Politoloq: “ABŞ Afrin məsələsində Türkiyənin yanında olmadığını nümayiş etdirir”
“Gündəm Xəbər” Orta Şərq regionunda baş verən hadisələr, Türkiyənin Afrin əməliyyatı, ABŞ-ın addımlar və digər mövzularda politoloq Fərhad Mehdiyevlə müsahibəni təqdim edir.
- Fərhad bəy, Türkiyəni Afrin əməliyyatı fərqli mövqelərdən şərh olunur. Sizcə, nəyə görə Türkiyə Afrini ələ keçirməyə çalışır?
- Türkiyənin bu addımı başadüşüləndir. Amerika Suriyada 30 minlik kürd silahlı qruplaşması yaratmaq qərarı verib. Türkiyə də başa düşür ki, bu, onun milli təhlükəsizliyi üçün təhddidir. Bu mənada Türkiyə haqlıdır. Sonradan bu qruplaşmanın və kürdlərin torpaq iddiaları ortaya çıxa bilər. Biz gördük ki, Bərzani timsalında buna cəhd etdilər, lakin uğursuz oldu. Bu o demək deyil ki, növbəti dəfə buna cəhd edilməyəcək. Türkiyə baxışından məhz bu cür təhlükələri əngəlləyəcək hər cür proseslərin baş verməsində fayda var.
- Bu hərbi hərəkət Türkiyə üçün hansı risklər yarada bilər?
- Şübhəsiz ki, burada müəyyən risklər də mövcuddur. O mənadakı Suriyadakı ixtilaflar türk torpaqlarına da sıçraya bilər. Məhz buna görə, Türkiyə Afrin və digər bölgələrdə ki, hərbi qüvvələrin orada möhkəmlənməsinə imkan vermədən cavab tədbirləri görməyə məcburdur. Yəni imkan verməməlidir ki, bu ərazilərdə hərbi birləşmələr yaransın və güclənsin. Nəzərə alın ki, Türkiyənin cənubi şərq ərazilərində də PKK deyilən terrorçu təşkilat aktivləşmişdi. Hətta buna görə, bəzi ərazilər boşaldıldı. Türkiyə bu kimi proseslərə yenidən təkan verilməməsi üçün Afrinlə bağlı qərar verməli oldu.
- ABŞ nəyə görə, Suriyada 30 min etnik kürdlərdən ibarət ordu yaradır və bu ordunu Suriya-Türkiyə sərhədlərinin təhlükəsizliyinə cəlb etməyi planlayır?
- ABŞ-ın köhnə planı var. Söhbət yaxın Şərqdə və ya Suriyada yeni kürd dövlətinin yaradılmasından gedir. Sadəcə bu planı həyata keçirmə mərhələsi qəfil olmayacaq. Əksinə, tədricən bu işləri həyata keçirməyə çalışılacaq. Bərzani timsalında ortaya çıxdı ki, dövləti elan etməklə dövlət qurulmur. Bunun üçün geosiyasi şərait elə formada olmalıdır ki, dövlət bir növ qurula bilsin. Bunun üçün bir neçə şərtlər olmalıdır. İndi görünən odur ki, digər şərtlərin formalaşdırılması prosesi həyata keçirilir. Silahlı YPG-nin də yaradılması və onların Suriya-Türkiyə, Suriya-İraq sərhədlərdə yerləşdirilməsi niyyəti də bu prosesin bir hissəsidir. Ancaq unutmamaq lazımdır ki, bu planın arxasında Amerika, İsrail var. Onlar kifayət qədər güclü dövlətlərdir.Onlarla baş-başa gəlmək o qədər də sadə məsələ deyil. Türkiyə də onlarla baş-başa gəlmək üçün Rusiya ilə yaxınlaşma siyasəti aparır. Amma Rusiyanın gələcəkdə necə rol oynayacağı o qədər də aydın deyil.
- İndiki halda Ankara ilə Bəşər Əsəd rejiminin mövqeləri nə dərəcədə üst-üstə düşür? Məntiqlə Suriyada 30 minlik nəzarətdən kənar ordu Əsədin özünə də sərf etmir...
- Bəli, tamamilə haqlısınız. Bu məsələdə mövqelər və maraqlar üst-üstə düşür. Ancaq iş ondadır ki, illər əvvəl Türkiyə Bəşər Əsədlə bağlı düzgün siyasət aparmadı. Suriyada proseslər başlayan andan Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini istədi, amma düşünmədi ki, burada Türkiyə üçün ziyanlı proseslər baş verə bilər. Bir var Əsəd hakimiyyətdən getsin və onun yerinə Suriyanın ərazi bütövlüyünü təmin edən hökumət gəlsin, bir də var Syuriyada anarxiya yaransın və silahlı qruplar ortaya çıxsın. Bu situasiya Əsədin olmamasından yaxşı vəziyyət hesab oluna bilməz.
- Rusların mövqeyi necə olacaq, Suriyada Moskvanın hərbi bazaları, imkanları genişdir?
- Rusiya regionda qalmaqda davam edəcək. Ruslar regionda Bəşər Əsədlə qalmaqda davam edir. Eyni zamanda ruslar Bəşər Əsədə yaxın olan kürd qruplarını da müdafiə edir. Yəni Rusiya kürd kartından, kürdlərdəm tamamən imtina etmir. Ruslar kürd məsələsində meydanı tam olaraq Amerikaya buraxmaq fikrində deyil. Odur ki, kürdlərə dəstək verir, amma Bəşər Əsədi müdafiə edən kürd qruplara dəstəkləyir.
- İŞİD-in məhv edildiyi bəyan edilir, əvəzində 30 minlik ordu qurulur. Üstəlik Rusiya Suriyada mövcuddur, Türkiyə daha geniş formada Suriyada iştirakçılq ərəfəsindədir, İrana bağlı Suriyada çoxlu hərbi qüvvələr var. Bu mənzərə yeni qan gölünün yaranacağının işartıları deyilmi?
- İlk öncə nəzərə almaq lazımdır ki, Suriyada üç önəmli qrup var. Bunlardan biri Bəşər Əsəd və ona tabe olan hərbi qüvvələrdir. İkincisi, müxalif qüvvələrdir. Bunlar nisbətən demokratik xarakterlidir. Üçüncü qüvvə isə etnik kürdlərdir. Radikal islamçı qüvvələr isə sanki dağıdılmış formadadır. Fikrimcə, hazırda demokratik Suriyaq müxalifətinin güclənməsi ehtimalı çox azdır. Kürd qrupları isə genişlənə bilər. Bu ehtimal son dərəcə güclüdür.
- Bu halda Suriyadakı mövcud konyuktura necə dəyişə bilər?
- Bunun üçün ya Suriyanın ərazi bütövlüyü təmin edilməlidir. Ya da, əksinə olaraq Suriyanın ərazi bütövlüyü təmin edilmədən, ölkə parçalanmaya doğru gedir və bu qruplar əllərində saxladığı ərazilərdə güclənirlər.
- Sizə görə, Suriyada parçalanma ehtimalı güclüdür, yoxsa ərazi bütövlüyünün təmin edilmə imkanları?
- Mən bununla bağlı konkret fikir deyə bilmərəm. O şəksizdir ki, Suriyadakı indiki konfiqurasiya və durum bir müddət davam edəcək.
- Türkiyə Afrinə daxil oldu, bəzi əraziləri nəzarətə aldı. Sonra necə olacaq?
- Sözsüz ki, Türkiyə bu əraziləri əlində saxlaya bilməyəcək. Türkiyə bu ərazilərə daxil olduqdan sonra oralara nəzarəti Demokratik Suriya Müxalifətinə verməlidir.
- Suriyada indiki kritik vəziyyət yeni və böyük müharibənin başlaması üçün çəlləng rolu oynaya bilərmi?
- Böyük müharibə ehtimalı yoxdur. Böyük çaplı müharibə üçün böyük dövlətlər bu işə girişməlidir. Ancaq onlar girişməyəcək.
- Türklərin sərhəddin Suriya hissəsində kürd terrorçularını sıradan çıxarmaq imkanları nə qədərdir?
- Bu məsələ bilavasitə Amerikadan asılıdır. Başqa sözlə, kürdlərə ABŞ-ın verəcəyi silahların nədən ibarət olması əhəmiyyətlidir. Əgər kürdlərə təyyarələrə qarşı stinger tipli silahlar verilsə vəziyyət fərqli olacaq. Türkiyə çalışacaq ki, əsasən hava qüvvələri ilə hərəkət etsin. Çünki zirehli texnika və quru qoşunlarına üstünlük versə, bu zaman itkilər də çox olacaq. Bu mənada Türkiyə aviasiyaya üstünlük verəcək. Bu halda gərək qarşı tərəfin hava hücumundan müdafiə sistemi olmasın. Əgər olarsa itkilər baş verə bilər. Olmasa, bu zaman türklərin işi bir qədər asan olacaq.
- ABŞ və Türkiyə prezidentləri arasında son telefon danışığı münasibətləri istiləşdirmək əvəzinə bir qədər də kəskinləşdirdi. Sizcə, bu ölkələr nədən razılığa gələ bilmirlər?
- Əvvəla nəzərə alaq k, Ərdoğan və Tramp arasında telefon danışığı, habelə xarici işlər nazirləri Tillersonla Çavuşoğlu arasında keçirilən görüşdən sonra tərəflər bir-birinə zidd açıqlamalar verdi. Türkiyə belə bir fikir yaratmağa çalışır ki, bu məsələdə Amerika onun yanındadır. Hətta bizimlədir və ortaq təhlükəsizlik zonası haqqında danışılır. Amma dövlət katibi Tillerson bunu yalanlayır, deyir ki, bu haqda danışılmayıb. Ağ Evin rəsmi saytında yerləşdirilən məlumatda qeyd edilir ki, ABŞ Şimali Suriyada mülki əhaliyə görə narahatdır və Türkiyəyə bununla bağlı xəbərdarlıq edilib. Rəsmi Ankara da öz növbəsində bu informasiyanı təkzib edir. Bir sözlə, ABŞ prosesdə Türkiyənin yanında olmadığını nümayiş etdirmək istəyir. Mənim fikrimcə, baş verən proseslərdə Amerikanın məqsədini bir kənara qoymaq doğru olmazdı. ABŞ-ın məqsədləri konkretdir. Vaşinqton Bəşər Əsədi yıxmaq istəyir. Əsədə qarşı isə indi döyüşəcək yeganə qüvvə Azad Suriya Ordusudur. Kürd silahlı birləşmələri müəyyən qədər Əsədi dəstəkləyir. Baxın, YPG açıq şəkildə Əsədə çağırış edib ki, ordunu Afrinə gətirsin. Bəllidir ki, Afrinə doğru türk ordusu tək deyil, Azad Suriya Ordusu ilə birlikdə hərəkət edir və azad edilən ərazilər də bu orduya verilir. Yəni ərazilər YPG-dən alınaraq Azad Suriya Ordusuna verilir. Fikrimcə, indi ABŞ-ın birinci məqsədi Azad Suriya Ordusunu gücləndirmək, onun əhatəsini böyütməkdir. İkinci məqsəd isə kürdlərlə Rusiyanın arasını açmaqdır. Ruslar kürdlərə açıq deyir ki, siz ABŞ-a arxalandınız, onlardan silah aldınız, indi də türklərlə üz-üzə qalmısınız. Baxın, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova deyib ki, onlar Türkiyənin hərəkətindən çox narazıdır. Çünki Azad Suriya Ordusu güclənir və bu ordu Bəşər Əsədin əsas rəqibidir. Halbuki ruslar zamanında Azad Suriya Ordusunu da hədəfə almışdı, onu vururdu. Elə ABŞ-ın üçüncü məqsədi də Rusiya ilə Türkiyənin arasını açmaq idi və məncə, buna da nail olub. Afrin əməliyyatından sonra kürdlərlə ABŞ-ın arasında narazılıq baş verib. Amma unutmaq olmaz ki, kürdlər Amerikadan çox asılıdır. Kürdlər Əsədlə münasibətlərini yaxşılaşdırsa da, onlara silahı Əsəd deyil, Vaşinqton verir. İkincisi, Amerika küdrləri Şimali İraqda dəstəkləyir. ABŞ istədiyi zamanı kürdləri özünə yaxınlaşdıra, istədiyi an isə kürdlərdən uzaqlaşa bilir. Çünki kürdlər hərbi dəstək baxımından ABŞ-dan tam asılıdır. ABŞ-da bundan istifadə edir. Ancaq indi ABŞ Suriyada kürdləri gücləndirməkdən daha çox Bəşər Əsədi hakimiyyətdən götürmək istəyir. Mümkündür ki, Əsədi götürdükdən sonra kürdləri gücləndirəcək. Amma ABŞ gördü ki, kürdlər Bəşər Əsədə qarşı vuruşmaqdan qorxur. Səbəb odur ki, kürdlər Suriyada rusların gücünü gördü və ruslarla bazarlaşmaya gedir. Lakin Azad Suriya Ordusu ruslardan nə qorxdu, nə də bazarlığa getdi. İndi Türkiyə ilə Rusiyanın arası da açılır. Ankara-Moskva münasibətləri tam pisləşməsə də, Zaxarova açıqlamasında qeyd edib ki, Türkiyə təhükəli manevrlər edir. Nəzərə almaq lazımdır ki, Türkiyə-Rusiya münasibətləri heç vaxt möhkəm, səmimi və dost münasibətləri olmayacaq. Əlbəttə, münasibətlər epizodik olaraq üzdə düzələcək, yaxınlaşma müşahidə ediləcək. Amma Moskva Türkiyəni hər zaman məsafədə saxlayacaq. Bu tarixən belə olub və tarixi ənənəni Rusiya heç vaxt pozmayacaq. Rusiya sözsüz ki, regionda öz maraqları üçün Türkiyədən istifadə etməyə çalışır. Ruslar gözəl bilir ki, Ankara regionda hər bir məsələdə onun rəqibidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?