Arif Əliyev: “Rusiyanın vəziyyəti ağırlaşa-ağırlaşa gedəcək”
“Yeni Nəsil” Azərbaycan Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə müsahibəni təqdim edirik
- Arif bəy, Donald Tramp ABŞ prezidenti seçiləndə demişdiniz ki, Tramp Putinin qorxulu yuxularına çevriləcək. Artıq ABŞ-ın Rusiyaya qarşı sanksiyalar paketi ciddi müzakirə edilir... - Əvvəla deyim ki, mən siyasi təhlilçi deyiləm, lakin siyasi prosesləri daima izləyirəm. Bu baxımdan dediyiniz sanksiyaları gözlənilməz hesab etmirəm. Rusiyaya ən çox gözlənilən və həm də ən təsirli təzyiqlər iqtisadi təzyiqlərdir. Bu, uzun müddətdir davam edir və bir çox hallarda Rusiyanı ağır seçim qarşısına qoyur. Sözsüz ki, Rusiyanın iqtisadi potensialı yüksəkdir və həm də yaxşı iqtisadçıları var ki, bir neçə ağır böhrandan ölkəni çıxara biliblər. Amma dolların təzyiqi, iqtisadi sanksiyalar, iqtisadi fəaliyyətdə Rusiyaya qoyulan məhdudiyyətlər fikrimcə, Rusiyanın vəziyyətini ağırlaşdıra-ağırlaşdıra gedəcək. İndiki halda sanksiyanın daha çox siyasi mahiyyət kəsb etməsi böyük ehtimalla bu il Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlıdır. - Yəni amrikanlar bu sanksiyalarla Rusiya seçkilərinə təsir etmək istəyir? - Amerikanlar ona edilən barmaqları asan unudan dövlət və ya cəmiyyət deyil. Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməsi prosesini sözsüz ki, onlar Rusiyaya bağışlamayacaq. Çünki bu kifayət qədər onların nfuzunaa böyük problem yaratdı, təhlükəsizlik problemlərini gözləmədiyi istiqamətdə ortaya qoydu. Bunu isə Amerika Rusiyaya bağışlamayacaq. Odur ki, indi həm Rusiyadakı seçki prosesinə müxtəlif formalarda təzyiq davam edəcək, həm də söhbət ola bilsin ki, daha ciddi məsələlərdən gedir. Sadəcə söhbət Rusiya rəhbərliyinin dəyişdirilməsi istəyindən yox, Rusiyanın ictimai-siyasi və bəlkə də inzibati quruluşunun dəyişdirilməsi istiqamətindən gedir. - Bu sanksiyaların hələlik tətbiqi faktı yoxdur. Müşahidəşilər qeyd edirlər ki, “Kremli hesabatı”nın əsas məqsədi yaxın ətrafının Putinə qarşı qaldırılmasıdır. Bu mümkündürmü? - Qeyd edim ki, Rusiya siyasi elitası daxilində proses var. Yəni daxildə ki, narazılıqlar, nəyisə dəyişdirmək cəhdi və s. Mən rejissor Sakurovun bir neçə gün əvvəl söylədiyi fikri xatırlatmaq istərdim: hamıya hədə-zorba gələn deyil, yaşamağa normal ölkə lazımdır. Hakim elitada, xüsusilə iqtisadçılar arasında bunu başa düşən şəxslər var. Onlar görürlər ki, söhbət sadəcə siyasi liderin taleyindən deyil, bütövlükdə zümrənin, bəlkədə ölkənin taleyindən gedir. Belə şərait mərkəzdənqaçma meyllərinə təsir edəcək. Sözsüz ki, bunun dərhal effekt verəcəyini və ən ciddi amilə çevriləcəyini hələlik müşahidə etmirəm. Qənaətimcə, iqtisadi təzyiqlər, sanksiyaların güclənməsinin əsas səbəbi daxildən insanları liderə qarşı qaldırmaq deyil, ümumilikdə Rusiyanı dünyada gedən hərbi, siyasi, iqtisadi proseslərə ciddi müdaxilə imkanlarını çökdürməkdir. - Buna qarşılıq olaraq Rusiya hansı xətti seçə bilər? - Rusiyanın tədbirləri məhduddur. Rusiyanın çalışdığı özünə ikinci koalisiya və ya dairə yaratmaqdır. Bu da, açıq görünür. Rusiyanın Şərqə üz tutması, ətrafa baxışı ortadadır. Amma iş ondadır ki, Rusiya ətrafı ilə münasibətləri də korlayıb. Krımdan tutmuş Dağlıq Qarabağa qədər olan problemləri var. Eyni zamanda Rusiyanın cəhd göstərdiyi siyasi və iqtisadi alyanslar faktiki alınmır. Çətin ki, alınsın. Çünki Rusiya bərabər portniyorluqdan həmişə özüünün dominant olduğu sistemə qaçır. Bu səbəbdən də nə yaratmaq istəyirsə dağılır. İndi əsas məsələ daxildə rejimin möhkəmləndirilməsi cəhdindən gedir. Bu, indiki seçki ərəfəsi dövrdə də görünür. Çoxsaylı ekspertlər deyir ki, Navalninin seçkilərdə ciddi şansı yoxdur. Navalnı Moskvada keçirilən seçkiləri uduzdu, indi də namizəd olsa ciddi şansları olmayacaq. Amma Navalninin uzun illər seçkilərə buraxılmaması, siyasi proseslərdən kənardan saxlanılması cəhdi göstərir ki, Rusiyanın sorğu mərkəzlərinin ortaya qoyduğu rəqəmlər obyektiv deyil və hakimiyyət Navalnidən çəkinir. Məncə, Rusiyada siyasi imkanlar xeyli məhdudlaşacaq. Media ilə bağlı məsələ həll olunub. Cəmiyyətin daxilinə təzyiq güclənəcək, Rusiyanın özünə yeni alyanslar və müttəfiqlər tapmaq cəhdləri artacaq. Amma indiki siyasi texnologiyalar və iqtisadi münasibətlərlə buna şans görmürəm. Əlbəttə, bu proses davam edərsə SSRİ-nin başına gələnlərin Rusiyanın başına gəlməsi ehtimalı böyükdür. Ola bilsin ki, hansıs bir mərhələdə bu təhlükədən yayınmaq üçün daxildə ictimai dalğa yüksəlsin. Əslində Amerikada birinci növbədə buna ümid edir. - “Kremli heabatı”ndan sonra Rusiya siyasətində liberallaşma müşahidə edilə bilərmi? - İndiki halda liberallaşma olmayacaq. Sonuncu olimpiyada ilə bağlı məsələlər faktiki Rusiyanın indiki vəziyyətini və onun istədiyini tam açıq ortaya qoyur. Əlbəttə, bir çoxları deyir ki, idman siyasət deyil. Lakin siyasətdə gedən proseslər özünü ən açıq formada idmanda göstərir. Faktiki olaraq dünya Rusiyanı bir dövlət olaraq olimpiya oyunlarından kənarda qoydu və ona alçaldıcı şərtlər irəli sürdü. Bu şərtləri qəbul etməyi ilə yanaşı Rusiyanın təbliğatına, onun məsələnin qoyuluşunun necə çevirməsinə baxanda görürsən ki, beyin həmin beyindir, istək və düşüncə eynidir. Bu düşüncə ilə Rusiya liberallaşmaya doğru gedə bilməz. Liberallaşma ancaq siyasi mütəvidə dəyişikliklərlə başlaya bilər. - Yəni aqressivləşmə müşahidə olunacaq? - Bəli. Əslində bunu artıq müşahidə edirik. Əgər, biz Rusiya mediasına və televiziyalarına iki gün baxsaq kifayət eədər ki, aqressivliyin dərəcəsindən insan bədəninə üşütmə düşsün. Məncə, bunu Rusiya ilə əlaqəsi olan yaxın dövlətlər də nəzərə almalıdır. Ağır və ciddi zərbələr Rusiyanın aqressivliyinə səbəb olur. İndiki mərhələdə bu açıq görünür. - Ancaq Prezident Putinin sanksiya məsələssinə reaksiyası “it hürər, karvan keçər” şəklində oldu... - Bu da aqressivliyin bir formasıdır. Biz bayaq idmandan danışdıq. Ancaq həmin prosesdə Rusiyaya qarşı irəli sürülən şərtlərin adını alçaldıcı şərtlər qoydu və sonra qəbul edildi. Başqa yolda yox idi. Amma danışanda qeyd etdi ki, bunların hamısı bizim əleyhimizə gedirlər. Bu təzyiqlərin Rusiyanın sərtləşməsinə aparıb çıxarır. Bəlkə də, indiki halda qərbin təzyiqləri buna hesablanıb. - Niyə? - Çünki aqressivləşdikcə iqtisadiyyatını tamam başqa-yarı hərbi reysə keçirdikcə özünə quyu qazır. - Sanksiyalar siyahısı açıqlanıb. Rusiya elitası, Moskvaya yaxın zəngin ailələr siyahıya salınıb. Bu şəxslərlə bağlı ABŞ hansı tədbirlər görə bilər, yəni onlara hansı formada təsir etmək mümkündür? - Öncə bu siyahı Domokl qılıncə kimi baş üzərində asılan təhlükədir. Sanksiya ifadəsinin altında çox şey var. Bu sözün altında ciddi təsir imkanları, milyardlar, bank hesabları, işgüzar əlaqələr, ailələr və şəxsi həyatlar dayanır. Yəni burada bağlar çoxdur. Faktiki olaraq bu sanksiyalar bir çox insanlara əlavə təsir etmək imkanı yaradır. Yəni bu iplərdir. Və bu ipləri nə zaman çəkmək və ya boş saxlamaq isə konkret vəzifə və məqsədlərdən asılı olacaq. - Amerika faktiki olaraq Rusiyanın siyasi və iqtisadi, habelə biznes elitasını düşmən elan edib. Bundan sonra Amerika-Rusiya münasibətləri necə olacaq? - Ümumdünya təhlükələrini, terror təhlükələrini kənara qoysaq Amerika-Rusiya münasibətləri onsuz da ciddi şəkildə pozulub. İqtisadi, hərbi, siyasi sahədə münasibətlər qarşıdurma ilə müşayiət edilib. Söhbət bu münasibətlərin müharibə formasına keçidindən gedirsə, mən, bunun perspektivini görmürəm. İndiki dövrdə müharibə sadəcə müharibə demək deyil. Bu elə bir faciə deməkdir ki, ilk növbədə ABŞ-ın özü bundan qaçacaq. ABŞ əyləci müəyyən mənada basmağı bacarır və bunu dəfələrlə göstəriblər. Ancaq bu münasibətlərin tendensiyasını dəyişə biləcək yanaşma yoxdur. ABŞ prezidenti Donald Trampın özü bu siyasəti dəyişməyə qadir deyil. Son dövrlər ABŞ-ın seçki siyasətində ciddi dəyişikliklər baş verib. Burada faktiki olaraq ümumxalq seçkisinin adı qalıb, prezidentlik məsələsini iri maliyyə və işgüzar dairələr həll edir. İndiki halda birbaşa işgüzar dairələrin heç bir siyasəi təcrübəsi olmayan nümayəndəsi prezidentlik kreslosunda əyləşib. Onun keçirdiyi daxili islahatlar, ilk növbədə vergi islahatları varlı təbəqinin mənafeyinə xidmət edir. Digər tərəfdən, Trampın adı ilkin dövrdə bədnam çıxıb. Rusiya ilə əlaqələri, Rusiyanın hesabına guya hakimiyyətə gəlməsi fikirləri olub. Trampın özünə belə obraz və imic lazım deyil. Odur ki, bəzən Tramp lazım olduğundan da sərt hərəkət edərək göstərmək istəyir ki, onun adına çıxarılan fikirlər əsassızıdır. Nəzərə almaq lazımdır ki, Donald Trampın ikinci seçim cəhdi olacaq. Onun indiki imiclə seçilmək imkanı məhdud olardı. Odur ki, mən yaxın dövrlərdə təzyiqin zəifləyəcəyini gözləmirəm. Əksinə, bu təzyiqlər müxtəlif formalarda davam edəcək. Ən azı indiki sanksiyaların verdiyi imkanlara uyğun olaraq haradasa açıq, haradasa qapalı formada tətbiq ediləcək.
Sorğu
Yeni dizaynımız necədir?