Tofiq Zülfüqarov: “Kürdüstan məsələsi 10 illərlə davam edən məsələdir”
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Dağlıq Qarabağ probleminə dair danışıqlar prosesi, regionda və dünyada baş verən hadisələr, separatist addımları, müstəqillik referendumları və digər mövzularda “Gündəm Xəbər”in suallarını cavablandırıb.
-Tofiq müəllim, BMT Baş Assambleyasının toplantısı zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirildi, həmsədrlər regiona səfər edəcəyini açıqladı. Demək olarmı ki, danışıqlar prosesi yenidən bərpa olunur?
Doğrusu, mən bu məsələlərə bir qədər fərqli yanaşıram. Əslinə qalsa artıq bu danışıqların imitasiyası daxili siyasətə xidmət edən məsələyə çevrilib.
- Nəyi nəzərdə tutursunuz?
Bildiyiniz kimi gələn il Ermənistanda konstutusiya islahatları baş verəcək. Yəni siyasi sistemin dəyişməsi üçün addımlar atılacaq. Bu mənada Ermənistan tərəfi onun marağındadır ki, danışıqların baş verdiyini beynəlxalq və daxili ictimaiyyətinə təqdim etsin. Onların məqsədi nədən ibarətdir? Biz bunu dəqiq bilməliyik. Həmsədrlərin passivliyi ona gətirib çıxarıb ki, erməni tərəfi hesab edir ki, elə formula tapılmalıdır ki, Qarabağ onların təsiri altında qalsın, işğal edilən torpaqların bir hissəsi Azərbaycana qaytarılsın. Beləcə həm özləri müharibə təhlükəsini aradan qaldırsınlar, həm də Azərbaycan simasını qoruyub saxlasın. Ermənilər danışıqları bu cür görür. Hesab edirlər ki, bu güzəştlərə getməsələr, müharibə qaçılmazdır. Odur ki, düşünürlər ki, balaca güzəştlərə gedərək məsələni bitirsinlər. Ancaq indiki mərhələdə bunun üçün də əsas yoxdur. Taktiki baxımdan düşünürlər ki, işğal edilən ərazilərdə daxil olmaqla Qarabağa nəzarət edirik, heç bir torpağı qaytarmaq niyyətində deyilik. Və danışıqların imitasiyası bizim üçün ona görə lazımdır ki, müharibə təhlükəsini özümüzdən uzaqlaşdıraq.
- Gələn il həm Azərbaycanda, həm də Ermənistanda seçkilər olacaq. Adətən seçki ilində danışıqlar prosesində aktivlik müşahidə edilmir. Bu mənada demək olarmı ki, 2018-ci il təmaslar baxımından səssiz il olacaq?
- İndiki mərhələdə regionu Rusiya siyasi kontrol altında saxlayır. Fikrimcə, Ermənistanda siyasi elitanın transformasiyasını təmin etmək üçün daxili və xarici siyasətdə əsas məsələlərlə bağlı müxtəlif tədbirlər görüləcək. Son dövrlər danışıqlar prosesində prezidentlərin görüşü haqqında da fikirlər səslənir. Məncə, prezidentlərin görüşü də Rusiya tərəfindən gündəmə gətirilə bilər. Ola bilsin ki, bu ilin sonu və ya gələn ilin əvvəllərində prezidentlərin görüşü təşkil olunsun. Azərbaycan üçün bu görüş nəsə verməyəcək. Mümkündür ki, Azərbaycan tərəfi Rusiyanın bu təşəbbüsünü rədd etməmək xatrinə belə bir görüşə razılıq versin. Ancaq bu proses konfliktin həllinə ciddi təsir göstərməyəcək.
- Seçkilər ilində danışıqlar prosesi arxa plana keçə bilərmi?
- Yox. Hamı başa düşür ki, bu konfliktin həll edilmədən uzanması artıq gərginliyə gətirib çıxarıb. Həm Azərbaycanda, həm də Ermənistanda insanlar bu məsələnin həll edilməməsindən narazıdır. Ermənistanda səslənən iradlar onunla bağlıdır ki, bu proses neçə ildir ki, davam edir, amma nəticə yoxdur. Dünya işğal etdiyimiz torpaqları Ermənistanın bir hissəsi olaraq tanımır və mübarizə uzanır. Üstəlikdə sosial-iqtisadi vəziyyət getdikcə pisləşir.
Azərbaycanda da konfliktin həll edilməməsi narahatlığa səbəb olur. Yəni danışıqlar aparılır, ancaq ermənilərin mövqeyi göstərir ki, güzəştə getmək istəmirlər. Eləcədə danışıqların davam etdirilməsinin mənasının olub-olmamsı haqqında müzakirə aparılır. Çünki indiyə qədər bu danışıqların mənası olmayıb. Belə söhbətlər mövcuddur və günü-gündən güclənir.
- Bir neçə gün əvvəl Azərbaycan Türkiyə ilə birlikdə “TurAz Qartalı - 2017” hərbi hava təlimləri keçirdi. Bundan əvvəl isə quru qoşunlarının genişmiqyaslı təlimləri olub, Çexiyadan alınan yeni silahlar sınaqdan keçirildi. Bu hərbi təlimlərlə Azərbaycan hansı mesajları verir?
- Hər bir ölkənin siyasəti birmənalı ola bilməz. Yəni birmənalı demək ki, danışıqlar nəticə verəcək- buna inanmaq doğru olmazdı. Danışıqlar iki ölkə arasında gedən müharibənin bir elementidir. Həlledici elementi deyil. Hərbi siyasətə gəldikdə, tərəflər müdafiə imkanlarını aktivləşdirir. Azərbaycan təlimlər keçirir, imkanlarını yoxlayır, qüdrətini artırır. Hamı başa düşür ki, gec və ya tez müharibə qaçılmazdır.
- Beynəlxalq müstəvidədə xoşagəlməz proseslər gedir. Məsələn, Şimali İraqda və Avropanın mərkəzi Katoloniyada müstəqillik referendumu keçirildi. Sizcə, bu addımlar Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərə bilər?
- Beynəlxalq siyasət tarix boyunca bir istiqamətə yönəlib ki, hansısa qaydalar ortaya qoyulsun və bu prinsiplər əsasında ölkələr bu və ya digər hadisələrə münasibətini ifadə etsin. Ancaq praktiki baxımdan bu baş vermir. Çünki müxtəlif hadisələrə beynəlxalq prinsiplər əsasında deyil, sadəcə kiminsə marağı olanda fəqli cür yanaşılır. Yəni baş verən proses fövqəldövlətlər tərəfindən qətiyyən pislənilir və ya müdafiə olunur. Bu mənada siz qaldırdığınız hadisələri beynəlxalq prinsiplər əsasında təhlil etməyin tərəfdarı deyiləm. Açıq deyək ki, bəyan olunan beynəlxalq prinsiplər heç harda işləmir. Beynəlxalq prinsiplər, hüquq nə bizim konfliktimizdə, nə Ukraynada, nə də Moldovada işləmir. Deməli, Kürdüstan və Katoloniya məsələsində maraqlar nisbəti əsas rol oynayacaq. Əlbəttə, Şimali İraqdakı və İspaniyadakı bu hadisələr əsla bir-birinə bənzəmir. Kürdüstan məsələsi 10 illərlə davam edən məsələdir. Orada yaşayan kürdlər faktiki olaraq həm də 3-4 dövlətdə yaşayırlar. Beləcə hər bir tərəf o biri tərəfdə olan kürdləri dəstəkləyirdi, öz daxillərində olan kürdlərə isə muxtariyyət verməyə imkan vermirdi. Orada hadisələr hər zaman belə olub. Hesab edirəm ki, Şimali İraqda keçirilən referendum faktiki olaraq heç nəyi dəyişməyəcək və gələcəkdə də indiki vəziyyət davam edəcək.
- Şimali İraqda kürdlərin aktivliyi və müstəqilliyə can atması faktı İran, Türkiyə və ya Suriyada domino effekti yarada bilərmi?
- Bu özünü böhran şəklində büruzə verən ilk hadisə deyil. Bundan əvvəl də İraqda kürdlərin muxtariyyəti yaranıb. Əvvəl belə bir strukturları yox idi. Üstəlik indi Suriyadakı kürdlər yaşadıqları ərazidə hərbi üstünlüyə nail olublar və ərazilərə nəzarət edirlər. İranda kürdlərin yaşadığı bölgələrdə həmişə gərginliklər olub. Eləcədə Türkiyədə. Açığı, mən hesab etmirəm ki, Şimali İraqda keçirilən referendumu ciddi siyasi amil kimi qiymətləndirmək və vəziyyəti kordinal şəkildə dəyişəcəyini deyə bilərik. Kürd xalqının bölünməsi bundan sonra 100 ildə davam edə bilər.
- Bu, vəziyyətin bölgədə qanlı çatışmalara səbəb ola biləcəyini düşünmürsünüz?
- Əvvəla, bu bölgədə çatışmalar ümumiyyətlə səngimir. Orada gərginlik mövcud idi və müxtəlif silahlı qruplar bu və ya digər ölkələrə qarşı hərbi əməliyyatlarını aparırlar. İranı, İraqı, Türkiyəni və ya Suriyanı götürək. Orada təzə bir şey yoxdur və inanmıram ki, bir cəbhə yaradılsın və hamıya qarşı vuruşmaq haqqındda düşünülsün.
- Ərdoğanın İran səfəri zamanı Tehranla Ankaranın birgə hərbi əməliyyatlar keçirməsi haqda razılıq əldə edilib. Sizə elə gəlmirmi ki, bu elə Şimali İraqda baş verən proseslərlə bağlıdır?
- Bundan əvvəldə Şimali İraqda müəyyən qruplaşmalar var idi. Hələ Səddam Hüseyn vaxtında Türkiyə Şimali İraqda ordusu yerləşdirmişdi, əməliyyatlar keçirirdi. Səddam da buna etiraz etmirdi. Bu məsələlərin tarixi 100 ildən çoxdur. İran və Türkiyə bu istiqamətdə güclərini birləşdirir. Əlbəttə, bu bölgə üçün ciddi siyasi-hərbi amilə çevrilə bilər. Biz hələ prosesləri izləməliyik. Ancaq mən güman etmirəm ki, məlum referendum regionda ciddi hərbi siyasi fəsadlar yarada bilər.
- Prezident Putin Dağıstan Muxtar Respublikasının prezidenti Ramazan Abdulatipovu Vladimir Vasilyevlə əvəzləyib. Sizcə, Şimali Qafqazda hansı proseslər gedir?
- Məncə, əsas amil qitisadiyyatdır. İndiki mərhələdə Rusiya iqtisadiyyatı, ələlxüsus bank sektoru ciddi böhrana məruz qalıb. Regionların maliyyələşməsi, orada sosial-iqtisadi proqramların həyata keçirilməsi ləngiyir. Təbii ki, bu istər-istəməz regionların eyni sürətlə inkişaf etməməsinə səbəb olur. Son nəticədə də gərginlik artır. Biz bilirik ki, Rusiyanın Şimali Qafqazda olan subyektləri heç də Rusiyanın ən inkişaf etmiş ərazilərdən olmayıb. Əksinə, Şimali Qafqazdan Rusiyanın digər bölgələrinə ciddi miqrant axını var. Təəssüflər olsun ki, Ramazan Abdulatipovun prezidentliyi dövründə də regionda iqtisadi inkişaf baş vermədi. Orada olan sosial gərginlik indi də mövcuddur. Hesab edirəm ki, bu, bir növ sosial gərginlik və onun millətlərarası əlaqələrə təsir göstərməsini ortaya qoyur, göstərir ki, problemlər var. Putin də kadrları dəyşməklə bu problemlərin həllinə nail olmağa çalışır. Bunun üçün də ən çox etibar etdiyi, müəyyən təcrübəyə malik insanları ən gərgin regionlara yerləşdirir.
Azərbaycan üçün Dağıstan regionu strateji əhəmiyyət kəsb edir. Həm Abdulatipov, həm də digər rəhbərlərin vaxtında Azərbaycan daima çalışıb ki, regional səviyyədə də əməkdaşlığı qursun. Hesab edirəm ki, bu əməkdaşlığı davam etdirmək lazımdır. Çünki 1990-cı illərdə olan gərginlik təkrarlansa, bizim xeyrimizə olmaz. Azərbaycan Rusiya ilə həm federal, həm də regional səviyyədə əməkdaşlığı davam etdirməlidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?