Azərbaycanda Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, ümumilikdə, 5 milyon 347 min 803 seçki bülleteninin hazırlanması nəzərdə tutulub.
Bülletenlər Milli Məclisin mətbəəsində çap edilir. MSK-nın təsdiqlədiyi Azərbaycan Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.
MSK səsvermə gününə azı 5 gün qalmış, yəni aprelin 6-dək seçki bülletenlərini dairə seçki komissiyalarına verməlidir. Səsvermə gününə azı 3 gün qalmış, yəni aprelin 8-dək dairə seçki komissiyaları seçki bülletenlərini məntəqə seçki komissiyalarına paylamalıdırlar.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib. Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıq olmalıdır./ölkə.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?