Cümşüd Nuriyev: “Rusiya həm də çalışacaq ki, bundan siyasi məqsədləri üçün istifadə etsin”
Politoloq Cümşüd Nuriyevlə müsahibəni təqdim edirik.
- Cümşüd bəy, Sankt-Peterburqda baş verən terror hadisəsi dünyanın əsas müzakirə mövzusudur. Sizcə, terroristlər niyə məhz Rusiyada terror hücumu həyata keçirdilər?
- Baş verənlər göstərdi ki, Rusiya nə qədər qüdrətli dövlət, təhlükəsizlik xidmətləri nə qədər güclü olsa da, dünyada heç bir ölkə terrordan sığortalanmayıb.
İkincisi, Sankt-Peterburqda həyata keçirilən terror hücumu Rusiyanın Suriyadakı fəaliyyətinə bir cavab idi. Üstəlik prezident Putinin Sankt-Peterburqa səfər edəcəyi dəqiq bilinirdi. Terror da prezident şəhərdə olan zaman baş verdi. Terrorçular hesablamışdı ki, əgər terror baş versə prezident hadisə yerinə gələcək. Bildiyiniz kimi Semyonvskidə partlayıcı tapıldı. Putin də hadisə yerinə gecə gəldi. Son xəbərə görə, terroru edən şəxs 22 yaşlı Qırğızıstan vətəndaşıdır. Hazırda onun İŞİD-lə əlaqəsi araşdırılır.
- Sizcə, bu terror İŞİD-in əməyidir, yoxsa Şimali Qafqazdakı nəzarətsiz silahlı qrupların?
- Biz təcrübəyə baxanda görürük ki, İŞİD istənilən bir yerdə terror aktı törədəndə iki saat ərzində bunu öz üzərinə götürürdü. Ancaq Sankt-Peterburq terrorunu İŞİD öz üzərinə götürmədi. Deməli, indi İŞİD zəifdir və həm də qorxur. Ruslar bunun sonuna qədər gedəcək və çalışacaqlar ki, bu şəxsin kiminlə əlaqəli olduğunu ortaya çıxarsın. Mənə elə gəlir ki, burada Qərb dövlətlərinin də marağı var.
- Nə mənada marağı var?
- Qərb dövlətləri həm Putini cəzalandırmaq, həm də Rusiyanın gözünü qorxutmaq, həmçinin Yaxın və Orta Şərqdən rusların çıxmasını istəyirlər. Sözsüz ki, Yaxın və Orta Şərqdə olan və qərblə müttəfiqlik edən dövlətlərin də bunda marağı var. Yəni bir çox maraqlar üst-üstə düşdüyü üçün terroru Orta Asiya üzərindən etməklə qərb bunu islam dini ilə bağlamağa müvəffəq ola bildi. Çox təəssüflər olsun ki, bu reallıqdır. Ancaq Rusiyada başa düşür ki, terroristin nə milləti, nə də dini olur. Terror hücumu zamanı öldürülənlərin içərisində müsəlmanlar da olub. Təəssüflər olsun ki, bizim həmyerlimizdə vəfat edib. Bir həmyerlimiz də ağır yaralıdır. Ölənlərin içərisində müsəlmanların olması göstərir ki, terrorist üçün kimi öldürməyi, harada nəyi partlatmağın fərqi yoxdur. Amma bütün hallarda bu hücumu təşkil edənlər düşünürdülər ki, terror Rusiyada qorxu yaradacaq.
- Sizcə, terror hadisəsi rus cəmiyyətində qorxu yarada bilib?
- Mən hesab edirəm ki, bu Putinin xeyrinə işlədi. Daha doğrusu Putin bundan yararlanacaq. Çünki Rusiyada etiraz mitinqləri vüsət almaq ərəfəsində idi. Hətta ola bilərdi ki, Medvedev bu mitinqlərin qurbanı olsun. Amma bütün hallarda psixologiyada insanlar çətinə düşəndə bir-birilə daha da yaxınlaşır. Yəni insanlar şəri düşən adamın yanına daha çox meyl edirlər nəinki toy edənin. Bu mənada terror hücumu Rusiyada təkcə dağıdıcı deyil, həm də birləşdirici rol oynadı. Rusiya cəmiyyətinin Putinin ətrafında birləşməsi üçün bir xətt oldu. Yəni bumeranq effekt verdi. Qərbin hesablamaları məncə özünü doğrultmadı. Mən hesab edirəm ki, 22 yaşlı bir cavan oğlanın Rusiya kimi dövlətlər hər hansı bir qarşıdurması ola bilməzdi. Üstəlik də Rusiya vətəndaşı ola-ola. Odur ki, bu 22 yaşlı oğlanın arxasında duran qüvvələr var və fikrimcə, Rusiyada çalışacaq bu qüvvələri müəyyən etsin. Qısa zamanda rəy vermək çətin olsa da, bu terror insanlığa yaraşmayan haldır. Düzdür, son 8 ildə Rusiyada partlayış olmayıb. Lakin zaman-zaman Rusiyada belə hücumlar həyata keçirilir. Avropa dövlətləri də belə siyasətin qurbanı olub. Rusiya da növbəti qurbanlardan biri idi.
- Rusiyada terror hücumları davamlı ola bilərmi?
- İnanmıram ki, bu davamlı ola bilsin. Əksinə, Rusiya son hadisədən yararlanaraq təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə çalışacaq. Hətta görün vəziyyət nə dərəcədədir ki, Rusiya xüsusi xidmət orqanları ilə düşməni münasibətləri olan Ukraynanın təhlükəsizlik orqanları belə öz köməyini təklif edib. Sözsüz ki, Rusiya terrorçunun telefon danışıqları, görüntüləri və əlaqələrini ciddi araşdıracaq. Artıq terrorçunun valideynləri Moskvaya gətirilib. Onun əlaqələri müəyyən ediləcək, harada təlim keçdiyi araşdırılacaq. Amma heç kim Rusiyada növbəti terror hücumunun olmayacağına zəmanət verə bilməz. Bu saat çalışırlar ki, Rusiyada olan siyasi sabitlik pozulsun. Bunun üçün də ən gözəl yol terrordur. Biz, əlbəttə bunu qəbul etmirik, rədd edirik. Biz özümüz terrora məruz qalan dövlətik. Son 100 ildə biz erməni terroruna məruz qalan xalqıq və bunun başqa xalqların yaşamasını arzu etmirik.
- Bu terrordan bir neçə gün əvvəl Şimali Qafqazda mücahidlər və ya terrorçular hərbi hissəyə hücum etmişdi, nəticədə 6 nəfər öldürülmüşdü. Sankt-Peterburq terroru Şimali Qafqazdakı silahlıların aktivləşməsinə stimul ola bilərmi?
- Şimali Qafqaz Rusiyanın siyasi baxımdan gərgin olan regionudur. Nəzəri alsaq ki, zaman-zaman Rusiyanın ən böyük bəlalar Qafqazdan gəlib. Təbii ki, burada silahlılar fəallaşa, son terror onlar üçün motivasiya rolunu oynaya bilər. Həm də kifayət qədər maraqlı qüvvələr var ki, Rusiyanın daxilində qarşıdurma yaratsın. Əlbəttə, son hadisəsən yararlanmaq istəyən qüvvələr olacaq. Lenin deyirdi ki, Rusiya uçurumun qırağında qayıda bilən xalqdır. Mənim ehtiyat etdiyim odur ki, Rusiya son hadisədən yararlanaraq başqa ölkələrə iddialar irəli sürə bilər. Prinsipcə, hər şey ola bilər. Şübhəsiz ki, Rusiya həm də çalışacaq ki, bundan siyasi məqsədləri üçün istifadə etsin. Xüsusilə, Qafqazda. Mən istəməzdim ki, bu cəzalandırmaların üzərində bizim də adımız olsun. Bilirsinizmi, Rusiyada ağzının ipi olmayan Jrinovski kimi siyasətçilər var ki, bizim əleyhimizə danışa bilər. Təbii ki, son 100 ildə terrora məruz qalan xalq kimi azərbaycanlılar belə halları pisləyir. Biz tolerant xalqıq və hər kəsə məhəbbətlə yanaşırıq. Eyni zamanda arzu edirik ki, bizim başımıza gələn başqa xalqların başına gəlməsin.
- Adətən Rusiyada baş verən proseslərin MDB məkanına ciddi təsiri olur. Son olayın MDB-yə üzv ölkələrə hansı təsirləri ola bilər?
- Bu saat Rusiya gərgin prosesdən keçir. Artıq Moldova prezidenti Avrasiya İttifaqı haqda sənədi imzalayıb. Nazir Lavrov bəyan etdi ki, Azərbaycanla da bu istiqamətdə danışıqlar gedir. Prezident Nazarbayevin ölkəmizə səfəri zamanı da bu məsələ masada müzakirə edilə bilər. Amma bu konfidensal söhbətdir. Bütün hallarda Azərbaycan öz dövlət maraqlarına uyğun addım atacaq. Mənim şəxsi qənaətim belədir ki, əgər terror hadisəsi başqa ölkənin ərazisində baş versə, deməli burada Rusiyanın marağı var.
- Niyə Rusiyanın marağı?
- Çünki qərb heç vaxt istəməz ki, keçmiş sovet respublikalarında terrorda marağı olsun. Çünki qərbin bu ölkələrdə terrorda marağının olması ortaya çıxarsa həmin dövlətlər birmənalı olaraq qərbdən üz döndərər. Odur ki, düşünmürəm belə proses MDB məkanına sirayət etsin. Prinsipcə, Ukraynada ola bilər. Orta Asiyada heç bir halda olmaz. Orada ancaq Türkmənistan nisbətən neytral mövqedə durur, amma onun siz deyən gücü yoxdur. Azərbaycan və Ermənistanda olmaq ehtimalı aşağıdır. Ancaq Gürcüstanda ola bilər. Çünki Gürcüstan MDB-nin şıltaq övladlarından biridir.
- Sankt-Peterburqda terrorun ardınca Suriyada İdlib şəhəri yaxınlığında kimyəvi silahdan istifadə edildi, nəticədə 70-dən çox mülki insan öldü. Bunun ardınca ABŞ Bəşər Əsədin hava bazasına raket zərbələri endirdi. Hazırda dünyada gərgin bir durum var. ABŞ-ın son addımından sonra Vaşinqton-Moskva münasibətləri gərginləşib. Bunun gələcək perspektivləri nədən ibarət ola bilər?
- Vaxtı ilə ABŞ İrana daxil olanda elan etdi ki, Səddam Hüseynin kimyəvi silahı var. Sonra prezident Tramp Obamanı tənqid edirdi ki, ölçüsüz hərəkət edir. İndi aydın oldu ki, Tramp Obamadan da pis durumdadır. Çünki ABŞ-da faktiki militaristlər qələbə çalıb. Militaristlərin qələbəsi o deməkdir ki, ABŞ prezidenti də bu dəstənin əlində oyuncaqdır.
- Amma Suriyada Əsəd rejimi öz xalqına qarşı kimyəvi silah tətbiq edib...
- Suriya tərəfi kimyəvi silahları təhvil verib. Düzdür, ABŞ Bəşər Əsədin hava bazasını vurdu. 59 raketdən 23-ü hədəfə dəyibsə, qalanları yollarda məhv edilibsə, deməli ABŞ-ın hərbi gücü zəifləyib. Bundan sonra ruslar bəyan etdi ki, hava hücumundan müdafiə sistemi quracaq. Bu o deməkdir ki, daha belə hallar olmayacaq.
İkincisi, Şayrat bazasını vurmazdan əvvəl ruslar oradan çox şeyi çıxarıblar. Məlum olur ki, ABŞ-ın vardığı qırıcıların çox ya köhnə texnikadır, ya da maketdir. Ruslar da həmin bazada olmayıb. Deməli ABŞ-da hazırlanan hərbi əməliyyatın sirləri ruslara məlum olub. ABŞ bu haqda ciddi düşünməlidir. Ruslar razı olmayacaq və imkan verməyəcək ki, ABŞ rusların əldə etdiyi siyasi gücü əlindən alsın. Məncə, ABŞ-Rusiya qarşıdurması yeni müstəviyə keçir. Əgər əvvəllər Trampın Vaşinqton-Moskva münasibətlərinin yoluna qoyacağı gözləntisi vardısa, artıq bu sıradan çıxdı. Bundan başqa, İran da Rusiya ilə birgə olacaq. Digər ölkələrin susması o demək deyil ki, hamısı ABŞ-ı dəstəkləyir. Təbii ki, burada Türkiyənin mövqeyi daha çox aprelin 16-da keçirilən referendumla bağlıdır. Mən hesab edirəm ki, Türkiyənin mövqeyi yanlışdır. Hər halda qonşuda bir müsəlman dövlətini qanunsuz vururlarsa, başqa bir müsəlman dövləti bu addımı dəstəkləyirsə, məncə bir qədər düşünmək lazımdır. Amma bütün hallarda son hadisələr ABŞ-ın imicinə təsir edəcək. Ortada fakt olmaya-olmaya ABŞ bu addımı atdı. Nəhayətdə ABŞ-a lazım deyildi ki, Rusiya ilə qarşıdurmaya girsin. Buna getmək ABŞ-a uğurlar gətirməyəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?