Əlövsət Əliyev: “DİA Holdinqin gətirdiyi əcnəbilərin sayı dövlətin müəyyən etdiyi ümumi kvotanının sayından qat-qat çoxdur”
gundemxeber.az “Gündəm xəbər”in suallarına Azərbycan Miqrasiya Mərkəzinin direktoru Əlövsət Əliyev cavab verib. O, əsasən ölkəmizə gələn əcnəbilər və ölkəmizi tərk edən vətəndaşlarımız haqqında danışıb, bir sıra maraqlı məqamlara toxunub.
- Əlövsət müəllim, uzun illərdir ki, miqrasiya sahəsində çalışır, real vəziyyəti öyrənirsiniz. Azərbaycanda miqrasiya sahəsində real durum necədir? - Azərbaycana gələn əcnəbilərin sayı əvvəlki illərlə müqayisədə artır. Ancaq burada söhbət iş üçün Azərbaycana gələn əcnəbilərin sayının artmasıdan gedir. Bu isə o demək deyil ki, Azərbaycan immiqrasiya ölkəsinə çevrilməkdədir. Təkcə ayrı-ayrı ölkələrdən təhsil almaq üçün Ukraynaya gedən tələbələrin sayı Azərbaycana gələn ümumi miqrantların sayından çoxdur və yaxud, İranın bir ostandarına muhafizə üçün gedənlərin sayı ölkəmizə gələn miqrantların sayından çoxdur. Əcnəbilər başqa ölkələrə nə üçün üz tuturlar? Şübhəsiz ki, yaxşı təhsil almaq, müasir təhsil proqramlarını keçmək üçün. Azərbaycanda isə təhsilin səviyyədi yoxdur ki, bura əcnəbiləri cəlb eləmək mümkün olsun. Həm də əcnəbilər adətən başqa ölkələrə iş qurmaq, sahibkara çevrilmək məqsədilə gedirlər. Amma Azərbaycanda korrupsiyaya qarşı mübarizə və sahibkarların normal fəaliyyəti üçün şəraitin yaradılması o səviyyədə deyil ki, Azərbaycana kütləvi əcnəbi axını baş versin. Nəzərə alın ki, əcnəbilər ölkəyə yaxşı müalicə üçün də gələ bilərlər. Azərbaycanda isə normal müalicə müəssisələri yoxdur. Nəhayət əcnəbilər bura turist şiekətləri vasitəsi ilə gələ bilərlər.Yəni turizm, qış fəslində ov üçün və s əyləncələr məqsədi üçün gələ bilərlər. Amma təəssüflə deməliyəm ki, bu sahələr ya Azərbaycanda yoxdur, ya da olduqca bahadır. Bizdə qiymətlər ABŞ, Rusiya, Türkiyə və hətta Dubaydan da qat-qat bahadır. Hətta indi mətbuatda adı çox hallanan Çexiyanın Karlovy Vary turizm bölgəsi ilə müqayisədə Azərbaycanın bir istirahət mərkəzində qalmaq daha bahadır. Buna görə də, Azərbaycana əcnəbiləri gəlməsi üçün heç bir əsas yoxdur. Odur ki, dövlət orqanlarının ciddi cəhdlə Azərbaycanın immmiqrasiya ölkəsinə çevrilməsini iddia etməsi yanlış haldır. Bundan başqa, Azərbaycanın özü maraqlı olmalıdır ki, əmək bazarını əcnəbilərdən qorusun. Bunun üçün Azərbaycan 11900 kvota müəyyən edib. Yəni Azərbaycanda yalnız 11900 əcnəbi əmək fəaliyyəti ilə məşğul ola bilər. Bundan artıq olan əcnəbilərin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmasına icazə verilə bilməz. Lakin nə bu kvotoya əməl olunur , nə də onun icrası mexanizimə nəzarət yoxdur. Ona görə də, mən Azərbaycanın immiqrasiya ölkəsi olması haqqında deyilənlərə razı deyiləm. Sizdə mənimlə razılaşarsınız ki, bu gün ən pullu vətəndaşlarımız övladlarını oxumaq üçün xaricə göndərir. Eləcə də pullu ailələr müalicə üçün xaricə gedir, istirahət üçün başqa ölkələr seçir. Pullu insanlar həm də Azəraycan məmurları kimi pullarını aparıb daha demokratik ölkələrə, kapitala təminat verən dövlətlərə yatırırlar. Hətta Azərbaycan vətəndaşlarının özləri bu ölkəyə sərmayə qoymaqdan çəkinirlərsə, başqa ölkələrin vətəndaşları Azərbaycana necə sərmayə qoya bilərlər? Azərbaycana əlbəttə ki, əcnəbilər gəlir və var. Ancaq nəzərə almaq lazımdır ki, bu əcnəbilər əsasən ölkəmizə dövlət sifarişi ilə icra edilən ayrı-ayrı tikintilərdə işləmək məqsədilə gəlirlər.Azərbaycana kütləvi sürətdə axın yoxdur və Azərbaycanın da yaxın gələcəkdə immiqrasiya ölkəsinə çevrilməsi gözləntisi yoxdur. Bildiyiniz kimi 18 dekabr dünyada Miqrasiya Günü kimi qeyd edilir. Biz həmin tarixdə Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycana və Azərbaycandan miqrasiya” mövzusunda tədbir keçirəcəyik. Orada bu məsələlər haqqında danışılacaq.
- Siz deyirsiniz ki, Azərbaycan əcnəbilər üçün 11900 nəfərlik kvota müəyyən edib. Yəni ölkəmizdə ancaq 11900 nəfər əcnəbi işləyə bilər, ya necə? - Bəli. Azərbaycana əmək fəaliyyəti ilə məşğul olmaq üçün hər il 11900 nəfər əcnəbi gələ bilər. Kvota əmək fəaliyyəti məqsədilə ölkəmizə gələn əcnəbilərin ən son həddidir. Yəni Azərbaycan tərəfindən əcnəbilərə yalnız 11900 iş ştatı verilə bilər. Gələn il üçün kvota bu ilin dekabrında müəyyən edilir. Növbəti ildə isə ondan artıq qəbul etmək olmaz. Amma bir daha qeyd edirəm ki, bu kvotaya nə əməl olunur, nə də ona nəzarət edilir.
- Bu gün Azərbaycanda olan əcnəbilərin sayı ilə kvota arasında uyğunsuzluq nə dərəcədədir? - Mətbuat konfransımızda bunu qeyd edəcəyik. Məlumat üçün nəzərinizə çatdırım ki, Azərbaycana yalnız DİA Holdinqin gətirdiyi əcnəbilərin sayı dövlətin müəyyən etdiyi bu kvotanının sayından qat-qat çoxdur. Bu ciddi məsələdir.
- Bəs nə üçün buna göz yumurlar? - Biz bu və digər suallara Miqrasiya Günündə aydınlıq gətirəcəyik.
- Gəlin nəzərə alaq ki, söhbət yalnız DİA Holdinqdən getmir. Azərbaycanda çoxlu sayda şirkətlər xaricdən işçi qüvvəsi cəlb edirlər. Ən acınacaqlısı odur ki, DİA Holdinq başda olmaqla bu şirkətlərin əksəriyyəti elə kvotanı müəyyən edən şəxslərə məxsusdur... - Təbii ki, təkcə DİA Holdinq deyil. Kifayət qədər böyük firmalar var. Biz bütün məsələlər haqqında dekabrın 18-də mövqeyimizi ifadə edəcəyik. Amma qeyd edim ki, Azərbaycanda kifayət qədər əcnəbilər var və onların mütləq əksəriyyəti bura fəhləlik etmək üçün gətirilib.
- Əlövsət bəy, bəs Azərbaycandan xarici ölkələrə üz tutan insanların sayı nə qədərdir? Bu bir qədər mübahisəli məsələ olsa da, nəzərə alırıq ki, siz bu sahədə illərdir işləyirsiniz... - Mən sizə bir incə məqam deyim. Siz uzun illərdir jurnalistika sahəsində çalışırsınız və biz daima ünsiyyətəyik. Əslində siz on müxtəlif rayondan on kənd seçə bilərsiniz. Sonra hər bir kəndddə araşdırma aparıb müəyyən edə bilərsiniz ki, bu kəndləri neçə nəfər tərk edib və onlar hara gediblər, neçəsi ölkədən kənardadır. On kənddən aldığınız bu rəqəmi ümumilikdə ölkəmizin kəndlərinin sayına vura bilərsiniz. Bu zaman sizin gözünüzün önünə çox aydın bir statistika çıxacaq. Məsələn, bizim kəndimizdə bir nəfərdə olsun cavan qalmayıb. Kəndimizdə təxminən 600 nəfər yaşayır, amma cavan yoxdur. Bu cavanların 70 faizi Bakıda fəhləlik edir, 20 faizi başqa ölkələrə üz tutublar, 10 faizi də xaricə təhsil üçün gedib. Yəni faktiki olaraq kəndi tərk edən insanların 30 faizi xaricə üz tutub. Bu bütün kəndlərdə belədir. - Yəni ölkə üzrə əhalinin ən azı 30 faizi başqa ölkələrə üz tutub? - Yox. Burada söhbət ümumi əhalidən getmir. Rəqəmlər daha çox 18-35 yaş arasında olan kişilərdən gedir. Amma xaricə üz tutan xanımlar və yaşlı insanlar da var və mən bunu istisna etmirəm.
- Əgər Azərbaycan xarici ölkələrdən bura işçi qüvvəsi cəlb edirsə və bu işçi qüvvəsinin sayı 10 minlərlədirsə, nədən bizim vətəndaşlarımız olan 18-35 yaşlı kişilərin 30-35 faizi ölkəmzi tərk edirlər? - Nəzərə alın ki, DİA Holdinq və bu kimi başqa nəhəng şirkətlərə Azərbaycan vətəndaşı olan şəxsləri işə götürmürlər.
- Niyə işə götürmürlər, səbəb nədir? - Çünki orada çirkli pullar yuyulur, əmək müqaviləsi bağlanmır. Orada dövlət büdcəsindən deyil, ordan-burdan toplanan pullar xərclənir. Nəzərə alın ki, əmək müqaviləsi bağlanmadığı təqdirdə Azərbaycan vətəndaşları bu sirlərə sahib olacaq və hər bir şəxsdə öz əhatəsində bu haqda danışmağa başlayacaq.
- Amma bu şirkətlərdə çalışan əcnəbilərlə də əmək müqaviləsi bağlamırlar... - Bəli, onlarla da əmək müqaviləsi bağlamırlar. Həm də onları rahat şəkildə istismar edirlər. Onları bir neçə ay istismar etdikdən sonra “xoş gəldin” deyib ölkədən deportasiya edirlər. - Bəs bu əcnəbilərə nə qədər əmək haqqı verirlər? - Dəqiq bilin ki, bu şəxslərə Azərbaycan vətəndaşlarından daha çox əmək haqqı ödənilir. Bu hər zaman belə olub.
- Bu biabırçılığın qarşısını niyə almırlar? -Biz dekabrın 18-də keçirəcəyimiz dəyimi masada bu məsələlərlə bağlı net mövqeyimizi ortaya qoyacağıq. Ancaq biz problemləri ictimailəşdiririk. Digər addımları müvafiq strukturlar atmalıdır.
- Siz bir neçə il əvvəl böyük şirkətlərin Çin vətəndaşlarını ölkəmizə gətirdikləri, onların posportlarını əllərindən alaraq uzun müddət əmək istismarına məruz qoyduqlarını və sonrada ölkədən qovduqlarını demişdiniz. Bu hallar yenə də varmı? - İki gün bundan əvvəl biz Orta Asiya ölkələrinə əlli nəfərə yaxın insan yola salmışıq. Ondan əvvəl də onlarla şəxsi Ruminiyaya yollamışıq. Siz dediyiniz hallar bu gün də davam edir. Bu şəxslər Azərbaycanda əməyin istismarına məruz qalan şəxslərdir.
- Deyirsiniz belə hallar davam edir. Bəs bu şəxslər həm də insan alverinin “qurbanları” kimi qiymətləndirilə bilərmi? - Bu haqda biz danışacağıq. Bir qədər səbr edin. Dekabrın 18-də tədbirimiz olacaq və biz Miqrasiya Gününü qeyd edəcəyik...
- Siz uzun illərdir ki, bu sahədə çalışırsınız və araşdırmalar aparırsınız. Təbii ki, siz bu araşdırmaları qrantlar hesabına edirsiniz. Hökuməti tənqid etdiyinizi nəzərə alaraq bu günə kimi hökumətdəm qrant almısınızmı, QHT-lərə Dövlət Dəstəyi Şurası və başqa qurumlar bu sahdə sizə dəstək verirmi? - Mən bu problemlərin həlli ilə bağlı olaraq hökumətdən 10 qəpikdə pul almamışam. Ona görə, almamışam ki, hökumətin verdiyi qrantdan imtina edərəm və ya bunların pulu çirkili, bizə ayrılan qrant pullar isə təmizdir. Sadəcə hesab edirəm ki, bizim hökumətin ayırdığı pulları sonradan bölmək salahiyyətinə malik olan şəxslər birmənalı olaraq iqtidarın bu sahədə siyasətinə dəstək verən insanlardır. Biz bu halda normal və obyektiv araşdırma apara bilmərik. Nəzərə alsaq ki, Azərbaycanda əməyin və insan alverinin qurbanına çevrilənlər əsasən əcnəbilərdir, bu halda təbii ki, beynəlxalq təşkilatlarla əməkdaşlığa üstünlük verilməlidir. Elə onlar tərəfindən də, maliyyə yardımı alırıq ki, bu da hesabatlarımızın obyektiv olmasına gətirib çıxarır. Amma bu o demək deyil ki, biz Azərbaycan hökuməti ilə işləmirik. İnsan alverinə qarşı işləyən QHT vətəndaş cəmiyyətidir. Bu QHT-də çalışan insanlar dolayısı yolla cəmiyyətin içində olan, çatışmamazlıqları görən şəxslərdir. Bu mənada biz insan alverinə qarşı və qanunsuz miqrasiyaya qarşı mübarizədə də, təbii ki, hökumətlə işləyir, problemləri onların nəzərinə çatdırırıq. Demək olmaz ki, hökumət bizim bu müraciətlərimizə laqeyid münasibət bəsləyir. Bu belə deyil.
- Bəs necədir? - Həm Dövlət Miqrasiya Xidməti, həm də DİN-in İnsanl Alverinə Qarşı Mübarizə İdarəsi bizim tövsiyələrimizi qəbul edir və böyük əksəriyyətini də icra edirlər. Məsələn, bu yaxımlarda insan alverinə qarşı mübarizədə ən yaxşı QHT-ləri milli kordinator, daxili işlər nazirinin I müavini Vilayət Eyvazov toplamışdı. Orada ən çox tərif alan da mən oldum və hətta min manatda mükafat aldım.
- Sizin DİN-dən min manat almağınız da cəmiyyətdə pisləndi, hətta satqınlıq kimi qiymətləndirildi... - Mənim dostlarımız bəzisi yazmışdı ki, Əlövsət Əliyev bu pulu almamalı idi. Mən Azərbaycan vətəndaşı olaraq bu dövlətin təsisçilərindən biriyəm. Mənə irad tutan şəxslər bu dövlətdən təqaüd, uşağ pulu alan insanlardır. Onlar alanda şirin olur, mən alanda satqınlıq olur. Bu dövlət hamımızın dövlətidir. Bu dövlətin də maliyyə resursları hamımıza məxsusdur. Mən nə daxili işlər nazirinin, nə də Vilayət Eyvazovun cibindən pul almamışam. Bu dövlətin ayırdığı puldur və onu sevinə-sevinə alıb xərcləmişəm. HÜSEYN ABBASOĞLU
Sorğu
Yeni dizaynımız necədir?