25 yaşlı proqramın ilk aparıcısı: “Birinci verilişin həyəcanı hələ də yadımdadır”
Qulu Məhərrəmli: ““Səhər” proqramı əsl yaradıcılıq laboratoriyası idi”
Avqustun 14-də Azərbaycan televiziya məkanının ən uzunömürlü və baxımlı verilişlərindən olan “Səhər” musiqi-informasiya proqramının”(AzTV) ekranlara çıxmasının 25 ili tamam olur.
Televiziya tariximizdə yeni veriliş tipi kimi meydana çıxmış “Səhər” ilk efir günündən başlayaraq həyatımızın bütün sahələrində baş verən yenilikləri maraqlı formalarda çatdırmaqla, milli-mədəni irsimizi və mənəvi dəyərləri təbliğ etməklə, ciddi yaradıcılıq axtarışları aparmaqla qısa müddətdə geniş tamaşaçı rəğbətini qazanmışdır. Dolğun məzmununa, maraqlı quruluşuna, xoş ahənginə və tamaşaçı ilə ünsiyyət tərzinə görə “Səhər” u gün də baxımlı verilişlər siyahısındadır.
Bəs bu proqram necə yaranıb, ilk aparıcıları kimlər olub, veriliş hansı inkişaf mərhələlərindən keçib, onun yaradıcılıq uğurlarını nələr şərtləndirib?
Bu sualları “Səhər”in ilk aparıcısı, 12 il həmin proqramın rəhbəri olmuş, ötən illər ərzində bu proqramın cilalanaraq müasir televiziya formatına düşməsi üçün böyük səylər göstərmiş professor Qulu Məhərrəmliyə ünvanladıq.
Modern.az saytı Qulu Məhərrəmli ilə söhbəti təqdim edir:
– Qulu müəllim, hər bir ekran əsərinin efirə çıxmasını zəruri edən səbəblər olur, bəs 25 il əvvəl “Səhər” proqramının ortaya çıxması hansı zərurətdən doğmuşdu?
– Təbii ki, həmin dövrdə belə bir proqrama ciddi ehtiyac var idi, çünki o illərdə səhər efiri, demək olar ki, boş idi, musiqi və cizgi filmi ilə doldurulurdu. Amma AzTV tarixində yalnız bazar günləri efirə çıxan “Səhər görüşləri”, daha sonra 1992-1993-cü illərdə qısa müddətdə efirə çıxmış “Xoş gördük” adlı proqram olmuşdu. Sonrakı illərdə səhər efiri təsadüfi proqramlarla yola verilirdi, arada Gənclik baş redaksiyasının hazırladığı həftəlik səhər proqramı da efirdə görünürdü, amma o da çox yaşamadı. Halbuki, o vaxt Rusiya və Türkiyənin Azərbaycana yayılan kanallarında cəlbedici səhər proqramları efirə gedirdi və bizim tamaşaçıların da böyük bir qismi həmin verilişlərə baxırdı. Ona görə də 1995-ci ilin hələ iyun ayında AzTV-nin o vaxtkı sədri, mərhum Babək Hüseynoğlu daimi səhər proqramı açmağın zəruriliyi haqqında danışırdı. Artıq iyul ayının ortalarında həmin proqramın efirə çıxması üçün hazırlıqlar başlanmışdı. Amma mən o prosesdə iştirak etmirdim.
– Maraqlıdır, bəs səhər efirinə hazırlıqla kimlər məşğul idi?
– Bu verilişi hazırlamağı o vaxt Səyyad Ağbabalının rəhbərlik etdiyi “Xəbərlər” baş redaksiyasına tapşırmışdılar. Həmin həssas dövrdə mən kifayət qədər çox baxılan və xeyli yaradıcılıq enerjisi alan həftəlik “7 gün” analitik proqramını aparırdım. “Xəbərlər” redaksiyası ilə bir yerdəydik və təbii ki, səhər verilişi ilə bağlı hazırlıq işlərinə başlandığını eşidirdim, çünki mənimlə çalışan 1-2 rejissoru da həmin işə cəlb etmişdilər, arada onları da toplantılara çağırırdılar. Onlar da arada təəssüratlarını bölüşürdülər. Düzünü deyim ki, mən bu hazırlıq proseslərilə heç maraqlanmırdım və heç ağlıma da gəlmirdi ki, səhər efiri ilə hansısa formada bağlılığım ola bilər. Çünki heç vaxt bu tip verilişdə işləmək istəyim olmayıb.
– Bəs necə oldu ki, birdən-birə “Səhər”ə üz tutdunuz?
– Məncə, bu tale məsələsidir (gülür), çünki verilişin efirə çıxmasına 10 saat qalmış bu iş mənə həvalə olunub. Avqustun 13-də, bazar günü axşam mən “7 gün”ü efirə verib evə getməyə hazırlaşırdım, elə bu vaxt sədrin köməkçisi zəng etdi ki, “heç hara getməyin, sədr sizi qəbul edəcək, sözü var”. Köməkçi bunu deyəndə təxminən axşam saat 10-a qalırdı. Bir azdan getdim və sədrlə görüşdük.
Babək müəllim çox qayğılı və narahat görünürdü, dedi ki, sabah “Səhər” proqramı efirə çıxmalıdır, amma işi yarıtmayıblar, nə struktur aydındır, nə material var, nə də aparıcısı bilinir. Sədr bunları da dedi ki, “Ekran-efir” qəzetində veriliş barədə artıq məlumat verilib, günorta prezident Heydər Əliyev də zəng edib bu proqramla maraqlanırdı ki, bu nə veriliş olacaq belə?
Bu söhbətdən sonra Babək müəllim təklif etdi ki, sən bu işlə məşğul ol və özün də sabah çıx “Səhər” proqramını apar. Nə qədər desəm də ki, belə veriliş mənim imicimə uyğun deyil, xeyri olmadı. Sədr inad etdi ki, sabah efirə sən çıxmalısan. Pis vəziyyət yaranmışdı, özümü qeyri-müəyyənlik içində hiss edirdim. Amma sədrin də vəziyyətini anlayırdım.
– Amma bununla belə səhər çıxdınız efirə?
– Yox, hələ efirqabağı xeyli iş var idi. Mənim “hə”mi alandan sonra Babək müəllim şirkətin bədii rəhbəri, mərhum rejissor Vaqif Ağayevi və proqramla məşğul olan qrupu da çağırdı. Dedi ki, gedin işləyin, nəyiniz varsa ortaya qoyun, Qulu müəllim də baxsın, saf-çürük edin, sabah babat bir şey çıxsın efirə.
Qalxdıq montaj otağında proqramın üzərində bir xeyli işlədik. Baxdım ki, hazırlanan materialların əksəriyyəti əyləncəyə hesablanıb, amma mən intuitiv bunu həm də informasiya proqramı kimi təsəvvür edirdim, ona görə də strktura əl gəzdirdik, temanı dəyişdik, qısa xəbər bloklarını artırdıq, əvvəlcədən hazırlanmış hazır materialların da (valyuta məzənnəsi və s.) bəzilərini əlavə etdik. Təxminən gecə saat 4-ə işləmiş işi yekunlaşdırıb getdim evə. Səhərin açılmağına az qalırdı, təbii ki, yata bilmədim, aparıcı mətnlərini yenidən işlədim, bəzi təqdimatları dəyişdim. Artıq səhər açılırdı və saat 8-də proqram başlamalı idi.
– Bəs belə macəralı hazırlıqdan sonra ilk efir günü necə keçdi, həmin gün proqramda kimlər oldu, yadınızda nələr qalıb?
– Xoşbəxtlikdən “Səhər”in birinci verilişinin videoyazısı qalır. Proqramı özüm aparırdım, xəbərləri radiodan dəvət olunmuş Kəmalə Mikayılova və diktor Dilarə Səlimova oxudular. Bu xanımlar həm də ona görə yadımda qalıb ki, həmin gün sübh tezdən maşınla gedib Kəmalə xanımı evlərindən götürmüşdüm, sonra da Dilarə xanımın arxasınca getmişdik.
Birinci verilişdəki həyəcan hələ də yadımdadır. Veriliş başlamazdan əvvəl studiyada bir az narahatlıq, gərginlik var idi, bəzi rejissorların və qaraqabaq texniki işçilərin gərginliyi mənə də sirayət etmişdi, amma hamı bir-birinə təskinlik verirdi ki, hər şey yaxşı olacaq. Doğurudan da, dövlət himnindən sonra “Səhər”in çağırış musiqisi səslənəndə, sanki studiyaya bir rahatlıq çökdü, xoş ovqat duyulmağa başladı, xoşbəxtlikdən hər şey çox rəvan getdi. Canlı efir zamanı studiyada özümü dirijor kimi hiss edirdim. Pultdakı rejissorlarla sinxron hərəkət edə bilirdik. Təbii ki, xırda ekspromtlar da olurdu, məsələn, ən son xəbərlər oxunduqdan sonra bəzilərinə isti-isti şərhlər verirdim. Bir sözlə, elə ilk buraxılışdaca proqram xoş ovqat yarada bildi.
– İlk verilişin qonaqlarını xatırlayırsınızmı?
– Yox, ilk verilişə qonaq dəvət edilməmişdi, görünür, proqramın efirə getmək ehtimalı o qədər aşağı olmuşdu ki, buna lüzum görməmişdilər. Əslində indi proqrama baxanda görürəm ki, heç qonağa ehtiyac da duyulmur. İlk veriliş üçün bir saat efir müddəti nəzərdə tutulmuşdu və bu vaxt hiss olunmadan keçib getdi.
Proqram sona çatanda hamı bir-birini təbrik edirdi, gözləri yaşaran, hətta sevindiyindən ağlayanlar da var idi. Bir azdan Babək müəllim də gəldi və qrupu yığıb hamımıza yaxşı əhval-ruhiyyə ilə təşəkkür elədi, hiss olunurdu ki, verilişdən çox razı qalıb, gözləri gülürdü. Proqramın yaxşı rezonans doğurması şübhəsiz idi. Biz otağında olanda çox görkəmli adamlar zəng edib bu veriliş münasibətilə sədri təbrik edirdilər.
– Bəs sonralar aparıcı problemini necə həll etdiniz?
– Aparıcı siyasəti ilə bağlı TV rəhbərliyi ilə aramızda ilk dövrdə müəyyən fikir ayrılığı var idi. Sədr istəyirdi ki, bu problemi televiziyanın işə yeni qəbul olunmuş diktorlarının hesabına həll etsin. O, qısa müddətdə aparıcılıq etmiş Könül və Solmaz xanım bu işi qismən yarıtmalarından ruhlanmışdı.
ən isə tamamilə yeni simalar və həm də jurnalistlərdən ibarət aparıcı qrupu istəyirdim, hətta bu proqramın içərisində efirə gedən xəbər buraxılışlarının aparıcılarının da yeni olmasının tərəfdarı idim. Məsələn, xəbərləri əvvəldə adını çəkdiyim Kəmalə xanımın oxuması yaxşı idi, sonra radiodan başqa bir xanımı – Elmira Məmmədovanı cəlb etdik, ilk dövrlərdə bu eksperimentlər pis alınmırdı. Babək müəllim yaradıcı adam olduğu üçün mənə güzəştə gedirdi. Məsələn, çətinliklə də olsa, mən onu razı saldım ki, yaxşı efir fakturası olan Sevil Nuriyevanı əsas aparıcılardan biri edək. Sevil xanım tezliklə efirə çıxdı və proqrama tamamilə yeni ab-hava gətirə bildi.
Tezliklə, biz proqramın efir müddətini saat yarıma, sonra iki saata çatdırdıq, bir ildən sonra isə artıq üç saat efirə çıxırdıq.
– Deyəsən o vaxt “Səhər”də rus və ingilis dillərində də xəbərlər də gedirdi…
– Bəli, biz bu tıklifi verındə Babək Hüseynoğlu normal qarşıladı, çünki bu dillərdə informasiyaların yayılmasına ehtiyac çox idi. Ən azı Bakıdakı səfirliklər bununla maraqlanırdı. Ona görə də proqram açılandan bir neçə gün sonra rusca, təxminən bir ay sonra isə ingilis dilində xəbərlər bloku verməyə başladıq. Ruscada problem yox idi, amma yerli xəbərlərin hamısını ingilis dilini özümüz tərcümə edirdik. Rus dilində xəbərlər buraxılışını indi ABŞ-da yaşayan Nərgiz Şəkinskaya, hazırda tanınmış teleaparıcı olan Lamiyyə Vəzirova (onda Cabbarlı idi), bu gün də AzTV-də çalışan Vaqif Ceyhunoğlu, Leyla Əliyeva, bir də Samir Əsgərxanovun özü aparırdı (kiminsə adını unutsam, gərək məni bağışlasın!).
İngilis dilində xəbər buraxılışını isə mütəxəssislərin sınağından keçdikdən sonra ilk dəfə Vəfa adlı bir xanım apardı, daha sonra Ülviyyə Fəxrəddinqızı, Nigar Kərəmqızı və başqaları aparırdı.
– Bəs o dövrdə bu qədər xəbəri hardan alırdınız?
– Xəbər mənbələri ilə rəhmətlik Samir Əsgərxanovla birgə məşğul olurduq. Əksər təşkilatlarla, o cümlədən xarici səfirliklərlə yaxşı əlaqələrimiz var idi. Həmin dövrdə “Azərtac”la yanaşı, digər agentliklər də – “Turan”, “Şərq” və başqaları yaxşı işləyirdilər. Məsələn, həmin vaxtda “Trend” yeni yaranmışdı və biz sıx əməkdaşlıq edirdik, hətta eyni adlı iqtisadi xəbərlər bloku yaratmışdıq ki, bütün xəbər və təhlilləri agentlik özü təmin edirdi. Bizim o dövrdə verdiyimiz xəbərlərin ümumi həcmi, “Xəbərlər”dəkindən iki dəfə çox idi, amma əvvəldən qoyulmuş qaydaya görə biz rəsmi məlumatları bu proqramdan götürüb verirdik.
– Bəs bu başlanğıc dövrdə sizə kimlər kömək edib, kimlərin bu işdə əməyi olub?
– “Səhər” kollektiv əməyin bəhrəsi kimi ortaya çıxıb, təbii ki, öndə kimin olması da həlledicidir. “Səhər” mozaik veriliş tipidir və ilk növbədə rejissor işi, dizaynı, cazibədar keçidləri və oynaq ritmi ilə diqqəti cəlb edirdi. Məzmunun bu şəkildə verilməsi bizim TV-də yeni estetika idi. Hesab edirəm ki, bu estetikanın cızılmasında ilk dövrdə bədii rəhbər, rəhmətlik Vaqif Ağayev müəyyən iş görmüşdü, Natiq Ağayevin rəhbərlik etdiyi rejissor qrupu da yaxşı bir ansambl idi. Rahim Sadıqbəyli, Aynur Şıxıyeva, Hikmət Yaqubov, Samir Məmmədov, Ramilə Məmmədova, Nəzakət Ağayeva, Mina Hüseynova, Arzu Məhərrəmov, Vaqif Fərəcov və başqaları rejissuranın formalaşmasına öz töhfələrini veriblər. Bu rejissorların bir qismi ilə mən həm də “7 gün” proqramını hazırlayırdım.
– Adətən, bir işi başlayanda xeyli çətinliklər də üzə çıxır, bəs “Səhər”in ilk addımlarında hansı çətinliklər vardı?
– Çətinliklər həddindən artıq çox idi. Əsas problem yaxşı kadr tapmaq idi. İşin çoxluğu və sırt tələbkarlıq sıbıbindın adamlar “Səhər” proqramına gəlmək istəmirdilər. İkincisi texniki problemlər də çox idi, xüsusən çəkiliş və montaj işimizi ləngidirdi. Bəzən uşaqlar gecə saat 3-ə qədər qalıb işləyirdilər. Təşkilati, texniki, maliyyə, nəqliyyat problemlərimizin həlli üçün ona-buna minnətçi düşürdük, xeyli enerjimiz gedirdi. Məsələn, gecə saatlarında montaj bitəndən sonra işçilərin evə getməyə maşını olmurdu. Mən bu işi Səbail polisində yüksək vəzifədə çalışan bir dostumun boynuna qoymuşdum və həmin adam 1-2 ay bizə bu yardımı etdi.
Bizim əməkdaşlar əvvəldən ən yüksək qonorar və quruluş haqqı alırdılar. Redaksiyanın daxili əxlaq kodeksi var idi. İşçilər əmin olurdular ki, TV-də kimdənsə rüşvət almadan, ona-buna əl açmadan, heç kimin qarşısında alçalmadan da çalışmaq, ləyaqəti saxlamaq, və hörmətli olmaq mümkündür.
– Deyəsən, kollektiv hamısı gənclərdən ibarət olub?
– Rejissor heyəti hamısı gəncləriydi, amma redaktor, aparıcı və müəlliflər fərqli yaşlarda idilər. Məsələn, proqramda “Şənbə qonağı” rubrikasını açanda onu bir müddət bənzərsiz Roza Tağıyeva apardı, bu ideyanı isə yaxşı dramaturji düşüncəsi olan Əhməd Oruc vermişdi. Sonra tezliklə Samir Əsgərxanov və Rafiq Savalan mənim müavinlərim təyin edildilər, işlər yavaş-yavaş axara düşdü, getdikcə proqramda redaktor işi hiss olunmağa başladı. Proqram efirə çıxandan bir müddət sonra biz indi yaxşı jurnalist kimi tanınan Cəsarət Valehovu, Salar Aslanovu, Rauf Rəcəbovu, sonralar “Səhər”ə rəhbərlik etmiş Nəcibə Əlixanovanı işə götürdük. Bu adamların hər birinin proqramda müəyyən zəhməti olub və bunu heç kim dana bilməz.
– İlk aparıcıların adlarını çəkmədiniz…
– Niyə ki, bəzilərini dedim. “Səhər”in aparıcılarını biz iki qismə bölürük: ümumiyyətlə, verilişin aparıcısı, bir də xəbər aparıcıları. Bizdə veriliş aparıcıları sırasında sonradan bizim çox güclü heyətimiz formalaşdı. Sevil Nuriyeva bir müddət aparıcılıq etdi, hədsiz sərbəstliyi ilə bizi çox incitsə də çox emosional, duyğusal veriliş aparırdı və tamaşaçılar tərəfindən də qəbul olunurdu. Ondan sonra indi çox tanınmış sima olan İlhamiyyə Rzayeva gəldi və məncə “Səhər”ə ciddi intellektual imic qazandırdı. Dilarə Səlimova, Zöhrə Əliyeva da bu kateqoriyadan olan aparıcılar kimi öz dəst-xəttləri ilə proqrama nüfuz gətirirdilər. Lap əvvəldən idman şərhçiliyi edən Elnur Əşrəfoğlu, Altay Əliyev, sonralar Sənan Məhərrəmov həm ekranda, həm də kollektivdə yaxşı ab – hava yarada bilirdilər. Öz məharətləri ilə əla xəbər aparıcısı imici qazanmış Məxfurə Həsənova, Günel Gözəlova, Günay Novruzqızı, Günay Yelmarqızı, rus dilində xəbər oxuyan Aytən Səfərova da tamaşaçıların yaddaşında yaxşı qalıb.
Adlarını çəkdiyim aparıcıların hər birinin özəl cizgiləri var idi və bu cizgilər proqramın fərqli simasını müəyyənləşdirirdi və nəticədə biz başqalarından xeyli fərqli görünürdük. Bu baxımdan o vaxt “Xəbərlər”dən bizə gəlmiş Esmira Çərkəzqızı da “Səhər”də fərqli görünməyə başlamışdı. Onun apardığı “Şənbə qonağı” fərqli bir səviyyə idi və çox baxılırdı.
– Həmin dövrdə proqramın reytinqi ilə bağlı ortada ümidverici nəticələr vardımı?
– Əvvala, həmin dövrdə yalnız iki televiziya kanalı vardı və alternativ də ancaq ANS idi, onların da səhər proqramı efirə bizdən bir az gec çıxırdı. Xüsusən ilk illərdə bizim verilişə çox adam baxırdı, təsəvvür edin, proqramın bir ili tamam olanda nüfuzlu “Media açarı” mükafatı aldı. Onda bizim “Səhər” proqramının reytinqi ANS-in “Xəbərçi”si ilə eyni idi. O vaxt “Xəbərçi” zirvədəydi və çox baxılırdı.
Biz tamaşaçını ekran qarşısında saxlamaq üçün demək olar ki, hər gün yeniliklər eləməyə, proqramın cazibəsini saxlamağa çalışırdıq, bəzən çox qeyri – adi şeylər verirdik, yaddan çıxmış adamları ekrana çıxarırdıq. Məsələn, o vaxt hamının unutduğu Rövşən Behcəti bizim studiyada görəndə çoxları heyrətlənmişdi, Sevil Nuriyeva onu dilə tutub Gəncədən güclə studiyaya gətirmişdi.
Ciddi sosial mövzulara toxunurduq, Vəsilə Mahmudovanın maraqlı tənqidi replikaları efirə gedirdi, tənqidi süjetlər verirdik, indiki dildə desək, AzTV sərhədlərindən çox kənara çıxırdıq, toxunulmayan mövzulara toxunurduq, insafən də sədr olaraq Babək Hüseynoğlu bizi çox dəstəkləyirdi.
– Yuxarıdan təlimat gəlirdimi ki, filan şeyi vermək olar və ya filan şeylər qadağandır?
– Biz ölçüləri gözləməyə çalışırdıq, həm tamaşaçı marağını qoruyurduq, həm də bir gözü bizdə olan bədxahlara fürsət vermirdik. Yuxarıdan heç bir sifariş yox idi. Əlbəttə, müəyyən məsələlər vardı ki, deyirdilər ki, bunları versəniz yaxşı olar. Təəssüf ki, bəzi söz adamlarına və istedadlı müğənnilərə məhdudiyyət qoyulurdu ki, bu da bizi çox üzürdü.
Bizim müəyyən yaradıcılıq sərbəstliyimiz vardı, həssas mövzulardan da yan keçmirdik, maarifçilik diqqət mərkəzində idi, ilk növbədə auditoriya üçün vacib olan hüquq və tibbi maarifçiliyə önəm verirdik. Bir “Maraq və məntiq” rubrikamız var idi, az qala bütün ölkənin məktəbliləri ora məktub yazır, müsabiqədə iştirak edirdi. O rubrika bizdə uzun müddət getdi, ArifAlışanov sədr olan kimi o rubrikanı bağlatdırdı. “Bir sual, bir cavab”, “Dünyanın möcüzələri”, “Yaşıl çevrə” kimi rubrikalar da tamaşaçıya bilgi verirdi.
“Səhər” proqramı tədricən televiziya içində televiziyaya çevrilirdi. O vaxt hansısa qəzet maraqlı bir cümlə işlətmişdi ki, “Səhər” proqramı bitəndən sonra AzTV başlayır. Təbii ki, belə təriflər bizim bədxahlarımızı çox qıcıqlandırırdı.
– “Səhər”in uzunömürlü olmasının səbəbləri barədə sizdən soruşanda nə cavab verirsiniz?
– Deyirəm ki, özülü sağlam dayaqlar üzərində qurulduğuna və bir də çalışqan, bacarıqlı, vicdanlı, səmimi kollektivi olduğuna görə bu proqram yaşadı. Bu proqramın mayasını mənəviyyat təşkil edirdi və yeganə proqram idi ki, burada rüşvət deyənin nəinki əlini, dilini də kəsirdilər. Mən kollektivi əvvəldən xəbərdar etmişdim ki, burda təmənna və rüşvətin cəzası çox ağır olacaq. Bunun üstündə kimləri cəzalandırdığımı, kimləri proqramdan uzaqlaşdırdığımı keçmiş səhərçilər yaxşı bilir.
Əlbəttə, heç kim və heç nə ideal deyil, kimsə, nə vaxtsa küncdə-bucaqda yaramazlıq edə bilərdi, amma ümumiyyətlə, təmənnasızlıq bizim mənəvi gücümüz idi. Bu məsələdə kollektivin ağsaqqalı hesab etdiyimiz Rafiq Savalanın rolunu ayrıca qeyd etməliyəm.
– Amma musiqi olan yerdə həmişə hər şeyə nəzarət etmək mümükün olmur…
– Sizinlə razı deyiləm, istək, iradə və prinsip varsa, hər şey mümkündür, amma müğənnini yuxarı başa çıxaranda siz deyən olur. Əslində bizim “Səhər”dəki bir uğurumuz da lap əvvəldən düzgün musiqi siyasəti ilə bağlı olub. Vaxtilə rəhmətlik Ramiz Mirişli AzTV-də musiqi redaksiyasının rəhbəri olanda dönə – dönə deyirdi ki, musiqi sahəsində “Səhər” proqramı bizim üzümüzü ağardır.
Ümumiyyətlə, musiqi ilə bağlı problem nə idi? O vaxt proqram açılanda mən musiqi nəzəriyyəsi, musiqi qavrayışının psixologiyası ilə məşğul olan mütəxəssislərlə çox görüşdüm ki, biz səhərlər necə musiqilər verməliyik ki, tamaşaçını cəlb edə bilsin. Xalq musiqisinə, yoxsa estradaya üstünlük verək? Hərə bir tərəfini deyir, amma dəqiq reseptini verən yox idi ki, hansı musiqilər olmalıdır. Biz qızıl ortağı “hər şey öz ölçüsündə olmalıdır” prinsipində tapdıq.
– Bunlar bizdə keçmirdi, musiqi seçiminə konkret meyarlar qoymuşduq. Hamı ona əməl etməli idi. İlk dövrlərdə Musiqi baş redaksiyasının bəzi əməkdaşları müğənnilərə xoş olmayan niyyətlərlə “sizi “Səhər” proqramına salmışıq” mesajı göndərməyə başlamışdılar. Mən bunun qarşısını almaq üçün proqram tam hazır olandan sonra gecə ilə gəlib sabah efirə gedəcək bütün musiqiləri dəyişdirirdim. Artıq hamı qəbul etməyə başladı ki, “Səhər”də yalnız keyfiyyətli musiqilər verilir və onun efirinə arxa qapıdan girmək mümkünsüzdür.
– “Səhər”in arada ciddi sosial problemlər qaldırdığı da yadımızdadır…
– Xatırlayıram ki, biz bir dəfə (Nizami Xudiyevin vaxti idi) ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovla məsləhətləşib onun iştirakı ilə siqaret əleyhinə yüksək səviyyədə bir kampaniya aparmışdıq. Düzdür, bu kampaniyanı canlı efirdə sona çatdıra bilmədik (deyəsən, kiminsə biznes maraqlarına toxunmuşduq), bizi yüngülvari danladılar, amma verilişin yaxşı nəticəsi oldu, çox adam zəng edib minnətdarlıq bildirirdi. Deməyim odur ki, indi “Səhər”ə yanaşma dəyişib, miqyas xeyli kiçilib. Amma bununla yanaşı, “Səhər” yenə də AzTV-də fərqlənən bir proqramdır.
– Yeri gəlmişkən, indi “Səhər” proqranının adını dəyişib “Telesəhər” qoyublar. Buna necə baxırsınız?
– Mən bu ad dəyişmədə bir pis niyyət görmürəm, amma yeni adı da uğurlu saymıram. “Səhər” adını mən qoymamışam, amma onu bu proqrama çox yaraşdırıram.
– AzTV-də səhər proqramını həmişə cütlük aparır, bəzən də alınmır, sanki bir-birlərinə mane olurlar.
– Biz o formanı əvvəllər sınamış, sonra imtina etmişdik. Məncə, verilişi iki aparıcı üzərində qurmaq həmişə özünü doğrultmur, səhər efiri üçün harmoniya, tandem ciddi məsələdir. Bu forma, daha çox Rusiya televiziyalarında tətbiq olunur. Bu qənətdəyəm ki, aparıcının tək və ya cüt olması heç nəyi həll etmir, istənilən proqram üçün önəmli olan məzmundur.
Bizim səhər proqramlarının bir ümumi qüsuru var ki, informativlik, günlə bağlılıq azdır, bəzən tamaşaçı marağı unudulur. Bəzi proqramlar bəsit hazırlanır, verilişi bir qonağın üzərində qurur, sanki vaxtı candərdi yola verirlər. Yəni səhər proqramlarında publisistika yoxa çıxıb. Bunun üçün intellekt, dünyagörüş, auditoriyaya hörmət və bir az da can yanğısı lazımdır. Bu, çox vacibdir.
– 25 yaşını qeyd edən proqramın yetirmələri çoxdurmu? Çünki kimi dindirirsən hamısı deyir ki, TV fəaliyyətinə “Səhər”də Qulu Məhərrəmlinin yanında başlamışam…
– Siz bu sualı verəndə “Səhər”də əmək fəaliyyətinə redaktor, reportyor, aparıcı, rejissor, operator kimi başlamış, indi üzdə olan onlarca insan surəti gəlib keçir gözlərimin önündən. “Səhər” bir yaradıcılıq laboratoriyası idi, indi hamının yaxşı tanıdığı Elçin Əlibəylidən tutmuş, Səadət Məmmədova, Hicran Əliyeva və Leyla Qiyasovaya qədər çox istedadlı gənclər bu laboratoriyadan keçib. Mən artıq İlhamiyyə xanım kimi avtoritetə çevrilmiş nüfuzlu aparıcıları bir yana qoyuram, amma vaxtilə “Səhər”də çalışmış və bu dəqiqə üzdə olan aparıcıların adlarını sadalayım, siz də barmağınızı qatlayın: Lalə Azərtaş, Vüqar Mirsadiq, Cəsarət Valehov, Günel Gozəlova, Günay Novruzqızı, Cəlalə Natiqqızı, İradə İsaq, Vəsilə Vahidqızı, Məxfurə Həsənova, Günay Yelmarqızı, Aytən Səfərova, Rövşanə Ağasəfqızı, Günay Məmmədova, bu dəqiqə adları yadıma düşməyən bir çox başqaları təkcə reportyor olaraq yox, həm də aparıcı kimi ilk addımlarını “Səhər”də atıblar.
– Bəs bu adamları hardan və necə seçirdiniz?
-Bir qismi özləri müraciət edirdilər, bir qismini xahiş edib tapşırırdılar, əsas qismini isə dərs dediyim BDU-dan, tələbələrin arasından seçirdim. Biz bu sınaq laboratoriyasında gənclərə iş vərdişlərini, görüntü dilini, süjet yazmağı, sual verməyi, düşünməyi, adam dilində danışmağı, reportaj aparmağı, xəbər oxumağı, redaktəni öyrədirdik, sonra efirə çıxarırdıq.
Bu insanların hamısı ilə indi də yaxşı, səmimi münasibətlərimiz davam edir, ara-sıra tədbirlərdə görüşdüklərimiz də olur. Mən bu insanların hamısını, xidməti olan hər kəsi, o cümlədən proqramın indiki kollektivini hamımızın birgə əməyi olan “Səhər”in 25 illik yubileyi münasibətilə təbrik edirəm!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?