Ermənistan davamlı təxribatları ilə Qarabağ danışıqlarını pozmaq xəttini seçib. Paralel olaraq işğalçı ölkənin hakimiyyəti ilə Qarabağdakı separatçı rejim və ümumilikdə Qarabağ klanı arasındakı uçurumun dərinləşməsi yeni situasiya yaradır. Bu mövzuda Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri, Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərlə danışdıq.
- Sülhəddin bəy, Paşinyan hakimiyyəti birmənalı şəkildə danışıqları pozmaq kursunu davam etdirir. ATƏT-in Minsk Qrupunun bölgəyə səfəri zamanı növbəti təxribatlara əl atıldı. Vaşinqton görüşü planlaşdırıldığı halda nə baş verdi?
– Birincisi, nədənsə həm Azərbaycan cəmiyyəti, həm bizim jurnalist dostlarımız israrlı şəkildə qəbul etmək istəmirlər ki, bu münaqişənin arxasında duran Rusiyadır. Biz əslində Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsi ilə üzbəüz qalmışıq. Burda həm Ermənistan Respublikası, həm “Dağlıq Qarabağ respublikası” adlandırılan oyuncaq qurum sadəcə olaraq Rusiyanın vəkilləri rolunda çıxış edir. Ona görə də burda vəkillərin dəyişməsi, nə Ermənistanda, nə Dağlıq Qarabağda faktiki rəhbərliyin dəyişməsi həlledici rol oynamır. Əsas məsələ Rusiyada rejimin dəyişməsi, Rusiyanın Qafqaz siyasətinin, ümumiyyətlə, Cənub siyasətinin dəyişib-dəyişməməsidir. Neçə ki, Rusiyada imperiya ambisiyalı rejim davam edir, onun 300 illik tarixi olan Cənub strategiyası davam edir, bu konfliktdə Rusiya baxımından köklü bir dəyişiklik olmayacaq. Rusiyada hakimiyyətə kim gəlirsə-gəlsin, əgər Kreml imperiya ambisiyalarından vaz keçməyibsə, bu konfliktdə hər hansı həlledici irəliləyiş olmayacaq. “İrəliləyiş” yalnız o halda ola bilər ki, Ermənistanla Azərbaycan rəhbərliyi – hələ mən cəmiyyəti demirəm – Rusiyanın aralıq saziş variantına razılıq versin. Bu sazişin də mahiyyəti nədir? Bunu Duqin də öz müsahibələrində kifayət qədər açıqlayıb. Bir neçə rayonun qaytarılması müqabilində Dağlıq Qarabağa aralıq statusu verilir, sülhməramlı qüvvələr adı ilə Rusiya silahlı qüvvələri yenidən Azərbaycan ərazisinə qayıdır və Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla sərhədləri, kommunikasiyaları açılır. Nəzərə alsaq, Ermənistan strateji baxımdan, o cümlədən strateji-iqtisadi baxımdan Rusiyanın nəzarətindədir, bu, ilk növbədə Rusiyanın strateji maraqlarına cavab verir. Yəni Rusiya çoxdan istədiyi kimi yenidən həm Azərbaycanda hüquqi baxımdan legitim hərbi iştirakını təmin edir, Qarabağ məsələsini açıq şəkildə nəzarəti altına alır, həm də strateji uzantısı olan Ermənistanı blokada vəziyyətindən çıxarır.
- Sözünüzdən belə çıxır ki, masa üzərində hazırda Rusiyaya məxsus həmin həll planı var, eləmi?
– Bəli, masa üzərində olan həll variantı budur. Mahiyyət dəyişmir, formal olaraq kosmetik dəyişikliklər olur, Azərbaycan və Ermənistanda hakimiyyət dəyişikliklərindən, danışıqların gedişindən asılı olaraq. Mahiyyət etibarilə Rusiya tərəfindən təklif olunan masadakı variant budur.
- Yəqin ki, Azərbaycan bu variantı qəbul etməz…
– Azərbaycan rəhbərliyi buna razılaşar, əsas problem Ermənistan tərəfdədir. Azərbaycan tərəf ilkin olaraq 1-2 rayonun qaytarılmasına da razılaşar, Türkiyə rəhbərliyi də prinsipcə buna hazırdır.
- Yəni danışıqlarda irəliyə doğru addımların atılması naminə, eləmi?
– Bəli. Həm Ankara, həm də rəsmi Bakı heç olmasa 1-2 rayonun qaytarılmasına razıdır, Ermənistan razılaşmır.
- Təlimatları, əmr və tapşırıqları Kremldən alan İrəvandakı bu cəsarət hardandır ki, Rusiyanın masadakı planına qarşı çıxır?
– Yaxşı sualdır. Xatırlayırsınızsa, Serj Sərkisyan buna prinsipcə razılıq vermişdi və bu haqda elə indi də Ermənistan mətbuatında yazılar gedir. Sərkisyanın devrilməsində bu amilin rolu heç də sonuncu olmayıb. Digər tərəfdən, indiki halda Paşinyanın bu həll planına razılıq verə bilməməsinin başlıca səbəbi onun xalqın dəstəyi ilə hakimiyyətə gəlməsidir. Çünki erməni cəmiyyəti bu razılaşmaya hazır deyil. Erməni cəmiyyəti işğal altındakı bir qarış torpağın belə, Azərbaycana qaytarılmasını istəmir, buna qarşıdır. Bunu Azərbaycan cəmiyyəti bilməlidir.
- Bu da faktdır ki, Nikol Paşinyan erməni cəmiyyətini sülhə hazırlamaq üçün hər hansı addım atmır, əksinə, hərbi ritorikanı gücləndirir.
– Bəli, addım atmır, çünki Paşinyan erməni xalqının çiynində hakimiyyətə gəlib. Xalqın çiynində hakimiyyətə gələn xalqın istəyinin əleyhinə getsə, xalq onu çiynindən başı üstə yerə çırpar. Ona görə də bu məsələnin həlli elə də asan deyil. Hətta Rusiya istəsə belə, Ermənistanda hakimiyyətə gələn demokratik qüvvənin bu niyyətini gerçəkləşdirməsi asan məsələ deyil. Çünki birincisi, erməni cəmiyyətini razı salmaq var. İkincisi, Rusiyanın Dağlıq Qarabağdakı strukturları və silahlı qüvvələri razı salmaq məsələsi var. Üstəlik, Rusiyanın Ermənistandakı hərbi iştirakını, Ermənistanın hava və quru sərhədlərinə nəzarətin Rusiyaya məxsus olmasını, eyni zamanda, Rusiya xüsusi xidmət orqanlarının Ermənistanda nə qədər güclü olmasını nəzərə almaq lazımdır. Bizim cəmiyyət bu məsələyə çox bəsit yanaşır.
Qarabağ məsələsində o halda irəliləyiş mümkündür ki, həqiqətən də Ermənistanda və Azərbaycanda eyni zamanda demokratik hakimiyyətlər olsun, Rusiyanın Cənubi Qafqazda mövqeyi və aktivliyi zəifləsin, tam tərsinə, demokratik dünyanın Cənubi Qafqazda iştirakı və aktivliyi güclənsin. Eyni zamanda, Azərbaycan bir dövlət olaraq müharibəyə tam hazır olsun.
- Azərbaycan hazır olduğunu dəfələrlə bəyan edib.
– Azərbaycan yalnız Ermənistanla müharibəyə hazırlaşmamalıdır. Bu müharibənin vəkalət müharibəsi olduğunu və Rusiya ilə üzbəüz olduğunu bilməlidir, hazırlığını da buna görə görməlidir.
- İndiki durumda Qarabağ separatçıları ilə Ermənistan hakimiyyəti arasındakı gərginlik hara qədər davam edə bilər?
– Ermənistandaxili siyasi proseslər ciddi xarakter alıb. Ermənistanda demokratik dəyişiklik olsa da, Qarabağ klanı hakimiyyətdən uzaqlaşdırılsa da, onun uzantısı olan oyuncaq “Dağlıq Qarabağ respublikası” ilə bağlı problemlər var. Paşinyan separatçı rejimlə bağlı siyasi məqsədlərini təmin edə bilməyib, orada Rusiya xüsusi xidmət orqanlarının tam nəzarətindfə olan rejim qalır. Həmin qüvvələr mayın 18-də Köçəryanın həbsdən azad olunmasına nail ola bildilər və Ermənistanda yeni bir vəziyyət yarandı. Paşinyan elan etdi ki, erməni inqilabı yeni mərhələyə daxil olub. Əslində məncə, buna erməni əksinqilabının yeni bir həmləsi deyilsə, daha doğru olar. Ermənistanda Köçəryanın rəhbərliyi ilə yeni müxalifətin formalaşdırılması prosesi başlayıb. Bu prosesə isə Kreml dəstək verir. Nəzərə alsaq ki, Qarabağ klanı hakimiyyətdən uzaqlaşdırılsa da, Ermənistanda həm siyasi, həm iqtisadi gücü nə qədər sarsılsa da, işğal zonasında hakimiyyət və bütöv resurslar onların nəzarətindədir. Kremlin dəstəyini də nəzərə alsaq, yaxın perspektivdə bu, Ermənistan daxilində Qarabağ klanının rəhbərlik etdiyi siyasi müxalifətin tədricən revanş götürmək niyyətinin güclənəcəyini müşahidə edə bilərik. Bunun da nəticəsində Ermənistan daxilində gərginlik yaranacaq, eyni zamanda bu gərginlik daxili qruplaşmalararası gərginliyə də keçəcək. Bu mənada yeni siyasi toqquşmaların şahidi ola bilərik.
– Təbii ki. Hər şey mümkündür. Azərbaycanda 1993-cü il təcrübəsini nəzərə alsaq, o zaman hakimiyyət məhz bir ildən sonra devrildi. Yəni bu, Kreml üçün kritik bir müddətdir. Çünki inqilabi yolla hakimiyyətə gələn qüvvədən xalq qısa bir zamanda inqilabi dəyişiklər gözləyir. Amma müsbət dəyişikliklərin baş verməsinə də maksimum maneçiliklər olur. Müsbət nəticə əldə olunmayanda artıq inqilabi qüvvə getdikcə nüfuzdan düşməyə başlayır.
- Rusiya həm də masaya qoyduğu Qarabağ planına görə Ermənistanın yeni hakimiyyətini, konkret halda Köçəryan və Sərkisyandan da sərt mövqe sərgiləyən Paşinyanı cəzalandıra bilərmi?
– Ola bilər. Çünki Paşinyan çox mürəkkəb mövqedədir. Bir tərəfdən Qərblə yaxınlaşmaq istəyir, digər tərəfdən Rusiya ilə strateji əlaqələri qoruyub-saxlamaq istəyir, bu isə qeyri-mümkündür. Çünki fərqli strateji seçim etməklə köhnə strateji münasibətləri saxlamaq, qorumaq mümkün deyil. Yəni bu, paradoksal bir durumdur. O baxımdan Paşinyan strateji seçimini etməlidir. İndi o, həqiqətən də ağır bir durumdadır. Bir tərəfdən masada ABŞ-ın ötən il Con Bolton tərəfindən gətirilən təkliflər paketi, digər tərəfdən Rusiyanın təkid etdiyi təkliflər paketi. Əslində bu seçim həm də Azərbaycan hakimiyyətinə aiddir. Sadəcə olaraq indi yaranmış vəziyyətlə bağlı durum hakimiyyət üçün daha mürəkkəbdir. Çünki Azərbaycan hökuməti Kremlə daha yaxın mövqedədir.
- Ənənəvi olaraq bir fikir səslənir ki, Ermənistan hakimiyyəti və Qarabağ klanı arasındakı toqquşma mühiti Azərbaycan üçün torpaqlarını azad etmək şansı yaradır. Sizin bu yanaşmaya münasibətiniz necədir?
– Bu, iki baxımdan yanlış yanaşmadır. Birincisi, əgər həqiqətən də hakimiyyət müharibə etməyə hazır olsaydı və onun düşməni də yalnız Ermənistan olsaydı, bu yanaşma yerində olardı. Ancaq təkrar edirəm, qarşımızda yalnız Ermənistan və oyuncaq rejimə məxsus silahlı qüvvələr deyil. Qarşımızda Rusiya və rus-erməni hərbi birləşmələri var. Unutmayaq ki, Ermənistan həm Rusiyanın hərbi-siyasi müttəfiqidir, həm KTMT üzvüdür, həm də rus-erməni hərbi birləşmələri mövcuddur.
- Ancaq Azərbaycan öz sərhədləri daxilində hərbi əməliyyatlar keçirəcək, Ermənistana hücum etməyəcək ki, Rusiya ilə qarşılaşsın…
– Ay qardaş, nə vaxt başa düşəcəyik ki, Ermənistan Respublikasını da, Dağlıq Qarabağı da yaradan Rusiyadır? Nəinki Dağlıq Qarabağdakı rejimin, Ermənistanın da strateji sahibi Rusiyadır.
- Sülhəddin bəy, deputat Qüdrət Həsənquliyev də dəfələrlə bildirib ki, Azərbaycan Ermənistanla yox, Rusiya ilə danışıq aparmalıdır. Deməli, siz də bu yanaşmanı qəbul edisiniz?
– Strateji yanaşma baxımından əgər biz konfliktin həllini istəyiriksə, ilk növbədə Rusiya ilə danışmalıyıq. Çünki bu problemin adı Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir. Bizim strateji tərəf müqabilimiz Rusiyadır – nə Ermənistandır, nə də qondarma “dqr”.
- Həmsədrlər növbəti dəfə bölgəyə səfər etdilər, heç bir nəticə əldə olunmadı, əksinə, gərginliyin artdığını müşahidə etdik. Belə demək olarmı ki, Vaşinqton görüşü də ciddi heç nə vəd etmir?
– Xeyir. Neçə ki, bütövlükdə Cənubi Qafqazda, o cümlədən Ermənistanda və Azərbaycanda strateji baxımdan Rusiya nəzarət edir, burda həll istəyiriksə, bizim istədiyimiz həll ola bilməz. Rusiyanın istədiyi həll variantı ola bilər. Rusiyanın istədiyi həllin necə olacağı da aydındır. Əslində Rusiya bu dəqiqə konfliktin heç bir variantda həllində maraqlı deyil. Rusiya yalnız aralıq sazişinin imzalanmasında maraqlıdır. İstəyir ki, bir tərəfdən İran məsələsinin beynəlxalq gündəliyə gəldiyi bir vaxtda yenidən Azərbaycanda öz legitim iştirakını təmin etsin. Eyni zamanda Qarabağ münaqişəsini tam, etibarlı nəzarətində götürə bilsin.
- İran məsələsinin gündəmə gəlməsi, bölgədə gərginliyin artması Azərbaycana nələr vəd edir? Bəzi müşahidəçilər hesab edir ki, Ermənistan öz ərazilərindən ABŞ-ın istifadəsi üçün icazə verə, Ermənistan-İran sərhədi bağlana bilər. Bu halda Qarabağı nələr gözləyir?
– Burda əslində Kremli narahat edən iki başlıca məsələ var: 1. İran məsələsinin yenidən aktuallaşması və az ehtimallı olsa da, hərbi müdaxilə ehtimalının gündəmə gəlməsi. Çünki mərkəzlər ehtimallar az olsa da, bütün variantlara hazır olmalıdır. 2.Ermənistandakı hakimiyyət dəyişikliyi. Əgər bu, iki hal olmasaydı, elə əvvəlki status-kvo Kremli qane edirdi. Amma indiki halda, yəni Ermənistanda hakimiyyət dəyişikliyinin baş verdiyi və İran məsələsinin aktuallaşdığı bir vaxtda konfliktdəki mövcud durum Kremlin maraqlarını etibarlı təmin etmir. Etibarlı olması üçün Kreml düşünür ki, aralıq sülh sazişinə və Rusiya hərbi qüvvələrinin Azərbaycana gəlməsinə, bu münaqişənin tam nəzarətə götürülməsinə ehtiyac var. Ona görə də hər iki tərəfə bu münaqişə ilə bağlı təzyiq etməyə başlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?