Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü, 2 qat Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Rafiq Hüseynov bugünkü açıq məşq zamanı brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Gundemxeber.Az "Report"a istinadla əmin müsahibəni təqdim edir...
- Ümumi hazırlıqlar necə gedir?
- Hazırda açıq havada məşqlərimizə davam edirik. Hava şəraiti də buna imkan verir. Pandemiyanın sərt karantin dövründə yığma məşqçilərinin verdiyi xüsusi proqram əsasında ev şəraitində hazırlaşırdıq. Federasiya bunun üçün bizi bütün lazımi idman ləvazimatları ilə təmin etmişdi.
- Ev şəraitindən açıq havada məşqə qayıdış zamanı ən çox hansı çətinliklərlə üzləşdiniz?
- Əslində mən bağ şəraitində məşq edirdim. Orada qaçış, velosiped trenajorları var idi. Bu baxımdan, mənim üçün açıq havada məşqlərə qayıtmaq çətin olmadı. Amma rəqiblərlə işləmək tam fərqlidir. Bilirsiniz ki, güləş kontakt idman növüdür. Bu mənada rəqiblərlə birlikdə işləməliyik. Düzdür, həminki formada deyilik. Amma ümid edirəm ki, 1 ay ərzində əvvəlki fiziki vəziyyətimizə qayıdacağıq.
- Bu il keçirilməli olan dünya çempionatının təxirə salına biləcəyini nəzərə alsaq, kollektivdə ümumi ab-hava necədir?
- Hədəfimiz Tokio-2020 Yay Olimpiya Oyunlarıdır. Qarşımıza belə bir məqsəd qoymuşuqsa, dünya çempionatının təxirə salınması bizi təəssüfləndirməməlidir. İşimiz məşq etməkdir. Ümid edirik ki, o vaxtadək koronavirus vaksini tapılacaq, olimpiada təxirə salınmayacaq və yarışda çıxış edəcəyik. Amma dünya çempionatının taleyi hələ bilinmir. Oktyabrın 5-də Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında yarışın keçirilib-keçirilməyəcəyinə aydınlıq gələcək.
- İdmançılar aktiv həyat tərzinə öyrəşiblər. Karantin vaxtı evdə qalmaq çətinlik yaratmadı?
- Mən evdə oturmurdum. Bağ şəraiti olduğu üçün rahat idim. Səhərlər qaçışla məşğul olur, bəzən velosiped sürürdüm. Bu mənada çətin olmadı. Amma biz dünyanı gəzməyə öyrəşmişik. Ayda 2-3 səfərimiz olurdu. Hazırda isə səfərlərimiz yoxdur və bizə çətin gəlir. Ən ağırı odur ki, yarışlardan uzaq qalmışıq. Yarış vəziyyətinə qayıtmaq bizim üçün çətin olacaq. Əminəm ki, federasiya rəhbərliyi bunu nəzərdə saxlayıb və lazımi dəstəyi göstərəcək.
- Pandemiyanın maliyyə fəsadları da oldu. İdmançının pulu idmandan çıxır. Bu dövrdə maddi çətinliklə üzləşmədiniz?
- Nəticə vermiş güləşçilər dövlətin diqqət mərkəzindədir və onlar müxtəlif işlərlə təmin olunublar. Məsələn, mən hərbi sistemdəyəm, ordu zabitiyəm. Biri Sərhəd Qoşunlarının zabitidir, digəri polisdir.Vaxtında maaşlarımızı aldığımız üçün maddi çətinliyimiz olmadı. Biz digər idman növlərindəki kimi böyük Qran-prilərdə böyük pullar qazanmırıq. Yarışlar olmasa da, federasiyadan, dövlətdən məvacibimi alırdım.
- Tokio olimpiadasının təxirə salınması güləşçilərə necə təsir etdi? Ruhdan düşmə, həvəssizlik halları hiss olunmur?
- Əlbəttə, bu, xoşagələn hal deyil. Təsəvvür edin, illərlə hazırlaşdığınız yarış bir anda təxirə salınır. Nə etmək olar? Bu problemlə təkcə bizim komanda üzləşməyib. Fikrimcə, digər idmançılar da mənim kimi təəssüflənirlər. İstək varsa, səbr edəcək, gözləyəcək və vaxtı çatanda çıxıb güləşəcəksən. İstək yoxdursa, təxirəsalmanın da heç bir mənası qalmır. Özüm barədə deyə bilərəm ki, olimpiya medalını qazanmaq istəyim var. 2021-ci ili gözləyək. Ümid edək ki, vaksin tapılacaq.
- Olimpiada vaksin tapılmasa belə, keçirilə bilər. Bayaq özünüz də qeyd etdiniz ki, güləş kontakt idman növüdür. Bu mənada, yarış zamanı koronavirusa yoluxma ilə bağlı hansısa narahatlıq var?
- Yaponiyanın keçmiş baş naziri demişdi ki, olimpiadayadək vaksinin tapılması elan edilməsə, yarış təxirə salınacaq. Açığı, mən də o fikirdəyəm. Amma hazırda vaksinin sınaqlarının 3-cü mərhələsidir. İnanırıq ki, sınaqlar uğurla başa çatacaq və idmançılar üçün yol açılacaq. Bilirsiniz, güləş velosiped, tennis kimi növlərdən deyil ki, bir-birimizlə məsafə saxlayaq. Vaksinsiz çox çətin olacaq. Çünki orada 1 görüş keçirmirik. Hər çəkidə 30-40 nəfər idmançı olur. 8 çəki dərəcəsi olduğunu nəzərə alsaq, bu qədər güləşçini nəzarətdə saxlamaq çətindir. Aralarında bir nəfər xəstə olarsa, kütləvi yoluxma ola bilər. İnanmıram ki, vaksin tapılana və ya dünyada pandemiya ilə bağlı vəziyyət düzələnədək bizim yarışlar keçirilsin.
Sorğu
Yeni dizaynımız necədir?