Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov “CorD” jurnalına müsahibə verib. “Media forum” saytına istinadən həmin müsahibəni təqdim edirik: - Cənab səfir, Siz Azərbaycan Respublikasını üç Balkan ölkəsində – Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinada təmsil edirsiniz. Sizin ölkənizin bu regiona böyük marağı müşahidə olunur. Belə ki, son vaxtlar Serbiyanın və Monteneqronun prezidentləri, həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Azərbaycana səfər ediblər, eyni zamanda Sizin ölkə rəhbərinizin Serbiyaya və Monteneqroya rəsmi səfərləri olub. Bölgəyə olan bu böyük maraq nədən qaynaqlanır və Serbiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafını Siz necə qiymətləndirirsiniz?
- Qeyd etdiyiniz kimi, mən Balkanların üç ölkəsində Azərbaycan Respublikasının səfiriyəm. Əvvəla, istərdim ki, kökləri çox dərinlərə gedən milli-mədəni irsə və qədim dövlətçilik tarixinə malik Azərbaycan haqqında sizə qısa məlumat verim. Bizim ölkəmizdə bütün sahələr üzrə sürətli inkişaf və modernləşmə müşahidə olunur, demokratik islahatlar həyata keçirilir, beynəlxalq əhəmiyyətə malik irimiqyaslı enerji və nəqliyyat layihələri icra olunur.
Eyni zamanda Azərbaycan iqtisadi sahədə son dərəcə dinamik surətdə inkişaf edən, dünya birliyinə, Avroatlantik strukturlara inteqrasiya edən ölkələrdən birinə çevrilib və bir ölkə kimi beynəlxalq arenada etibarlı partnyor kimi tanınır. Buna nümunə olaraq Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi faktını göstərmək olar ki, bununla əlaqədar seçim prosesində göstərdiyi dəstəyə görə biz öz strateji partnyorumuza – Serbiya Respublikasına minnətdarıq. Bizim tərəqqimizin əsas strateji istiqamətlərinin təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və bu inkişaf tendensiyası onun layiqli varisi olan Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməkdədir. Bizim dövlətimiz dünyanın bütün ölkələri ilə mehriban dostluq münasibətlərinin yaradılmasına böyük önəm verir.
Sizin qeyd etdiyiniz kimi, Balkan dövlətləri başçılarının bizim ölkəmizə səfərləri Azərbaycanla ikitərəfli əməkdaşlığın genişlənməsinə marağın göstəricisidir. Əlbəttə ki, bu regionun ölkələri, o cümlədən Serbiya ilə, Monteneqro ilə, Bosniya və Herseqovina ilə əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi Azərbaycan üçün də əhəmiyyətlidir. Adını çəkdiyim həmin ölkələrin Azərbaycanla əlaqələrinin gücləndirilməsi ikitərəfli qarşılıqlı münasibətlərin inkişafına öz töhfəsini verdiyi kimi, regional və beynəlxalq əməkdaşlığa da öz töhfəsini verə bilər. Heç şübhəsiz ki, məhz tarixi bağlara söykənən bu münasibətlər, qarşılıqlı dostluğu daha da möhkəmlədən bu ümumi maraq və istəklər Azərbaycan Respublikasının Serbiyada səfirliyinin, Monteneqroda, Bosniya və Herseqovinada diplomatik nümayəndəliklərinin açılmasına gətirib çıxardı ki, bu gün onlar bizim dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə aktiv fəaliyyət göstərir. Bununla yanaşı, həmçinin Azərbaycanda da Serbiya Respublikasının səfirliyi açılıb.
Qeyd etmək istərdim ki, bütövlükdə Azərbaycanın Serbiya ilə münasibətləri dinamik və yüksələn xətlə inkişaf edir, xüsusən də dövlət başçılarının, xarici işlər nazirlərinin, iqtisadiyyat nazirlərinin, parlament üzvləri və digər yüksək vəzifəli şəxslərin rəsmi səfərlərindən, qarşılılıqlı görüşlərindən sonra bu tendensiya daha geniş vüsət alıb. Qısa dövr ərzində münasibətlər keyfiyyətcə yeni səviyyəyə – strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin 7-9 fevral 2013-cü il tarixində Azərbaycana rəsmi səfəri zamanı “Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalandı. Bizim ölkələrimiz arasında ikitərəfli əlaqələr müxtəlif sahələr üzrə intensiv surətdə inkişaf edir, imzalanmış hökumətlərarası sənədlər isə bu əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradıb. Mən əminəm ki, müştərək dövlətlərarası komissiyanın fəaliyyəti və parlamentlərarası əlaqələr ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmli rol oynayacaq.
İqtisadi əlaqələrimiz uğurla inkişaf edir, hazırda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, inşaat, infrastruktur və turizm sahəsində bizim müştərək layihələrimiz realizə olunur. Eyni sözləri humanitar-mədəni sahəyə də aid etmək mümkündür – bu sahədə də qarşılıqlı əməkdaşlığımız gündən-günə genişlənir və dərinləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa göstərişi və Azərbaycan hökumətinin dəstəyi ilə Serbiyada və bütövlükdə Balkanlarda bir sıra humanitar layihələr həyata keçirilib.
Məsələn, bizim xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrinin ucaldığı Belqraddakı Taşmaydan parkının abadlaşdırılması və yenidən qurulması, Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun memorial kompleksinin, Belqradda “Bayraqlı Came” məscidinin, Novi-Sadda “Müqəddəs Petka” kilsəsinin, Novi-Pazarda Mədəniyyət Evinin, Banyalukda Heriatrik Mərkəzin açılması, Monteneqronun paytaxtı Podqoritsada “Bakı” küçəsinin rekonstruksiyası və Kral Parkında görkəmli Azərbaycan şairi Hüseyn Cavidin heykəlinin ucaldılması, Bielo Pole şəhərində Uşaqlar Evinin, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gözdən Qüsurlu Uşaqlar və Gənclər Üçün Mərkəzin bərpası, Sarayevoda Dostluq Parkının açılması və sair. Səfirliyimizin təşəbbüsü ilə “Görkəmli adamların həyatı” seriyasından Azərbaycan xalqının ümummilli liderinə həsr olunmuş “Heydər Əliyev” və “Üzeyir Hacıbəyli” kitabları, xalq şairi Rəsul Rzanın “Rənglər” poeması, xalq yazıçısı Elçinin “Ölüm hökmü” romanı, görkəmli sənətşünas, professor Zemfira Səfərovanın kitabı, B.Mehdiyevin İkinci Dünya müharibəsi illərində faşizmə qarşı azərbaycanlılardan təşkil olunmuş 223-cü Belqrad diviziyasından bəhs edən sənədli əsəri serb dilinə, böyük serb yazıçısı Milorad Paviçin məşhur “Xəzər sözlüyü” əsəri isə Azərbaycan dilinə tərcümə olunub.
Həmçinin hazırda Cəlil Məmmədquluzadənin və Çingiz Abdullayevin əsərləri serb dilində, İvo Andriçin kitabı isə Azərbaycan dilində çapa hazırlanır. 2011-ci ilin oktyabr ayında Belqradda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən “Salnamə” kinostudiyasının 223-cü Belqrad diviziyasından bəhs edən sənədli filmin, 2012-ci ilin mart ayında isə beynəlxalq teatr festivalı çərçivəsində Belqradın “Slaviya” teatrında Azərbaycan Dövlət Dram Teatrının artistlərinin ifasında Hüseynbala Mirələmovun “Tövbə” tamaşasının təqdimatı keçirilib. Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri günlərində isə Bakıda dünya miqyaslı serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Azərbaycan hökuməti Belqraddakı Ana və Uşaq Evinə, həmçinin Voyevodina qaçqınlarına illik humanitar yardım göstərir. Elm və mədəniyyət xadimləri arasında münasibətlər də uğurla inkişaf edir. Ziyalıların, tələbə və gənclərin qarşılıqlı səfərləri sevindirici haldır, çünki diplomatiyanın başlıca vəzifələrindən biri də ortaq nöqtələrə istinad etməklə insanların qarşılıqlı ünsiyyətini qurmaq, mədəni dəyərlərlə, adət və ənənələrlə tanışlığa şərait yaratmaqla iki xalqı bir-birinə daha da yaxınlaşdırmaqdır. Bütövlükdə, bizim ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün geniş zəmin var.
- Sizin ölkəniz təkcə Serbiyada deyil, regionun digər ölkələrində də həm mədəniyyət abidələrinin, həm də dini abidələrin yenidən qurulmasında yaxından iştirak edir və bu layihələri dəstəkləyir.
- Bilirsiz, Azərbaycan tolerant ölkədir. Burda əsrlər boyu bütün dini-mədəni konfessiyalar sülh şəraitində mehribancasına, dinc və yanaşı yaşayıblar. Buna görə də bizim ölkəmiz dialoqa, mədəniyyətlər və dinlər arasında qarşılıqlı hörmət və sevgiyə, mədəni və dini abidələrin qorunmasına, həmçinin milli-etnik, mədəni irsə böyük əhəmiyyət verir. Özü də bu məsələyə təkcə ölkə daxilində deyil, həmçinin ölkə hüdudlarından kənarda, xüsusən də strateji partnyorların ölkəsində ciddi diqqət göstərir.
- Bizə məlumdur ki, Azərbaycan bütün müsəlman dünyasında ilk parlamentli respublikadır və öz müstəqilliyini hələ 1918-ci ildə elan edib. Bu tarix hansı siyasi irsə malikdir və bu irs bugünkü Azərbaycan üçün nə kimi əhəmiyyət kəsb edir?
- 28 may 1918-ci il tarixi, yəni Azərbaycan Demokratik Respublikasının elan olunması bizim dövlətçilik tariximizdə ən parlaq və unudulmaz gündür. Belə ki, məhz həmin tarixdə bütün Şərqdə müstəqillik haqqında bəyannamənin qəbul edilməsi ilə bütövlükdə müsəlman dünyasında ilk parlamentli demokratik respublika qurulub. Qədim dövlətçilik ənənələrinə istinad etməklə bu respublikanın sayəsində Şərqdə ilk dünyəvi, o cümlədən Avropa dəyərlərini və milli dəyərləri, xüsusən də Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə üzvi şəkildə birləşdirən ilk hüquqi dövlət yaranmışdı. Hələ o vaxt ADR öz parlamentini yaradaraq dövlət atributlarını qəbul etmişdi, Şərqdə qadınlara ilk dəfə seçkidə iştirak hüququ tanıtmışdı, vacib qərarlar qəbul etmişdi, dövlət və hərbi quruculuq, iqtisadiyyat, mədəniyyət, təhsil və səhiyyə sahəsində qətiyyətli addımlar atmışdı. Xalqımızın müstəqillik uğrunda apardığı uzun sürən gərgin və davamlı mübarizəsinin nəticəsində 18 oktyabr 1991-ci il tarixli “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan öz müstəqilliyini bərpa etdi və hazırkı müstəqil dövlət 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının hüquqi varisidir.
- Son 10 ildə Sizin ölkənizin güclü iqtisadi yüksəlişi nəzərə çarpır. Ölkəniz necə inkişaf etdi və belə bir yüksəliş üçün ən əsas şərtlər hansılardır?
- Doğru qeyd etdiniz ki, son illərdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və hazırda dünyanın ən dinamik surətdə inkişaf edən iqtisadiyyatlarından biridir. Həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan bizim regionun lider dövlətinə çevrilib. Ölkəmiz həmçinin energetika sahəsində böyük uğurlara nail olub. Bu gün Azərbaycan həm regional, həm də beynəlxalq əhəmiyyətli mühüm iqtisadi və enerji layihələrində fəal iştirak edir. Bizim ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz payını verir. Buna misal olaraq Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi energetika layihələrini və Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryol xətti kimi mühüm nəqliyyat layihələrini göstərmək olar. Hətta dünyadakı ağır maliyyə böhranı illərində belə bizim iqtisadi inkişafımız uğurla davam edirdi. Son illər Azərbaycan ümumi daxili məhsulu üç dəfə, yəni 300 faiz artırmağa nail olub. Qeyri-neft sektorunun inkişafı daim dövlətin diqqət mərkəzindədir. Ötən il bu sektor 9,7 faiz artıb. Bizim ölkəmiz özəl sektorun inkişafına yaxşı şərait yaradan iqtisadiyyatın liberallaşdırılmasına nail olub. Həyata keçirilən liberal iqtisadi siyasət ölkədə iş adamlarının fəaliyyəti üçün münbit şərait yaradıb. İqtisadiyyatda özəl sektorun payı artıq 80 faizi ötür.
Bütövlükdə bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 75-80 faizini təşkil edir. İşsizliyin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir. Son 8 ildə bir milyondan artıq yeni iş yerləri açılıb. İşsizlik səviyyəsi 5 faizdən aşağı düşüb. Əhalinin illik pul gəliri inflyasiyanın səviyyəsini iki dəfədən çox üstələyir. İnformasiya-texnologiya sektoru Azərbaycanda prioritet sahələrdən biridir. Cari ilin əvvəlində ölkəmizin ilk süni peykinin orbitə buraxılmasını məmnuniyyətlə qeyd etmək istərdim. Artıq Azərbaycan dünyanın kosmik dövlətlərinin sırasına daxil olub. Bizim iqtisadiyyatımızın inkişafı nüfuzlu beynəlxalq maliyyə strukturları tərəfindən yüksək qiymətləndirilir. Ciddi iqtisadiyyat agentliklərinin hesabatlarına uyğun olaraq, rəqabət qabiliyyətinə görə Azərbaycan iqtisadiyyatı dünyada 46-cı, MDB məkanında isə birinci yeri tutur. Bu gün Azərbaycan xarici ölkələrə investisiya qoymağa başlayır. Bizim üçün bu yeni prosesdir. Ən böyük sərmayələri biz region ölkələrinə və strateji partnyor olduğumuz ölkələrə yatırırıq, eyni zamanda da xaricdə qoyulan sərmayələrin coğrafiyasını genişləndiririk.
Təbii ki, investisiya qoyuluşu iqtisadi əlaqələri daha da möhkəmləndirir və bu əlaqələrin uzunömürlülüyü baxımından böyük rol oynayır. Qeyd etmək istərdim ki, cari ilin ilk altı ayında Azərbaycan iqtisadiyyatına 12,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Onların böyük hissəsi – daxili investisiyalardır. Bu, demək olar ki, 7 milyard təşkil edir. Qalan 5 milyard isə – xarici investisiyalardır. Bu da çox vacib məsələdir, belə ki, uzun illər ərzində Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. İstənilən ölkə üçün xarici sərmayələr vacib rol oynayır. Baxmayaraq ki, hazırda Azərbaycanda kifayət qədər böyük maddi imkanlar mövcuddur, xarici investorların bizim ölkəmizə inamı və xarici sərmayənin yatırılması ölkənin ümumi inkişafının təzahürüdür.
- Azərbaycanla Serbiya arasında iqtisadi münasibətlərin perspektivlərini necə görürsünüz?
- Azərbaycanla Serbiya arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər bizim ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsi üçün möhkəm əsas yaradıb. Hazırda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya yaradılıb. 2010-cu ildən etibarən Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir. Serbiya hökuməti tərəfindən Azərbaycan şirkətlərinin fəaliyyəti üçün bu ölkədə əlverişli investisiya şəraiti yaradılıb. Buna əyani misal kimi, öz peşəkarlığı və işinin keyfiyyəti ilə təkcə Azərbaycanda deyil, həm də Avropada yaxşı tanınan “AzVirt” kompaniyası tərəfindən aparılan Serbiyadakı Liq-Prelina “Koridor 11” avtomagistral sahəsinin tikintisini göstərmək olar. Bütövlükdə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 24 sənəd imzalanıb.
2012-ci ildə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət dövriyyəsinin həcmi 25 milyon ABŞ dolları təşkil edib. Son il ərzində bu göstərici demək olar ki, 8 dəfə artıb. Azərbaycanla Serbiya arasında iqtisadi əməkdaşlığın çox böyük perspektivləri mövcuddur, bu əməkdaşlığın genişlənməsi imkanları xeyli genişdir. Ölkələrimiz arasında elm və informasiya texnologiyaları, infrastruktur, nəqliyyat, turizm, kənd təsərrüfatı sahələrində və ümumi maraq kəsb edən digər sahələrdə uzunmüddətli əməkdaşlıq üçün ciddi ilkin şərait mövcuddur. Bütövlükdə Serbiya regionun digər ölkələri ilə münasibətlərin möhkəmlənməsi istiqamətində uğurlu siyasətə əsaslanan iqtisadi inkişaf və stabillik üçün ciddi potensiala malikdir. Bu strategiya bütövlükdə ölkənin və bütün regionun bu günü və gələcəyi üçün mühüm amildir, ancaq heç şübhəsiz ki, onun ən böyük dəyəri, hər şeydən öncə, ölkənin nəcib, xeyirxah və zəhmətkeş adamları, insan potensialıdır.
- Azərbaycanın bu gün qarşılaşdığı əsas problemlər hansılardır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi hazırda hansı mərhələdədir?
- Mən bütün məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycan öz inkişaf yolunda müsbət nəticələr əldə edib. Eyni zamanda, əlbəttə ki, həlli vacib olan bir sıra problemlər də mövcuddur. Lakin Azərbaycan dövləti və xalqı üçün ən ağrılı problem Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və bu təcavüzün nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmamasıdır. İyirmi ildən artıqdır ki, Azərbaycanın 20 faiz torpağı Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, ermənilər tərəfindən həyata keçirilən bu etnik təmizləmə siyasətinin nəticəsində bir milyondan artıq həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Erməni qüvvələri tərəfindən zəbt olunmuş ərazilərdə bütün sosial və infrastruktur obyektlər məhv edilib, qədim mədəni və tarixi abidələr, qəbiristanlıqlar dağıdılıb. Münaqişənin tənzimlənməsi üçün güclü beynəlxalq-hüquqi baza mövcuddur. Problemin həllinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var və bu qətnamələr təcavüzkar qoşunların işğal olunmuş ərazilərdən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Həmin qətnamələr – ən yüksək səviyyədə qəbul edilmiş beynəlxalq qərarlardır, ancaq icra olunmurlar. ATƏT, Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq strukturlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mühüm qərarlar və qətnamələr qəbul ediblər. Ancaq təəssüf ki, Ermənistanın siyasi rəhbərliyi onlara da məhəl qoymur.
Hesab edirəm ki, beynəlxalq birlik bu münaqişənin ədalətli həlli üçün öz səylərini daha da artırmalıdır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları və prinsipləri əsasında ədalətlə, dinc yolla tənzimlənə bilər. Bu kontekstdə mən Konstitusiya və hüquq məsələləri üzrə komitənin sədri, Azərbaycanla parlament dostluq qrupunun rəhbəri Vladimir Svian tərəfindən “Beynəlxalq hüququn qorunmasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinə dair” qətnamə layihəsini parlamentin gündəliyinə çıxardığına görə Serbiya dövlətinə və parlamentinə minnətdarlığımı bildirmək istərdim. Yeri gəlmişkən, qeyd edim ki, bu cür qətnamələr bir çox ölkələrin senatları və parlamentləri tərəfindən artıq qəbul edilib. Azərbaycan və Serbiya beynəlxalq arenada bir-birinin ərazi bütövlüyünü tanıyır, həmçinin sərhədlərin toxunulmazlığı prinsipini və suverenliyini dəstəkləyirlər. Onu da xüsusi qeyd etmək istərdim ki, Azərbaycan dövləti Serbiyanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və dəstəkləyir.
- Bizə məlum olduğu kimi, bu ilin oktyabr ayında Azərbaycanda prezident seçkiləri gözlənilir. Bu seçkilərdən nə gözləyirsiniz və Sizin fikrinizcə, bu postu tutmağa kim daha çox şanslıdır?
- Azərbaycan hüquqi, dünyəvi və demokratik bir dövlətdir və belə olduğu halda, heç şübhəsiz ki, prezident seçkiləri konstitusiyaya və Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq prinsiplərə və tələblərə uyğun şəkildə, açıq və demokratik yolla keçiriləcək. Mənim bir vətəndaş kimi şəxsi fikrim ondan ibarətdir ki, Azərbaycan xalqı öz işıqlı gələcəyinə, inkişaf və sabitliyə səs verəcək, strategiyası sözə deyil, əmələ əsaslanan və öz xalqına xidmət yolunu tutmuş müstəqil siyasət aparan şəxsi dəstəkləyəcək. Mən əminəm ki, bu günəcən qeydiyyatdan keçmiş on beşdən artıq namizəd arasında Azərbaycan xalqının hazırkı prezidentə – son 10 ildə ölkədə siyasi sabitliyi, yüksək iqtisadi inkişafı təmin edən, infrastrukturun modernləşməsini, yeni texnologiyaların tətbiqini uğurla həyata keçirən İlham Əliyev cənablarına inamı son dərəcə yüksək və mən deyərdim ki, müqayisəyəgəlməzdir. Xalq məhz o şəxsə etibar edəcək ki, bütün bu çətin illərdə onun etimadını doğruldub, əhalinin sosial problemlərini uğurla həll edib və həll etməkdə davam edir, xüsusən də qaçqınlarla əlaqədar olan həlli vacib problemləri və ölkənin ərazi bütövlüyü məsələsini həll etmək iqtidarındadır.
- Azərbaycan Şərqlə Qərbin qovuşacağındadır. Bu coğrafi mövqenin strateji üstünlüyü və çatışmazlıqları nədədir və Siz Azərbaycanı XXI əsrdə necə görürsünüz?
- Azərbaycan – əlverişli coğrafi vəziyyətə və zəngin təbii ehtiyatlara malik bir ölkədir. Azərbaycan XXI əsrə yüksək iqtisadi inkişaf sürətiylə qədəm qoyan və əməkdaşlıq üçün açıq olan bir ölkədir. Ölkəmizin nəhəng iqtisadiyyatı və neft-qaz sənayesinin inkişafı ehtiyatların insan kapitalına yönəldilməsi üçün bizə geniş imkanlar yaradır. Biz bütün sahələri əhatə edən sosial infrastruktur layihələrini uğurla realizə edirik və bu iş gələcəkdə də davam edəcək. Elmi-texniki tərəqqinin inkişafı, təhsil və səhiyyənin ən müasir tələblərə cavab verən səviyyəyə çatdırılması, əhalinin sosial təminatının yaxşılaşdırılması və ölkənin ərazi bütövlüyünün təmin olunması başlıca prioritet məsələlərdir.
O ki qaldı digər sferalara, deyə bilərəm ki, biz mühüm layihələrin realizəsinə başlamışıq ki, Azərbaycanı turist ölkəsinə çevirək. Bunun əyani göstəricisi ölkənin bütün regionlarında həm yay, həm də qış kurortlarının, turist mərkəzləri və otellərin sayının durmadan artmasıdır. Yalnız cari il ərzində Azərbaycanda 5 beşulduzlu otel istifadəyə verilib. İdmanın inkişafı da dövlətin daimi diqqət mərkəzindədir və deyə bilərəm ki, biz bu sahədə də böyük uğurlar qazanmışıq. Son 10 ildə Azərbaycanda iyirmidən artıq olimpiya kompleksi inşa olunub ki, bu da azərbaycanlı olimpiya mükafatçılarının sayının artmasına səbəb olub.
Sevindirici haldır ki, ilk Avropa Olimpiya oyunları 2015-ci ildə məhz Bakıda keçiriləcək. İdmandan danışanda xatırlatmaya bilmərəm ki, 40-dan artıq serb idmançısı və məşqçisi hazırda Azərbaycanda müxtəlif idman növləriylə məşğuldur. Bir sözlə, gələcək üçün planlarımız çoxdur və mən əminəm ki, Azərbaycan xalqının iradəsi, xalqla hakimiyyət arasındakı birlik, dövlətimizin başçısı tərəfindən aparılan məqsədyönlü daxili və xarici siyasət XXI əsrdə qarşımıza qoyulan məqsədlərə çatmaqda bizə kömək edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?