Dövlət idarəsinə işə qəbul edilmək üçün külli miqdarda rüşvət vermək lazımdır. Müxtəlif testlərdən keçən namizədlər illərlə vakansiyanı doldurmaq üçün gözləyirlər.
- Hörmətli Zöhrab bəy, mətbuatda korrupsiyayla bağlı maraqlı fikirlərinizi gördük. Sizcə korrupsiya ünsürləri demokratik dəyərlərin formalaşmasına mane olurmu?
– Bilirsiniz, korrupsiya birbaşa normal hüquqi çərçivədə hər hansı işin görülməsinin qarşısını alır. Süni şəkildə insanlar arasında fərqlilik yaranır. Normal seçim imkanları aradan qalxır. Hər halda bu gün bəyənmədiyimiz Azərbaycanın təhsil sistemində test vasitəsilə tələbələr ali məktəbə qəbul olunurlar. Qəbul olunmayan uşaqlar isə Rusiyada, Gürcüstanda, Ukraynada “birinci” kursdan keçərək ikinci kursa gəlirlər. Bax burada seçim pozulur. Çünki, həmin tələbənin Azərbaycan Universitetində ikinci kursda oxuması korrupsiya hesabına formalaşır. Avropada isə təhsil almaq istəyənlərin hamısına şərait yaradırlar, amma normal tədris mühiti var.
- Zöhrab bəy, məsələ müəyyən mənada siyasi xarakter alır. Yəni Avropada korrupsiya yoxdur, yoxsa Azərbaycanda hökumət korrupsiyanın mövcudluğuna şərait yaradır?
– Təbii ki, korrupsiya yüksək olan ölkələrdə hakimiyyətdə olan məmurlar bu prosesin arxasında dayanır. Bu mənada bizim ölkədə də belədir. Hər hansı hüququ əldə etmək üçün rüşvət vermək lazımdır. Ölkənin gömrük, Yol Polisi, vergi, səhiyyə və digər sistemi korrupsiya ucbatından bərbad vəziyyətdədir. Qaldı sualınızın digər hissəsinə qeyd edim ki, Avropada ayrı-ayrı sistemlərdə şəxslər ola bilər ki, onlar rüşvət alırlar. Bizdə isə bütün polis sistemində rüşvətxorluq baş alıb gedir. Dövlət idarəsinə işə qəbul edilmək üçün külli miqdarda rüşvət vermək lazımdır. Müxtəlif testlərdən keçən namizədlər illərlə vakansiyanı doldurmaq üçün gözləyirlər.
- Yaxın gələcək üçün hansı addımlar atıla bilər ki, korrupsiyanın aradan qaldırılması mümkün olsun?
- İlk növbədə hökumət cəsarət tapıb korrupsiya əleyhinə əməli tədbirlər görməlidir. Təsəvvür edirsinizmi ki, bir ölkənin gömrük sistemi bütünlüklə korrupsiyayla idarə olunur. Burada ciddi kadr dəyişikliyi tətbiq olunmalıdır və bürokratiyasız işlək mexanizm qurulmalıdır. Digər sahələri də misal göstərmək olar. Amma ciddi islahatlar aparılsa və qaydalarla idarəetmə tətbiq olunsa bu prosesin qarşısını almaq olar. Mən bir daha təkrar edirəm ki, bu gedişatla biz korrupsiyanın yaxın zamanda qarşısını ala bilməyəcəyik. Çünki, oturuşmuş kadr heyəti bu sistemin dağılmasına maraqlı deyillər.
Sorğu
Yeni dizaynımız necədir?