...Azərbaycanda korrupsiyaya uğramış məmur qrupu vardır ki, onlar gənclərə yönəlik siyasətin həyata keçirilməsinə hər vəchlə mane olurlar...
“Korrupsiyaya Qarşı Mübarizədə Vətəndaş Təşəbbüsləri” İctimai Birliyinin sədr müavini Rüfət Qurbanlı işsizliyin yarada biləcəyi fəsadlardan “Gündəm Xəbər”ə danışdı.
-Rüfət bəy, ölkədə məşğulluğun səviyyəsini necə dəyərləndirirsiniz?
– İlk növbədə qeyd edək ki, təqribən iki il öncə dünyada neftin ucuzlaşması, o cümlədən Azərbaycan neftinin istehsalının azalması ölkəmizə gələn gəlirləri təbii olaraq azaltdı. Bu anda qeyri-neft sektorunun zəif inkişaf etməsiylə milli valyutamızın dəyərdən düşməsi baş verdi. Özəl sektorun zəif inkişaf etməsi bu sırada təbii olaraq işsizliyin artmasına səbəb oldu. Bu fikirdən yola çıxaraq demək olar ki, bu gün Azərbaycanda vəziyyət heç də ürəkaçan deyil. Eyni zamanda əvvəldən bazar münasibətlərinin inkişaf etməməsi, rəqabət mühitinin formalaşmaması, bazar standartlarına uyğun məhsulların istehsal edilməməsi işsizliyin daha da artmasına rəvac verdi. Eyni zamanda idxal olunan məhsullara nəzarət edən oliqarxların da maliyyə imkanlarının azalması onların tabeçiliyində olanların da işsiz qalmasını zəruri etdi.
Qeyd etdiyiniz kimi, əgər işsizlik varsa, Sizcə bu prosesdən daha çox kimlər əziyyət çəkir?
– İşsizlik elə bir sosial böhrana səbəb olur ki, onun təsirindən cəmiyyətin bütün təbəqələri təsirlənir. Lakin xüsusi olaraq gəncləri fərqləndirmək lazımdır. Belə ki, gənclər cəmiyyətin hərəkətverici qüvvəsi olaraq təcrübəsiz, lakin enerjili olaraq qurub-yaratmağa, yaradıcılıq etməyə daha çox həvəsli olurlar. Bu mənada gənclərin onsuz da təcrübəsiz sosial qrup kimi məşğuliyyət tapması çətin olur. Bununla yanaşı cəmiyyətdə işsizlik, sahibkarlıq mühitinin zəif olması, biznes imkanlarının aşağı olması da gənclərə əlavə çətinliklər yaradır. Bütün bu deyilənlərə görə də gənclər cəmiyyətdə ən çox sıxıntıya məruz qala bilirlər. Bu səbəbdən hər bir dövlətdə gənclərə yönəlik hökumətlərin xüsusi siyasəti olur. Lakin, Azərbaycanda korrupsiyaya uğramış məmur qrupu vardır ki, onlar gənclərə yönəlik siyasətin həyata keçirilməsinə hər vəchlə mane olurlar.
Rüfət bəy, dediyiniz problemlər varsa gənclərimizi nə gözləyir?
– Bu qeyd etdiklərimiz təəssüf ki, var. Bu halda gənclərin vəziyyəti olduqca çətindir. Belə durumda gənclər dini qruplara meyllənə bilər, eyni zamanda zərərli vərdişlərə aludə ola bilərlər. Bununla yanaşı digər gənclərin bir ümid yeri qalır: Xarici ölkələrə (Rusiya, Türkiyə, Ukrayna və s.) işləməyə getmək. Bu işlər isə olduqca təhlükəli və çətindir. Buna görə də Azərbaycanda gənclərə yönəlik siyasətdə dəyişiklik edilməli və məmurlar gənclərin inkişafı üçün şərait yaratmalıdır. Ümumiyyətlə işsizlik bütün sösial qruplara təsir etdiyindən gənclərin işlə təmin olunması digər qrupların da sosial problemlərinin həll olunmasını təmin edə bilər. Mən ümid edirəm ki, yaxın vaxtlarda biz bu istiqamətdə əməli addımların şahidi olacağıq. Hüseyn
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?