1990-cı ildə baş vermiş 20 Yanvar faciəsindən düz 4 ay sonra, may ayının 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun üzərində üçrəngli Azərbaycan bayrağı dalğalandı. Hansı ki, həmin məkana 1918-ci ildə həmin üçrəngli istiqlal bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə tərəfindən sancılmışdı. 1990-cı ilin 28 may tarixində isə üçrəngli bayrağın yenidən Əlyazmalar İnstitutunun üzərində dalğalanması ideyasının müəllifi mərhum eks-prezident, Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy oldu. Yəqin ki, həmin tarixi çoxları xatırlayar. Ancaq o gün institutun üzərinə çıxıb bayrağı dalğalandıranda Əbülfəz Elçibəyin yanında olmuş şəxslərin xatirələri daha oxucular üçün maraqlı olar.
Moderator.az olaraq həmin günə qiyabi də olsa səyahət etmək istədik və o gün orada olmuş şəxslərin sorağına çıxdıq. Öyrəndik ki, həmin gün bayrağı dalğalandıranda Elçibəyin yanında iki nəfər olub - AXC-nin aparıcı simalardan biri mərhum Arif Abdullayev və AXC-nin Təsərrüfat işləri müdiri, komendant Fəxrəddin Hilalov. Qərara gəldik ki, Fəxrəddin Hilalovu tapaq və həmin günlə bağlı xatirələrini dinləyək
- Fəxrəddin müəllim, mümkünsə, 1990-cı ilin 28 may günü baş verənləri bizimlə paylaşardınız.
- 1990-cı il 20 yanvar hadisələrindən sonra qərərgahımızı əlimizdən aldılar, bizi didərgin saldılar. Ondan sonra həftənin ikinci və beşinci günləri AXC-nin idarə heyətinin iclasları olurdu. Çox götür-qoydan sonra Dilarə Əliyevanın və İsa Qəmbərin razılığı ilə belə qərara gəlindi ki, həftənin ikinci günləri Tarix İnstitutundakı Dilarə xanımın otağında, beşinci günləri isə İsa Qəmbərin otağında idarə heyətinin iclasları keçirilsin. 28 maya hardasa 6-7 gün qalmış idarə heyəti qərara aldı ki, 28 May tarixi təntənəli şəkildə qeyd olunsun. Təbii ki, həmin ərəfədə komendant saatının qızğın vaxtları idi və buna görə İsa Qəmbərlə Hikmət Hacızadə gedib milli bayramımız münasibətilə şəhərdə toplantı keçirmək üçün icazə aldılar. Bu qərardan sonra Elçibəy mənə dedi ki, M.Ə.Rəsulzadənin bayrağı sancdığı yeri tap və bir bayraq hazırla, 28-də bayrağı həmin yerdə dalğalandıracağıq. Mənim də Şəki İpək fabrikində tanışlarım var idi, onlara bayraq sifariş etdim. Bayraq hazırladılar, ancaq keyfiyyətsiz materialdan hazırlamışdılar. Sonra gedib Əlyazmalar İnstitutunun binasının damına çıxdım, orada yer hazırladım. O vaxt Elçibəy özü də Əlyazmalar İnstitutunda işləyirdi. Bəy orada işlədiyi üçün işçilərin çoxu məni də tanıyırdı. 28 maydan bir gün qabaq getdim ora, bayrağı hazırladım, yenidən dama çıxıb bayrağın sancılacağı yeri dəqiqləşdirdim.
May ayının 28-də səhər saat 10-da Türkiyədən birbaşa canlı yayımla bizim bayraq sancma mərasimi olmalıydı. Həmin gün o vaxtkı Kommunist küçəsi, həmçinin də ara küçələr ağzına qədər insanla dolu idi, hamısı 28 Mayı qeyd etməyə yığışmışdı. O vaxt mənim bir köhnə maşınım vardı və demək olar ki, Bəy çox yerə mənimlə birlikdə gedirdi. Həmin gün səhər getdim Bəygilə, Bəyi də, rəhmətlik Arif Abdullayevi də götürüb Əlyazmalar İnstitutunun qarşısına gəldik. Gördük ki, institutun girəcəyində yerə xalça salıblar, mikrofon quraşdırıblar. Rəhmətlik Bəxtiyar Vahabzadə, Ədalət Əzizov, səhv etmirəmsə, Allahşükür Paşazadə də oradaydı. Bəy gələndən sonra çıxış etdi və tədbir başladı.
Hər şey hazırlıqlı olsa da Bəydə bir gərginlik var idi. Çıxışı bitəndən sonra Bəy, Arif Abdullayev və mən bayrağı sancmaq üçün İnstitutun damına qalxdıq. Çox sevincli və qürurluyduq, sevincdən üçümüzün də əl-ayağımız əsirdi. Arif rəhmətlik boy-buxunlu adam idi, mənə dedi ki, sən bayrağı götür qabaqda qalx, elə də etdik. Həmin məkana çatanda istədim ki, sevincimizə bir qədər də sevinc qatam və Bəyə yarızarafat dedim ki, nəsə bayrağın yeri dəqiq olmayıb. Bəy bir an dayanıb mənə tərs-tərs baxdı, başladı danlamağa. Gülümsünüb dedim ki, səbr elə, zarafat etdim, hər şey yerindədir. Nə isə, bayrağı sancdıq, sonra üçümüz də elə oradaca oturduq. Aşağıdan bizə qışqırdılar ki, çəkiliş gedir, yaxşı alınmadı, bir də təkrar edin. Sən demə, damda harasa kamera yerləşdirilibmiş və bizi çəkirmişlər.
- Çəkiliş getdiyindən Bəy də xəbərsiz idi?
- Heç nədən xəbərimiz yox idi. Hətta sonradan onu da öyrəndik ki, İnstitutun yaxınlığındakı aptekdən kimlərsə bizi vurmaq istəyirmiş.
O gün Bəy o qədər sevincli idi ki, o anı təsəvvür etmək mümkünsüzdü. Çünki o an Bəyin 3 arzusundan biri həyata keçmişdi. Bayrağı binanın üzərində dalğalandırandan sonra aşağı düşüb uz tutduq Şəhidlər Xiyabanına. Oradakı insanların 80 faizi bizimlə birlikdə piyada Şəhidlər Xiyabanına axışdı. Biz o gün bir növ şəhidlərimizə gözaydınlığı verməyə getdik. Biz Şəhidlər Xiyabanına gedəndə, orada başqa ölkələrdən gəlmiş qonaqlar da var idi. Bəy həmin qonaqlarla bir qədər söhbət də etdi. (Müsahibimizin bu məqamda əlləri, dodaqları əsir, gözləri yaşla dolur. Ortamı dəyişmək üçün məcburiyyətdən başqa suala keçirik).
- Həmin gün Türkiyə ilə birbaşa yayım oldumu?
- Onu dəqiq bilmədim. Ola bilsin olmuşdu, çünki Türkiyədə o gün nəşr olunan qəzetlərin çoxusunda həmin tədbirlə bağlı şəkillər yayımlanmışdı.
- Həmin bayrağın aqibəti necə oldu?
- 28 maydan hardasa bir aya yaxın vaxt keçmişdi. Bir gün Bəylə Əlyazmalar İnstitutuna gəlirdik, Səadət sarayının qabağıyla çıxanda Bəy maşını saxlatdırdı. Dedi ki, düş get o bayrağı oradan çıxart və özündə saxla. Əvvəlcə düşündüm ki, görəsən niyə belə deyir, ancaq sonra gördüm ki, bayraq cırılıb və Bəy də ona görə bayrağı çıxartmağımı istəyib. Mən bayrağı çıxardıb özümdə saxladım və düz 27 ildir ki, həmin bayrağın bir parçası hələ də məndə qalır. Bəy hakimiyyətdə olan vaxtı bir dəfə xəbər göndərib həmin bayrağı məndən istəmişdi, amma necə oldusa vermədim, özümdə saxladım.
- Fəxrəddin müəllim, Elçibəylə nə zaman tanış olmuşdunuz?
- Bəylə 1989-cu ildə, mitinqlərin qızğın vaxtı tanış olmuşdum. O zaman AXC heç siyasi təşkilat kimi qeydiyyatdan keçməmişdi. Mən də mitinqlərdən gələndə onlara qoşulurdum, söhbətləri, fikirləri çox xoşuma gəlirdi. Günlərin bir günü də dedilər ki, Bəy gəlir və mən də çıxdım ki, Bəyi görüm. Baxdım ki, maşın axtarırlar, mən də maşınım olduğundan özümü qabağa verdim ki, maşın qulluğunuzdadır. Bəyi maşına mindirib evinə apardım, ayrılanda da dedim ki, Bəy, sabah da qulluğunuzda hazıram. Bəy dedi ki, gələ bilsən gələrsən və onunla da ünsiyyətimiz quruldu.
- Bayaq dediniz ki, Bəyin həmin gün 3 arzusundan biri həyata keçmişdi. Elçibəy ondan sonra hansı arzusuna qovuşmağı səbrsizliklə gözləyirdi?
- Bəyin digər arzusu Təbrizə getmək idi. Xudafərin körpüsünün üzərindən ayaqyalın halda Təbrizə getməyi arzulayırdı Bəy. Çox təəssüf ki, o arzusuna qovuşa bilmədi...
- Elçibəylə bağlı maraqlı xatirələrinizi də oxucularımızla bölüşməyinizi xahiş edirəm.
- Elçibəylə bağlı o qədər xatirələrim var ki, bir kitaba, bir çərçivəyə sığası deyil. Ancaq o xatirələri danışmaq mənim üçün çox çətindi. Hər xatirəni xatırladıqca boğazımda qəhər düyünlənir, o günlər kino lenti kimi gözümün önündə canlanır. Bəlkə də Elçibəyin yoxluğu ilə hələ də barışa bilmədiyimə görə mənimçün danışmaq bu qədər çətindir.
Mən hər səhər durub Bəygilə gedirdim, günümüzün çox hissəsi bir yerdə keçirdi, hətta birlikdə rayonlara da gedirdik. Günlərin birində Bəy mötəbər bir tədbirə dəvətli idi, Türkiyədən də mötəbər qonaqlar gəlmişdi. Ayaz Mütəllibovun dövründə baş nazir olmuş Rəhim Hüseynov da həmin məclisdə idi. Mən də Bəyi həmin məclisə apardım, Bəy içəri keçdi, mən də bayırda bir çay içə-içə onu gözlədim. Axşam hardasa saat 10 olardı ki, tədbir bitdi və gördüm ki, Rəhim Hüseynovla Bəy qabaqda, qonaqlar da ardınca çıxır. Qapının ağzında təxminən 7-8 dənə qaz 31 dayanmışdı, mən də köhnə balaca maşınımı aparıb yuxarıda gizlətmişdim. Rəhim Hüseynov Bəyə maşınları göstərib dedi ki, hansında istəyirsinizsə, əyləşə bilərsiniz. Ancaq Bəy heç bir maşına oturmadı, əliylə işarə edib dedi ki, mənim maşınım qabaqdadır. Maşınımın köhnə olduğundan utansam da tez qaçıb qapıya sürdüm və Bəy əyləşdi. Ancaq gördüm ki, maşınımız köhnə olsa da heç kim bizdən əvvəl tərpənmədi, hamı gözlədi ki, Bəyin maşını birinci keçsin. O zaman Bəy ona təklif olunan maşınlardan birinə oturub gedə də bilərdi, ancaq o, o qədər böyük insan idi ki, onu etmədi. Gəldiyi maşın köhnə olsa da qürurla əyləşib yoluna davam etdi. Bəyin insani keyfiyyətləri o qədər yüksək idi ki, yanında olduqca sanki bir həyat məktəbi keçirdin.
O vaxt Təşkilat Komitəsinin iclasları hər ay bir rayonda keçirilirdi və Bəylə birlikdə Qazax, Tovuz, Ağdaş, Göyçayda təşkilat komitəsinin iclaslarında olmuşuq və beləcə bir ömür yaşamışıq.
- 20 Yanvar hadisələrini necə xatırlayırsız?
- O zaman indiki Təbriz küçəsindəki cəbhənin qərargahına toplaşmışdıq, məlumatlar toplayıb Mirzə Xəzərə ötürürdük. Əynimdə bir şinel vardı, yaxınlıqda İbrahim adlı bir nəfər yaşayırdı, gecə hardasa saat birdə həmin İbrahim gəlib məndən şinelimi və bir də yeməyə çörək istədi. Mən də şinelmi və stolun üstündəki kolbasa - çörəyi ona verib yola saldım. İndi həmin şinel qəbirdədir...
Bəy o günlərdə məni göndərirdi ki, get gör şəhərdə vəziyyət necədir. O zaman heç kim fikirləşmirdi ki, vəziyyət o qədər dəhşətli ola bilər. O zamankı mitinqlərdə bəzi adamlar insanlara yalançı verirdilər ki, heç nə olmayacaq, Primakov söz verib. Ancaq çox keçmədi ki, o sözlərin boş vədlər, təsəllidən başqa heç nə olmadığını anladıq.
O zaman Müdafiə Komitəsi yaradılmışdı və komitə Nemətin işlədiyi Səttarxan zavodunun mədəniyyət sarayında yerləşirdi. Müdafiə Komitəsində də Vaqif Səmədoğlu, Nemət Pənahlı kimi əlində heç bir riçaqı, gücü-qüvvəsi olmayan adamlar oturmuşdu. Etdikləri də söz oyunundan başqa heç nə deyildi. Çoxları da elə bilirdi ki, Müdafiə Komitəsi toplu-tüfəngli bir təşkilatdır, əslində isə əllərində heç nə yox idi. Bizim o vaxt ən böyük silahımız qol uzunluğunda armaturlar idi...
- İndi bəzi şəxslər ara-sıra çıxıb Elçibəyin KQB agenti olması ilə bağlı ittihamlar səsləndirirlər. Həmin ittihamları eşidəndə reaksiyanız necə olur?
- Elə sözləri, ittihamları eşidəndə məyus oluram. Ərkim çatan adam olanda çalışıram ki, oturub həqiqəti ona başa salım, ərkim çatmayan adam olanda isə heç bir şey danışmamağa, susmağa üstünlük verirəm. Çünki o cür ittihamlar səsləndirənlər çox vaxt səviyyəsiz insanlar olur və insan özünü onların səviyyəsinə düşürmək istəmir. Mən yaxşı bilirəm ki, Bəy necə bir insan olub, nə qədər millətini sevib. Bunu başa düşən normal adamlar heç vaxt başqa cür düşünə bilməz.
- Səmimi etiraf edin, Elçibəyin yanında olmağınıza görə nə zamansa peşman olmamısınız ki?
- Sizə bu yaxınlarda olmuş bir hadisəni danışım. Elçibəyin yanında olmuş, bütün varlığını cəbhənin yolunda qoymuş, cəbhə hakimiyyətə gələndə də “mən öz borcumu yerinə yetirdim” deyərək kənara çəkilmiş, hakimiyyətin ətəyindən yapışmamaış bir dostumla oturub söhbət edirdik. Ona sual verdim ki, bir ömür yaşadıq, bu ömürdən peşman olmadın ki? Dostum əsla peşman olmadığını dedi. İndi bu yolda dəfələrlə həbslərdə yatmış dostlarımız peşman deyilsə, mən niyə peşman olum.
Elçibəyə sadiq insanlar indi çox azdır, olanlar da ələkdən-xəlbirdən keçmiş insanlardır. Zaman göstərdi ki, o zaman özünü gözə soxanların əksəriyyəti ürəyin yox, mədələrinin çağırışı ilə ora gəlmişdilər. İndi onların vicdanları varsa, ağrıyır o vicdan. Ürəklərinin çağırışı ilə də bu yolda olanlar da var idi və indi onlar yaşadıqları ilə fəxr edirlər, o cümlədən də mən.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?