"Son zamanlarda deputatların deputat fəaliyyətindən daha çox biznes fəaliyyətləri və əmlakları haqqında siyahılarının dərc edilməsi, bəzi deputatların mənasız və məntiqsiz çıxışları və indiki anda ölkədə aparılan islahatlar və ciddi dəyişikliklər mərhələsi bir daha onu deməyə əsas verir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi doğru olardı".
Gundemxeber.az xəbər verir ki, bu sözləri informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz deyib.
Onun sözlərinə görə, diqqət etsək, görərik ki, ölkədə Prezident tərəfindən aparılan islahat xətti və bu istiqamətdə olan trendlərlə qanunverici orqanın və ayrı-ayrı deputatların apardığı xətt və trendlər arasında kəskin fərqlər var: "Aparılan islahatlara parlamentdən yetərincə dəstək müşahidə olunmur. Əksinə, görünən odur ki, bu qurumun bir xeyli üzvü hökumətin topladığı az-çox müsbət imici də "xərcləməklə” məşğuldurlar. Eyni zamanda, işdən kənarlaşdırılan oliqarxlar və nazirlər tərəfindən təyin olunduğu bildirilən deputatlar da var. Ki, ümumiyyətlə, onların fəaliyyəti hiss olunmur".
Ekspert qeyd edib ki, xeyli deputatlar artıq icra qurumlarında çalışmağa başlayıblar: "Belə görünür ki, deputatların xeyli hissəsi daxildə və xaricdə özəl bizneslərinin idarəedilməsinə daha çox zaman ayırırlar. Əksəriyyətinin cəmiyyət və dövlət qarşısında duran problemlərin həllində aktiv iştirakı müşahidə olunmur. Bütün bunların nəticəsində Milli Məclis indiki məqamda öhdəsinə düşənlərə, müasir çağırışlara yetərincə cavab verə bilmir".
Ekspertin sözlərinə görə, baxırsan ki, filan tikintini hansısa biznesmen deputat tikir, hansısa istehsal və ya ticarət sahəsi filan deputata məxsus olduğu bildirilir: "Məhsulun idaxlından söhbət düşürsə, hansısa deputata məxsus olduğu üzə çıxır. Yəni müşahidələr göstərir ki, bizim qanunverici qurum çox, hədsiz dərəcədə "kommersiyalaşıb”.
Fikrimcə, deputatların bir xeylisi deputatlığı bir kənara qoyub bütün resurslarını elə öz bizneslərinə, təsərrüfat fəaliyyətlərinə xərcləsələr, bəlkə daha uğurlu ola bilərdi. Həm özləri üçün, həm də cəmiyyət və dövlət üçün.
Düşünürəm ki, indiki yeni islahatlar mərhələsində, ümumiyyətlə hazırkı yeni ictimai-siyasi mərhələdə daha aktiv və müstəqil, daha keyfiyyətli, aparılan islahatlarla bağlı ağırlığın bir hissəsini üzərinə götürə biləcək parlamentə ehtiyac var".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?