İctimai fəal Abdulhüseyn Ələkbərov: Hökumət Əli Həsənovu cəzalandırmaq istəyir?
Son günlər Bakıda müzakirə olunan əsas hadisə Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin Bakıda törətdiyi avtomobil qəzasıdır. Bununla bağlı gənc, ictimai fəal Abdulhüseyn Ələkbərov öz fikirlərini bizimlə bölüşdü:
-Baş verən hadisəni adi avtoqəzadan fərqləndirmək Sizcə nə ilə əlaqəlidir?
Bu təbii ki, adi avtoqəza deyil. Çünki, hadisəni törədən şəxs məmur övladıdır və onun etdiyi hərəkətlər çox ciddi qanun pozuntusu olmaqla bərabər həm də iki nəfərin həyatına son qoyub. O, həm də yüksək vəzifədə işləyən babasına arxayınlaşmaqla bu cinayəti törətmişdir. Həm də baş verən hal bir misal olmaqla hakimiyyətdə təmsil olunan məmurların və onların övladlarının hansı səviyyədə özbaşınalıq etdiyini bir daha ortaya qoydu. Cəmi 2 min manat maaş alan "Qaçqınkom" Əli Həsənovun nəvəsinin 300 min dollarlıq avtomobil sürməsi korrupsiyanın açıq-aşkar göstəricisidir. Eyni zamanda Nail Allahverdiyevin milyonlarla dollar məbləğində avto kolleksiyaya malik olması da ciddi suallar doğurur. Bu, vəzifədə işləyən şəxslərin gəlirlərini deklarasiya etmələrini göstərir. Çünki, həmin gəlirlərin qanuni əldə olunması şübhə doğurur.
-Abdulhüseyn bəy, baş vermiş hadisənin sosial təsirləri ilə bağlı nə demək olar? Yəni bu cür hadisələr cəmiyyətdə hansı təsirləri buraxır?
Baş vermiş bu hadisə çox ciddi effekt yaradır və təəssüf ki, ölkədə bu cür hadisələr dəfələrlə baş vermişdir. İnsanlarda elə bir fikir formalaşır ki, vəzifəli adamlar qanunlardan çəkinmirlər. Eyni zamanda Azərbaycanda bir vəzifə sahibinin öz övladını ictimai qaydalara və qanunlara əməl etməyə hazırlamadığını göstərir. Bundan əvvəl yadınızdadırsa Xalq Artisti Ağasəlim Abdullayevin ailəsinə də faciəvi həyat yaşadan məmur övladının əfv olunmasının şahidi omuşduq. Baş vermiş hadisənin psixoloji təsirləri getdikdən sonra nə nəticə verəcəyi sual altındadır. Mən əminəm ki, bu hadisə sosial mediada aktual müzakirə mövzudu olmasaydı yəqin ki, sakit qapadılacaqdı. Məncə, Baş nazirin müavini və Dövlət Qaçqınkomun sədri ən azı ictimaiyyət qarşısına çıxıb, nəvəsinin törətdiyi avtoxuliqanlığa görə üzr istəməli idi. Nəvəsi aşkar xuliqanlıq edib və cinayət törədib. O, nəvəsinin cəzalanmasını tələb etməli, ölənlərin ailəsinə başsağlığı verməli idi ki, Azərbaycanda bir nümunə qoysun. Çünki, Əli Həsənov elə-belə məmur deyil və qaçqınların sosial vəziyyətinə cavabdehdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?