Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın adının 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı məsələdə hallandırılmasından danışıb.
A.Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Xalidə Bayramova öz fəaliyyəti ilə hörmət qazanan, bu gün və sabah cəmiyyətə lazım olan şəxsdir:
"Xalidə Bayramovanı Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işləyən dövrdən tanıyıram. Onun həm pedeqoji fəaliyyəti, həm də vətəndaş cəmiyyətindəki rolu hər zaman hörmətlə qarşılanıb. Xalidə Bayramova icra strukturuna keçdikdən sonra hümanitar məsələlərin həlli istiqamətində çox böyük işlər görüb.
Bu gün Xalidə xanımı təkcə Səbail rayonunda deyil, eyni zamanda Bakının bütün rayonlarında xeyrxah insan kimi tanıyırlar. O, problemli insanların düşdükləri çətinliklərdən xilas olması üçün və ayrı-ayrı şəxsi xahişlərin yerinə yetirilməsində böyük işlər görüb.
Demək olar ki, sosial yardıma və hümanitar dəstəyə ehtiyacı olan bütün ailələr Xalidə xanımı yaxşı tanıyırlar. Təkcə Səbail rayonundan yox, digər rayonlardan da insanlar Xalidə xanımın yanına köməyə gəlirlər və müsbət cavab alırlar".
Deputat deyib ki, Xalidə Bayramova dəyərli ziyalı, görkəmli dövlət qulluqçusu və insanlara çox yaxın olan səlahiyyətli şəxs kimi tanınır:
"Elina Hacıyeva məsələsində onun adının hallandırılması ilə bağlı deyə bilərəm ki, bu məsələlərlə bağlı müvafiq qurumlar araşdırma aparır.
Öz fəaliyyəti ilə Səbaildə və digər rayonlarda böyük hörmət qazanan, qapısı hər zaman insanların müraciətlərinə açıq olan xeyrxah Xalidə xanıma qarşı ədalətsizliyə yol vermək olmaz.
Hesab edirəm ki, ona qarşı hər hansı ədalətsizlik və sərt mövqe olarsa, bu, gələcəkdə insanlara xidmət göstərmək arzusunda olan gənclərin qarşısını alar. Yəni, gənclər hər hansı xeyrxah addımına görə tənqidə məruz qalacağından ehtiyyat edəcək. Bununla da onlar sadəcə olaraq "quru" məmura çevriləcəklər".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?