Mehman Əliyev: “Rusiya ilə Amerika arasında konfrontasiyanın deyil, ciddi əməkdaşlıq var”
Dünyanın ən güclü iyirmi iqtisadiyyatına malik olan dövlətlərin liderləri Hamburqda bir araya gələrək, dünya miqyaslı problemlərin həllinə dair müzakirələr aparır. Çoxları Hamburq müzakirələri zamanı super güclər arasında razılaşma və yeni balans mexanizminin yaradılacağını, dünyada müşahidə edilən gərginliyin nisbətən azalacağını hesab edir. Artıq G-20 sammiti başa çatmaq üzrədir. Bu mövzuda politoloq Mehman Əliyevlə müsahibəni təqdim edir.
- Mehman bəy, dünyanın diqqəti Hamburqda keçirilən C-20 zirvəsinə yönəlib. Siz, Hamburqda dünyanın ən güclü iqtisadiyyatına malik olan ölkə liderlərinin müzakirəsindən nə gözləyirsiniz?
- Əslində əsas məsələ Amerika ilə Avropa Birliyi ölkələri arasında olan problemlərdir. Sözsüz ki, dünyada cürbəcür təhlükələr mövcuddur. Ekoloji, terrorizm, iqtisadi, kasıbçılıq problemləri var. Vaşinqton istəyir ki, Avropa ölkələri bu problemlərin həllinə daha çox tövhə versin. Başqa sözlə, ABŞ öz üzərində olan yükünü bir hissəsini atmaq istəyir. Bu məqsədlə onları qorxudur ki, hansısa sazişlərdən çıxa bilər və s. Bu mənada ziddiyyətlər var. Odur ki, ABŞ praktiki olaraq ölkələri qeyd edilən problemlərin həlli üçün daha çox tövhələr verməyə çağırır. O cümlədən Yaxın Şərqdə olan vəziyyət, Qətər problemi də bununla bağlıdır. Mənim qənaətimcə, artıq Yaxın Şərqdə terrorla bağlı proses yekunlaşmaq üzrədir. Bu məsələdə də daha prinsipial mövqe tutmaq və ardıcıl siyasət aparmaq məsələsi var. Həm də iqtisadi, enerji məsələləri olduqca vacib və əhəmiyyətlidir. Xüsusilə, neftin qiyməti. Yəqin ki, neftin qiymətini konkret həddə saxlamaq, dünya iqtisadiyyatının inkişafını irəli aparmaq məsələsi var. Dünya iqtisadiyyatı indi az da olsa inkişaf edir, neftin qiyməti isə bu məsələdə əhəmiyyətə malikdir. Çalışılacaq ki, həm də neftin qiymət indiki həddə, bəlkə də bir qədər ucuz səviyyədə saxlanılsın. Hamburqda gündəlikdə olan məsələlərdən biri də Şimali Koreyadır.
- Hamburqda Trampla- Putin arasında görüş keçirildi. Tərəflər Ukrayna və Suriya məsələsini müzakirə edib. Sizcə, dünyanın bu iki nəhəng dövlətinin liderləri arasında razılaşma əldə oluna bilərmi?
- Bəllidir ki, gündəmdə Rusiya məsələsi də var. Nəzərə alın ki, qərb ölkələri Rusiyaya qarşı sanksiyaları davam etdirir. Yəni bəlli siyasət müşahidə edirik. Amma açığını deyim ki, Rusiya məsələsinə mənim baxışlarım bir qədər fərqlidir.
- Söhbət hansı baxışlardan gedir?
- Əslində mən Rusiya ilə ABŞ arasında konfrontasiya görmürəm. Rusiya və ABŞ-ın Suriyada açıq əməkdaşlığı var və biz bunu görürük. Ukrayna məsələsi isə tamam başqa məsələdir. Ukrayna, Suriya və müəyyən qədər də Türkiyə məsələsi Rusiyanın daxili stabilliyini təmin etmək baxımdan əhəmiyyətlidir. Rusiya uzun illərdir ki, dərin böhran yaşayır və bu faktiki olaraq daxildə narahatlıq və qeyri stabillik yarada bilərdi. Buna görə, xarici amillər işə salınıb ki, onlardan biri də Ukrayna məsələsidir. Ukrayna məsələsi də ikibaşlıdır. Ukrayna məsələsi bir tərəfdən Rusiya daxili ictimai fikrini yayındırmaq, bura yönəltmək məqsədi güdürsə, ikincisi, Ukraynanın sürətli Avropa Birliyinə doğru getməsini sürətləndirir. Kiyevə bir tərəfdən Rusiya təzyiq edir, digər tərəfdən də qərb. Rusların təzyiqi səbəbindən Ukrayna Avropaya üz tutur, ikincisi qərb təzyiq edir ki, islahatlar aparmasan ortada tək qalacaqsan. Hər iki təzyiq mexanizmi Ukraynanı sürətlə qərbə doğru dartır. Bu mənada hesab edirəm ki, ziddiyyətlər olsa da, Ukrayna və Suriya məsələsində pərdə arxası razılaşma var. Ziddiyyətləri isə mən oyun kimi qəbul edirəm.
- Ortada Türkiyə məsələsi də var. Ankara Moskva ilə yaxınlaşır, sanki qərblə məsafə saxlayır. Hamburqda Türkiyə hansı üstünlük əldə edə və ya əksinə zəiflədilə bilər?
- Türkiyədə də eyni proses gedir. Prezident Ərdoğanda xarici faktorlardan məharətlə istifadə edir. Türkiyə daxilində ciddi problemlər var idi və bundan çıxış üçün Suriyaya daxil olmaq, Rusiya ilə münasibətlər, Avropa ilə bəlli münasibətlər, islam faktoru ilə oynamaq müşahidə edildi. Mən əslində görürəm ki, ABŞ və başqa ölkələrin Türkiyəyə dəstəyi var. Sadəcə Ərdoğan da Putin kimi bu amillərdən, xüsusilə xarici faktorlardan istifadə edir. Nəzərə alın ki, daxili faktor yalnız bir istiqamətlidir-iqtisadiyyatın inkişafını və artımını təmin etmək. Bu da hələlik çətindir.
- Hamburqda böyük qüvvələr arasında kompromis, razılaşma əldə edildimi?
- Böyük qüvvələr arasında razılaşma var, həmişə də olub. Hamburq görüşü bəlkə də yeni addımların, planların təsdiqi məsələsidir. Hamburqda iki tərəfli və çoxtərəfli müzakirələr olacaq. Məncə, vacibi ikitərəfli müzakirələrdir. Mən Hamburqda ciddi bir hadisə gözləmirəm.
- Şimali Koreya ilə bağlı hansı qərar verilə bilər?
- Şimali Koreya ilə bağlı daha çox sanksiyalar məsələsi müzakirə edilə bilər. Xüsusilə, çalışılacaq ki, Pxenyana qarşı sanksiyalar vahid formada həyata keçirilsin. Burada xüsusi rolu Çin oynayır. Bəllidir ki, buna qədər Vaşinqton-Pekin danışıqları aparılıb və razılaşma əldə olunub. Başqa sözlə, Çin prosesə qoşulub. İndiki mərhələdə Rusiyanın ciddi təsiri var. Bu mənada hesab edirəm ki, Şimali Koreya ilə bağlı Hamburqda daha ciddi razılaşma əldə oluna bilər.
- Körfəz böhranına dair çağırış ola bilərmi ?
- Nəzərə alın ki, Amerika Qətər Əmirliyinə müraciətində bildirdi ki, danışıqlar vasitəsilə problemin həlli yollarını tapmaq lazımdır. Bu o deməkdir ki, orada hansısa qərarlar, razılaşma və kompromislər var. Əks halda Vaşinqton Qətərə belə müraciət etməzdi. Mümkündür ki, Hamburqda G-20 zirvəsi Körfəzdə tərəfləri bir araya gəlməyə, problemi danışıqlar yolu ilə həll etməyə dair çağırış etsinlər.
- ABŞ-İran münasibətlərində də gərginlik hökm sürür. Bu gərginlik hansı mərhələyə qədər davam edəcək?
- Hər hansı bir gərginlik yoxdur, əvəzində maraqlar məsələsi var. ABŞ deyir ki, görüşmək, müzakirələr aparmaq, nələrisə yoluna qoymaq lazımdır. Baxın, ABŞ Avropa ölkələrinə deyir ki, təhlükəsizlik məsələlərinə vəsait ayırmaq lazımdır. Bəzi ölkələrdə hesab edir ki, bu vəsaitin ayrılması onlara sərf etmir və buna ehtiyac da yoxdur. Bunun ardınca Ukrayna böhranı yaranır, rus qırıcıları Qara dəniz üzərində təhlükəli uçuşlar həyata keçirir. Sanki bəlli olur ki, ciddi təhlükə var. Dərhal Latviya, Litvada NATO-nun hərbi hissələrinin yerləşdirilməsi məsələsi ortaya çıxır və s. Yəni bu formada proses gedir və Avropadan bu istiqamətdə ciddi iştirakçılıq tələb edilir. Əslində isə orada ciddi problem yoxdur. Demək istəyirəm ki, Rusiyanın da öz maraqları var, bunu qoruyur və s. Amma ciddi ziddiyyət yoxdur.
- Bəzi ekspertlər deyirlər ki, yaxın gələcəkdə nüvə müharibəsi təhlükəsi real olacaq...
- Mən o ekspertlərin fikrini ciddi qarşılamıram. Rusiyaya qarşı sanksiyalar tətbiq olunsa da, həm də dəstək verirlər. Dəstəyi ona görə verirlər ki, Rusiyada problemlər yaranar, qeyri stabillik olar, nüvə silahı başqasının əlinə düşər və s. Ona görə də ruslara Putin lazımdır. Bax bu səbəbdən də Putinin müqavimət göstərməsi, mübarizə aparması deyilir, təbliğ olunur. Demək istəyirəm ki, həmin ekspertlərin fikirləri ciddi deyil.
- Açıq görünür ki, Rusiya bir sıra ölkələrə hansısa formalarda təzyiqlər göstərir. Sizcə, buna səbəb nədir?
- Fikrimcə, bir sıra ölkələr qərbə meyl edir və bu səbəbdən də Rusiyanın təzyiqi ilə qarşılaşır. Qərb onları qəbul etməyə hazırdır və bu istiqamətdə də işləyir. Rusiyada bunu görür və başa düşür. Bu səbəbdən də Rusiyanın daxilində kritik vəziyyət yarananda belə ölkələrə qarşı addımlar atır ki, qərbdən istədiyi dəstəyi ala bilsin. Biz bunu 2008-ci ildə də, 2013-2014-cü ildə də gördük. Rusiyada hər dəfə bu cür addımlarının müqabilində qərbdən istədiyi dəstəyi ala bilir. Rusiya bunun müqabilində ilk olaraq qərbdən maliyyə, investisiya dəstəyi alır. Onsuz da Rusiyanın özünün daxilində vəziyyət pisləşir. İş ondadır ki, Putin daxili stabilliyi saxlamaq üçün hər şeyə hazırdır. Hər hansı balaca kampaniyalar keçirmək və qələbə əldə etmək daha çox əhalinin neoimperiya əhval-ruhiyyəsi ilə oynamağa, onları daxili problemlərdən yayındıqmağa hesablanır. Onsuz da bilirlər ki, sabah daxili problemlər qaçılmazdır. Amma belə kiçik qələbələrdən sonra sabah baş verəcək daxili problemlərə görə, qərbi günahkar eləmək daha real olacaq. Çünki qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Kremlidə bəyan edəcək ki, bu problemlər sanksiyaların nəticəsidir, ona görə hamımız bir olmalıyıq, dözməliyik, müqavimət göstərməliyik və s. İndi Rusiya siyasətinin strategiyası bundan ibarətdir. Ona görə də, Kremli elə ölkələr seçir və bilir ki, bu ölkələrin müqaviməti ciddi olmayacaq, Rusiya hərbisi qarşısında dura bilməzlər, heç müharibəyə girmək istəməzlər. Bu yolla qərbi şantaj edir və onlardan istədiyi yardımı ala bilirlər. Qərb də bunu gözəl başa düşür. İndi qərb üçün Rusiyanın vahidliyini saxlamaq əsas prioritetdir. Qərb yaxşı bilir ki, Rusiyanın bütün ərazisi nüvə və kimyəvi silahlarla doldurulub, bu böyük əraziləri əhatə edir. Rusiyanın parçalanacağı təqdirdə kimin əlinə nə düşdüyü və ondan necə idarə edəcəyi ciddi problemlər yarada bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?