Fuad Ağayev: ”Azərbaycan kimi dövlətlərdə bu istiqamətdə addım atmaq hələ tezdir”
Azərbaycanda barəsində qətimkan tədbiri seçilən şəxslərə nəzarət məqsədi ilə elektron sistem tətbiq ediləcək. Bununla bağlı prezident tərəfindən Cinayət-Prosessual Məcəlləsinə yeni 156-1 (Qətimkan tədbirləri üzrə elektron nəzarət vasitələrinin tətbiqi) maddəsinin əlavə edilməsi təklif olunur. Maddəyə görə, elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxsin müəyyən edilmiş vəzifələri yerinə yetirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir. Bu barədə protokol tətbiq edilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur. Bunu Meydan TV-ə şərh edən vəkil Fuad Ağayev deyib ki, elektron nəzarət vasitəsi bütün dünyada tətbiq edilir. “Amma hüquqi düşüncənin yüksək olmadığı Azərbaycan kimi dövlətlərdə bu istiqamətdə addım atmaq hələ tezdir”. Vəkil iddia edir ki, Azərbaycan cəmiyyəti belə yeniliklərə hələ hazır deyil: “Bu cür tədbiri elə tətbiq edə bilərlər ki, o insanlara həbsdən də mənfi təsir göstərsin, yəni alçaldıcı şəkildə və başqa formada da tətbiq edə bilərlər. Bu mənada cəmiyyətin hazır olmadığını düşünürəm”. Digər dəyişikliklər Azərbaycanda şəxsin barəsində həbs qətimkan tədbiri növləri ilə bağlıdır. Bununla bağlı Azərbaycan prezidenti tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 155.3-cü (155.3. həbs və ona alternativ qətimkan tədbirləri yalnız aşağıdakı təqsirləndirilən şəxs barəsində tətbiq oluna bilər) maddəsinin dəyişdirilməsi təklif olunur. Yeni formada verilən maddəyə görə, həbs qətimkan tədbiri: – bu Məcəllənin 155.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; – cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; – əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq olunacaq. Maddənin hazırda qüvvədə olan variantı isə belədir: “Həbs və ona alternativ qətimkan tədbirləri yalnız aşağıdakı təqsirləndirilən şəxs barəsində tətbiq oluna bilər: – 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; – bu Məcəllənin 155.1.1 və 155.1.3-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq üçün 2 (iki) ilədək az müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə”. Layihələr Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Vəkil Fariz Namazlı Meydan TV-ə bildirib ki, dəyişiklik qüvvəyə minəndən sonra şəxsin saxlama müddətinin uzadılması haqda təqdimatı baş prokurorun müavini tərəfindən veriləcək. O qeyd edib ki, əvvəllər iddianı ərizəsini həyata keçirən prokuror təqdimat verirdi. Artıq baş prokurorun müavini qərar verəcək. Vəkilin fikrincə bunun müsbət tərəfi odur ki, müstəntiqlər istintaq müddəti ərzində işi tamamlayıb məhkəməyə göndərməli olacaqlar. “Çünki şəxsin həbs müddətinin uzadılması bir qədər fərqli olacaq. Biri var öz prokurorları vasitəsilə vaxtı uzatsınlar, biri də var baş prokurorun müavini qərara gəlsin. İkinci tərəfindən uzadılmasında isə sənədlər tam qaydasında olmalıdır. Əgər müstəntiq tərəfindən kifayətedici tədbirlər görülməyibsə, bu, müstəntiq üçün mənfi haldır. Ona görə ibtidai istintaqı aparan müstəntiq 2-4 aylıq istintaqda işi yekunlaşdırıb məhkəməyə göndərməyə çalışacaq”./APA
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?