“Korrupsiyaya Qarşı Mübarizə və Sosial Hüquqlar Mərkəzi” İctimai Birliyinin sədri Mübariz Mütəllimov təşklatın hədəflərindən danışdı
-Mübariz bəy, yeni ictimai təşkilatın hədəfləri barəsində nə deyə bilərsiniz?
– İlk növbədə qeyd edim ki, təşklatımız yeni təsis olunmuş və mənim korrupsiyanın cəmiyyətə gətirdiyi bəlalara qarşı mübarizə istəyimdən yaranmışdır. Həmişə demişəm ki, korrupsiya ölkənin iqtisadi inkişafını çökdürən neqativ bir prosesdir. Buna görə də mən həmkarlarımla qərara gəldik ki, korrupsiyaya qarşı aparılan mübarizəyə dəstək olmaq üçün belə bir ictimai təşkilat yaradaq. Məncə, Azərbaycanın problemlərindən biri və bəlkə də birincisi korrupsiyayla üz-üzə qalmasındadır. Bu vəziyyəti dəyişmək üçün çoxlu sayda işlər görülməlidir. Burada həm hökumət tərəfindən düzgün addımlar atılmalıdır, həm də ictimai təşkilatlar və mətbuat bu işə dəstək verməlidirlər. Deməli düzgün və hərtərəfli işlər getməlidir. Biz də bu prosesə qoşularaq müsbət işlərə dəstək vermək fikrindəyik. Fikrimizcə, ölkədə bu istiqamətdə o qədər də aktiv işlər görülmür, əksinə bir qrup məmurlar bu işə maneçilik törətmək istəyirlər.
-Deyə bilərsinizmi, konkret olaraq hansı işləri görməyi planlaşdırırsınız?
– İctimai təşkilat kimi maarifləndirici işlər görmək, müxtəlif kampaniyalar aparmaq istəyirik. Eyni zamanda göstərmək istəyirik ki, korrupsiya nəticəsində insanların daha çox sosial hüquqları pozulur. Kimlərsə pensiya ala bilmirlər, kimlərsə işə düzəlmədə çətinlik çəkirlər və s. Bütün bunlar isə onu göstərir ki, korrupsiyasız bir cəmiyyətin qurulması həm də insan hüquqlarının təmin olunması deməkdir. Bizim ən böyük problemimiz odur ki, rüşvətə adət etmiş məmurlar öz vərdişlərindən əl çəkmək istəmirlər və bir-birlərinə dəstək verərək vəzifələrə də öz yaxınlarını yerləşdirməkdə davam edirlər. Buna görə də, korrupsiyaya qarşı aparılan mübarizə əsasən effektsiz olur. Burada artıq islahat xarakterli tədbirlərin görülməsinə ehtiyac vardır. Həm də ciddi və əməli şəkildə, bu günkü kimi sözdə yox.
- Təşkilatın yaradılmasıyla bağlı hansı işlər görmüsünüz?
– Biz təşkilatı artıq təsis etmişik, sənədlər də hazırdır və bir neçə günə Ədliyyə Nazirliyinə təqdim olunacaq. Əgər qeydiyyatımız olarsa biz əməli işlər görmək niyyətindəyik. Eyni zamanda sosial hüquqlarla məşğul olan və korrupsiya əleyhinə işləyən şəbəkələrə də üzv olacağıq. Hər halda ilkin işimizi başlamışıq və ümid edirəm ki, digər işlərimiz də ardıcıllıqla öz axarında olacaq. Əslində biz bu niyyətimizlə hökumətə dəstək vermək istəyirik və çalışacağıq ki, praktiki olaraq korrupsiyanın Azərbaycanda azalmasına yardım edək.
Sorğu
Yeni dizaynımız necədir?