Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 27-də Monteneqronun baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
gundemxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan-Monteneqro ikitərəfli əlaqələrinin inkişafının razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı dostluq münasibətlərinin qurulduğunu dedi.
Prezident İlham Əliyev Monteneqronun baş naziri Milo Cukanoviçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi. Əlaqələrimizin genişləndirilməsində tez-tez həyata keçirilən yüksək səviyyəli səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı bu əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi və iqtisadi sahələrdə davam etdiriləcəyinə ümidvar olduğunu vurğuladı. Prezident İlham Əliyev əməkdaşlığımızın sərmayə qoyuluşu, enerji təhlükəsizliyi, biznes və digər sahələrdə inkişaf etdirilməsinin də mühüm əhəmiyyət daşıdığını dedi.
Baş nazir Milo Cukanoviç prezident İlham Əliyevin Monteneqro ilə əlaqələrə verdiyi önəmi ölkəsinə olan böyük dostluq münasibətinin ifadəsi kimi dəyərləndirdi. İkitərəfli münasibətlərimizin səviyyəsindən razılığını bildirən baş nazir Milo Cukanoviç son illər ərzində əməkdaşlığımızın uğurla inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.
Görüşdə ölkələrimiz arasında enerji, "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində əməkdaşlıq, nəqliyyat, infrastruktur, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?