«Məmurlar Azərbaycanı limon kimi sıxıb əldə etdikləri pulları xaricə çıxarırlarlar»
Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus «Gündəm xəbər» qəzetinin bir sıra mövzularda olan suallarına cavab verib.
- Leyla xanım, bir müddət öncə Brüsseldə və Osloda səfərdə olmusunuz, müəyyən insanlarla görüşlər keçirmisiniz. Bu səfər, onun məqsədi haqqında müfəssəl məlumat verə bilərsinizmi? - Qeyd edim ki, Avropa Birliyi çərçivəsində 2010-cu ildən QHT, ictimaiyyət nümayəndələri və yerli hökumətlər arasında ümumi dialoq təşəbbüsü var. Bu təşəbbüs çərçivəsində ildə 2-3 dəfə konfranslar keçirilir. Bu tədbirdə Latın Amerikasından tutmuş Afrikaya qədər olan dövlətlərinin nümayəndələri iştirak edir. 2011-ci ilin fevralında belə bir konfrans Bakıda keçirilib. Bu konfransda MDB-də olan bütün ölkələr, Afrika, Latın Amerikası ölkələri, eləcədə yerli hökumətin nümayəndələri iştirak etdi. Bu zaman MDB dövlətləri və Şərqi Avropa ölkələri üzrə nümayəndə seçildi. Səsvermədə mən və Gürcüstandan olan bir nümayəndə ən çox səs aldıq. Yerli hökumətlər arasında isə ən çox səsi Moldova aldı. 2011-ci ildən mən bu ölkələrdəki QHT nümayəndələri ilə əlaqə saxlayır, məlumatları toplayıram. Sentyabrda MDB, Şərqi Avropa və Şimali Afrika Ərəb ölkələri üzrə yeganə nümayəndənin olması qərara alındı və internet üzərində səsvermə keçirildi. Təəccüblü olsa da, mən yenədə ən çox səs aldım. Ancaq sağ olsunlar ki, Liviya və Morokko nümayəndələri ki, Şimali Afrika ölkələri ilə bağlı mənə müfəssəl informasiyalar təqdim edib dəstək verdilər. Oktyabrın 17-də mən Brüsseldə məruzə ilə çıxış etdim. Mən hər dəfə Brüsellə gedəndə ancaq dialoq konfranslarında iştirak etmir, həm də çalışıram ki, Avropa Birliyi parlamentinin üzvləri ilə görüşüm. Mən bu səfər zamanı da onlarla görüşüb Azərbaycan haqqında ətraflı danışdım. Açıq dedim ki, Azərbaycanda insan hüquqları müdafiəçilərinə qarşı repressiya gedir. Həmişə Azərbaycanda ən çox həbs edilən jurnalistlər olub. Amma hazırda 5 hüquq müdafiəçisi həbsdədir. Bunlar Hilal Məmmədov, Vidadi İsgəndərov, Taleh Xasməmmədov, İlham Əmiraslanov və İlqar rzayevdir. İlqar rzayevi ona görə həbs ediblər ki, qardaşı vətəndaşların mülkü hüquqlarını müdafiə edir. Həmçinin Oqtay Gülalıyevə qarşı da iş açılıb. Bu məsələləri Brüsseldə ətraflı danışdım. Artıq Avropa Parlamentinin deputatları bu məsələlərlə bağlı bura sorğu göndəriblər. Bundan savayı, mən Osloda oldum və Norveç Helsinki Komitəsinin XV yubiley tədbirinə qatıldım. Orada MDB-də ki, insan hüquq müdafiəçiləri ilə ətraflı müzakirələr aparıb işimizi səmərəli qurmaq haqqında danışdıq. Çünki MDB məkanında repressiya güclənib, insan haqlarının pozulması halları çoxalıb. Orada müəyyən təkliflər səsləndi və biz bu istiqamətdə birgə iş qurmağı düşünürük.
- Məhz Hilal Məmmədova qarşı sizə hücumlar var. Bunu necə qiymətləndirirsiniz? - Mən bu haqda danışmaq istəmirəm. Əslində Hilal Məmmədov məsələsində danışa bilərəm, amma Leyla Yunusa kimlər hücum edir mövzusunda danışmaq istəməzdim. Çünki bu məsələ ilə bağlı yazı yazmışam və bundan sizdə xəbərdarsınz.
- İddialar var ki, Hilal Məmmədov ölkədə milli ayrıseçkiliyi, separatizmi təbliğ edib, dövlətçiliyə qarşıdır və Leyla Yunusda belə bir şəxsi müdafiə edir... - Kim deyir ki, Hilal Məmmədov dövlətçiliyə və bütövlüyə qarşı çıxır?
- Hökumət mətbuatına baxsanız bunu görərsiniz... - Bəli, haqlısınız və düzgün olaraq iqtidaryönlü mətbuatı qeyd etdiniz. Hökumət mətbuatı Hilal Məmmədova qarşı böhtan kampaniyası aparır. Hilal Məmmədov Azərbaycan vətəndaşıdır və bütün çıxışlarında, məqalələrində hər zaman Azərbaycanı doğma vətən kimi tanıyır və deyir ki, dövlətin vətəndaşlarını bölmək olmaz, çünki bu cinayətdir. Hilal Məmmədov indi də qazamatda bununla bağlı məqalələrlə çıxış edir. Ona böhtan atanlar cinayətkarlardır. Mənim onlara sözüm yoxdur...
- Bəzi hüquq müdafiəçiləri Hilal Məmmədovu və həbsdə olan islamçıları siyasi məhbus saymırlar. Bunu necə qiymətləndirirsiniz? -Mənim bu haqda xüsusi məqaləm olub. Ona görə də, bu məsələyə vaxt ayırmağa dəyməz.
- Sizin siyasi məhbuslar siyahısında neçə siyasi məhbusun adı var? - Bizim siyahımızda 62 nəfər siyasi məhbusun adı qeyd edilib. Cənab Ştrassr bizə əla nümunə göstərib. Məruzəçi hətta barələrində məhkəmə hökmü olmayan, amma barələrində qərəzli ittiham olan şəxsləri də siyahısına əlavə etdi. O, ağıllı iş gördü. Onun siyahısında barələrində məhkəmə hökmü olmayan Nigar Yaqublu, Əvəz Zeynallı və Hilal Məmmədovun da adı var.
- Necə düşünürsünüz, siyasi məhbus problemini ölkə daxilində həll etmək mükündürmü? - Xeyr! Bu mümkün deyil.
- Niyə? - Azərbaycan iqtidarı siyasi məhbussuz keçinmir. Bu hökumət qeyri legitimdir və bu hökuməti əldə saxlamaq üçün vətəndaşlar qorxudulmalıdır. Qorxutmaq üçün də, həbslər, tutatut olmalıdır.
- İcazəsiz aksiyalarla bağlı cərimələrin artırılması, sanksiyaların sərtləşdirilməsi faktını hüquq müdafiəçisi olaraq necə qiymətləndirirsiniz? - Çox pis qiymətləndirirəm. Bu onu göstərir ki, hakimiyyət vətəndaşlardan və millətdən qorxur. Onlar anlayır ki, silah və seçki saxtakarlığı, qorxutmaq yolu ilə hakimiyyəti əldə saxlamaq olar. Eyni zamanda söz azadlığına hücumlar var, onlarla jurnalist bizdə buna görə həbs edilib. Həmçinin indi də sərbəst toplaşmaq azadlığını məhdudlaşdırırlar. Hakimiyyət anlamır ki, tarixə baxmaq lazımdır. Heç kim istəməsə də, onlar bu milləti qana aparırlar.
- Nə mənada qana aparırlar? - Yəni imkan vermirlər ki, qanun çərçivəsində və dinc formada vətəndaşlar danışsınlar, etirazlarını ifadə etsinlər. Həmçinin vətəndaşlara qarşı zor işlədirlər. Zora qarşı isə zorla çıxırlar. Tarixin heç bir yerində silaha qarşı silahsız mübarizə olmayıb. Bunu heç kim istəmir. Amma təəssüflər olsun ki, hökumət insanları bu həddə gətirib çıxaracaq.
- Sanksiyaların sərtləşdirilməsi siyasi məhbusların sayının artırılmasına səbəb olacaqmı? - Ümumiyyətlə qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. Mən ehtimal edirəm ki, seçki ilində Azərbaycanda siyasi məhbusların sayı artacaq. Təcrübə göstərir ki, seçki ilində bizdə siyasi məhbusların sayı artır.
- Bəs bu hal Azərbaycanla beynəlxalq qurumlar arasında münasibətləri kəskinləşdirəcəkmi, yoxsa ikra siyasəti öz rolunu oynayacaq? - Azərbaycan iqtidarı indi özünü SSRİ zamanı Heydər Əliyevin təyyarə ilə Kremlə ikra və pul göndərdiyi kimi aparır. İndi də, eyni şeyi beynəlxalq təşkilatlara göndərirlər. Amma orada hamını almaq mümkün deyil, çünki ora Sovet Kommunist Partiyası deyil. Artıq bu halları qərbdə azad mətbuat yazır. Zənnimcə, beynəlxalq qurumlar da məcbur olub öz hesabatlarında bu kimi halları açıq qeyd edəcəklər.
- Avropa Şurasının son sessiyasında Azərbaycanın ikra siyasəti haqqında danışılıb. İki aydan sonra Avropa Şurasında Azərbaycanda siyasi məhbuslar məsələsi müzakirə ediləcək. Necə düşünürsünüz ki, Bakının kürü diplomatiyası siyasi məhbuslar məsələsini gündəmdən çıxara bilərmi? - Mən cənab Ştrasseri çoxdan tanıyıram və sizə deyirəm ki, o heç bir halda Bakıdan ikra almayacaq.
- Amma Ştrasserin hesabatını deputatlar dəstəkləməlidir və prinsipcə, deputatar ikra haqqında düşünə bilər... - Mən bir daha qeyd edirəm ki, biz cənab Ştrasserin siyahısını dəstəkləyirik, onun gördüyü işi təqdir edirik. Həmçinin Bakıdan gedən ikranın dadına baxan şəxslərə görə təəssüf hissi keçiririk.
- Bu gün ölkədə ümumi vəziyyət haqqında nə deyə bilərsiniz? - Bu gün Azərbaycanda mafiya-klan rejimi baş alıb gedir, ölkədə qanun işləmir. Vətəndaşların əsasən mülkiyyət hüququ tapdalanır. Konstitusiyanın 29-cu maddəsi işləmir. Vətəndaş öz mülkiyyətini müdafiə edə bilmir. Bu əsas məsələdir. Heç bir ölkədə belə hal ola bilməz. Hətta məhkəmənin vətəndaşa konpensasiya vermək haqda qərarı olsa da, ona əməl etmirlər. Yəni məhkəmə qərarı da, yerinə yetirilmir. Azərbaycanda məhkəmələr müstəqil də deyil. Bütün bunlar rüsvayçılıqdır. Vətəndaşın vəziyyəti bu cürdür. Hər bir sahədə vəziyyət gerilələyir və faktiki olaraq Azərbaycan Orta Asiya vəziyyətinə düşüb. Sizə deyim ki, mən tarixçiyəm. XVIII əsrdə Quba, Qarabağ, İrəvan, Şəki, Bakı, Naxçıvan xanlığı olub. İndi XXI əsrdir və bizdə hər kəs bilir ki, Qəbələnin xanı kimdir, Bakını hansı xanımlara veriblər və s. Vətəndaşlar isə orta əsrlərdən də, çətin vəziyyətdədir.
- Orta əsrlərdə dediyiniz xanlıqlara qarşı üsyanlarda olub... - Bəli. Nəzərə alın ki, orta əsrlərdə xarici işğalçılarda gəlib ölkəni istila etmək istəyiblər. Təbii ki, üsyanlarda, işğallarda olub. Nə vaxt ki, ölkədə birlik yoxdur və vətəndaşlar öz hüquqlarını müdafiə edə bilmir, bu zaman yaşadıqları ölkəni vətən kimi də qəbul edə bilmirlər. Demək istəyirəm ki, indiki vətəndaşlar orta əsrlərdə insanların yaşadığı kimi yaşayırlar.
- Tarix təkrarlana bilərmi? - Biz XIX və XX əsrə diqqət edəndə görərik ki, insanların yaşamasına imkan verməyən, siyasi islahatlar aparmayan, hər şeyə nəzarət olunan ölkə çox gedə və inkişaf edə bilmir. Baxın, qonşu Gürcüstana. Prezident Saakaşvili korrupsiyanı aradan qaldırdı, Yol Polisini, DİN-də olan kadrları dəyişdi. Sonra isə normal seçki keçirdi. Rusiyada böyük pullar qazanan İvanaşvili isə bu pulu Gürcüstana gətirib. Azərbaycan iqtidarında olan məmurlar ölkəni limon kimi sıxıb pulları xaricə çıxarırlar, vətəndaşların mülklərini sökürlər. Pulları ABŞ, Çüxiya və ya Dubaya daşıyıb mülklər alırlar. Biz görəcəyik ki, Gürcüstan üçün çətin olsa da, inkişaf edəcək, demokratiya bərqərar olacaq. Bizdə isə vətəndaş ac, pulsuz, mülksüz qalacaq. Məktəbdə təhsil yoxdur. Bu da, qarşıdurmaya gedir. Sən vətəndaşı sıxa-sıxa getsən günün birində qan olacaq. Bu hökumət vətəndaşı qanunsuz həbs edir, insanın mülkünü sökür, monopoliya, korrupsiyanı inkişaf etdirir. Bunun qarşılığında vətəndaş öz hüququnu müdafiə edə bilmir.
- Siz 2013-cü il prezident seçkilərindən nə gözləyirsiniz? - Heç nə. Siyasi dustaqların sayı artacaq, seçkilər saxtalaşdırılacaq. Bu iqtidar xalqa yox deyəcək.
Sorğu
Yeni dizaynımız necədir?