İsa Qəmbər: “Məni deputat toxunulmazlığını götürmədən həbs etdilər”
İsa Qəmbərlə bu dəfəki söhbətimiz başqa söhbətlərə bənzəməz. Sıradan bir söhbət deyil çünki. Bu dəfə Müsavatın keçmiş başqanı ilə 24 il bundan əvvəl baş vermiş bir hadisə haqqında danışdıq. 16 iyul 1993-cü ildə Milli Məclisin iclasında keçmiş spiker İsa Qəmbərin həbsi günümüzün və söhbətimizin mövzusudur. Bu ideyanın – belə demək mümkündürsə – tarixi var. Həbsdən azad olunandan sonra İsa Qəmbərə təşəkkür ziyarətinə getmişdim. Xeyli söhbətləşdik. Söhbət əsnasında İsa bəyin özünün həbs tarixindən danışması məni çox maraqlandırdı. Baxmayaraq ki, onun həbsdə qaldığı müddət çox az – cəmi 1 ay idi, amma İsa bəy çox maraqlı danışdı və mən dərhal bu haqda söhbətləşmək istədiyimi dedim. Zamana buraxdıq. Sonra ötən il, 20 iyul 2016-cı ildə sualları İsa bəyə göndərdim və müsahibə götürmək istədiyimi dedim. Həmin günlərdə obyektiv və subyektiv səbəblərdən alınmadı, qismət bu günə imiş. Beləcə, Azərbaycan tarixinin çox əlamətdar və tarixi həbs olaylarından biri haqqında onun canlı iştirakçısı, şahidi və belə demək mümkündürsə, səbəbkarı ilə bir yerdə müzakirə etdik. Xatirələr yumağını çözələdik.
İsa Qəmbər həbsdə çox az oturub – cəmi 1 ay. Amma həbsxana olaylarını və türmə qaydalarını o qədər də pis bilmir. Bunu dəfələrlə müşahidə etmişəm. Hətta o qədər ki, İsa bəy həbs olunanda bu məsələ məşhur oğruların müzakirəsində olub. Mənim bildiyim qədər oğruların təqdiri İsa Qəmbərdən yana olub. Onlar özündən yuxarıları zərbə altında qoymadığı və özündən aşağılara problem yaratmadığı üçün İsa Qəmbərə dəstək olublar və onu təqdir ediblər. Yəni hətta oğrularla münasibətlərə də diqqət edən bir İsa Qəmbərlə qarşı-qarşıyayıq.
İsa Qəmbərin bu müsahibədə fərqli tərəflərini tanımaq imkanı əldə etdik. Onun həm uşaqlıqdan, həm gənclikdən, həm də vəzifədə olanda başqa yönlərinin olduğunu da öyrənirik. O qədər də sakit ömrü olmayıb İsa bəyin. Lazım olanda vuran əli də olub. Bir tələbə yoldaşını üz-gözü tanınmayacaq dərəcədə döyəndən sonra o qənaətə gəlib ki, həyati əhəmiyyət daşımasa, zora baş vurmayacaq. Hətta həbs olunanda yanına salınan öyrədilmiş adamı da alt edə bilib. İndi də iddialıdır ki, 35 yaş nədir ki, bu yaşında belə lazım olarsa, müqavimət göstərə bilər. Bu, önəmli ştrixdir insanın ömründə. Özünüqoruma instinkti…
Bu ştrix dövlət həyatına da inikas edib. Milli hakimiyyətin ortadan qaldırılma təhlükəsi qarşısında prezident Əbülfəz Elçibəyin qarşısında məsələ qaldırır və səlahiyyət istəyir. Ona təklif edir ki, müvəqqəti prezidentlik kürsüsündən məzuniyyətə getsin və səlahiyyətləri, eləcə də məsuliyyəti ona versin. Çox sərt qərarlar alıb qiyamı yatırmaq və sonra prezident Əbülfəz Elçibəyi vəzifəsinin icrasına dəvət etmək planı olub. Elçibəy “ehtiyac yoxdur” deyib. Mən dünya tarixində belə bir planın olub-olmadığını bilmirəm, amma İsa Qəmbərin sərtlik yanlısı olduğunu və qiyamı yatırmağa qərarlı göründüyünü bundan daha yaxşı əks etdirən başqa bir faktor ola bilməz. Bu məqamda gənclik illərində üz-gözünü tanınmaz hala saldığı o gənc haqqında düşünməmək olmur. Səlahiyyət verilsəydi, Azərbaycanın taleyi necə olardı? Vəzifəsinin öhdəsindən gələ bilərdimi? Azərbaycanı xilas edə bilərdimi? Qalib olsaydı, Elçibəyi vəzifəsinə geri qaytarardımı? Bu və başqa sualların cavablarını təəssüf ki, heç bir zaman öyrənə bilməyəcəyik. Səlahiyyət verilərdisə nə edəcəkdi sualına da maraqlı cavab verdi İsa bəy: “O da məndə qalsın!” Deməli, hələ bilmədiyimiz nə qədər məqamlar var.
16 iyul həbsinin bütün detallarını danışdıq İsa Qəmbərlə. Güman edirəm ki, çox maraqlı müsahibə oldu. Daha maqarlı o oldu ki, İsabəy o günlərlə bağlı bir eksklüziv məlumatı bizimlə paylaşdı. Həmin günlərdə oxuduğu kitabların əks olunduğu siyahını xural.com-a göndərdi. Bu siyahıda olan kitabları İsa Qəmbər həbsdə olduğu 1 aylıq müddətdə oxuyub:
Beləcə, 24 il bundan əvvəl baş verən ölkəmiqyaslı bir həbs olayından bəhs edən bu maraqlı müsahibəni “Azadlıq Salnaməsi”ndə yayınlayırıq. 18-ci qonağımız Müsavat partiyasının və Milli Məclisin sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərdir.
Əvəz Zeynallı
“Azadlıq Salnaməsi”
I hissə
İsa Qəmbər “Azadlıq Salnaməsi”nin I hissəsində nə dedi:
– Bu, “Azadlıq Salnaməsi” yox, “Zindan Salnaməsi” olacaq
– Hərbi qiyam baş vermişdi və qiyamçılar hakimiyyətə gəlmişdilər.
– Qiyamçılar qalib gəldikləri üçün biz zindana atıldıq
– 4 iyundan 16 iyula qədər bir çox hadisələr baş verib
– Arif Hacılı “Azadlıq Salnaməsi”ndə bir çox məsələlərə prinsipial qiymət verib və bəzilərinə ilk dəfə toxunub
– İstefa ərizəsini yazmışam və ərizə parlamentə təqdim edilib, ayın 13-də müzakirə edilib və qəbul edilib
– Heydər Əliyev Gəncəyə getmək qərarına gəldi, Gəncəyə getdi və bir növ Sürət Hüseynovla özünün parlament sədri olmasını razılaşdırdı və sonra 15 iyunda gəlib parlament sədri seçildi
– Əbülfəz bəy Heydər Əliyevlə 8 saatlıq görüşdən sonra bəzi məlumatları bizə vermişdi
– 8 saatlıq görüşdə qeyri-adi heç bir hadisə baş verməyib. Heydər Əliyev hadisələr haqqında ətraflı danışmağı xoşlayırdı, vaxtı olanda saatlarla söhbət etməyi xoşlayırdı, Bu görüşün də əsas hissəsi Heydər Əliyevin xatirələrinə həsr olunub
– Heydər Əliyev Elçibəy hakimiyyətinə biət edib, Elçibəyə prezident kimi hörməti olduğunu, onu prezident kimi qəbul etdiyini, ona hər zaman dəstək verməyə hazır olduğunu bəyan edib
– Heydər Əliyevin qardaşının yasına Əbülfəz Elçibəylə birlikdə getmişik
– Heydər Əliyev mənə zəng etmişdi, ona qardaşının ölümü ilə bağlı başsağlığı verdim. Qardaşının yas mərasiminə gəlmək fikrində olduğunu bildirdi, mən də dedim, əlbəttə, bu, sizin haqqınızdır
– Heydər Əliyev formal olaraq mənim müavinim idi, dəfələrlə zəng eləmişdi mənə və hesabat vermişdi. Bəzi məsələlərə razılıq istəmişdi. Mən də bir qayda olaraq onun bu istəklərini prezidentə istiqamətləndirmişdim
– Böhrandan çıxmaq, qiyamı yatırmaq üçün variantlar müzakirə olunanda mən o təklifi də vermişəm ki, əgər hansısa sərt qərarları prezident olaraq Əbülfəz Elçibəyin qəbul etməsi məqsədəuyğun sayılmasa, mən bu məsuliyyəti üzərimə götürməyə hazıram. Ən sərt qərarlar verməyə hazıram ki, qiyamı yatıraq. Qiyam yatırılandan sonra isə, Əbülfəz bəy prezidentliyinə davam etsin. Əgər mənim görəcəyim sərt tədbirlər uğursuzluqla nəticələnsə, – hərçənd mən uğur qazanacağımıza əmin idim – onun məsuliyyəti mənim üzərimdə qalacaq və mən istefa verib çəkiləcəm. Mənim bu təklifim təəssüf ki, qəbul olunmadı. Əbülfəz bəy dedi ki, ehtiyac yoxdur.
– Ən düzgün qərarlar sərt də olsa, ən az ziyan gətirən qətirən qərarlar olur, ən az itkiyə səbəb olan qərarlar olur
– Qiyam baş tutandan, qiyamdan faydalananlar hakimiyyətə gələndən sonra bizim həbsimiz kifayət qədər gözlənilən idi. Heydər Əliyev prezident səlahiyyətlərinə sahiblənəndən, Sürət Hüseynov Baş nazir təyin olunandan sonra müəyyən xəbərdarlıqlar gəlirdi mənə. Əvvəlcə ən yaxın dostlar vasitəsilə çatdırırdılar ki, sən ölkəni tərk etsən yaxşı olar, səni həbs edə bilərlər, öldürə bilərlər. Mən onlara narahat olmamağı tövsiyə edəndən sonra nisbətən daha rəsmi şəxslərin tövsiyələrini eşitməyə başladım: “Bilmək olmur, qiyam baş verib. Sizi öldürə bilərlər, həbs edə bilərlər, yaxşı olar ki, ölkəni tərk edəsiniz.” Bu tövsiyələrə də əhəmiyyət vermədim. Həmin günlərdə hətta müxtəlif təzyiq tipli addımlar atılırdı.
– 16 iyulda sessiyanın nahar fasiləsi zamanı işim var idi. Binadan çıxıb geri qayıtmaq niyyətində idim, amma məni buraxmadılar ki, binadan çıxa bilməzsən. Onda bildim ki, bu gün həbs olunacağam.
– Hər gün həbs olunacağımı təxmin edirdəm, ancaq konkret hansı gün, onu bilmirdim
– Sessiyanın gedişində foyeyə çıxdığım məqamların birində bir neçə nəfər yaxınlaşdı və məni həbs etdiklərini bildirdilər
– Məni deputat toxunulmazlığını götürmədən həbs etdilər
– İşgəncə də olmayıb, nəvaziş də olmayıb. Prinsipial, sərt, qanun çərçivəsində münasibət olub.
– Məni həbs edib Səbail Polis İdarəsinə apardılar. Bir gün orada qaldım. Sonrakı gün Bakı Şəhər Baş Polis İdarəsinə köçürdülər. Orada da bir gün qaldım. Bakı Şəhər Baş Polis İdarəsinin təcridxanasında bir nəfər residivisti mənimlə bir kameraya saldılar və o, mənimlə cinayət aləminin dilində danışmağa başladı. Bir az aramızda münaqişə oldu. Ondan sonra onu mənim kameramdan apardılar.
– Adam yekə-yekə danışdı, cavabını verdim. Mənim üzərimə cumdu, itələdim, yıxıldı. O zaman 35 yaşım vardı, mənimlə fiziki qüvvə ilə danışmaq elə də sadə məsələ deyildi, elə indi də özümü zəif hesab eləmirəm
– Gəncliyimdə idmanla məşğul olmuşam, daha çox futbol, basketbol oynamışam, güc növləri ilə yox
– Uşaqlıq, gənclik zamanlarında müxtəlif hadisələr olurdu, müxtəlif davalara düşürdük. Amma universiteti qurtaranda bir hadisə oldu, o hadisədən sonra özümə söz verdim ki, həyati təhlükə olmasa, mən bir daha heç bir zaman heç kimlə fiziki döyüşə girməyəcəm.
– Bir tələbə yoldaşımla bir mübahisəmiz oldu, heç xatırlamıram nəyin üstündə oldu, sonra da dalaşdıq. Səhəri günü onun sir-sifətini görəndə, utandım ki, adam adamı belə vurarmı, bu, nə deməkdir, buna nə cür yol vermək olar? Ondan sonra heç kimə əl qaldırmamağa çalışmışam.
– Qanunu prinsipial şəkildə tətbiq edəndə, hər kəs həddini bilir və yerində oturur
– Dövlət, hakimiyyət qiyamı yatıra bilər və yatırmalıdır
– Qüvvə nazirləri, Daşqın Ağalarov və başqaları ilə birlikdə bizi helikopterlə Gəncəyə apardılar və orada bizi Gəncə həbsxanasına yerləşdirdilər
– Gəncə türməsində 10 gün tək saxlanıldım
– Sürətin adamlarından biri həbsxana rəisini məcbur edib mənim kamerama gəldi və mənə öz aləmində sual verməyə başladı ki, niyə bu hadisə baş verib. Mən də ona izah elədim ki, bu, sənlik məsələ deyil
– Gəncədə heç kimlə görüşüm olmadı
– İntiqam Əliyev və Adil İsmayılov vəkillərim idilər
– 10 gündən sonra hamımızı Gəncədən Bakıya gətirdilər və əksəriyyətimizi MTN-in təcridxanasına yerləşdirdilər
– Mən MTN-in təcridxanasını 5 mərtəbəli evin 6-cı mərtəbəsi adlandırdım
– Qatil hesab edilən oğlan çox hörmətli idi mənə qarşı
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?