlavə etmişəm ki, bu səhvləri düzəlt, çünki səni yıxmaq istəyirlər. Daha burada Rusiyanın və ya başqasıın nə dəxili. Mənə allahdan başqa kimsə nəyəsə məcbur edə bilməz. Buna hər kəs əmin olsun. Baxın, bu gün mən ortada tək qalmışam və məndən çox döyülən yoxdur. Rusiyanın adamı olan insanın qoluna qandal vurub Azərbaycana verərdilərmi? İkincisi, mən nə qədər konfidensial işləyirəm ki? Abbas Abbasov o tərəfdə toparlanıb, bəziləri burada. Amma mən heç bir siyasi qüvvənin yanında deyiləm. Mən sadəcə olaraq 1992-ci ildə proseslərin gedişindən faciənin olacağını görüb deyirdim. Baxmayaraq ki, Cəlal Əliyevin qiymətini dəqiq qoyduğu Mirşahin iddia edir ki, bu Ermənistanda olan ideya idi. Mən indi də müəyyən şeylər görürəm və deyirəm. Hesab edirəm ki, bu gün Azərbaycanda siyasi proseslər Suriya variantına gətirib çıxara bilər. Allah bunu bizə göstərməsin. Mən bu bəlalara düçar olmamaq məqsədilə xalqın birləşməsini vacib hesab edirəm. Bunu İlham Əliyev edərsə lap əla. Çünki bu saat ən çox imkan İlham Əliyevdədir. Yox eləyə bilməzsə, müxalifət deyilən qüvvə əlli namizəd irəli sürüncə, xalqı hakimiyyət uğrunda mübarizəyə deyil, torpağımızın və millətimizin təhlükəsizliyi üçün mübarizəyə səsləsinlər. Amma iş ondadır ki, hamısı hakimiyyət uğrunda dava edir. Baxın, hələ seçkilərə rəsmi start verilməyib, amma çoxlu sayda prezidentliyə namizəd irəli sürülüb. Kimsə mənim haqqımda bilib də, faktları ortaya qoymursa çox alçaq adamdır. Ancaq baxın, indiyə qədər iki dəfə məhkəmə keçirilib, amma Cümşüd Nuriyev və Mirşahin kimiləri gəlib mənim “xəyanətim” haqqında faktları deməyiblər.Amma vətənə xəyanət etmək bir alçaqlıqdır, bunu bilib deməmək iki dəfə alçaqlıqdır. Bu adamların biri nədən gəlib məhkəmədə mənim vətənə xəyanət etməyim haqda ifadə verməyib?. Bu suala onlar cavab versinlər. - Sizin Sürət Hüseynovla əlaqəniz varmı? - 2005-ci il, martın 20-də Sürət Hüseynov mənə zəng edərək təbrik etdi. Bundan sonra Sürətin üzünü belə görməmişəm. Bir dəfə də, onun qardaşı rəhmətə getmişdi. Mən də zəng edib ona başsağlığı vermişəm. Bundan savayı onunla əlaqəm yoxdur. - İddialar var ki, sizin yaxın əlaqələriniz mövcuddur, hətta Moskvada birgə işləyirsiniz... - Bir qəzet yazmışdı ki, Rəhim Qazıyev ildə Azərbaycana 500 min ton taxıl göndərir və Moskva ətrafı yolların asfaltlanması üçün tenderi udmuşuq və bu işdə bizə bu yaxınlarda vəfat edən Qraçov köməklik edib. - Hətta general Şerbakında sizinlə birlikdə şirkət yaratdığı söylənilirdi... - Şerbak çoxdan istefaya gedib və Ryazan şəhərində yaşayır. Rusiyada Şerbak kimi generallar nə qədər desən var. İndi balaca Azərbaycanda belə general əlindən tərpənmək olmur. Rusiyada istefada olan yüzlərlə general var. Mənim biznesm varsa tapıb üzə çıxarsınlar. Bu biznesmi tapan insana da adıma olan hər şeyimi bağışlayacağam.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?